BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

  • 2019-02-23 14:37:30
  • |

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_81674)

Kozlov üzünü Cavanşir Məmmədova tutub ondan soruşdu:

- Məmmədov, Avtandil Abbasov haqqında nə deyə bilərsiniz? Onun barəsində Sizin fikrinizi bilmək istəyirəm. Həmişə özünə güvənən Cavanşir Məmmədovun, Akif Abdullayev dünən ona zəng vurana kimi, heç ağlına gəlməzdi ki, Avtandilin məsələsi bu qədər böyüyəcək, hətta Mərkəzi Komitənin ikincici katibi səviyyəsində müzakirəyə çıxarılacaqdır. Kozlovun onu nə üçün çağırdığını Akif Abdullayev ona deyəndə, baxmayaraq ki, o, respublikada seçilib-sayılan, hörmətli katiblərdən biri hesab olunurdu, xeyli narahat olmuş, həyəcanlanmışdı. Çünki, başa düşürdü ki, işin bu qızğın vaxtında Kozlov onu boş yerə çağırmazdı. Demək, Kozlov Avtandilin məsələsini çox ciddi bir məsələ hesab edir. Fikri dağıldığından , Cavanşir Məmmədov dərhal Kozlovun sualına cavab verə bilmədi. Kozlov sualını bir də təkrarladı:

- Hə, Məmmədov, deyin görək Avtandil Abbasov haqqında fikriniz nədir? O necə adamdır?

- Sergey Vasilyeviç, son hadisələri nəzərə almasaq, Avtandil Abbasov haqqında yalnız müsbət fikir söyləyə bilərəm. Savadlı və işgüzar yoldaşdır, intizamlıdır.

- Son hadisələr deyəndə, nəyi nəzərdə tutursunuz? Demək istəyirsiniz ki, imzasız ərizəni o yazdırıb?

- Yox, yox! Düzdür, əvvəllər məni inandırmışdılar ki, anonim ərizəni o, təşkil edib. Ancaq sonradan müəyyən edildi ki, anonim ərizəni yazdıran elə həmin tikinti təşkilatının keçmiş işçilərindən biridir.

Kozlov:

- Anonim ərizəni yazdıran şəxsi kim üzə çıxartdı?

- Həmin şəxs, Abbasovun özünün apardığı araşdırma nəticəsində ifşa edildi.

- Məmmədov, bəs Siz hara baxırdınız? Niyə bu məsələni özünüz araşdırmadınız? Partiya işçisinə qarşı atılan böhtanla bağlı tədbir görmək əvəzinə, Siz özünüz bu böhtana inanıb, öz işçinizi əsassız olaraq imzasız ərizə yazdırmaqda günahlandırdınız!

- Günahkaram, Sergey Vasilyeviç.

- Məmmədov, axı, Sizi ilk növbədə anonim ərizəni yazanın kim olduğu yox, ərizədə göstərilən faktlar maraqlandırmalı idi. Ərizənin imzasız, yaxud imzalı olmasından asılı olmayaraq, yoxlama nəticəsində üzə çıxan nöqsanlar barədə tədbir görülməli idi. Siz isə öz işçinizin üzə çıxartdığı cinayət xarakterli faktlara belə göz yummusunuz. Nə üçün?

- Günahkaram, Sergey Vasilyeviç.

- Siz bilirsinizmi ki, “ölü canlar”dan istifadə edib dövlətin maliyyə vəsaitini mənimsəyən rəisin texnikum bitirməyi barədə əldə etdiyi diplom saxtadır?

- Yox... Onun diplomunun saxta olmağı barədə heç nə bilmirəm.

Kozlov Avtandilin ona təqdim etdiyi arayışı Cavanşirə göstərib, dedi:

- Əgər kadrların seçilib yerləşdirilməsi məsələsi ilə yaxından və diqqətlə məşğul olsa idiniz bunu çoxdan bilərdiniz. Musa Sadıxov kimi bir saxtakar necə olur ki, nəinki ali təhsili, hətta orta-ixtisas təhsili belə olmadan, həm partiya üzvü olur, həm də idarə rəisi?

- Sergey Vasilyeviç, bu adam ən azı 10-12 il əvvəl İmişli rayonunda işləyən zaman partiya üzvlüyünə qəbul edilib. Bu məsələdə mənim günahım yoxdur.

Kozlov, Həzi Aslanov adına kolxozun sədri Çərkəz Kərəmovun da evinin şəkilini Cavanşirin qabağına qoyub, soruşdu:

- Bəs bu barədə nə deyə bilərsiniz?

- Sergey Vasilyeviç, Çərkəz Kərımovun, uzun illər geridə qalmış bir kolxozun rayonda ən qabaqcıl təsərrüfatlardan birinə çevrilməsində böyük rolu olduğu üçün ona, belə bir ev tikdirməyə mən icazə vermişəm. Səhv etdiyimi anlayıram, gərək icazə verməyə idim...

- Məmmədov, buraxdığınız səhvlər həddindən çoxdur: bir deyil, iki deyil! Ən böyük səhvimiz isə ondadır ki, cavan kadra dəstək vermək əvəzinə, onun ləkələnməsinə, ona böhtan atılmasına imkan vermisiniz. Avtandil Abbasov kimi özündə cəsarət tapıb acgöz, tamahkar adamları ifşa edənləri hətta cəmiyyətdən təcrid etməyə - həbsxanaya salmağa belə hazırsınız. Bax, bütün bu əməllərinizə, buraxdığınız səhvlərə, özbaşınalıqlara görə cavab verməli olacaqsınız.

- Sergey Vasilyeviç, bilirəm, günahım çoxdur. Ona görə də verəcəyiniz istənilən cəzanı çəkməyə hazıram. Kozlov dinmədi. Azca fikrə getdikdən sonra dedi:

- Demək belə... Məmmədov, bu gün rayona qayıdırsınız. Ən geci iki gün ərzində raykomun büro iclasını keçirirsiniz. Bu iclasda ilk növbədə Avtandil Abbasov öz vəzifəsinə bərpa edilir. Sonra tikinti təşkilatındakı vəziyyəti, bu təşkilatın rəisinin tutduğu vəzifədə və partiya sıralarında qalıb-qalmamaq məsələsini müzakirə edib, müfaviq qərar çıxardırsınız. Hə, bir də o harınlamış kolxoz sədri barədə də tədbir görməyi unutmayın. Yadda saxlayın ki, Sizin gələcək taleyiniz buraxdığınız səhvləri bundan sonra necə düzəldəcəyinizdən, hansı tədbirləri görəcəyinizdən asılı olacaqdır.

- Aydındırmı?

- Aydındır, Sergey Vasilyeviç!

Onun məsələsinə belə ciddi və ədalətli yanaşdığına görə Avtandil ürəyində Kozlova minnətdarlıq edirdi. Lakin, onun rayona qayıdıb Cavanşir Məmmədovla işləmək fikri olmadığına görə Kozlova müraciətlə:

- Sergey Vasilyeviç, icazə versəydiniz, məsələ ilə əlaqədar mən də öz fikrimi bildirərdim, - dedi.

- Buyurun.

- Sergey Vasilyeviç, mənimlə bağlı olan bu məsələyə belə obyektiv və ədalətli yanaşdığınıza görə Sizə çox minnətdaram. Çox sağ olun! Ancaq bildirmək istəyirəm ki, mənim bir daha Jdanov rayonuna qayıdıb, orada işləmək fikrim yoxdur.

- Niyə?

- Çox xahiş edirəm, məni düzgün başa düşün. İstəmirəm ki, həbs olunmaq təhlükəsi, Demoklov qılıncı tək, yenidən başımın üstündə asılsın. Rayona getməli olsam, əminəm ki, belə bir təhlükədən yaxa qurtara bilməyəcəyəm.

- Avtandil, Siz nə danışırsınız? Raykom katibinin Sizi təqib etməkdən başqa məgər işi-gücü yoxdur? Gedin, cəsarətlə öz əvvəlki vəzifənizdə işə başlayın. Biz Sizin təqib edilməyinizə bir daha imkan vermərik!

- Sergey Vasilyeviç, yaxşı bilirsiniz ki, bu gün bir təsadüf nəticəsində Sizin qəbulunuza düşə bilmişəm. Rayona qayıdıb orada işləməli olsam, Cavanşir Məmmədovun göstərişi ilə bir bəhanə tapıb məni həbs edəcəklər. O zaman mənə heç kim, hətta Siz belə kömək əlinizi uzada bilməyəcəksiniz. Çünki, mənim həbs edilməyimdən Sizin xəbəriniz olmayacaqdır. Mən bu sözləri harada və kimin qarşısında dediyimi böyük məsuliyyət hissi ilə anlayıram və açıq danışdığıma görə üzr istəyirəm. Mən, Cavanşir Məmmədovun ən yaxın adamlarını – Musa Sadıxovu və Çərkəz Kərəmovu ifşa etdiyimə görə o, məni heç vaxt bağışlamayacaq, fürsət düşən kimi məndən qisas alacaqdır. Məmmədov çox kinli-küdurətli insandır. Onu yaxşı tanıdığıma görə mən o rayonda işləyə bilməyəcəyəm. Kozlov onu axıradək dinlədikdən sonra soruşdu:

- Bəs hansı rayonda işləmək istəyirsiniz?

- Sergey Vasilyeviç, həyat yoldaşımın ürəyində qüsur olduğuna görə hələlik iş məni maraqlandırmır. Onu Bakıda müalicə elətdirmək fikrindəyəm. Siz mənə görə narahat olmayın. İşdən çox iş var, lazım olanda mən özümə iş tapacağam. Ancaq Sizdən bir şeyi xahiş etmək istəyirəm, olarmı?

- Olar. Deyin görüm, nədir xahişiniz?

- Sergey Vasilyeviç, mən ailəmi gətirib burada – Bakıda yaşayacağam. Lakin mənim valideynlərim, çoxlu qohum-əqrabam rayonda yaşayır. Qorxuram ki, mənə əli çatmadığını görüb, Cavanşir Məmmədov yaxın qohumlarımı incitsin, mənə görə onlardan qisas alsın. O zaman mənim yenidən Sizə müraciət etməyə ehtiyacım olacaq. Ona görə gələcəkdə çətinlik çəkmədən qəbulunuza düşmək üçün, hər ehtimala qarşı, mənim barəmdə köməkçinizə gös təriş verməyinizi xahiş edirəm.

- Bu asan işdir, - deyib Kozlov dərhal köməkçisini çağırdı.

Mixail Karpov Kozlova yaxınlaşdı:

- Eşidirəm, Sergey Vasilyeviç.

- Mişa, Avtandil Abbasov nə vaxt olursa -olsun, istər bir aydan sonra,istərsə də bir ildən sonra, istənilən bir məsələ ilə əlaqədar yanıma gəlmək istəsə, onu sorğusuz- sualsız yanıma buraxarsan. Başa düşdün?

- Başa düşdüm, Sergey Vasilyeviç!

- O zaman gedə bilərsən!

Köməkçisi öz otağına getdikdən sonra Kozlov üzünü Tofiq Bağırova tutub:

- Tofiq Mansimoviç, biz Avtandil Abbasovu taleyin hökmünə buraxa bilmərik. Xahiş edirəm, onun kardinatlarını götürün və onu Bakının rayon partiya komitələrinin birində işlə təmin edin.

- Oldu, Sergey Vasilyeviç

- İndi isə Siz azadsınız, gedə bilərsiniz!

- Baş üstə, Sergey Vasilyeviç... Abbasov da mənimlə gedə bilərmi?

- Hə, ikiniz də gedə bilərsiniz.

Tofiq Bağırov, Avtandillə birlikdə öz kabinetinə daxil olan kimi, yazı masasından bir vərəq kağız və qələm götürüb ona verdi.

- Avtandil, Siz Bakıda yaşayacağınız ünvanı və əgər o ünvanda telefon varsa onun nömrəsini də bu kağıza qeyd edib mənə verin ki, lazım olanda mən Sizinlə əlaqə saxlaya bilim. Avtandil ev ünvanını və evdəki telefonun nömrəsini qeyd edənə kimi, Tofiq Bağırov da öz telefon nömrəsini kiçik bir kağız parçasına yazıb ona verdi.

- Mənimlə bu telefonla əlaqə saxlaya bilərsiniz.

Avtandil öz ünvanını və telefon nömrəsini yazdığı kağızı, Tofiq Bağırova verib, onun kabinetini tərk etdi.

IX Fəsil

Cavanşir Məmmədov möhkəm danlanıldıqdan sonra Kozlovun kabinetindən suyu süzülə-süzülə çıxdı. Çox fikirli, dalğın halda Mərkəzi Komitənin yaxınlığında gözləyən xidməti maşınına əyləşib, sürücüyə:

- Feyzi, mühərriki işə sal, rayona qayıdırıq, - dedi.

Cavanşir bütün yolu fikir içində idi. O, uzun illər dostluq etdiyi Musa və Çərkəz barədə ciddi tədbir görməli idi. Kozlov onu açıq-aşkar başa salmışdır ki, onların haqqında ciddi tədbir görməsə, onun özü haqqında çox ciddi tədbirlər görüləcəkdir. “Kozlov, xüsusilə, Musanın məsələsi üzərində çox dayandı. Onun sözündən belə çıxdı ki, Musa nəinki tutduğu vəzifədən və partiyadan azad edilməlidir, eyni zamanda onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün anonym ərizə ilə bağlı aparılan yoxlamanın materialları da istintaq orqanlarına göndərilməlidir. Materialları istintaq orqanlarına göndərsəm, Musanın “kitabı bağlanacaq”, tamamilə bədbaxt olacaqdır. Göndərməsəm... Göndərməsəm özüm bədbaxt olaram. Yox,yox. Axı, mən Musanın zibillərinə görə özümü niyə bədbaxt eləməliyəm? Dost olanda nə olar? Mən ona deməmişdim ki, “ölü canlar” hesabına dövlətin pulunu mənimsəsin. Günah özündədir. Törətdiyi cinayət əməllərinə görə özü də cavab verməlidir. Bunun başqa yolu yoxdur! Ax, Avtandil, Avtandil, az aşın duzu deyilmişsən... Kimin ağlına gələ bilərdi ki, sən Moskvanın vasitəsilə Kozlovun qəbuluna düşəcəksən. Hələ yaxşı ki, Heydər Əliyev xaricdə səfərdədir. Əgər o, Bakıda olsa idi, ola bilsin ki, Moskvadan Kozlova yox, elə birbaşa Heydər Əliyevin özünə zəng vurardılar. O zaman mənim aqibətim necə olardı, kim bilir?... Təcili, günü sabah, ya da ən geci birisi gün büro iclasını keçirtməliyəm. Bu iclasda Musa ilə Çərkəz barəsində elə qərarlar çıxardılmalıdır ki, mütləq Kozlovu qane etsin. Əks təqdirdə məsələ daha da böyüyər və nəticədə Heydər Əliyevin nəzarətinə götürülə bilər. Buna isə qətiyyən yol vermək olmaz!” Bu kimi fikirlərdən Cavanşir Məmmədovu Feyzinin səsi ayırdı:

- Cavanşir müəllim, maşını hara sürüm, evə ya raykoma?

Cavanşir Məmmədov fikirdən ayılanda, artıq rayona çatdıqlarını gördü. Sürücüsünün sualına:

- Raykoma! - deyə cavab verdi.

Cavanşir Məmmədov kabinetinə keçib yerində əyləşən kimi raykomun ikincici katibi Telman Orucovu və təşkilat şöbəsinin müdürü Zahid Əliyevi yanına çağırtdı. Bir neçə kəlmə ilə onlara Kozlovun yanında olan söhbəti və onun verdiyi göstərişləri çatdırdı. Hər ikisinə birisi gün büro iclasının keçirilməsini təmin etməyi də tapşırdıqdan sonra ağsaqqal dostları ilə məsləhətləşmək qərarına gəldi.

Axşam saat 20 radələrində dostlar artıq bir yerdə idilər. Onlar bankın müdürü Fərhad Əliyevin güllü, çiçəkli, səliqə-sahmanlı həyətində, çinar ağacının kölgəsində qoyulmuş dairəvi masanın ətrafında oturub, çay içə-içə söhbət edirdilər. Cavanşir, Avtandilin Sov. İKP MK-nın vasitəsilə Kozlovun qəbuluna düşdüyünü, Kozlovun dünən Avtandili təklikdə, bu gün səhər isə onunla birlikdə qəbul etdiyini dostlarına ətraflı danışdı. Sonra dedi:

- Kozlov göstəriş verdi ki, Musa və Çərkəzlə bağlı ciddi tədbirlər görüm. O bildirdi ki, əks halda, Mərkəzi Komitədə mənə qarşı müvafiq tədbirlər görüləcəkdir. Mən bu gün çox çıxılmaz vəziyyətdəyəm. Bilirsiniz ki, onların hər ikisi mənim ən yaxın adamlarımdır. Bir tərəfdən, əlim gəlmir ki, onları ciddi cəzalandırım. O biri tərəfdən qorxuram ki, Musa ilə Çərkəz barədə büroda çıxarılacaq qərarlar Kozlovu qane etməsə, mən özüm özümü zərbə altına qoymuş olaram. Kozlov məndən narazı qalsa, məsələni bir az da şişirdilmiş şəkildə Heydər Əliyevə çatdıra bilər. O zaman mən tutduğum vəzifədən qovula da bilərəm olacam. Cavanşir susdu. Armudu stəkandakı çaydan bir qurtum içib, yanındakıların nə deyəcəyini gözlədi. Hamıdan əvvəl Fərman Bağırov dilləndi:

- Hə, Cavanşir, sənin vəziyyətin doğrudan da yaxşı deyil. Bu Avtandil nə əclaf adam imiş...

Fərhad Əliyev özünü saxlaya bilmədi:

- Mən axı sizə demişdim ki, Avtandil ilə işiniz olmasın. O, başını aşağı salıb öz işi ilə məşğul idi. Vəziyyətin bu dərəcəyə çatdırılmasında günahkar Avtandil deyil, Musadır. O, Avtandilə və onun ailəsinə böhtan atdı, camaatın içərisində onun ünvanına təhqiramiz sözlər dedi. Necə deyərlər, mərdi qova-qova namərd elədi... Musanın gözünü tor örtmüşdü. Elə bilirdi ki, ölənə kimi idarə rəisi olacaq. Cavanşir, mən təklif edirəm ki, sən, xüsusilə, Musa barədə çox ciddi tədbir görəsən. Onunla əlaqədar ciddi tədbiri yalnız Kozlovun göstərişlərinə görə deyil, həm də texnikumu bitirməyinə dair saxta diplom aldığını səndən gizlətdiyinə görə, sənə qarşı qeyri-səmimi hərəkətlərinə görə görməlisən. Eyni zamanda anonim ərizənin yoxlanılması ilə bağlı materialları da rayon prokurorluğuna göndərməlisən. Fikrimcə, sənin bundan başqa çıxış yolun yoxdur.

- Fərhad, sən Cavanşirə, baltanı ağacın lap kökündən vurmağı təklif edirsən. - Deyə Bayram Kərimov öz iradını bildirdi.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA