4-cü sənaye inqilabı və Azərbaycanın aqro-strateji hədəfləri

4-cü sənaye inqilabı və Azərbaycanın aqro-strateji hədəfləri

Müasir dünya sənayesi 4 mühüm mərhələdən keçib. Su çarxları vasitəsilə çalışan fabriklərin yaradılmasıyla başlayan 1-ci sənaye inqilabı 18-ci əsrin ortalarında baş verib və ilk mexanik dəzgahlar ortaya çıxıb. Bu ixtiralara “şeytan icadı” kimi baxan müsəlman dünyası qapılarını yeni texnologiyaların tətbiqinə qapatmaqla 200 ildən artıq davam edən indiki faciələrinin də əsasını qoyub. Məhz o zamandan etibarən, getdikcə iqtisadi inkişaf mərhələsi keçən Qərbin əsirinə çevirilən ölkələrdən biri də Azərbaycan olub. Zamanın qabaqcıl ixtiraları ilə məhsuldarlığını artıran Qərb ölkələri tərəqqiyə qapılarını bağlayan digər coğrafiyaları öz arasında bölüb və bizim bəxtimizə elmi inkişaf baxımından ən zəif müstəmləkəçinin – Rusiyanın köləsi olmaq taleyi düşüb. 19-cu əsrin əvvəllərində imzalanan Türkmənçay və Gülüstan müqavilələri ilə taleyini Rusiyaya bağlayan Azərbaycanın bu ikiqat şansızlığı dünya ilə ayaqlaşmasında ən ciddi əngələ çevrilib.

2-ci sənaye inqilabı 20-ci əsrin əvvəllərində başlayıb. Elektirik enerjisinin kəşfiylə istehsalatda məhsuldarlığı və keyfiyyəti artıran Qərb sənayesi bu tərəqqi sayəsində Şərq dünyası üzərində mütləq hakimiyyəti ələ keçirdi. Yenə də biz sovet imperializminin dəmir pərdəsinin arxasında qalan ən ucqar əyalətlərdən biri kimi Allahın ümidinə buraxıldıq.

1970-ci illərdən sonra başlayan 3-cü sənaye inqilabı elektronik və robot texnologiyalarının istehsalata tətbiqiylə müşaiyyət olundu. Yenə Qərb ölkələri bu sahədə böyük uğurlar qazansalar da, əsarətində olduğumuz sovet imperiyası “işsizliyi artıra bilər” və “qlobal imperializmin işinə yarayır” arqumentiylə həmin tərəqqini yaxına buraxmadı. Nəticədə qısa müddətdən sonra geri qaldı və güclü rəqibi qarşısında ağ bayraq qaldıraraq dağıldı.

Buna rəğmən nəticə etibarilə, 3-cü sənaye inqilabının bizə böyük faydaları da toxundu. Azərbaycan və digər post-sovet ölkələri məhz sənaye inqilablarının bu mərhələsinin qaçılmaz sonucu sayəsində müstəqilliyini qazandı, yeni inkişaf mərhələsinə qədəm qoydu. Sözsüz ki, 3-cü sənaye inqilabına ayaq uydura bilməməyimizin nəticəsində ciddi əhəmiyyət kəsb etməyən və artıq xarabalığa çevrilən müəssisələrimizlə qarşılaşdığımız problemləri tam mənasıyla həll edə bilmədik və bu gün də həmin talesizliyin çətinliklərini yaşayırıq.

Amma hər şeyi itirmiş də sayılmarıq. Əksinə, artıq Azərbaycanın qarşısında yeni perspektivlər açılır. Yeni ümidlərin əsas qaynağı isə dünyada 4-cü sənaye inqilabının yaşanmasıdır. Adına “bilgi çağı” deyilən 4-cü sənaye inqilabında komputer texnologiyasının iqtisadiyyata tətbiqi əsas meyara çevrilib. Komputer texnologiyalarının iqtisadiyyata tətbiqi məhsuldarlığı qat-qat artırmaqla yanaşı, insan amilini böyük ölçüdə ortadan qaldıracaq, ucuz işçi gücünə arxalanan Çin, Hindistan kimi Uşaq Şərq ölkələrini, Rusiyanı qlobal rəqabətdə ABŞ və Qərb ölkələri qarşısında daha da zəif duruma salacaq. İlk baxışdan bizim də əleyhimizə olmasına baxmayaraq, Azərbaycanın gələcəyi, iqtisadi tərəqqəsi dövrün yeni tələblərinə nə dərəcədə ayaq uydurmasından asılıdır. Ölkəmiz incə düşünülmüş innovativ siyasətləri və texnologiyaları öz iqtisadiyyatına tətbiq etməyi bacarsa, 200 illik geriqalmışlıq taleyini tamamilə dəyişə və dünyanın tərəqqi etmiş dövlətləri sırasına qədəm qoya bilər.

Görünür, bu perspektivi dərindən anlayan Prezident İlham Əliyev də son illərdəki siyasətini məhz bu təməllər üzərində qurmağa çalışır. Onun xüsusilə qeyri-neft sektorunun mühüm hissəsi sayılan aqrar sahəyə innovativ texnologiyaların tətbiqinə çalışması da bundan xəbər verir.

Cənab prezidentin aqrar innovasiya tədbirlərinə üstünlük verməsinin ən bariz əlaməti İnam Kərimovun Kənd Təsərrüfatı naziri təyin olunmasıdır. Bundan əvvəl Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ilk sədri olan İnam Kərimov ölkəmizdə yeni texnologiyaların tətbiqini ən yaxşı həyata keçirən kadrlardan biri kimi tanınır. İnam Kərimovun nazir təyin olunduqdan sonra aqrar sektorda tətbiq olunan innovativ tədbirlər də iddialarımızı təsdiqləyir.

Bu gün Azərbaycanın aqrar sektorunda həyata keçirilən əsas innovativ tədbirlərdən biri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılmasıdır. Əsası yeni nazirdən əvvəl qoyulmuş bu sistem cənab Prezidentimizin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanı ilə həyata keçirilməyə başlayıb. Fərmanın 2.2-ci bəndinə uyğun olaraq, aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə üç il müddətində yaradılması nəzərdə tutulan "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) Avropa İttifaqının yardımları sayəsində ərsəyə gətirilib. Məlumata görə, hələ sabiq nazirin dövründə Kənd Təsərrüfatı Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla “Elektron kənd təsərrüfatı” informasiya sisteminin strategiya sənədi hazırlanıb, “İnteqrasiya olunmuş nəzarət sisteminin” (IACS) prinsiplərinə əsaslanan “Subsidiya və siyasətə dair informasiya sistemi” yaradılıb. Bu məqsədlə ölkəmizin əkinə yararlı sahələrinin şəkilləri çəkilib, peyk təsvirləri əsasında ölkə ərazisinin yeni ortofoto xəritələrı tərtib edilib. İnformasiya sistemlərinin tətbiqi və məlumatların idarə olunması üçün zəruri olan kommunikasiya texnologiyaları infrastrukturu üzrə texniki tələblər və spesifikasiyalara dair sənədlər toplusunun hazırlanması nəzərdə tutulub.

Buna baxmayaraq, 2017-ci ilin 19 dekabrında ölkəmizdə gələn Dünya Bankının kənd təsərrüfatı üzrə tapşırıq qrupunun rəhbəri Bekzod Şamsiyevin səfərindən sonra qurulan yeni hökumətdə Kənd Təsərrüfatı Nazirliyinin İnam Kərimova həvalə edilməsi bəlkə də innovativ tədbirlərin daha intensiv həyata keçirilməsi zərurətindən doğub. İnam Kərimovun nazir təyin olunduğu zamandan etibarən, həqiqətən də bu istiqamətdə daha qətiyyətli addımların atıldığı müşahidə olunub. Yeni nazirin ötən ilin 24 sentyabrında Azərbaycanda dayanıqlı ərzaq və kənd təsərrüfatının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması (DİM) töhfəsinin sürətləndirilməsi mövzusuna həsr edilən Milli Seminarda çıxışında da vurğulandığı kimi, yeni aqrar siyasətin əsas məqsədlərindən biri də respublika əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək, qidalandırmanı yaxşılaşdırmaq, kənd təsərrüfatının dayanıqlı inkişafı, eyni zamanda, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Nazir həmin çıxışında onu da vurğulayıb ki, hazırda aqrar sahənin inkişafının təmini müasir və innovativ texnologiyaların tətbiqi ilə bağlıdır.

Aqrar sektorda tətbiq edilən əsas innovativ tədbirlər arasında müxtəlif rayonlarda böyük aqroparkların və müasir texnologiyalarla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin yaradılmasıdır. Cənab prezidentimizin müxtəlif müşavirələrdə qeyd etdiyi kimi, Azərbaycanda 45 böyük aqroparkın yaradılması nəzərdə tutulur və onlardan bəziləri artıq fəaliyyətə başlayıb. Həmin aqroparkların ümumi sahəsinin 200 min hektara yaxın olacağı bildirilir. Hansı ki, o torpaqlarda bu zamana qədər heç nə əkilmirdi və boş ərazilər kimi üzü günə yatırdı. Prezidentin aqrar siyasəti nəticəsində həmin torpaqlar həyata qaytarıldı.

Cənab Prezidentin və KTN-nin səyləri nəticəsində son zamanlarda yaradılan elmi araşdırma mərkəzləri də durmadan artır. Bu da səbəbsiz deyil. İstər ölkə ərazilərinin əkinə yararlılığının yoxlanılması, istər hansı torpaq sahəsində hansı bitkilərin yetişdirilməsinin müəyyənləşdirilməsi, istərsə də məhsuldarlığın və keyfiyyətin artırılması istiqamətində görülən işlər üçün bu cür araşdırmalara ciddi ehtiyac var. Xüsusilə ötən il KTN-nin nəzdində Aqrar Tədqiqatlar Mərkəzinin, regionlarda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması və onların ən müasir texnikalarla təchiz edilməsi bu istiqamətdə atılmış mühüm addımlardandır.

Paytaxtda yerləşən Aqrar Tədqiqatlar Mərkəzinə dünyanın ən aparıcı aqrar fakultə və ali məktəblərində təhsil alan mütəxəssislərin cəlb olunması ölkəmizin kənd təsərrüfatı potensialının öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni yaradılan bu mərkəzin əsasən iki istiqamətdə tədqiqatlarla məşğul olduğu bildirilir. Bunlardan biri heyvandarlığın, digəri isə taxılçılığın və digər bitkiçilik sahələrinin inkişafına dair Dövlət Proqramı layihəsi hazırlamaqdır.

Aqrar Tədqiqatlar Mərkəzinin yaradılmasının digər məqsədi kənd təsərrüfatında məhsuldarlığı, qida keyfiyyətini, ərzaq təhlükəsizliyini, iqtisadi inkişafı, təbii ehtiyatların və ətraf mühitin bütövlüyünün qorunmasını təmin etmək və bu siyasətin innovativ kənd təsərrüfatı texnologiyaları ilə dəstəkləməkdir. Mərkəzin əməkdaşlarının bildirdiklərinə görə, onlar dərin təhlilə əsaslanan tədqiqatlar apararaq kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyi artırmaq niyyətindədirlər.

Regionlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılması isə ölkəmizdə aqrar islahatların yeni mərhələsinin başlanılması kimi tövsif olunur. DAİM-in hədəfləri arasında fermerlərin işgüzar fəaliyyətlərini “vahid pəncərə” prinsipi ilə tənzimləmək, şəffaflığı artırmaq, təsərrüfatlarla daha intensiv əlaqələr qurmaq mexanizminin təkmilləşdirmək əsas məqsədlərdən biridir. Fermerlərin problemləri ilə daha yaxından tanış olmaq məqsədilə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları yaradılıb və həmin Şuralar müxtəlif təsərrüfatların, assosiasiyalarının təmsilçilərindən təşkil olunub. Şuraların əsas vəzifələri arasında tenderlərin və dövlət sifarişlərinin alınmasında ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuralarının mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün təsərrüfatlar arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcəyi nəzərdə tutulur. Bütün bunlar, sözsüz ki, aqrar sektorda korrupsiya və tərəfkeşlik amillərinin tamamilə qarşısını almağa hesablanıb.

Aqrar sektorun inkişafında Azərbaycan Elmlər Akademiyasının müvafiq qurumlarının da xidmətləri danılmazdır. Akademiyanın müxtəlif araşdırma mərkəzləri elmi təcrübələr yoluyla Azərbaycanın iqliminə uyğunlaşdırılmış yeni bitki və heyvan sortları üzərində işləyir və bir çox ixtiralara imza atırlar.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) direktoru, elmlər doktoru, professor Fərman Quliyevin Trend-ə verdiyi açıqlamaya görə, uzun illər ərzində aparılan tədqiqat işləri nəticəsində mövcud limon, çay və naringi sortları arasından təsərrüfat göstəricilərinə - məhsuldarlığına, keyfiyyətinə, şaxtaya və quraqlığa davamlılığına, zərərvericilərə qarşı dözümlülüyünə görə ən yaxşı sortlar yoxlanılıb. Tədqiqatlar nəticəsində 4 yeni çay sortu əldə edilib.

Alim, klon seleksiyası yolu ilə əldə edilən və artırılan həmin çay sortlarını "Fərmançay", "Fərmançay çəhrayı", "Lənkəran", "Xəzər" adlandırdığını söyləyib: "Həmin çay sortları bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəricilərinə görə rayonlaşdırılmış "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib. Əldə edilmiş yeni sortlar gələcəkdə təsərrüfatlarda yayıla bilər".

F.Quliyev əlavə edib ki, Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə limon sort-formlarının yeni növü "LənkəranMeyeri" – ağçiçək sortu, naringi sort-formalarının isə qiymətli ilkin material kimi yeni naringi "Karlik tezyetişən" sortu yaradılıb.

Bütün bunlar Azərbaycanda aqrar sektorun elmi əsaslarla və innovativ metodlarla inkişaf etdirildiyinin ən bariz nümunələridir və 4-cü sənaye inqilabında ölkəmizin inkişafına ümidləri artırır.

Mürvət Həsənli,
ADAM sədri

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA