“Айзэр” - QƏHRƏMANLIQ SALNAMƏSİ

“Айзэр” - QƏHRƏMANLIQ SALNAMƏSİ

Bu əhvalatı mən azərbaycanlı jurnalistin və ya yazıçının dilindən eşitsəydim, ola bilər ki, müəyyən şübhə ilə yanaşardım. Ona baxmayaraq ki, mən Azərbaycan oğullarının qeyrətini və çəsarətini heç vaxt şübhə altına almamışam. Müəllif tərəfindən istifadə olunan ifadələr o qədər güclü idi ki, bəlkə də, düşünərdim, bu məlum patriotik hisslərdən gələn və milli ruhu yüksəltmək üçün bir az şişirdilmiş xatirədir.

O ki qaldı bizi istəməyənlərə, onlardan haqqımızda nəsə bir müsbət söz eşitmək? Əfsuslar olsun ki, həqiqətə göz yumanlar çoxdur və bəzən belə təəssürat yaranır ki, dünya siyasətçiləri və media işçiləri öz peşəkar borcunu qaraya ağ və ağa qara deməkdə görürlər.

Bir axşam “You-Tube” saytında müxtəlif musiqi parçalarını izləyərkən, təsadüfən, bir başlıq diqqətimi cəlb etdi: «Невзоров про Карабах». Məndə olan məlumata görə, Aleksandr Nevzorov heç vaxt azərbaycanlılara müsbət münasıbətdə olmayıb, amma bilərək ki, o fərqli və müstəqil bir şəxsiyyətdir, maraqlandım və baxdım. Bu qısa, 5 dəqiqədən az video parçası mənə çox təsir etdi və hətta kövrəltdi. Əminəm ki, hər bir azərbaycanlı Vəzir kişi (Nevzorov onu «Визирь» adlandırır – müəl.) haqqında bu söhbəti eşdəndə böyük qürur hissi keçirər. Əslində Nevzorovun söylədiklərinin heç bir şərhə ehtiyacı yoxdur və nəsə əlavə etmək mümkün deyil.

Bu yazıda mənim birinci məqsədim odur ki, bir çox insan həmin çıxışa baxsın. İkinci böyük istəyim ondan ibarətdir ki, hər bir həmvətənim həmin o balacaboy, ağbaş, əynində çirkli və iy vermiş hərbi gödəkçə olan bir kəndçiyə bənzəməyi özünə borc bilsin. Əlbəttə, söhbət onun zahirindən yox, onun Kişiliyindən gedir.

Nevzorov söhbətə belə başlayır: “Bir çoxunun xoşuna gəlməsə də (?) etiraf edirəm ki, mən həyatda gördüyüm ən mərd insan azərbaycanlı olub”.

Bunu o insan deyir ki, keçmiş sovet məkanında olan bütün qanlı münaqişələri içəridən izləyib, bu haqda onlarla veriliş və sənədli filmlər çəkib.

Bunu o şəxs deyir ki, uzun illər rus ordusunu tərrənüm edib, bütün rus milliyətçilərini 90-ci illərdə birləşdirə bilən «Наши» hərəkatının yaradıcısı olub.

Bunu o şəxs deyir ki, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə mənfi münasibətini dəfələrlə bildirib. Əgər bu cür bir insan etiraf edirsə ki, həyatında gördüyü ən igid insan, əziz və doğma bildiyi rus əsqəri və ya zabiti yox, onun öz təhqiramiz ifadəsi ilə desək “aйзэр” olub, bu o deməkdir ki, həmin hadisə doğrudan da onu sarsıdıb.

Əhvalat Göranboy döyüşləri zamanı baş verir. Azərbaycan ordusu geri çəkilməyə məcburdur (səbəbin bir az sonra bildirir), Nevzorov deyir ki, panik yaranıb və hamının təkcə bir istəyi var idi: ölümdən baş qurtarmaq...

Haşiyə: Burada mən öz-özümə düşünürəm, bəs mən neylərdim? Bu cür vəziyyətə düşməmişəm, amma yəqin ki, əksəriyyət kimi mən də ailəmi, yaxınlarımı düşünüb, ölüm sahəsindən uzaq olmaqa çalışardım.

... Bu zaman Nevzorov görür ki, bir balacaboy kişi UAZ maşınını işə salıb, əks tərəfə - “cəhənnəmə, artıq 500 meyitin olduğu” istiqamətə getməyə hazırlaşır. Soruşur: “Sən dəlisən, hara gedirsən?”. Cavab: “Orada yaralılar var”. Nevzorov ona qoşulur, düşmən tərəfə gedir. Avtomobili vururlar və hər ikisi əks tərəfin hərbçiləri ilə əhatəyə alınır... Və söhbətin bu yeri tarixi və siyasi nöqteyi-nəzərdən bəlkə də bütün başqa aspektlərdən daha maraqlıdır. Birdən məlum olur ki, bizə düşmən tərəfdə bir dənə də erməni yoxdur. Burada Nevzorov tərəfindən daha bir etiraf: “Orada olanlar Pskov desantçılarıdır”. O deyir: “İndi aydın oldu ki, niyə Azərbaycan tərəfi bu cür ağır məğlubiyyətlə qarşılaşıb” və bu sözlərində müəyyən dərəcədə lovğalıq eşidilir...

Əlbəttə, o azərbaycanlılar ki, sovet dövründə 90%-i əsgərliyə əmək batalyonlarına göndərilirdi və birinci Qarabağ savaşında az qala əli yalın döyüşə çıxırdı, onlar hazırlıqlı, başdan ayağa silahlanmış elit qoşun hissələrinə necə müqavimət göstərə bilərdi?

...Rus əsgərləri məşhur rus jurnalistini tanıyıb, öz tərəflərinə dəvət edirlər, o, razılaşır. Əsgərlər deyir: “Bəs bu “aйзэр” ilə nə edək, güllələyək?”. Nevzorov xahiş edir ki, Vəziri sərbəst buraxsınlar. Əhvalatın bu yerində Nevzorov bu Kişi qarşısında öz heyranlığını gizlətmir. Vəzir Kişi heç tələsmədən maşından əşyalarını, ilk növbədə silahını götürür, Nevzorovla sağollaşır və yola düşür. İrəlidə olan qoşunlara xəbər göndərilir ki, indi biri qaçacak, onu vurmayın. Amma Azəri oğlu ləyaqətini, bir anlıq belə, düşmən qarşısında yerə salmır. Nevzorov deyir: “Bütün Şekspir qəhrəmanları belə yeriyə bilməzdi. Vəzir elə bir deyirdi, “budur mənim kürəyim, o sizin üçün asan nişanğahdır, amma mən qaçmayacağam”. Hətta atəş səsləri eşidələndə belə, Kişi addımlarının sürətini dəyişmir. Atəşfəşanlıq isə onun şərəfinə idi!

Qəhrəmanlıq adətən, göstərilən şücaət və düşmənə vurulan maddı itkilərlə müəyyən olunur. Milli Qəhraman Mübariz İbrahimovun əfsanəvi döyüşündə olduğu kimi. 109 Milli Qəhramanımız var, onların hamısının qarşısında baş əyirəm, minlərlə şəhid vermişik, onların xatirəsi hər bir azərbaycanlı üçün əbədidir. Əminəm ki, o müharibədə Azərbaycan oğul və qızlarının saysız qəhrəmanlıq əməlləri olub ki, bizə hekayələri gəlib çıxmayıb. Vəzir kimi Kişilərimiz çox olub və indi də çoxdur. Nevzorov təəccüblənir, heyranlanır, amma o, bilmir ki, əsrlər boyu bu millətin bir Kişilik anlayışı var.

Vəzirin özünü o cür aparması bir çox azərbaycanlılar üçün təəccüblü deyil. Kişi məhz bu cür hərəkət etməlidir, düşmən qarşısından qaçmamalıdır, başqa cür edərsə, o, Kişi adına layiq deyil. İnanmaq istəyirəm ki, mən də Vəzir kimi özümü aparardım, bu inam olasa, heç yaşamağa deyməz.

Qarabağı qaytarmaq uğrunda, hörmətli Prezidentimiz başda olmaqla, bütün dövlətimiz çalışır. Azərbaycan Ordusunun müasir müharibədə qalib gəlmək üçün hər şeyi var: peşəkar zabitləri, hazırlıqlı əskərləri və ən müasir silahları. Bunlarla birgə bizim ata-babalarımzdan bizə keçmiş kişilik ləyaqətimiz var ki, o bizi mütləq qələbəyə aparacaq.

ZAUR

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA