70 YAŞLI NATO PUTİNƏ MİNNƏTDAR OLMALIDIR! – Türkiyə Rusiya ilə ittifaqa girə bilərmi?

70 YAŞLI NATO PUTİNƏ MİNNƏTDAR OLMALIDIR! – Türkiyə Rusiya ilə ittifaqa girə bilərmi?

Gələn həftə NATO-nun 70 illiyi tamam olur. Əgər Putinin hərbi güc nümayişi olmasaydı, çox güman ki, alyans indiyədək dağılmışdı.

Diqqət edin: Donald Tramp bu gün yalnız hər on almandan birini etibarlı müttəfiq sayır. Bəli, deyə bilərsiniz ki, yersizdir, amma bəziləri planetdəki ən böyük təhlükəni Trampın nə edəcəyinin bəlli olmamasında görür.

Brüsseldə alyansın ildönümünün çox sakit keçiriləcəyi təəccüblü deyil. NATO özünün hazırki birliyinə görə Putinin hərbi arsenalının yenilənməsi və onun davakarlığına borclu olmalıdır. Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu, 2014-cü ildə Krımın zəbt olunması, Ukraynanın şərqində daimi gərginlik, Azov dənizində Ukrayna gəmilərinin saxlanılması və digər hadisələr göstərir ki, Rusiya ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq üçün öz hərbi təsirindən istifadə etsə də, Avropanın sərhəd əraziləri Kreml rejimi üçün kövrək yerlərdir.

Düzdür, dəmir pərdə ortadan qalxıb, lakin Rusiyanın “hibrid müharibəsi” NATO ölkələrini narahat edir və bu alyansın üzvü olmayanlar isə Qərbə tərəf boylanırlar. Trampın söylədiyi kimi, köhnəlmiş təşkilata çevrilən NATO-nun üzərinə yenidən missiya qoyulub.

Hal-hazırda Baltikyanı ölkələrdə və Polşada NATO-nun dörd taktiki qrupu yerləşir.Onlardan birinə Böyük Britaniya rəhbərlik edir. Onların işi şimaldan hansısa addım atmaq istəyən Putini yaxşı düşüməyə məcbur etməkdir. Bundan başqa, NATO Baltik ölkələrinin hava məkanında patrul uçuşları həyata keçirir. Alyans ön cərgələri gücləndirir, Rusiyanın çərçivədən çıxması halında müxtəlif ölkələr birlikdə sürətli reaksiya verməyə hazırlaşırlar.

NATO-nun gücü onun öz sərhədlərini qorumağa necə hazır olmasıyla bilinir. Ona görə də, NATO-nun bu hazırlığını alyansın “yolagəlməz” üzvü Türkiyədə və alyansa qonşu ölkə Ukraynadakı vəziyyətiylə dəyərləndirmək olar.

Bazar günü hər iki ölkədə seçki keçiriləcək. Bu ölkələrə NATO-nun necə münasibət göstərməsinə uyğun olaraq, hər iki halda seçkilərdə təsirli güc Putin olacaq. Vaşinqtonda yerləşən analitik mərkəzlərdən birinin mütəxəssisləri son 500 il ərzində mövcud olmuş 63 alyansı öyrəniblər və onlar aydınlaşdırıblar ki, həmin alyansların orta ömrü 15 il təşkil edib. NATO isə artıq 70 ildir mövcuddur və bu alyans ümumi fonda “uzunömürlü” hesab olunmalıdır.

Kommunist quruluşunun dağılmasından sonra 1990-cı illərdə NATO beynəlxalq təşkilat kimi münaqişələrin yoluna qoyulmasına cəhd göstərirdi. Amma Putin bu alyansı Şərq və Qərb arasındakı qarşıdurmaya qaytardı.
Hazırkı prezident Petro Poroşenko Ukraynanı NATO-nun gələcək üzvü hesab edir. Onun oponenti Yuliya Timoşenko daha ehtiyatla davranır və yaxın zamanlarda alyansa daxil olmaq ehtimalını yüksək görmür və bunu Putini təxribata çəkmək kimi dəyərləndirir. Digər namizəd, komik və şoumen Vladimir Zelenski NATO-ya daxil olmaq məsələsini ümumxalq referendumu vasitəsilə həll etməyin tərəfdarı kimi çıxış edir. Növbəti prezidentin islahatçı və ya populist olmasından aslı olmayaraq, ölkənin hansı istiqamətdə irəliləyəcəyi bəllidir – Qərbə doğru. Qərb ölkələrinin hərbçiləri artıq Ukrayna ordusuna təlim keçirlər.

O ki qaldı Türkiyəyə, ölkədəki bələdiyyə seçkiləri prezident Rəcəb Tayyib Ərdoğanınpartiyasının iqtisadiyyatı dirçəltməsi ilə əlaqədar bir məsələdir. Amma bu, Ərdoğanın Putinlə yaxınlaşmaq və həmçinin də seçicilərin səsini cəlb etmək üçün atdığı addımların yanında ikinci plana keçib. O, minlərlə rusiyalı turistin Türkiyəyə vizasız gəlməsini təklif edib. Digər tərəfdən, Ərdoğan Rusiyadan “S-400” zenit-raket komleksləri almaq niyyətindədir ki, bu da NATO-nu bərk narahat edir.

Əslində isə, bu raket sövdələşməsi ilə bağlı Qərb xüsusi hiddət duymur, amma görüntü verir ki, həyəcanlanıb. Türkiyə özü üçün imtiyazlar əldə etmək yolunda yaxşı “ticarət” apara bilib, çünki onun coğrafi vəziyyəti NATO-nun Yaxın Şərqdə öz təsirini genişləndirməyə imkan verir. Bu Ankaraya, haradasa daha sərbəst hərəkət etmək hüququna lisenziya verir. Əgər Ərdoğan Putinlə birlikdə Suriyanın şimalındakı vəziyyəti yoluna qoya biləcəksə, onda NATO bundan tam razı qalar.

Suriyanın hər hansı bir parçasının bərpası, hər halda Putin qarşısında açıq kapitulyasiya olmaqdan yaxşıdır. Çünki Putinin qarşısı alınmazsa, bu peyk dövlət Rusiyanın iri hərbi bazasına çevriləcək.

erdogan_putin_030517

Ərdoğan NATO-dan imtina edib, Putinlə uzunmüddətli perspektivdə ittifaq bağlaya bilərmi? Əgər biz Rusiya-Türkiyə müharibəsini yada salsaq, onda deyə bilərik ki, bu baş verməyəcək.

Ərdoğanın Putinə yaxınlaşması yaxşı heç nəyə gətirməyəcək və NATO bundan zəifləməyəcək. Ümumi yekunda NATO-nun yaşaması və nüfuzu, Amerika və Avropanın kompromis əldə etməsindən asılı olacaq.

Avropalılar etiraf etməlidirlər ki, təhlükəsizilk sferasında Amerikanın başlıca problemi zəifləyən Rusiya yox, Çinin mövqeyinin möhkəmlənməsidir. Bu o deməkdir ki, NATO Çinin avropalılarla müqavilələr bağlayan “5G” texnologiyalı “Huawei” kimi şirkətlərinin casus fəaliyyətləriylə əlaqədar ardıcıl strategiya işləyib hazırlamalıdır. ABŞ müttəfiqlərini əmin etməlidir ki, hətta Kremldə hakimiyyət dəyişikliyi baş versə də, onların Avropadakı milli maraqları öz yerində qalcaq. Əgər Avropa öz müdafiə infrastrukturuna daha çox vəsait yatırsaydı, onda onun Amerika qarşısındakı arqumenti daha samballı olardı. Avropa bunu edərsə, onda ola bilər ki, NATO Putin tərəfindən xiffət edilən Sovet İttifaqından xeyli çox yaşayacaq (“The Times”-Böyük Britaniya).

NATO 1949-ci ilin 4 aprel tarixində yaranıb. Həmin vaxt alyansın 12 üzvü vardı, indi isə üzvlərin sayı 29-dur. NATO-nun ilk baş katibi lord Layonel Qastinqs İsmey bu alyansın yaranma səbəbini çox gözəl açıqlamışdı. O deyirdi ki, məqsəd ABŞ-ı Avropada saxlamaq, Almaniyanı nəzarətdən buraxmamaq və Rusiyanı Avropadan kənar tutmaqdır. Maraqlısı odur ki, SSRİ 1954-cü il 31 mart tarixində rəsmi surətdə NATO-ya üzv olmaq barədə ərizəylə müraciət etmişdi. Əlbəttə ki, SSRİ-nin bu istəyi rədd olunmuşdu.

Almaniya birləşəndə NATO şərqə doğru genişlənməyəcəyini bəyan edirdi, lakin tarix bunun əksini göstərdi. Hətta sonradan Baltik ölkələri də NATO-ya qoşuldular. Ukrayna və Gürcüstan da bu alyansa girməyə hazırlaşırdı, lakin Rusiya NATO hərbi blokunun onun sərhədlərinə dayanacağını qətiyyən qəbul edə bilməzdi. Elə buna görə də, Ukraynaya və Gürcüstana qarşı aqressiv tədbirlər görmək məcburiyyətində qaldı. Əks təqdirdə Putin bəlkə də hakimiyyətini itirəcəkdi. Çünki qonşu Ukraynadan sonra rəngli inqilabın Moskva küçələrində tüğyan etməsi qorxusu Kremli bürümüşdü.

Əlbəttə ki, bu alyansın əsas sütunu ABŞ-dır və onların ilk başdan məqsədi NATO-nu sırf hərbi alyans kimi görmək olmayıb. Amerika bütün bu müddət ərzində NATO-nu həmçinin özünün Avropadakı siyasi dayağı da hesab edib. SSRİ dağılandan sonra Avropa Birliyi də genişlənməyə başladı və qitədəki ölkələr iqtisadi bağlarla bir-birinə daha da yaxınlaşdılar. Diqqət etsək görərik ki, Avropa Birliyi öz tərkibinə yeni üzvlər qəbul edib genişləndikcə, buna paralel şəkildə NATO da genişləndi. Daha doğrusu, ABŞ NATO vasitəsilə Avropa Birliyi ölkələrində mövqeyini möhkəmləndirir. Rusiyanın Ukraynaya təcavüzü isə, ABŞ-a Şərqi Avropada hərbi hissələr yerşləşdirməyə gözəl fürsət verdi.

NATO ölkələri içərisində Türkiyə əsgər sayına görə, ABŞ-dan sonra ikinci böyük dövlətdir. Türkiyə hazırkı mövcud siyasi vəziyyətdə tərəflər arasında manevr edir. Ankaranın açıq şəkildə Rusiyaya doğru yönəlməsi inandırıcı görünməsə də, ancaq əlbəttə ki, siyasi meydanda öz maraqları naminə müəyyən addımlar atıla bilər./azpolitika.info/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA