9 TON ƏFQAN TİRYƏKİ: ABŞ-ın "xırda balıq ovu" bölgədə narkotik ticarətinə sədd çəkə bilmir - ARAŞDIRMA

9 TON ƏFQAN TİRYƏKİ: ABŞ-ın "xırda balıq ovu" bölgədə narkotik ticarətinə sədd çəkə bilmir - ARAŞDIRMA

Səid Səlahuddin, Pamela Konstebl

“Washington Post” (ABŞ)

ABŞ və Əfqanıstan qüvvələrinin Helmand vilayətində “Taliban”ın narkotik laboratoriyalarını bombalamağa başlamasından bir ay sonra Əfqanıstan rəsmiləri və analitikləri bildirirlər ki, reydlər mülki əhaliyə zərər vermir, amma reydlərin narkotik ticarəti və ya üsyançıların mənfəətini xeyli azalda biləcəkləri şübhə doğurur.

Pentaqon bu yaxınlarda ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin “Taliban”ı zəiflətmək üçün yeni ABŞ hərbi strategiyası çərçivəsində 25 laboratoriyanı dağıtdığını bəyan edib. Ən az 80 milyon dollarlıq narkotik maddə məhv edilib.

Əvvəlcə reydlər Helmandda, uzun müddətdir Əfqanıstanın narkotik istehsalı və ticarətinin qəlbi olan vilayətdə həyəcan doğurub. Əfqanıstan tiryəki dünyanın ən böyük heroin mənbəyidir və onun düz yarısı Helmanddan gəlir. Əfqanıstanın tiryək istehsalı və satışı son bir neçə il ərzində rekord səviyyəyə yüksəlib.

Bu gəlirli biznes 1996-cı ildən 2001-ci ilədək beş il müddətində narkotik ticarətini qadağan etmək üçün ciddi tədbirlər görən və Helmandda aktiv olan “Taliban”ı daha çox cəlb edib.

ABŞ hücumları başlandıqda, yerli rəsmilər vətəndaşların səhv olaraq hədəflənəcəyi və ya zərər verəcəyi narahatlıqlarını dilə gətirib. Onlar, həmçinin bəzi sərhəd nöqtələrindən Pakistana və İrana narkotik maddələrin nəqlini təşkil edən mütəşəkkil əfqan və xarici qaçaqmalçılara qarşı daha effektiv mübarizə aparmanı təklif ediblər.

İyirmidən artıq belə reyd başa çatdıqdan sonra yerli əhaliyə zərər dəyməsi qorxusu azalıb və regiondakı bəzi məmurlar kampaniyanın artıq tiryək satışına ciddi təsir etdiyini söyləyirlər. Onlar xaşxaş yetişdirən kiçik fermerlərin hədəf alınmadığını bildirirlər.

Helmandlı deputat Nimatullah Qafari deyir ki, hava hücumları narkotik becərilməsi və ticarətinə təsir göstərib. Qafarinin sözlərinə görə, uzaq ərazilərdə bəzi narkotik satıcıları öz işlərini dayandırıblar. "Fermerlər və adi insanlar hədəf olmadığından, uzunmüddətli nəticə yaxşı olacaq və reydlər ABŞ-a qarşı böyük nifrət yaratmayacaq".

Lakin Beynəlxalq Böhran Qrupunun analitiki Borhan Osman hesabatında qeyd edib ki, laboratoriyaların bombalanması "nə də ölkənin “Taliban” qiyamını, nə də narkotik problemini həll edəcək". Onun fikrincə, “Taliban” müxtəlif maliyyə mənbələrinə malikdir və bombalamalar onlara dəstəyi artıracaq, çünki narkotik laboratoriyaları "sıradan bir insanlar üçün güzəranı təmin edir və bu laboratoriyalar, adətən, yaşayış məskənlərində yerləşir".

Marca rayonunda yerləşən tayfanın lideri Şah Vəlinin hesablamalarına görə, Helmandın cənub hissəsində yerləşən istehsal laboratoriyaları və narkotik plantasiyalarının təxminən 30-40 faizi Əfqanıstan quru qüvvələrinin də iştirak etdiyi basqınlar nəticəsində məhv edilib.

Vəli deyib ki, bölgədə bəzi hava hücumları qınansa da, bəzi səlahiyyətlilər və tayfa rəhbərləri basqınların narkotik ticarətinin mərkəzi kimi bilinən daha məhsuldar bölgəyə – Helmandın şimalına yayılmasını tələb edir.

Əyalət ümumi məclisinin başçısı Kərim Attal narkotik maddə emalı və saxlama mərkəzlərinin daha çox şimalda yerləşdiyini söyləyib. Attal deyir ki, cənubdakı basqınlar dəyəri 20 milyon dollardan çox olan tiryək partiyasının məhvinə səbəb olub. Amma yerli və xarici narkotik tacirləri hələ də şimalda rahat fəaliyyət göstərir.

2017-ci ildə Əfqanıstanın tiryək istehsalı 87 faiz artıb və rekord səviyyəyə – 9 tona çatıb.

Hücumların uğuruna baxmayaraq, ötən həftə bəzi əfqan şərhçiləri ABŞ-ın səylərinə şübhə ifadə edib. Onlar 16 illik mübarizədən sonra ciddi bir fərq yaratmağın çətin olacağını, narkotik becərilməsi və satışının böyüməkdə davam etdiyini söyləyiblər.

Kabil Universitetinin politologiya professoru Vadir Safi deyib: "İnsanlar bunu şübhə ilə qarşılayır. 2014-cü ilə qədər NATO və ABŞ narkotik becərilməsi və satışını dayandıra bilmədi. İndi, onların Əfqanıstanda az miqdarda qüvvə saxladığını nəzərə aldıqda, bu asan bir iş olmayacaq".

Sabiq əfqan diplomatı Əhməd Səidi ABŞ strategiyasını tənqid edib. “Kabil və xaricdə diler və tacirlərin izinə düşmək əvəzinə, onlar yerli kiçik emal laboratoriyalarını hədəf alırlar. Xırda balığı hər kəs ovlaya bilər. Böyük balıq və balinalardan, meqa-satıcıların və mafiyanı tora salmaq lazımdır".

Tərcümə: Strateq.az

Loading...

QALEREYA