26 yaşlı “Bakı Bələdiyyə Teatrı”

26 yaşlı “Bakı Bələdiyyə Teatrı”

Amaliya Pənahova yaradıcılığının imzası olan teatr yaşamaqda davam edir

Ötən yüzilin 80-ci illərində plürealizm, aşkarlıq, demokratiya və vətəndaş cəmiyyəti ən çox dəbdə olan proseslərdən biri idi. Belə bir məqamda ölkənin mədəni həyatında bir çox təşəbbüslər irəli sürüldü. Yeni-yeni folklor ansamblları, simfonik orkestrlər, caz və estrada qrupları yarandı. “Meydan Teatrı” (Rəhman Əlizadə), “Gənclər Teatrı” (Hüseynağa Atakişiyev), “Kamera Teatrı” (Cənnət Səlimova) Azərbaycanın mədəni həyatının bir parçasına çevrildilər. Yeni teatrların sırasında “Bakı Bələdiyyət Teatrı” klassik və çağdaş ənənələri uzlaşdıran mədəniyyət ocağı kimi coşqularla qarşılandı. Bunun əsas səbəbi teatr tariximizin son 40 illik dönəmində müqtədir sənətkarlarımız sırasında imzasını vurmuş xalq artisti Amaliya Pənahovanın adının ön siyahıda yer alması idi. Demək olar ki, bütün Şərq və Türk Dünyası tarixində ilk dəfə idi ki, qadın sənətkar ayrıca teatr yaradaraq onun əbədiyaşarlığı üçün bütün həyatını vermiş oldu.

Dövlətçiliyin yanında duran Teatr

Amaliya xanım “Bakı Bələdiyyə Teatrı”nı yaratmazdan öncə 30 illik sənət təcrübəsini əldə etmiş sənətkar kimi Azərbaycanda deyil, keçmiş Sovetlər Birliyində tanınmış teatr və kino aktyoru olaraq tanınan bir sənət adamı idi. 1992-ci ildə müxtəlif teatrlarda uzun illər sənət təcrübəsi olan aktyorları bir araya gətirərək “Bakı Bələdiyyə Teatrı”nı ərsyə gətirməklə Türk Dünyası və Şərqdə teatr aləmində ilk qadın bədii rəhbər statusunu əldə etdi. Bu teatr yaranan dönəmdə Azərbaycan yenicə dövlət bağımsızlığına qovuşmuşdu. Sosial-iqtisadi həyat tərzi məşəqqətli bir durumda idi. Qarabağda erməni eskpansionizm siyasətinə qarşı bütövlükdə xalq döyüşürdü. Cəmiyyət köhnə və yeni sistemin gündəmə gətirdiyi qarışıqlıqların içində çabalayırdı. “Bakı Bələdiyyə Teatrı” yaşlı və gənc nəsli bir araya gətirərək mədəniyyət ocağına çevrildi. Bununla yanaşı, Qarabağ cəbhəsi boyunca qastrol səfərləri ilə səngərlərdə döyüşən əsgərlərimizə və düşmənlə üz-üzə qalmış kəndlərin əhalisinə mənəvi baxımdan ruh yüksəkliyi verirdi. Teatr və kinoda kifayət qədər tanınmış ünlü sənətkarladan, xalq artistləri Sofa Bəsirzadə və Məhluqə Sadıqova, Muxtar Avşarov, əməkdar artistlərdən Firudin Mehdiyev və Mirvari Novruzovanın bu teatra gəlişi böyük ümidlərə səbəb oldu. Gəncə, Mingəçevir, Sumqayıt, Bakının müxtəlif teatrlarından tanınmış sismaların qatılması ilə yanaşı, İncəsənət Universitetini bitirən gənc aktyorların “Bakı Bələdiyyə Teatrı”na dəvət alması teatr tariximizdə ən möhtəşəm addımlardan biri oldu. Nazim Hikmətin "Damokl qılıncı" (rejissoru Oruc Qurbanov), Mövlud Süleymanlının "Bəylik dərsi" (Rövşən Almuradlı), Nəriman Nərimanovun "Nadir şah" (Ələkbər Kazimovski), Əmir Pəhləvanın "İnsan və İblis" (Bəhram Osmanov), Altay Yusifoğlunun "Dəli Domrul" (Amaliya Pənahova), Rauf İçərişəhərlinin "Vətənə igidlər gərək" (Amaliya Pənahova), A. Qurbaninin “Türk sancağı” (Amaliya Pənahova), tamaşaları vətən uğrunda döyüşən və canlarını qurban verməyə hazır olan əsgərlər üçün mənəvi ruh yüksəkliyinə çevrilmişdi. “Bakı Bələdiyyə Teatrı” yeni yaranan digər teatr truppalarından fərqli olaraq, uzunömürlü olmaq imzasını sənətin gücü ilə isbat edən bir mədəniyyət ocağına çevrildi. Amaliya xanım bədii rəhbər kimi ölkə daxilində deyil, Türkiyə olmaqla xarici ölkələrə qastrol səfərlərinə, beynəlxalq teatr festivallarında iştirak etməklə milli teatrımızı daha geniş üfüqlərdə tanıtmaq üçün çalışırdı. Bu, həm də dövlətimizə olan inamın daha da artması və mədəniyyətinin sevilməsi demək idi.

Maraqlı repertuar və sənət tablosu

“Bakı Bələdiyyə Teatrı”nın bədii rəhbəri kimi xalq artisti Amaliya Pənahova repertuar siyasətini amiranəlik formasında deyil, bədii şuranın məsləhəti ilə birgə müəyyən edirdi.
Cəlil Məmmədquluzadənin “Ölülər” (Oruc Qurbanov), Jan Anuyun “Medeya” (rejissoru Mərahim Fərzəlibəyov), Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” (Zirəddin Tağıyev), Əziz Nesinin “Tənha qadınlar” (Zirəddin Tağıyev), Süleyman Rəşidinin “Mənim Ərdəbilim” (Amaliya Pənahova), Cəfər Cabbarlının “Dönüş” (Hafiz Fətullayev), Anarın “Qaravəlli” (Rövşən Almuradlı), Məhəmməd Əsəd bəyin “Əli və Nino” (Elvin Mirzəyev), Fridrix Şillerin “Məkr və məhəbbət” (rejissoru Bəhram Osmanov), Rafael Öztürk Dağlının “Nargin adası faciəsi” (rejissoru Tural Ağayev), Sofoklın “Evripid” (rejissoru Oruc Qurbanov), Oqtay Altunbayın “Tomris” (Amaliya Pənahova), Elçinin “Mənim ərim dəlidir” (Oruc Qurbanov) tamaşaları teatrın böyük sənət qarşısında hesabatı sayılır.
Yarandığı gündən xüsusi binası olmayan “Bakı Bələdiyyə Teatrı” ölkənin müxtəlif teatrları və mədəniyyət saraylarının səhnəsində tamaşalar oynayır. Qastrol səfərlərinə çıxır. Teatrın yaranmasının 10 illiyi münasibəti ilə teatr tarixində ilk dəfə olaraq dövlət başçısı mərhum Heydər Əliyev kollektivi təbrik etməklə yanaşı, həm də yarıdıcı heyətin üzvlərini fəxri adlarla mükafatlandırdı. Bu gün “Bakı Bələdiyyə Teatrı”nda çalışan xalq artisti Vaqif Əliyev, əməkdar artistlərdən Əfqan Soltanov, Rafiq İbrahimov, Aydın Əliyev, Tofiq Bayramov, Mahirə Yaqubova, Şahzadə Babayeva, Hüsniyyə Mürvətova, Əhməd Salahov və Səmayə Sadıqova, eləcə də Tural Ağayev, Arzu Şuşanova, İlqar Musayev, Toğrul Rza, Vüqar Vəlixanov, Zemfira Səidi, İsmayıl Atakişiyev, Namiq Cavadov, Asif Rəhimov, Zaur Həmidov, Rəşid Soltanov kimi aktyorlar milli kinomuzun, televiziya seriallarının tanınmış simalardırlar. Belə bir peşəkar truppanın yaranmasında Amaliya Pənahovanın müstəsna xidməti vardır.
Dünyalarca ünlü teatr rejissoru Emmanuel Demarsi-Motanın təbirincə desək, çağdaş teatr sənətinin sosial-mədəni mühitin estetik-bədii dəyərlərinin inkişafı yönündə yeni yaranan teatr truppalarının müstəsna xidməti var. Tanınmış alman rejissoru Peter Ştaynın fikrincə teatrda yaradıcılıq sadəcə studiyaların sayəsində deyil, teatrlara yenicə ayaq açmış gənclərin böyük səhnədə təcrübə əldə etmələri üçün imkan yaradılması sənətin daha yüksək səviyyədə ionkişafına təkan verilməsi deməkdir. Amaliya xanım bədii rəhbəri olduğu teatrda məhz bu prinsiplər əsasında münasibət göstərirdi. Elə buna görə də “Bakı Bələdiyyə Teatrı” taleyini teatra bağlamaq istəyən gənclərin ümid yeri idi. Nüfuzlu belorus teatrşünası Ravel Rudnev haqlı olaraq qeyd edir ki: “Çağdaş teatrlar inzizbati amirlik metodlardan, tamaşaya qoyulan əsərlərin məzmunundan, dramaturqun, rejissorun və aktyorun cəmiyyətə təlqini diktatorluq mahiyyəti daşımamalıdır. Teatr səhnəqrafiyanın və sənətin dili ilə dərdləşməyi bacarmalıdır. Monotonluqdan çıxaraq estetik-bədii yorumun vasitəsilə sinergetik formada ictimailəşdirmək üçün çalışmalıdır. Yəni bir insanın yaşantıları və duyğuları nə qədər indvidual olsa da, əslində çoxlarının taleyinin bir parçasıdır. Teatrın estetik gücü də bundadır”.
“Bakı Bələdiyyə Teatrı”nın ötən 26 ildə sənət taleyində məhz bu amillər öndə gedibdir. Çünki, bu teatrda “direktor teatrı” anlayışı yox idi. Yaxşı tamaşa və işgüzar truppa bu uğurların önündə olub. Teatrın ən böyük başarılarından biri də indi dəbdə olan “bazar” siyasətinin bataqlığına sürüklənmədi. Kübarcasına klassik ənənələr və çağdaş estetik-bədii sənətin peşəkarcasına var olması üçün çalışdı. Çünki uğurlu əsərlər, peşəkar rejissorlara olan etimad teatrın repertuar siyasətində bu gün cəmiyyət üçün aktual olan ekzistensial süjetlər sayəsində estetik-bədii yorumlara yeni nəfəs gətirdi. Beləliklə ölkə teatrlarının cəmiyyətdəki avanqard rolunu gücləndirdi. Amaliya Pənahova bəlkə də “Bakı Bələdiyyə Teatrı”nı bu məqsədlə sənət yoldaşları ilə birlikdə yaratmışdı. Bəzən sənətdə bir nöqtədən çıxaraq, yeni üfüqlərə üz tutmaq daha böyük uğurların təməlinə çevrilir. Bunu Amaliya xanım bacarmışdı. Çünki, yaratdığı teatr 26 ildir yaşayır.

Teatr yaşadıqca sənət də var

Dünyanın hər yerində sənət aləmində yeni cərəyanlar yaranır. Beləliklə də yeni teatrlar, musiqi kollektivləri formalaşır. Zamanla bu kollektivlər sonradan sıradan çıxır. Ancaq, elə olur ki, yeni mədəniyyət ocağı əbədiyaşarlığını qoruyub saxlayır. Azərbaycanda belə hadisələr çox olub. Görkəmli sənətkar Rəşid Behbudov “Mahnı Teatrı”nı yaratmışdı. O, dünyasını dəyişəndən sonra, teatr dağılmadı. Sənət dostları bu günə kimi “Mahnı Teatrı”nı yaşatmaqda davam edirlər. Ünlü cazmen Vaqif Mustafazadə “Sevil” Vokal Ansamblını yaratmışdı. Onun ölümündən sonra, kollektiv tamamilə dağıldı. Bu gün cazmenlərimiz bir araya gələrək Vaqif Mustafazadənin xatirəsini yaşatmaq və milli caz ənənələrimizi davam etdirmək üçün ansamblı yeni nəslin ifaçıları ilə bərpa ediblər. “Qaya” Vokal Ansamblı 50 ildən çoxdur fəaliyyət göstərir. Bəzən elə olub ki, nəsil dəyişməsi sonucunda az qala kollektiv tamamilə dağılsın. Ancaq, ənənəi qorumaq üçün yenidən kollektiv formalaşdırılıbdır. Mahir pianoçu Gülarə Əliyeva Şərq tarixində ilk dəfə olaraq, Avropa və Azərbaycan milli alətlərindən “Dan Ulduzu” ansamblını yaratmışdı. Bu peşəkar musiqi kollektivi bütün çətinliklərə dözərək indi də fəaliyyətini davam etdirir.
İndi Azərbaycanda ənənəvi dövlət teatrlarından savayı yeni teatrlar yaranmaqdadır. Həmin teatrlar ləngərli şəkildə olsa da, ölkəmizin mədəni mühitində özümlü statusla yer almaqdadır. “Üns” Yaradıcılıq Səhnəsi, “Bakı Uşaq Teatrı”, “Əsa Teatrı”, “OL Teatrı”, Simsar”, “Oyuq”, “Günay” teatr studiyaları və sairlərinin mövcudluğu bir daha sübut edir ki, ölkəmizdə teatr sənətinə münasibət hər zaman böyük maraq var. Yetər ki, bu teatrlar öz maraqlı tamaşaları ilə sənətsevərlər tərəfindən dəyərləndirilsin.
Çağdaş teatr sənətində yeni texnologiyaların tətbiq olunması incəsənətin inkişafı üçün böyük bir təkandır. Görkəmli Avstriya teatr xadimi Maks Reyndraxt Berlindəki “GroBes Schaus-pielhaus” Teatrı ilə bağlı çox haqlı olaraq bir zamanlar belə yazırdı: “Qədim teatr ənənələrinə nə qədər sayğılı olsaq da, zamanın ritmini, bədii-estetik yönlərini önə çıxarmaq üçün teatrlar demokratiyanın yanında olmalıdırlar. Çünki, cəmiyyətdə doğan suallara cavab tapmaq üçün kollektiv şəkildə insanların kübarcasına toplandığı yeganə məkan teatrdır”. Bu il noyabr ayının 6-11 tarixində Bakıda “YARAT Müasir İncəsənət Məkanı”nın təşəbbüsü ilə “II M.A.P. Beynəlxalq Teatr Festivalını”n keçirilməsi bir daha sübut etdi ki, Azərbaycanda teatr sənətinə böyük maraq var.
“Bakı Bələdiyyə Teatrı”nın yaradıcısı və uzun illər onun bədii rəhbəri olmuş xalq artisti, görkəmli teatr xadimi və professor Amaliya Pənahova bu gün sıralarımızda artıq yoxdur. Amma onun yaradıcılığının imzası olan teatr yaşamaqda davam edir. Onun ölkəmizin mədəni mühitindəki yerinin boşluğunu kimsə doldurmayacaq. Çünki, dövlətə və millətə bağlı olan bu ünlü sənətkar öz rolları ilə milli teatr sənətimizin böyük bir epoxasıdır. Bu epoxanın son zirvəsi “Bakı Bələdiyyə Teatrı” oldu. Neçə-neçə sənətkarın sənət taleyi bu teatrla bağlandı. Biz çox istərdik ki, 26 yaşlı bu sənət ocağı öncələrdə olduğu kimi, daim yaşarı olsun. Maraqlı tamaşaları ilə teatr sənətində imzası davam etsin. Başqa teatrlara bənzəməyən bu teatrın özəlliyi ənənə və novatorluğu hər zaman önə çəkməsidir. Bu teatr yaranan zaman ölkəmizin nüfuzlu sənət adamları üzlərini Amaliya xanıma tutaraq belə demişdilər: “Yeni teatrınla xoş gəldin sənət cameəmizə”. O, gerçəkdən də bu diləklərə həyatının sonuna kimi layiq olmağa çalışdı. Həyatın axarı o zaman önəmli olur ki, estafet davam etsin. Unudulanları deyil, unutmamağı tərcih edəndə həyat gözəlləşir, sevimli olur. “Bakı Bələdiyyət Teatrı” 26 ildir yaşayır və öz sözünü sənətdə deməyi bacaran bir teatra çevrildi. Çünki, bu sənət ocağını kimsə unutmaq istəmədi.

Ənvər BÖRÜSOY, sənətşünas

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA