“Dərs ilini 14 gün artırmaqla uğura nail olunmadı” – Təhsil eksperti

“Dərs ilini 14 gün artırmaqla uğura nail olunmadı” – Təhsil eksperti

Artıq 3 ildir ki, ölkəmizdə dərs ili iyunun 14-dək davam edir.

Halbuki 2016-cı ilə qədər Azərbaycanda tədris ili sentyabrın 1-də başlayıb, mayın 25-də başa çatırdı. Yeni qayda tətbiq edildiyi zamandan bu günədək hələ də narazılıqlar var.

Hətta bir çox rəsmilər də isti yay günlərində 15 gün əlavə dərs keçirilməsinə etiraz edir, əslində bunun bir simvolik xarakter daşıdığını, keçirilən proqramın o qədər də əhəmiyyətli olmadığını bildirirlər. Reallıq da budur ki, təxminən mayın sonlarından sonra məktəblərdə dərslər o qədər də ciddi keçirilmir, bir çox dərsliklər başa çatmış olur və sairə.

Ötən il deputat Aqil Abbas da parlamentin iclasında bu məsələyə etirazını bildirmişdi. Deputat qeyd etmişdi ki, orta məktəblərdə dərslərin 15 iyuna qədər davam etməsi, uşaqlara belə əzab verilməsi doğru deyil: “Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Uşaqları belə yükləmək olmaz. Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır”.

Bəs ekspertlər necə düşünür? Təhsil müddətinin 14 gün artırılması tədrisə hansısa təsirini göstərə bildimi?

Kamran Əsədov

Təhsil mütəxəssisi Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Təhsil müddətinin artırılması ona görə həyata keçirilirdi ki, tədris yükü həddən artıq çox idi və proqramın tam şəkildə yerinə yetirilməsi mümkün deyildi. Etiraf edək ki, dərs həftəliyinin çoxluğu istər qəbul, istərsə də buraxılış imtahanların nəticələrinə ciddi təsir etməyib. Yəni əvvəlki illərlə müqayisədə imtahanların nəticələri indiki ilə demək olar ki, eynidir. Ona görə də hesab edirəm ki, nəzərdə tutulmuş missiya müddətin artırılmasını yerinə yetirə bilməz. Konkret tədris proqramı üzrə qeyd etsək, deyə bilərik ki, hələlik dərsliklər tam başa çatmayıb, hələ də ibtidai siniflərdə 3-4 paraqraf dərslər qalıb. Müəllimlər bu müddət ərzində sanki proqramın başa çatdırılması missiyasını yerinə yetirirlər. Əslində təhsil psixoloji bir məqamdır və Azərbaycanda 70 il oturuşmuş bir sistem var. Həqiqətən keyfiyyət göstəricisini istəyiriksə, dərslər mütləq şəkildə sentyabrın 1-də başlayıb, may ayının 31-i başa çatmalıdır. Yoxsa ki, 14 gün ərzində hər hansı keyfiyyətə nail olmaq mümkün deyil. Dünyanın bir çox ölkələrində bu məsələ müxtəlif cür tənzimlənir. Hesab edirəm ki, bu psixoloji amildir. Onsuz da şagirdlərin əksəriyyəti bu 10-15 günü dərsə getmək istəməyəcək. Hansı ki, onların bir qismi buraxılış imtahanlarında olub və müəyyən keçid balı toplayıblar. Digər qismi isə artıq xarici ölkələrə və yaxud kənd-rayonlara üz tutur. Hesab edirəm ki, bu iqtisadiyyatın maraqlarına da ziddir. Beləliklə, nəticələr də onu göstərdi ki, 14 gün təhsil müddətini artırmaqla hansısa uğura nail olunmadı və bu mütləq şəkildə azadılmalıdır”.

Əlavə edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində təhsil müddəti mayın sonunda başa çatır. Məsələn, Gürcüstanda dərslər sentyabrın 10-da başlayıb, mayın sonu bitir. Rusiya və Ermənistanda dərslər 1 sentyabrda başlayıb, 25 mayda başa çatır. Çexiya və İsraildə isə dərslər 1 sentyabrda başlayıb, 30 iyuna qədər davam edir. \\Bizimyol.info

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA