» » “Tələbənin qiymətləndirilməsinə xəyanət eləyən müəllim əfv olunmayacaq”

“Tələbənin qiymətləndirilməsinə xəyanət eləyən müəllim əfv olunmayacaq”

  • Loading...
    “Tələbənin qiymətləndirilməsinə xəyanət eləyən müəllim əfv olunmayacaq”
    Pedaqoji Universitetdə imtahan prosesinə ictimai nəzarətdən reportaj

    Yazılı imtahanda subyektivlik necə rol oynamayacaq?

    Yanvarın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair monitorinq keçirildi. İctimai Nəzarət Şurasını təmsil edən təhsil ictimaiyyətinin tanınmış ekspertlərilə yanaşı monitorinqdə media nümayəndələri də iştirak etdi.
    Universitetin İctimaiyyətlə əlaqələr şöbəsi Mansur İbrahimov bildirdi ki, monitorinqin keçirilməsində məqsəd ictimaiyyəti imtahan sessiyasının keçirilməsilə bağlı ətraflı məlumatlandırmaqdır. Universitetdə həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri təhsilin keyfiyyətini yüksəltmək olduğu üçün ictimai iştirakçılığın miqyasının genişləndirilməsi nəzərdə tutulur.

    Yeni rektor media ilə ilk əhatəli görüşündə nələrdən danışdı?

    ADPU-nun rektoru, professor Cəfər Cəfərov ilk çıxış edərək statistik rəqəmlər açıqladı.
    2016-cı ilin yayından Azərbaycanda ən böyük müəllim kontingenti hazırlayan ali məktəbə rektor təyin edilən Cəfər Cəfərov ilk dəfəydi ki, təhsil ictimaiyyəti və media nümayəndələriylə belə geniş və əhatəli görüş keçirirdi.
    O, dedi ki, universitetdə hazırda ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyəsində isə 34 ixtisas üzrə mütəxəssis hazırlanır: “Bu gün ADPU-da 5 filial (Ağcabədi, Şamaxı, Quba, Şəki, Cəlilabad filialları) və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) ilə birlikdə 20 minə yaxın tələbə təhsil alır. Tədris prosesinin təşkili və həyata keçirilməsi ilə 8 fakültə, Magistratura və doktorantura şöbəsi, 40 kafedra məşğul olur. Ştatda olan professor-müəllim heyətinin sayı 726 nəfərdir. Onlardan 76-sı elmlər doktoru, 69-u professor, 243-ü fəlsəfə doktoru, 250-si dosentdir".

    Şəffaf imtahanın keçirilməsi üçün nazirin əmri necə icra olunur?

    Təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 849 nömrəli əmrindən danışan rektor dedi ki, əmrdə ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması və digər vəzifələr öz əksini tapıb: “Bizim universitetdə də “2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq barədə” müvafiq əmr imzalanıb. Həmin əmrə əsasən payız semestrinin imtahan sessiyasında yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə 8 nəfərdən ibarət Apelyasiya Komissiyası, həmçinin fakültələr, Magistratura və doktorantura şöbəsi üzrə münaqişə komissiyaları yaradılıb, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib. İmtahan sessiyasını normal mənəvi-psixoloji şəraitdə, obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, imtahanların keçirilməsi üçün lazımi sənədlər tələblərə uyğun hazırlanıb. Eyni zamanda digər müvafiq əmrlə universitetdə 7 nəfərdən ibarət İmtahan qərargahı yaradılıb, qərargahın 498-17-94 əlaqə nömrəsi bütün tələbələrə elan edilib və universitetin saytında yerləşdirilib, imtahan qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə çevik araşdırılıb təmin edilməsi, imtahanların təşkilində və gedişində mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat verilməsi tapşırılıb. Fakültələr, eləcə də Magistratura və doktorantura şöbəsi üzrə imtahanların gedişinə nəzarət edəcək imtahan rəhbərlərinin, nəzarətçi-müəllimlərin, münaqişə komissiyalarının tərkibi müəyyən edilib. İmtahan rəhbərləri və nəzarətçi-müəllimlər qeyri-ixtisas sahibləridir”.
    Rektorun çıxışından sonra İctimai Nəzarət Şurasını təmsil edən nümayəndələr universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsilə bağlı fikirlərini bildirdilər, müzakirələr aparıldı, rektor səslənən təkliflərdən bəzilərini qeydə aldı, sonra imtahan zallarına baxış keçirildi.

    Pedaqoji Universitetdə ikipilləli semestr imtahanları ləğv edilib

    Orada öyrəndik ki, builki tədris ilində ADPU-ya qəbul olmuş I kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır. Digər kurslar isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində imtahan verirlər. Gün ərzində 1800 nəfər tələbə yazılı qaydada, 1200 nəfər tələbə isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində imtahan verirlər. Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına, həmçinin İmtahan qərargahına müraciət edirlər.

    Yeni rektor onların etibarını qazanır

    Bizə bildirilidi ki, rektor hər gün imtahan zallarında imtahan prosesini müşahidə edir, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verir.
    Orda olduğumuz müddətdə bir neçə tələbə rektora yaxınlaşıb, imtahan zalından çıxarılmaları barədə məlumat verdilər. Tələbələri səbrlə dinləməsindən belə görünürdü ki, rektorun onların etibarını qazandığı üçün, tələbələr ona güvənirlər. Cəfər Cəfərov tələbələrə imtahan qərargahına müraciəti tövsiyə etdi və onları əmin elədi ki, şikayətləri obyektiv araşdırılacaq.

    Tələbələrin ədəbiyyat axtarışı

    İmtahan zallarında yanaşı oturan müxtəlif fakültələrin tələbələri ayrı-ayrı fənlərdən imtahan verirlər. II kurs tələbələrinin yazılı imtahan prosesində keçmiş Azərbaycan Müəllimlər İnstitutundan (AMİ) transfer olunmuş tələbələrin birindən soruşduq ki, yazılı imtahan onu qane edirmi. Bildirdi ki, yazılı imtahan qanedicidir, çünki elə AMİ-də də imtahanları həmişə yazılı olub, amma ədəbiyyatların tapılmasında çətinlikləri var. Bəzi müəllimlər imtahana hazırlaşmaq üçün onlara ədəbiyyat adı açıqlamaqda belə problemlər yaradırlar. Tələbələr şikayət etdikdən sonra onlara imtahanda istifadə üçün ədəbiyyat verilir.

    İndi tələbənin “şparqalka”sı telefonudur

    İmtahan qərargahı zalında da olduq. Şikayətləri araşdıran müəllimlərdən biri dedi ki, imtahan ssesiyası başlayandan indiyə qədər onlara 32 müraciət daxil olub, indiyədək 23-nə baxılıb, 3-4 müraciət isə tələbələrin xeyrinə həll edilib: “Elə tələbə var ki, imtahana 50 balla daxil olur, hansısa bir səbəbdən onunla bağlı yanlışlıq olur, gündəlikdən hazırlıqlı olan tələbələrə güzəşt edilir. Ən çox problem tələbələrin imtahana telefonla keçməsilə bağlıdır. Vaxtilə imtahanda konispektdən istifadə edən tələbələr, indi də telefonundan konspekt kimi istifadə eləyir”.

    Yazılı imtahan müəllimin rüşvət almasını asanlaşdırmayacaq?

    İqtisad Universiteti ötən il təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirdiyi monitorinqdə rektor Ədalət Muradov dedi ki, universitet öncəki il test üsulunu ləğv edib, yazılı imtahanı tətbiq edib. Amma bu prosesdə subyektiv amillər rol oynadığına görə və insan amilinin müdaxiləsinin qarşısını almaq mümkün olmadığı üçün yenidən test üsuluna qayıdılıb.
    Vaxtilə Pedaqoji Universitetdə də yazılı imtahan ənənəsi var idi. Sonradan bu üsul kompüter texnalogiyaları ilə əvəzləndi. İndi yenə də yazıya qayıdılır. Yazılı imtahan və obyektivlik necə mütənasib olacaq? Vaxtilə bu universitetdə müəllimin tələbəyə gizli şifrə ötürməsi, rüşvətlə qiymət yazılması, test cavablarının tələbələrə satılması, tələbələrdə əzbərçilik kimi problemlər haqda mətbuatda məlumatlar yer alırdı.

    Tələbəyə dərsliyin, ovçuya ovun yerini göstər...

    Bəzi təhsil ekspertlərin fikrincə, yazılı imtahana qayıtmaqla, irəliləyişə nail olmaq mümkün deyil, test üsulunu ləğv etmək yox, testi təkmilləşdirmək lazımdır. Belə ki, test sualları ali məktəb proqram və dərsliyi əsasında tərtib olunmalıdır. Tələbə gündəlik tədris edilən proqramla tanışdırsa, test cavablarını oxumasına ehtiyac yoxdur, dərslikdəki mənbələrdən öyrənə bilər. Bununla da imtahan prosesinə insan amilinin müdaxiləsi mümkün olmaz. Necə deyərlər, ovçuya ovun yeri göstərilməlidir, ov tutulub, verilməli deyil.
    Ehtiyat etmirsinizmi ki, yenə də yazı prosesində əvvəlki neqativ hallar baş verər?
    Boloniya prosesinin tələblərinə görə, tələbə imtahan nəticələrilə həmin gün tanış olmalıdır. Bu qədər yazılı imtahan cavablarını yoxlamağa müəllim qüvvəsi çatırmı?
    Suallarımıza ADPU-nun Tədrisin idarə olunması və Tədrisin texnalogiyaları mərkəzinin direktoru Sənan Əliyev cavab verdi.

    Tələbə istər yazılı imtahan verər, istər testlə

    Sənan Əliyev Hurriyyey.org-a açıqlamasında bildirdi ki, o da yazılı imtahanı çox çətin, məsuliyyətli və mürəkkəb proses hesab edir. Amma bunu öncədən bildikləri üçün işlərini ehtiyatlı tutublar: “İmtahanların keçirildiyi binalarda qayda-qanunlara riayət olunması üçün fakültələr üzrə professor-müəllimlərdən ibarət növbətçilər müəyyənləşib. Tələbə bir semestrdə bir fənndən bir dəfə imtahan versin deyə ikipilləli imtahan ləğv olunub. İmtahan tələbəninin istəyinə uyğun ya yazılı, ya da test üsulu ilə keçirilir. I kursdan isə tələbələr ümumiyyətlə, yazılı imtahan əsasında imtahan verəcəklər. Bu da Təhsil Nazirliyinin “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında əsasnamə”yə uyğun icra edilir. Biz müəllim hazırlayırıqsa, müəllim firkini tapmaca ilə yox, tam ifadə etməyi bacarmalıdır. Burada təkcə yazılı yox, müəyyən ixtisalar üzrə başqa qiymətləndirmələr də həyata keçiriləcək. Biz bu işə başlayanda cəmiyyətə verdiyimiz açıq mesaj o olub ki, tələbələrin qiymətləndirilməsi prosesinə xəyanət edən müəllim əfv olunmayacaq.
    Əlbəttə test olsaydı, 3300 tələbənin imtahanını monitorla izləmək çox asan başa gələrdi. Texniki proses kimi bu müəllim və tələbələr üçün əlverişlidir. Amma vaxtilə işlədiyim Turizm və Menecment Universitetindəki təcrübəmizdən bilirəm ki, yazılı imtahana tam nəzarət aparılanda, imtahanın şəffaf keçməsi mümkündür”.
    Sənan Əliyev onu da dedi ki, testin təkmilləşdirilməsinə də ehtiyac olduğuna görə, müxtəlif variantda testlərin sınaqdan keçirilməsi nəzərədə tutulub.

    Kitabaxana saf-çürük olunmalıdır

    Tələbələrin ədəbiyyat tapmaq probleminə gəlincə, mərkəz direktoru dedi ki, tələbələrin ədəbiyyat təminatı üçün Turizm və Menecment Universitetinin təcrübəsindən istifadə olunacaq: “Orada bu mexanizm çox sadə idi. Fənn müəllimindən təklif gəlirdi ki, hansı ixtisasa hansı kitablar tələb olunur, kafedra müdiri təklifləri ümumiləşdirib dekana verirdi. Dekan da rektorluğa təqdim edirdi və rektor bilirdi ki, hansı fakültəyə hansı kitab lazımdır. İlin axırında bir dəfə sifariş verilib, ədəbiyyat alınırdı. Amma mən maraqlandım, burada belə mexanizm yoxdu. Hətta kitabxanada insan ayağı dəyməyən yerlərə gedib çıxdım, məlum oldu ki, universitetin bir milyona yaxın ktabı var, amma o kitablar bu günkü dövrün tələbinə uyğundurmu? İlk bura gələndə maraqlandıq, orta məktəb üçün dərsliklər belə yox idi, halbuki bu universitet orta məktəb üçün müəllim hazırlayır. Ona görə də universitetin kitabxanası ilə bağlı da tədbirlər aparılmaqdadır”.
    ADPU-da kadrların iş təminatı ilə bağlı yeni rəhbərliyin apardığı islahatlar haqqında növbəti yazımızda bəhs olunacaq.

    Sevil HİLALQIZI, Hurriyyet.org

    “Tələbənin qiymətləndirilməsinə xəyanət eləyən müəllim əfv olunmayacaq”

    “Tələbənin qiymətləndirilməsinə xəyanət eləyən müəllim əfv olunmayacaq”

    “Tələbənin qiymətləndirilməsinə xəyanət eləyən müəllim əfv olunmayacaq”

    “Tələbənin qiymətləndirilməsinə xəyanət eləyən müəllim əfv olunmayacaq”

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Temmuz 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    QALEREYA