» » Bu oyunda kim uduzdu, kim uddu? - NƏDƏNSƏ UDAN MƏHZ "AZƏRLOTEREYA"DIR...

Bu oyunda kim uduzdu, kim uddu? - NƏDƏNSƏ UDAN MƏHZ "AZƏRLOTEREYA"DIR...

  • Loading...
    Bu oyunda kim uduzdu, kim uddu? - NƏDƏNSƏ UDAN MƏHZ "AZƏRLOTEREYA"DIR...
    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: “Lotereya oyunbazlıqlarını incələyəcək mütəxəssislərə ehtiyac var”

    Azərbycanda müxtəlif adlarda lotereya oyunları keçirilir. “Azərlotereya” ASC-nin saytında bu oyunların sayı 20-dən çoxdur.
    Qəflətən pullanmaq həvəsində olan insanlar hər həftənin müəyyən günləri televiziyanın qarşısını kəsdirib şansını sınayır, vaxtı qaçıranlar isə “uğurlu rəqəm”in bəxtinə düşməsi həsrətilə lotereya qəzetlərini gözdən keçirir.

    Lotereya uduşundan vergi çıxılırsa, niyə alıcılara məlumat verilmir?

    Redaksiyamıza daxil olan məlumata görə, hər dəfə bir cəlbedici çağırışları ilə oyunçularını ovsunlayan lotereya biletləri haqda verilişdə səslənən məlumatlar heç də həmişə doğru çıxmır. Məsələn, oxucularımız deyir ki, verilişdə səslənən məlumatlarla qəzetdə yazılanlar uyğun gəlmir. Hətta bu üzdən şansını lotereya qəzetilə sınayıb, müəyyən məbləğ udanlarla satıcılar arasında münaqişələr də yaranıb. “Bir neçə gün öncə televiziyada filan rəqəmin sahibinin 50 manat udduğu bəyan edildi, həmin rəqəmin sahibi loto oyunlarına aid qəzet vasitəsilə lotereyasını yoxladanda ona deyilib ki, udduğu məbləğdən ona 47 manat 30 qəpik veriləcək, çünki qəzetdəki cədvəldə həmin rəqəmin qarşısında bu qədər məbləğ yazılıb. Lotereya sahibi bunun səbəbilə maraqlandıqda isə satıcı deyib ki, ona belə göstəriş verilib. Əgər bu vergi tutulmasıdırsa, niyə, lotereyanı alarkən bu haqda alıcıya məlumat verimir?” - deyə lotereya bileti alıcılarından biri bu barədə “Hürriyyət”ə danışarkən bildirib.
    Bundan əlavə, redaksiyamıza daxil olan məlumata görə, lotereya biletlərindən gələn gəlirdən lotereya fondu dövriyyəyə cəmi 20 faiz pul buraxır, halbuki bu rəqəm 70 faiz olmalıdır.

    “Azərlotereya” ASC “Sayt və efirdən məlumat verilib” deyir

    Qeyd edək ki, hazırda Azərbaycanda kecirilən lotereya oyunları “Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında ” qanunla tənzimlənir. Prezident İlham Əliyevin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli fərmanına əsasən, “Azərlotereya ” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bu ASC stimullaşdırıcı lotereyalar istisna olmaqla, Azərbaycanda kecirilən bütün növ lotereya oyunlarını həyata keçirir.
    Səslənən iradlarla bağlı “Azərlotereya” ASC ilə əlaqə saxladıq.
    Sualımızın bir qisminə cavab aldıq. ACS-dən bildirildi ki, 16 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun qəbul edilib: “Qəbul edilmiş dəyişikliklərlə bağlı, Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən, 01 yanvar 2017-ci il tarixindən etibarən İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla, qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur. Bu məlumat həm azerlotereya.com saytında, həm də “Space” televiziyasından da dəfələrlə səsləndirilib”.
    Lotereya fondundan yalnız 20 faiz pulun dövriyyəyə buraxılması ilə bağlı sualımıza isə belə cavab verildi ki, “səsiniz telefondan aydın eşidilmir, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətilə əlaqə saxlayın”.
    İqtisadiyyat Nazirliyinin mətbuat əlaqələndiricisi Abbas Əliyev dedi ki, məsələ aydınlaşdırılacaq və bu barədə bizə məlumat veriləcək.

    AİB sədri: “Lotereya haqqında” qanunun tələbləri pozulur
    Bu oyunda kim uduzdu, kim uddu? - NƏDƏNSƏ UDAN MƏHZ "AZƏRLOTEREYA"DIR...

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, qanunun tələblərinə bir çox hallarda düzgün riayət olunmur. Məsələn, ötən il ölkə başçısı "Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında" qanuna dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Edilən dəyişiklərdən biri də həmin qanunun 3-cü hissəsində "dövlət nəzarətini" sözlərinin "nəzarəti" sözü ilə əvəz edilməsidir. Yəni lotereyanın təşkili və keçirilməsinə ictimai nəazrət də təmin edilməlidir, amma bu proses görüntü xarakteri daşıyır: “Azərlotereya” ilk fəaliyyətə başlayanda bizdə belə təəsərrüat yarandı ki, istehlakcıların aldadılması halları azalacaq. Amma birliyə daxil olan məlumatlar belə deməyə əsas vermədi. “Azərlotereya” yarananda ümid etdik ki, dövlət səviyyəsində belə bir qurum fəaliyyətə başlayırsa, dövlət səviyyəsində də nəzarət olacaq. Amma çox təəssüf ki, bu şirkət istehlakcıların rəğbətini qazana bilmədi, gözləntilərimiz özünü doğrultmadı. Əlbəttə, bir şirkət alternativsiz, tək fəaliyyət göstərəndə monopolist bir quruma çevrilir. Azərbaycanda bu sahədə problemlər var. Lotereya haqqında qanun doğru yerinə yetirilmir”.

    “Komissiyanın tərkibindəki ictimai şurada təsadüfi şəxslər olur”

    Eyyub Hüseynovun sozlərinə görə, lotereya komisiyasında ictimai şura var ki, orada heç bir hüquqi əsası olmayan təsadüfü adamlar yığılır: “O şurada lotereya oyunlarının təşkili işinə müğənnilər, jurnalistlər və ictimaiyyətdə az-çox tanınan digər şəxsləri yığıb, belə görüntü yaradırlar ki, lotereya oyunları şəffaf təşkil olunur. Biz təklif vermişik ki, həmin şuraya qanunla tənzimlənən səlahiyyətlər verilsin. Onlar hüquqi əsasnamə ilə fəaliyyət göstərsin. Şura üzvləri oyun haqqında, satılmış lotereyalar, texnologiyalar və digər məlumatlardan xəbərdar olsunlar. Mən özüm də vaxtilə o komissiyanın sədri olmuşam. Buna da ona görə razılıq verdim ki, prosesin canlı şahidi olum, uduş fondunun miqdarını öyrənə bilim, hüquqi sənədlərə baxım, nə qədər lotereya satılıb, nə qədəri qalıb bundan məlumatım olsun. Sonrakı proseslərdə də bu məlumatlar mənə verilmədiyinə görə, bu işdən imtina etdim. Bir sözlə, ictimaiyyətdən gizli saxlanan hər bir məsələ kimi, burada da cəmiyyət üçün qaranlıq qalan məqamlar var. Ona görə də istehlakçıları şikayətlərində haqlı sayıram. “Azərlotereya” şəffaf fəaliyyət göstərməlidir”.

    “Ani lotereya”ların yeni texnalogiyası necə şəffafdır?

    AİB sədri onu da dedi ki, vaxtilə birlik “ani lotereya” deyilən bir uduşlu lotereya ilə bağlı məsələni ifşa edib və biletdə dəyişiklik aparılıb, amma hazırda “ani lotereya”larla bağlı tətbiq edilən yeni texnologiyanın şəffaf olub-olmaması haqqında istehlakçılara heç bir məlumat verilmir: “Bizim təzyiqimiz altında “Azərlotereya” bu məsələdə dəyişiklik etdi. Amma hazırda oyunu hansı “üsulla” qurub, bunu incələyəcək mütəxəssisə ehtiyac var. Doğrudur, “Ani lotereya” ilə bağlı Amerikadan, Gürcüstandan, Portuqaliyadan əldə etdiyim biletlərin üzərində də eyni hal müşahidə olunurdu. Bilet pozulan kimi anında gözlə görünən rəqəm uduşa düşür, daha tirajı gözləməyə ehtiyac qalmır. Uzun müddət uduşa düşən rəqəmin satışa buraxılmaması haqqında biz fakt əldə etdik, bunu sübuta yetirdik. Hətta mən Ümumdünya Ticarət Təşkilatında bu məsələ müzakirə olunanda Vaşinqtondan əldə etdiyim lotereyada eyni vəziyyəti izah edib dedim ki, Amerikanın paytaxtında bu təşkilatın 20 metrliyində ictimaiyyəti aldadırlar. Yaxşı haldır ki, “Azərlotereya” bu iradları nəzərə aldı, amma istehlakçı hardan bilsin, ASC-nin yeni texnalogiyası şəffafdır, ya yox”.

    “Lotereya oyunbazlıqlarını incələyəcək mütəxəssislərimiz ələ alınır”

    AİB tərəfindən aparılan mübarizə nəticəsində təşkilata hücumlar olduğunu da vurğulayan Eyyub Hüseynov dedi ki, hazırda “lotereya oyunbazlıqlarını” incələyəcək mütəxəssisə də istehlakçıların ehtiyacı var: “Biz uzun illər qabaq 23 lotereya şirkətinin bağlanmasına nail olduq. Bunun müqabilində birliyimizə qarşı hücumlar da edildi. Hətta vaxtilə qəzetlərdən birində bizə böyük böhtanlar atan yazı da dərc edilmişdi. Amma zaman öz sözünü dedi, bizim haqlı olduğumuz sübut edildi. Vaxtilə təşkilatımızda Xəlifə Hüseynov adlı bir şəxs vardı, lotereya maxinasiyalarını çox yaxşı incələyə bilirdi. Təəssüf ki, ona “Şeş-qoşa” lotereyasının yaradılması üçün imkan yaradıldı, lisenziya hədiyyə olundu, onun vasitəsilə Lotereyaçılar Birliyi yaradıldı, bizim təşkilatın əleyhinə işlər aparıldı. Sonra Arif Aslanov ad-soyadlı şəxs üzə çıxdı, o da “Şeş-qoşa” və digər lotereyalarda adamların necə aldadıldığını açıqladı, çox təəssüf ki, sonradan onu da ələ alıb, “çıxdaş etdilər”. Ona görə də biz bu məsələləri incəyələ biləcək, iradəli, satılmayan, vicdanlı şəxsləri təşkilatımıza dəvət edirik”.
    Mövzuya qayıdacağıq.

    NİGAR, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA