“26 ildir insanlara deyilir ki, gələn bayram Şuşadayıq…” - KEÇMİŞ MÜSTƏNTİQ

  • 2019-04-17 11:56:23
  • |
  • Aktual /

“26 ildir insanlara deyilir ki, gələn bayram Şuşadayıq…” - KEÇMİŞ MÜSTƏNTİQ

Keçmiş siyasi məhbus, bu yaxınlarda prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Rüfət Səfərov özünün Facebook səhifəsində Azərbaycandakı vəziyyətlə bağlı maraqlı yazı paylaşıb. Mövzunun aktuallığını nəzərə alıb, həmin yazını olduğu kimi dərc edirik:

“Bir aydır ki, müşahidə edirəm. Son üç ilin arxivinə baş vurdum. Mümkün həddə hadisə və proseslərlə maraqlandım. Təcrid vəziyyətində yaşadığım illərdə çatan məlumat və xəbərlər canlı seyrin ortaya qoyduğu mənzərə ilə müqayisədə dolğun məzmunlu olmayıb. Həbsə qədərki Azərbaycanla həbsdən sonrakı Azərbaycan arasında ciddi fərqlər gördüm. Nəhayət ki, heç bir şəxsi təmənna güdməyib fasiləsiz işləyən, məntiqi nəticə özünü yubatsa da usanmadan danışıb - yazan demokratik cameənin fədakar təbliğatçıları rahat ola bilər: cəmiyyət siyasiləşib. Artıq fədakarların dünənki qorxaq insanların haqları uğrunda savaşmasına ehtiyac deyil, çünki Azərbaycan insanı özü öz sözünu deyir, haqqını tələb edir, eşidilməyəndə hayqırır, bu da yetməyəndə meydanda kükrəyir və hakimiyyət qorxuya düşür. Son günlərdəki hadisələrin dinamikası, proseslərin inkişaf dialektikası onu deməyə əsas verir ki, əgər hakimiyyət özünün düşdüyü qorxu düyününü xalqın üzərinə yeriməklə açmaq fikrinə düşsə daha xoşagəlməz durumla üzləşəcək. Təəssüf ki, bunu edir. Olsun. Qoy hərə öz işində davam etsin: zorakı rejim zorakılığını, dinc insanlar da dincliyini. İnamım var ki, ən yaxın zamanda bu zorakılar dincləri xahiş-minnətlə stol arxasına dəvət etməli olacaqlar. Bu dəvətin qəbul olunub-olunmayacağını söyləyəməkdə çətinlik çəksəm də buradan prezident İlham Əliyevə rəhbərlik etdiyi dövlətin tərəfləri ilə bağlı bəzi sual dolu səmimi fikirlərimi ifadə etməkdə çətinlik duymuram:

-26 ildir insanlara deyilir ki, gələn bayram Şuşadayıq. Növbəti bayramlarısa o şəhərdə biz deyil, erməni bayram edir. Biz məğub durumda ikən necə söylənilə bilər ki, hərbi qüdrətə malikik? Bu, dövlətimizin hərbi tərəfi.

-26 ildir insanlara deyilir ki, sosial ədalətə görə bizimlə yarışa girmək mümkünsüzdür. Minimum əmək haqqının 180 manat, prezident maaşının 15.000 manat təşkil etməsi iləmi? Bu dövlətimizin sosial tərəfi.

-26 ildir insanlara deyilir ki, iqtisadi inkişafa görə regionun lideriyik. Neft və qazın qiymətindən asılı vəziyyətdə sağa-sola üzməyimiz ilə? Ya manatımızın son 3-4 ildə 3 dəfə dəfn olunması iləmi? Yoxsa insanlarımızın “idxal nəfəsliyi”ndən havalanıb qidalanması ilə? Kəndin-kəsəyin, rayonun- şəhərin Rusiya və Avropanın küçələrinə səpələnməsi ilə? Ya da məmur-oliqarxların xalqın malını və yerdə qalan torpaqlarını feodal tək mənimsəməsi iləmi? Yoxsa, neft və qazdan yığılan pulların xalqa aid olmaması ilə? Bu dövlətimizin iqtisadi tərəfi.

-26 ildir insanlara deyilir ki, hüquq məsələlərində bizdən nümunə götürülə bilər. Hakim və deputatların administrasiyadakı köməkçilərin əl buyuruqçusu olması ilə? Yoxsa baş prokurordan tutmuş ədliyyə nazirinədək, əyalət məhkəmə hakimindən Ali Məhkəmə sədrinə qədər bütün huquq korpusunun adı və soyadı korrupsiya və rüşvətə sinonim sayılması iləmi? Ya Ana Yasanın ictimai-hüquqi yox, şəxsi məqsədlərin zəruri etdiyi eybəcər şəklə salınması iləmi? Qanunların kağız parçası kimi tum qabına yaraması iləmi? Yoxsa vətəndaşların təhlükəsizliyini təmin etməli olan rütbəlilərin şiddət saçması ilə? Bu dövlətin hüquqi tərəfi.

-26 ildir insanlara deyilir ki, vətəndaş cəmiyyəti işində nümunəyik. Saysız -hesabsız hökumətə aid olmayan təşkilatların sıradan çıxarılıb, rəhbərlərinin ya həbs edilib, ya da ölkədən qovulması iləmi? Yoxsa, bir dənə də olsun azad mətbu orqanın, tv-nin mövcud olmaması iləmi? Bəlkə virtual müstəvidə faəliyyətdə olan resursların dağıdılması iləmi? Susmayan sosial şəbəkə istifadəçisinin evindən- işindən oğurlanıb işgəncə kameralarına salınması ilə? Bu dövlətin mülki tərəfi.

-26 ildir insanlara deyilir ki, demokratiya mövcuddur. Azərbaycanın miladdan əvvəlki fironların yön verdiyi Misirin əkiz tayına çevrilməsi ilə? Bir dəfə də ədalətli seçkinin keçirilməməsi ilə, yoxsa bütün seçkili orqanlara bir partiya və törəmələrinin təyin olunması ilə? Aparıcı müxalifət partiyasının oturmağa yerinin olmaması, liderinin ölkədən buraxılmasına qadağan qoyulması, insanların bir yerdə toplaşmasına rəsmi yasaq qolulması iləmi? Hələ də əllidən çox insanın siyasi motivlərlə əsirlikdə saxlanılması ilə? Yaxud, açıq-sərt desək, ayrı cür düşünənləri tutmaq, üzünə-bədəninə tüpürmək, qandalda təbii ehtiyaclarını şalvara ödətdirmək, it kimi tualetdə ora-bura sürümək, dərisini soymaq, dırnaqlarını çıxarmaq və zorlamaqlamı, bunlar işə yaramayandasa öldürməkləmi? Bu da dövlətin siyasi tərəfi.

Sualları uzatmaq da olar, amma hələlik kifayətdir. Rəhbərlik etdiyiniz dövlətin qeyd etdiyim tərəflərini əhatəli şəkildə müzakirəyə çıxarıb əməli tədbirlər görmək üçün həmin sahənin vicdanlı mütəxəssisləri ilə birgə xalqın müşahidəsi altında işləmək lazımdır. Bəlkə yenə də gec deyil. Əks təqdirdə, bu dövləti ciddi təhlikə gözləyir. Təhlükə geridönməz səciyyə daşıyanda yaltaq və bivec YAP-çıların təklif edəcəyi xidmət yararsız olacaqdır.

Ona da ümidliyəm ki, hazırkı qeydlərin müəllifi kimi təkcə sabiq əyalət müstəntiqini, fərmanınız əsasında özünün və ailəsinin ömründən üç il soyulan keçmiş dustağı deyil, bütövlükdə Azərbaycan gəncliyini biləcəksiniz. Müasir gəncliyin sözçüsü olmasam da, oxuduqlarınızı yüz minlərlə azərbaycanlı cavan qəlblərdən qəlbimə süzülən düşüncələr kimi qəbul etmənizi təveqqe edirəm”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA