“50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq” - VÜQAR BAYRAMOV

“50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq” - VÜQAR BAYRAMOV

“Kompensasiya “Kapitalbank” vasitəsi ilə qaytarılacaq”

“Oktyabrın 16-dan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər. Yəni müfis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq”. Hurriyyet.org xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib.

“İki həftə öncə qorunmayan əmanətlərin qaytrarılacağı haqda sosial şəbəkə statusumda məlumat vermişdim. Daha sonra bu, rəsmi olaraq təsdiqləndi. Proses ilə bağlı ən çox verilən suallar hansı müflis olmuş banklarda olan vəsaitin qaytarılması və hansı bank vasitəsi ilə ödənilməsi barədədir”,-deyə iqtisadçı əlavə edib.

“17 min manatdan çox olmayan qorunmayan əmanətlər qaytarılacaq”

Bayramovun sözlərinə görə, ləğv prosesində olan “Atrabank”, “Royalbank”, “Kredobank”, “Zaminbank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Bank Standard”, “Yunayted Kredit Bank”, “Texnikabank”, “Dəmirbank” və “Gəncəbank”-da olan məbləği 17 min manatdan (və ya 10 min dollar) çox olmayan qorunmayan əmanətlər qaytarılacaq.

V.Bayramov nəzərə çatdırıb ki, kompensasiya “Kapitalbank” vasitəsi ilə qaytarılacaq və bu haqda fond əlavə məlumat verəcək: “İlkin qiymətləndirmələrə görə, 50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq”.

“Əmanətlərin geri qaytarılması həm hüquqi, həm də sosial baxımdan vacib idi”

Bayramov xatırladıb ki, müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi: “Halbuki, bank həmin vəsaitdən istifadə edib, gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bimridi. Bu baxımdan, həmin əmanətlərin geri qaytarılması həm hüquqi, həm də sosial baxımdan vacib idi”.

V. Bayramov onu da diqqətə çatdırıb ki, CESD differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir.

Şamo EMİN, Hurriyyet.org