2-ci qrup əlil xəstəxananın yollarında qalıb - Əlfağa Məmmədov: “Əlillərin haqları kağız üstdə qalir”

2-ci qrup əlil xəstəxananın yollarında qalıb - Əlfağa Məmmədov: “Əlillərin haqları kağız üstdə qalir”

Dekabrın 3-ü Beynəlxalq Əlillər günü idi. Təəssüf ki, əlillər, onların qayğıları, problemləri, qarşılaşdığı çətinliklər, rastlaşdıqları bürokratik əngəllər yalnız ilin bu günü yada düşür. İlin qalan günləri isə onlar lazım olduğu qədər diqqət, ilgi və sevgini görmürlər.

2 qrup əlıl, şəkər xəstəsi Əlfağa Məmmədovun dedikləri bunu bir daha təsdiqləyir.

Redaksiyamıza şikayət edən Salyan rayonu, Qıqrxçıraq kənd sakini Ə.Məmmədov bildirir ki, yaşadığı rayonun mərkəzi xəstəxanasında onun əlil kimi hüquqları tapdanır: “Mən şəkər xəstəsiyəm. 2-ci qrup hərbçi əliləm. Xəstəliyimlə bağlı hər 6 aydan bir mənə “Tiaqamma” dərman preparatı köçürülməlidir. Amma 2 ildir ki, mən qanunla pulsuz verilən bu preparatı ala bilmirəm. Dəfələrlə Salyan rayonu MRX-nin baş həkiminə, xəstəxananın nəzdində olan aptekin rəhbəri Pərvanə xanıma müraciət etmişəm. Amma heç nəyə nail olmamışam. Hər dəfəsində məni “dərman yoxdur” deyə əliboş yola salıb”.

Onu da deyək ki, Ə.Məmmədovun həyat yoldaşı astma xəstəliyindən əziyyət çəkir. Onunla birgə yaşayan oğlu da məhkum olduğu xəstəlik üzündən əlildir. Himayəsində iki xəstə olduğundan müsahibimiz dərman preparatlarını öz vəsaiti hesabına almaq imkanından məhrumdur. Məhz bu səbəbdən də o, xəstəxana rəhbərliyinin, aptek müdirinin qapısını təkrar-təkrar döymək məcburiyyətində qalıb.

Əlfağa Məmmədovun dediyinə görə, xəstəxananın rəhbəri Hüseynağa Həsənov və rayon poliklinikasının rəhbəri İsrafil Məmmədov ona bildirib ki, Səhiyyə Nazirliyindən rayona “Tiaqamma” göndərilmədiyi üçün ona dərman verə bilmirlər: “Mənə deyirlər ki, dərman gəlməyib. Nazirlik göndərməlidir ki, biz də sənə verək. Mən də məcbur qalıb Səhiyyə Nazirliyinə müraciət etdim. Onlar Salyan MRX-nin baş həkiminə məktub göndərdilər ki, mənim müayinə və müalicəmə kömək etsinlər. Amma bu da bir işə yaramadı. Xəstəxana rəhbərliyi nazirlikdən verilən məktubu da nəzərə almadı”.

Şikayətçinin müraciətindən sonra ona cəmi üç ədəd “Tiaqamma” təklif olunub, amma bu, onun müalicə kursunun heç yarısına belə çatmır: “Müraciətimdən sonra mənə həmin dərmandan cəmi 3 ədədi təklif olundu. Halbuki bir kurs üçün ən azı o dərmandan 10-u köçürülməlidir. Mən də həmin o 3 dərmandan imtina elədim. Çünki onun mənim müalicəmə heç bir xeyri olmayacaqdı”.

Şikayətçi bir müddət əvvəl Səhiyyə Nazirliyinin daha bir neçə əməkdaşı ilə əlaqə saxlayararaq narazılığını bildirib: "Mən nazirliyin iki səlahiyyətlisi - Rasim müəllim və Rüstəm həkimlə də danışmışam. Onlar söz veriblər kömək edəcəklər. Amma əvvəlki müraciətim nəticəsiz qaldığı üçün daha heç nəyə ümid etmirəm”.

Ə.Məmmədovun dedikləri ilə bağlı Səhiryyə Nazirliyinin İnnovasiya və Təchizat üzrə mütəxəssisi Rasim Məmmədovla biz də əlaqə saxladıq. Mütəxəssis bildirdi ki, bu ay Ə.Məmmədov sözügedən dərman preparatı ilə təmin olunacaq: “Həmin şəxsin dərmana ehtiyacı olduğundan xəbərdaram. Ona bildirmişdim ki, ayın 8-dək “Tiaqamma” ilə təmin olunacaq”.

Nazirlik nümayəndəsinin bu nəzakətli vədinə xilaf çıxmayacağına biz də ümid edirik.

Altunay, Hurriyyet.org

P.S. Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında[1]

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU[2]

Maddə 42. Tibbi xidmət, dərman preparatları və protezlər ilə təminat[91]

Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman almaq üçün müavinət verilir.

20 Yanvar əlilləri, milli münaqişə zəminində əlil olanlar, əlil uşaqlar və digər kateqoriyalardan olan I və II qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada dərman preparatları ilə təmin edilirlər.

Əlillər, sağlamlıq imkanları məhdud uşaqlar tibbi xidmətlə, tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə, həmçinin protez-ortopediya məmulatı, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla), əlil kreslo və veloarabaları, bərpa vasitələri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər. [92]

  • Hamısı
  • Loading...