ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Yanvarın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2019-cu il üçün ilk iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “ADPU-nun 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında” hesabat və cari məsələlər daxildir.

Rektor Cəfər Cəfərov giriş sözündə bildirib ki, hazırda ADPU-da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. İmtahan sessiyası mütəşəkkil, şəffaf və obyektiv keçirilir. Həmçinin Filologiya fakültəsinin 5 kafedrasının müdiri vəzifəsinə seçkinin keçirilməsi nəzərdə tutulur. Biz seçki prosesində şəffaflığı və obyektivliyi təmin etməklə yanaşı, yüksək səviyyəli mütəxəsisslərə üstünlük veririk. Universitetdə bütün ixtisaslar üzrə tədris planlarının müzakirəsi keçirilməlidir. Tədris planlarının hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübəni mütləq tətbiq etməliyik. Son vaxtlar ölkəmizdə idarəetmənin optimallaşdırılması üçün ciddi addımlar atılır, yeni dövrün tələblərinə uyğun idarəetmə sistemi formalaşdırılır. ADPU buna uyğun olaraq işin yenidən daha yaxşı qurulmasına xüsusi diqqət yetirməlidir. Universitetimiz bütün elmi və intellektual potensialı ilə cəmiyyətdə baş verən müsbət proseslərə dəstək verməlidir.

“ADPU-nun 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında” hesabat məruzəsi ilə Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxış edib. Professor A.Zamanov bildirib ki, son illər inkişaf etmiş dünya dövlətlərində elm və təhsilin bir-biri ilə əlaqələndirilməsinə və hər iki sahənin innovasiyaların tətbiqi yolu ilə paralel şəkildə inkişaf etdirilməsinə xüsusi diqqət verilir. Strateji hədəf insan resurslarının inkişaf etdirilməsidir. ADPU-da elmi potensialın yüksəldilməsi və elmi-pedaqoji kadrların hazırlanması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Elmi-tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi üzrə ADPU-nun müvafiq kafedra və elmi-tədqiqat laboratoriyalarında (ETL) 2018-ci il üçün planlaşdırılmış işlər yerinə yetirilmişdir. Elmi-tədqiqat və təcrübə-kostruktor işlərinin yerinə yetirilməsi və tətbiqi ilə bağlı tamamlanmış işlərdən 164-ü tədrisə tətbiq olunub. ADPU elmi layihələrdə fəal iştirak etmək üçün səmərəli fəaliyyət göstərir. 2018-ci ildə universitetimiz Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Elm-təhsilin inteqrasiyası” müsabiqəsində 5 layihə qazanıb. ADPU-da son 3 il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunmasi tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmiş 6 dövri elmi jurnal nəşr olunur. Bu jurnallarda universitet mütəxəssisləri ilə yanaşı, respublikamızın, eləcə də xarici ölkə alimlərinin məqalələri dərc olunur. ADPU-nun alimləri impakt-faktor göstəricili dövri elmi jurnalların redaksiya heyətində təmsil olunurlar. Universitetdə planlaşdırılan və yerinə yetirilməsi vacib hesab edilən elmi-tədqiqat işləri müzakirədən keçərək 2018-ci il üçün təsdiqlənən planın tərkib hissəsi kimi öz əksini tapıb. ADPU-nun fəaliyyət planına uyğun olaraq 3 beynəlxalq, 10 respublika səviyyəli elmi konfrans keçirilib. Professor-müəllim heyəti ilə yanaşı, tələbələrin elmi fəaliyyətə cəlb edilməsinə də xüsusi diqqət yetirilir. Hər il, o cümlədən 2018-ci ildə də Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilmiş, müsbət rəy almış işlər konfrans materialları toplusunda dərc olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə “Fənlərin tədrisi metodikası: müasir yanaşmalar” mövzusunda magistrantların I Respublika elmi konfransı keçirilmiş, konfrans materialları çap edilmişdir. 1975-2018-ci illər ərzində ADPU alimlərinin Tomson Royters qrupuna daxil edilən dövri elmi jurnallarda çap olunmuş 303 elmi məqaləsinin 58-i (20 faizə qədəri) son 3 ilə (2016, 2017, 2018) aiddir.

ADPU-da tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi-tədqiqatların aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutu, Fizika İnistitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Folklor İnstitutu, akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, A.A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu və s. ilə əməkdaşlıq genişləndirilib.

ADPU-da yeni yaradılmış 3 auditoriyanın-akademik Yusuf Məmmədəliyev, akademik Zahid Xəlilov, akademik Həsən Abbdullayev auditoriyalarının açılışında və ADPU-da bütün elm sahələri üzrə keçirilmiş olimpiadaların qaliblərinin təltifedilmə mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev iştirak ediblər.

Hazırda dünyanın qabaqcıl təcrübəsinin öyrənilib tətbiq edilməsi sahəsində uğurlu nətcələr qazanılıb. ADPU 2018-ci ildə beynəlxalq tərəfdaşları ilə birgə 3 beynəlxalq elmi konfrans keçirib. 2017-ci ildə Azərbaycanda ilk dəfə olaraq ADPU-da TÜRKSOY kafedrası yaradılıb və bu kafedranın da təşkilatçılığı ilə bir sıra beynəlxalq və respublika səviyyəli elmi tədbirlər keçirilib. ADPU-nun əməkdaşları beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini uğurla təmsil edirlər.

Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətinin dövrün tələblərinə uyğun təşkili məqsədilə islahatlar həyata keçirir.

Professor A.Zamanov çıxışının sonunda ADPU-nun innovativ inkişaf, “Tədqiqat universiteti” statuslu universitetə çevrilmə, güclü elmi potensialın formalaşdırılması və bununla da Azərbaycanın inkişafına töhfə verə biləcəyi sahələrdə bundan sonra da fəaliyyətini uğurla davam etdirməsinin vacibliyi məsələlərindən söz açaraq, bu işlərin yerinə yetirilməsi məqsədilə universitetdə görüləsi işlərlə əlaqədar təkliflərini bildirib.

Professor Malik Cəbrayılov, professor Vəli Əliyev, professor Fərrux Rüstəmov, professor Müseyib İlyasov, professor Nailə Verdizadə, dosent İsrayıl İsgəndərov, dosent Məhəmməd Abduyev hesabat məruzəsini yüksək qiymətləndirərək hesabatın müsbət qiymətləndiriməsini təklif ediblər.

Elmi Şura “ADPU-nun 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında” professor A.Zamanovun hesabatını müsbət qiymətləndirib.

Cari məsələlərin müzakirəsi zamanı Elm və innovasiyalar üzrə prorektor professor A.Zamanov ADPU-da 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulun nəticələri barədə məlumat verib, həmçinin Elm və innovasiyalar şöbəsinin, Davamlı təhsil və təlim şöbəsinin əsasnamələrinin layihələrini təqdim edib.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov ADPU-nun filialının Elmi Şurasının nümunəvi Əsasnaməsinin təsdiqi haqqında, ADPU-nun Rektoryanı Şurası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında, “ADPU-nun Fəxri doktoru”, “ADPU-nun Fəxri professoru” fəxri adlarının təqdim edilməsi haqqında, ADPU-da pedaqoji təcrübənin qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi barədə, “ADPU-nun Şərəf kitabı”nın hazırlanması və ADPU-da auditoriyalara fəxri adların verilməsi haqqında Əsasnamə haqqında, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov Davamlı İnkişaf üzrə İnformasiya və Təlim Mərkəzinin təsis olunması barədə, Ümumi şöbənin baş mütəxəssisi Əlövsət Hümbətov isə ADPU-da Karğüzarlıq və sənədlərin saxlanması işinin təkmilləşdirilməsi haqqında məlumat veriblər.

Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Hurriyyet.org