80 YAŞLI HƏMİŞƏCAVAN SƏNƏTKAR...

80 YAŞLI HƏMİŞƏCAVAN SƏNƏTKAR...

(Xalq artisti Tariyel Qasımovun yubileyi münasibəti ilə)

O, sənətə azman sənətkarların fəaliyyət göstərdiyi vaxtda gəldi. Özü də onlardan öyrənə-öyrənə böyük bir sənətkar səviyyəsinə yüksəldi. Artıq 55 ildir ki, peşəkar səviyyədə teatr və kinoda müxtəlif xarakterlərə həyat verən xalq artisti Tariyel İsgəndər oğlu Qasımov 1939-cu ildə fevral ayının 4-də Ağstafanın Köçəsgər kəndində dünyaya göz açmış, orta təhsilini başa vurduqdan sonra 1956-cı ildə indiki Bədən Tərbiyəsi Akademiyasına qəbul olur. Təhsil aldığı müddətdə Lütfi Məmmədbəyovun dram dərnəyinə gedir və burada həvəskarlarla müxtəlif tamaşalarda rollar ifa edir. İkinci kurs tələbəsi olduğu zaman Gənc Tamaşaçılar Teatrına dəvət alır. Onun professional səhnədə ilk rolu Kərim Həsənovun quruluşunda H. Seyidbəylinin “İmtahan” pyesində qılınc müəllimi obrazı olur.

Bədən Tərbiyəsi Akademiyasının tələbəsi olduğu müddətdə Teatr müdiriyyətinin məktubu ilə təkcə sənət imtahanı verərək 1960-cı ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə xalq artisti, görkəmli rejissor və aktyor, professor Rza Təhmasibin kursuna daxil olur və 1964-cü ildə oranı müvəffəqiyyətlə başa vurub, təyinatla Akademik Milli Dram Taeatrına göndərilir. Çünki hələ tələbə ikən o, “Romeo və Cülyetta” kurs tamaşasına Romeo, Amaliya Pənahova isə Cülyetta obrazını ifa etmişlər. Tofiq Kazımov bu tamaşanı bəyənmiş, Tariyel Qasımov və Amaliya Pənahovanı baş rejissor olduğu Akademik teatra dəvət etmişdir. Onun bu teatrın səhnəsində V. Şekspirin “Antoni və Kleopatra” əsərində Demetr obrazı ilə ilk dəfə səhnəyə çıxır. Əlbəttə Hökümə Qurbanova, Əli Zeynalov, Həsənağa Salayev kimi müqtədir sənətkarlarla eyni tamaşada oynamaq 25 yaşlı gənc aktyor üçün böyük səadət idi.

Картинки по запросу Tariyel Qasımov

Həmin ilin oktyabr ayının 1-də Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayır. Səbəb bu idi ki, onun ilk sənət müəllimi Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrına dəvət aldı. L. Məmədbəyov Gənc Tamaşaçılar Teatrındakı rollarını ancaq Tariyel Qasımova etibar etdi.

T. Qasımov iki il bu teatrda fəaliyyət göstərir. L. Məmmədbəyovun ifa etdiyi tamaşaları hazırlayaraq, tamaşaçılara təqdim edir. Həmçinin teatrın baş rejissoru Zəfər Nemətov Tariyel Qasımov və Əminə Yusifqızı ilə birlikdə V. Şekspirin “Romeo və Cülyetta” tamaşasını hazırlamaq istəyir. Lakin o, imkansızlıq ucbatından bu teatrda yaradıcılıq fəaliyyətini davam etdirə bilməyib, iki ildən sonra yəni 1966-cı ildə C. Məmmədquluzdə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına Miribrahim Həmzəyevin köməkliyi ilə aktyor ştatına daxil olur. O, zaman teatrın direktoru Miribrahim Həmzəyev, baş rejissor isə Baxşı Qələndərli idi.

T. Qasımov bu teatrın səhnəsində Georgi Midivaninin “Konsulu oğurlayırlar” əsərində Pepino, C. Məmmədovun “Dan ulduzu” tamaşasında Kərəm, Cəfər Cabbarlının “Yaşar” pyesində Yaşar kimi obrazları müvəffəqiyyətlə ifa edir. O, bu tamaşalarda İsa Musayev, Miribrahim Həmzəyev, Əyyub Haqverdiyev, Firuzə Əlixanova, Əkbər Qardaşbəyov, Zəroş həmzəyeva, Sofiya Hüseynova kimi sənətkarlarla tərəf müqabili olur.

H. Razi Tariyel Qasımovun ifa etdiyi Yaşar obrazı haqqında yazırdı: “Yaşar rolunda gənc artist Tariyel Qasımov mübariz və işgüzar görünür. Eyni zamanda tamaşaçı Yaşarın bir qədər sadəlöhv olduğunu hiss edir. Bu sadəlövhlük onun vicdanlı, təmizürəkli olmasından doğur...”

Onun Naxçıvan teatrındakı fəaliyyəti rəhbərliyi və kollektivi razı saldı. Tez bir zamanda T. Qasımovun maşı artırıldı və ona ev verildi.

1967-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı uzun fasildən (1948) sonra yenidən bərpa olundu. Həmin il rejissor və pedaqoq N. Sadıqzadənin sonuncu kursu İrəvan teatrına işə göndərildi. İrəvan teatrının direktoru Əziz Süleymanov ilə Baxşı Qələndərli həm yerli, həm də dost idilər. Ə. Süleymanov Naxçıvan teatrına gələndə Tariyel Qasımovun iştirak etdiyi tamaşalara baxmışdır. Onu gənc bir aktyor kimi yaşı tanıyırdı.

N. Sadıqzadənin kursu C. Cabbarlının “Sevil” tamaşası ilə İrəvan teatrını açmaq istəyirdi. Ə. Süleymanov da T. Qasımovu Balaş rolunu oynamaq üçün teatra dəvət etdi. Çünki, tamaşada Nisə Rzayeva Gəncə Dövlət Dram Teatrından Sevil rolunu oynamaq üçün dəvət almışdı. T. Qasımov ilə N. Rzayevanın demək olar ki, yaş fərqi eyni idi. Sevil və Balaş rollarında bunlar bir-birlərini tamamlayırdılar.

Beləliklə, İrəvan teatrı öz pərdələrini tamaşaçıların üzünə 1967-ci il aprel ayının 28-də “Sevil” pyesi ilə acdı. Sevil-Nisə Rzayevanın, Balaş-Tariyel Qasımovun, Gülüş-Zemfira Əliyevanın, Məmmədəli bəy-Hacı İsmayılovun, Əbdüləli bəy-Şamil Dəmirçiyevin ifaları xüsusi maraq doğurdu. Tamaşada “Gülüşlə Sevilin Balaşla və onun həmfikirləri ilə apardıqları mübarizənin ictimai mənası real sənət boyaları ilə əks etdirilmişdir...

... Tariyel Qasımov öz qəhrəmanı Balaşın mənəvi puçluğunu və cahilliyini göstərmək üçün böyük yaradıcılıq axtarışları aparmışdır” (C.Səfərov).

Ə. İsmayıllı “Sovet Gürcüstanı” (27.09.1967) qəzetində yazır ki, “Nisə Rzayevanın (Sevil) və Tariyel Qasımovun (Balaş) yaratdıqları obrazlar şablonçuluqdan və təqlidçilikdən uzaq olan orijinal və təbii surətlərdir”.

“Sevil” tamaşasındakı Balaşın uğurlu addımından sonra Tariyel Qasımov S. Rəhmanın “Əliqulu evlənir” komediyasında Rövşən, Ə. Süleymanovun “Alovlar” pyesində Müdhəd bəy, C. Cabbarlının “Solğun çiçəklər” əsərində Bəhram, N. Vəzirovun “Yağışdan çıxdıq, yamura düşdük” komediyasında Cəbi kimi müxtəlif xarakterli obrazlar yaratmışıdır. Cəmi iki ilə yaxın müddətdə beş fərqli obrazlara səhnə həyatı vermək ancaq fitri istedad sayəsində baş verə bilərdi.

T. Qasımovun ifa etdiyi Rövşən obrazına mətbuat (“Sovet Ermənistanı”, 13.06.1967) yüksək qiymət verərək yazırdı: “Rövşən obrazını yaradan Tariyel Qasımov bu tamaşada da hamının rəğbətini qazanmağa nail oldu”.

Картинки по запросу Tariyel Qasımov

Tariyel Qasımov İrəvan teatrında özünü tək aktyor kimi yox, rejissor kimi də sınamışdır. O, Ə. Süleymanovun “Alovlar” pyesinin rejissoru və N. Vəzirovun “Yağışdan cıdıq, yağmura düşdük” komediyasının quruluşçu rejissorlarından biri olmuşdur. “Teatr özünün peşəkar fəaliyyəti “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasını bir neçə quruluşda repertuara daxil edib. Həmin səhnə yozumları arasında Zülfüqar Abbasovun və Tariyel Qasımovun orijinal quruluş verdikləri tamaşa Vəzirov yumorunun səmimiyyəti, Vəzirov satirasının məsxərəvari kəsəri, Vəzirov gülüşünün məna dərinliyi ilə seçilib” (İ. Rəhimli).

1969-cu ildə Bakıya qayıdan T. Qasımov az müddət “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti vəzifəsində çalışır. Və 1971-ci ildə yenidən öz doğma Gənc tamaşaçılar Teatrına qayıdaraq bir-birindən fərqi xarakterlərə səhnə həyatı verir.

Tariyel Qasımovun əsas səhnə uğurları Gənc Tamaşaçılar Teatrında fəaliyyəti dövründə baş verib. O, bu teatrın səhnəsində yüzlərlə obrazda çıxış edirək, onlara qarşı tamaşaçı rəğbəti qazandırmışdır.

Bu teatrın səhnəsində aktyor Cəfər Cabbarlı (“Aydınlığa doğru”), Cəlal və Bəxtiyar (“Komsomol poeması”), Söhrab (“Söhrab və Rüstəm”), Əşrəf bəy və Mahmud (“Yağışdan cıdıq, yağmura düşdük”), Əzizbəyov (“Bakı komissarları”), İmran (“Tamahkar”), Artur (“Ovod”), Oruc (“Qaraca qız”), Zaur (“Yadındamı?”), Kazım (“Məhəbbət novellası”), Rəcəb (“Şirinbala bal yığır”), Məlik Məmməd (“Məlik Məmməd”), Səfər (“Kiçik təpə”), Pərviz (“Sən nə üçün yaşayırsan?”), Polad (“Təzə şagird”), Ədalət (“Gəl qohum olaq”), Həsənzadə (“Sən həmişə mənimləsən”), Senya koqan (“İnqilab naminə”), Qədim (“Billur sarayda”), Muradzadə (“Sarıköynəklə Valehin nağılı”), Zərbəliyev Səbzəli (“Məşuqələr”), Səbzəli (“Məhəbbət, şeytan və lambada”) və s. tamaşalarda daban-dabana zidd olan obrazlar qalereyası yaratmışdır.

Tariyel Qasımovun aktyorluq vüsəti üçün obrazı son detalına qədər açmaq bacarığı xarakterikdir. Bu sön dərəcə orijinal aktyor yaratdığı obrazlara öz sənətkar möhürünü vurmağı bacarmışdır. Onun ifa etdiyi zəngin xarakterlərin səhnə təcəssümü daim tamaşaçıları düşündürməyə məcbur etmişdir. O, yaratdığı yeni qəhrəmanların həyatının yaradıcısı, sahibi, obrazların fikirlərini, arzularını səmimi və təbiliklər açıb, göstərməyi bacarır.

T. Qasımov əsərin ideya istiqamətinə, daxili ruhuna, onun həyatdan gələn zəngin, dolu məzmununa tamaşaçıları inandırır, obrazın ideya məramnaməsini dəqiq göstərir. O, peşəkar prinsiplərinə əsaslanaraq, obrazın səhnə həyatını düzgün dərk edib, istedadının süsgəcindən keçirərək, tamaşaçılara göstərir. Aktyorun yaratdığı obrazlarda irəli sürülən fikir-insan və zaman arasındakı ziddiyyətlər, həyatda baş verən özbaşınalıq, riyakarlıq, bəd əməlləri qamçılamaq, ləyaqət, gözəllik və saf hisslər təqdir edilir. Bununlada o, tamaşaçılarda humanizm ideyalarını qüvvətləndirir.

T. Qasımov həmçinin Azərbaycan televiziyasının hazırladığı tamaşalarda da yadda qalan obrazlar yaratmışdır. Nəzər (“Bir ailədə”), Mirdamət (“Cəncli məcarası”), Pərviz (“Sən nə üçün yaşayırsan”), Kişi (“Unudulan adam”), Fərid (“Həmyerlilər”) və s. tamaşalarda yaratdığı obrazlar indinin özündə maraqla baxılır və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

Tariyel Qasımov həmçinin 1997-1998-ci illərdə Qazax Dövlət Dram Teatrında və 1999-cu ildə Dərbənd Dövlət Azərbaycan Teatrında direktor və bədii rəhbər vəzifələrində çalışmışıdır. O, bağlanmaq təhlükəsi olan Qazax teatrını yenidən canlandırmış, rəhbərlik etdiyi müddətdə “Yağışdan çıxdıq, yaxmura düşdük”, “Alov” və “Şəhərli kürəkən” tamaşalarına quruluş vermişdir.

Azərbaycan teatrında Tariyel Qasımov bəlkə də yeganə aktyordur ki, sırf dram artisti ola-ola qırxdan yuxarı bədii filmə çəkilib. İlk debütü R. Şabanovun çəkdiyi “Liftçi qız” filmində Nəriman obrazı ilə kino aləminə qədəm qoyan T. Qasımov bir-birinin ardınca nəinki Azərbaycanfilmin (“Axırıncı aşırım”, “Qızıl qaz”, “Gilas ağacı”, “Nəsimi”, “Bizim küçənin oğlanları”, “Dədə Qorqud”, “Doğma sahillər”, “İstintaq”, “Qatır Məmməd”, “Sahilsiz gecə”, “Qorxma, mən səninləyəm”, “Şeytan göz qabağında”, “Qəzəlxan”, “Məhkumlar” və s.) həmçinin Mosfilmin (“Çilidə gecə”), Özbəkfilmin (“Əlvida, yaşıl yay” “Həyatın mənası” 2 seriya, “Alovlu yollarla” 17 seriya), Türkmənfilmin (“Rüstəm və Söhrab” 3 seriya, “Qızıl rəng”), Almaniyanın (“Sonya raport verir”, 2 seriya) istehsal etdiyi filmlərdə irili-xırdalı zəngin obrazlar yaratmışdır.

Tariyel Qasımovun əməyi layiqincə qiymətləndirilmiş, ona 09.02.1979-cu ildə əməkdar artist, 22.05.1991-ci ildə xalq artisti fəxri adı verilmişdir. O, 10.12.2018-ci ildə III dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur.

Bu yaxınlarda 80 illik yubileyi qeyd edilləcək görkəmli teatr və kino xadimi xalq artisti Tariyel Qasımovun şüurlu həyatı, onun mənsub olduğu xalqına göstərdiyi zəhmətinin bariz nümunəsidir...

İmran AXUNDOV,

Fəlsəfə doktoru

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA