BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

  • 2019-02-06 14:01:31
  • |

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_5937)

V Fəsil

1964-cü ilin payızında Avtandil ordu sıralarından tərxis ediləndə Bakıda qalıb öz köhnə iş yerində - “Azmaştəchizatsatış” “Respublika idarəsində - işə düzəlmək fikrində idi. Lakin valideynləri çox təkidlə Avtandilin rayonda onlarla birlikdə yaşamasını, bu ahıl vaxtlarında onlara həyan olmasını istəyirdilər. Avtandil bilirdi ki, Bakıda rayona nisbətən daha tez işə düzələ bilər. O, əsgərliyə çağrılmamışdan əvvəl Bakıda işlədiyi idarədə dərhal öz əvvəlki iş yerinə bərpa ediləcəyinə əmin idi. Lakin, fikirləşəndə ki, rayona getməkdən imtina eləsə, bununla valideynlərinin xətrinə dəyəcək, onların könlünü sındıracaq, özünü çox narahat hiss edirdi. Ona görə də qəti bir qərara gələ bilmir, hələlik götür-qoy edirdi. Onun aldığı mə’lumata görə əvvəllər “Azmaştəchizatsatış” Respublika idarəsində şöbə müdürü vəzisində çalışan Davud Əmirov indi artıq idarənin baş direktoru idi. Bu şad xəbər onu çox sevindirdi. Axı, Avtandil orduya xidmətə çağırılmamışdan qabaq onun tabeçiliyində işləmişdi! Birgə işlədikləri dövrdə onların arasında çox isti, hətta dostluq münasibəti yaranmışdı. Davud Əmirov ona həmişə bacarıqlı, intizamlı bir işçi olduğuna görə hörmət qoyurdu. Avtandil isə ona insanlarla mehriban, mədəni davranışığına, tabeliyində olanlara ədalətli, obyektiv münasibət göstərdiyinə görə böyük hörmət bəsləyər, bütün tapşırıqlarını can-başla və vaxtında yerinə yetirərdi. Odur ki, baş direktor olmağına baxmayaraq, Davud Əmirov onunla görüşməyə gəlmiş Avtandili çox böyük sevinclə və mehribançılıqla qarşıladı. Qoluna girib onu bütün şöbələrə şəxsən özü müşayiət elədi. Onu köhnə iş yoldaşları ilə görüşdürdükdən və təzə işçilərlə tanış etdikdən sonra öz kabinetinə apardı. Katibəyə onlara çay verməyi tapşırdı. Çay süfrəsi arxasında bir saata yaxın söhbət etdilər. Söhbət əsnasında Davud Əmirov Avtandilə:

- Avtandil yaxşı vaxtında gəlmisən. Bir neçə gün bundan əvvəl məndə şöbə müdürü vəzifəsi boşalıb. Təchizat şöbəsinin müdürü vəzifəsi! Elə bu gün o vəzifəyə sənin təyinatın haqqında əmr verə bilərəm. Əminəm ki, bu işin öhdəsindən gələcəksən. Hə, nə deyirsən, razısanmı? –dedi. Avtandil ona minnətdarlığını bildirərək cavab verdi:

- Davud müəllim, mənə etdiyiniz təklifə və göstərdiyiniz etimada görə Sizə minnətdaram. Çox sağ olun! Ancaq bu gün mən Sizinlə və köhnə iş yoldaşlarımla görüşə gəlmişəm. Hələlik şəhərdə qalıb-qalmamağım məlum deyil. Təklifinizə “hə” demədiyimə görə sizdən qat-qat üzr istəyirəm.

Bayaqdan deyib-gülən Davud Əmirovun birdən-birə susması və fikrə getməsi Avtandili narahat etdi. Başa düşdü ki, onun təklifinə “hə” deməməsi Davud Əmirovun xətrinə dəyib. Keçmiş müdürünün könlünü almaq üçün, onun təklifindən imtina etməsinin səbəbini açıqlamağa məcbur oldu. Onun rayona getməyinə valideynlərinin təkid etdiyini bildirərək dedi:

- Davud müəllim, xahiş edirəm, məni düzgün başa düşəsiniz. Onların xeyir-duası olmasa, mən şəhərdə yaşaya bilmərəm. Avtandilin dediyi bu son cümlədən sonra Davud Əmirovun kefi duruldu, əhvalı yaxşılaşdı. Ayağa qalxıb onu bağrına basdı:

- Bax, bu hərəkətinə görə, böyüklərin hörmətini saxladığına görə, valideynlərinin qayğısına qaldığına görə mənim daha çox xoşuma gəlirsən. Tamamilə düz fikirləşirsən: valideynlərin xeyir-duası olmasa yaşamaq mümkün deyil. Onların könlünü sındırmaq olmaz! Sənə yaxşı yol! Avtandil; get! Ancaq unutma ki səni heçkimin tanımadığı bir rayona gedirsən. Ola bilsinki, orada iş tapmaq sənə mümkün olmasın. O zaman, əgər valideyinlərin etiraz etməsə, bura-şəhərə qayıt! Rəhbərlik etdiyim bu təşkilatda, istənilən vaxt, sənə müvafiq bir iş tapılar.

- Çox sağ olun, Davud müəllim, minnətdaram – deyib, Avtandil Davud Əmirovla xudahafizləşdi.

Davud Əmirovla görüşdüyü vaxtdan 2-3 gün sonra Avtandil, əsgərlikdə evləndiyi həyat yoldaşı

Lyudmilanı və 8 aylıq körpə qızı Sonanı da götürüb valideynlərinin məskən saldığı Jdanov

(indiki Beyləqan) rayonunun birinci Şahsevən kəndinə yollanır. Valideynlərinin və yaxın qohum-əqrabanın sevinclə qarşıladığı Avtandil, onlarla görüşüb, hal-əhval tutduqdan bir neçə gün sonra, işə düzəlmək məqsədilə rayon mərkəzinə üz tutur. Əsgərlikdə partiya sıralarına qəbul edilməyi və Azərbaycan Dövlət Universitetində qiyabi təhsil almağı ona işə düzələ biləcəyinə az da olsa ümüd verirdi. Lakin 3 aya yaxın rayonun idarə və müəssisələrindən tutmuş rayon komsomol komitəsinə və icraiyyə komitəsinədək, neçə qapını döydüsə, heç kimdən bir ümüdverici söz eşitmədi. Baxmayaraq ki, SSRİ miqyasında olduğu kimi , Azərbaycanda da vaxtilə Nikita Xruşşovun inzibati əraziləri böyütmək məqsədilə birləşdirdiyi rayonlar 1964-cü ilin sonlarında yenidən ayrılmağa başlamış və bunun da nəticəsində yeni-yeni iş yerləri də açılmışdır, Avtandilə bu rayonda iş tapmaq problemə çevrilmişdir. Demək olar ki, qəbulunda olduğu bütün idarə və müəssisə rəhbərləri onu xeyli sorğu-suala tutduqdan və onun Ermənistandan deportasiya edilən azərbaycanlılardan olduğunu öyrəndikdən sonra müxtəlif bəhanələrlə ona iş verməkdən imtina edirdilər.

Avtandilin hər gün iş tapmaq ümüdü ilə Birinci Şahsevən kəndindən rayon mərkəzinədək olan 20 kilometrlik məsafəni avtobusla əbəs yerə gedib-gəlməsi, boş yerdən əziyyət çəkməsi təkcə onun ailəsinə deyil, yaxın qohum-əqrabasına da pis təsir bağışlayırdı. Qohum-əqraba, xüsusilə dayısı İsrafil , ona dəfələrlə ürək ağrısı ilə demişdilər ki, bu rayonun rəhbərləri Ermənistandan gələn azərbaycanlılara iş vermirlər. Səndə bu rayonda iş tapa bilməyəcəksən. Bakıya qayıt, orada işə daha tez düzələ bilərsən. Lakin Avtandil rayonda bu dərəcədə yerlipərəstlik hökm sürdüyünə inanmaq istəmirdi. Avtandil bu rayonda gördüyü ögey münasibətə Xanlar rayonunda da rast gəlmişdi. Ancaq Xanlarda gəlmələrə qarşı ögey münasibəti yerli azərbaycanlılar deyil, əhalinin çox hissəsini təşkil edən ermənilər bəsləyirdilər. Orada, birinci katibdən tutmuş ən kiçik bir idarə müdürünədək, bütün vəzifələrə yiyələnmiş ermənilər açıq-aşkar millətpərəstlik edirdilər.Əhalisi demək olar ki, 100% azərbaycanlılar olan Jdanovda isə əksinə idi: cəmi 40-50 erməni ailəsi yaşayan bu rayonda ermənilərə böyük hörmət qoyulurdu. Rayon rəhbərliyi bəzi ermənilərə yaxşı vəzifə verməklə onların nüfuz sahibinə çevrilməsinə də imkan yaradırdı. Hətta rayon partiya komitəsinin aparıcı şöbəsi olan təşkilat şöbəsinə rəhbərlik etnik erməni Zaven Qalstyana etibar edilmişdir.

Azərbaycanlılara qarşı tarixən düşmənçilik münasibəti bəsləyən ermənilərə bu rayonun rəhbərləri tərəfindən qoyulan bu hörmətin haradan qaynaqlandığını Avtandil heç cürə anlaya bilmirdi. “Axı nəyə

görə burada ermənilərə göstərilən hörmətin, qayğının heç olmasa cüzi bir hissəsi Ermənistandan qovulan azərbaycanlılara qoyulmur?Nəyə görə ermənilər Azərbaycanda ürəkləri istədikləri işlə təmin edildikləri halda, Ermənistandan qovulan azərbaycanlılara iş tapılmır? Nə üçün bəzi idarə və müəssisələrdə aylarla boş qalmış iş yerlərinə “irəvanlılar”ın yerləşdirilməsinə imkan verilmir? Avtandil beynində dolaşan bu kimi suallara cavab tapa bilmədiyindən onu qəhər basırdı. Boğazında ilişib qalan qəhər hissi onu boğur, rahat nəfəs almağına imkan vermirdi. Özü-özünə verdiyi suallara Avtandil bir neçə ildən sonra – 1969-cu ildə respublika rəhbərliyində baş verən dəyişikliklərdən sonra cavab tapa biləcəkdir. 70-ci illərin əvvələrindən başlayaraq yerlipərəstliyə qarşı respublikada görülən tədbirlər onu tamamilə ayıldacaq və o, anlayacaq ki, Respublikada baş verənlərin hamısı ona rəhbərlik edən liderin şəxsiyyətindən və onun apardığı siyasətdən asılıdır. Hələlik, isə Avtandil bütün iradəsini toplayıb onu boğan qəhər hissini özündən kənarlaşdırdı. Özünü ələ alıb, son ümid yeri hesab etdiyi rayon partiya komitəsinə müraciət etmək qərarına gəldi. Bir neçə gün get-gəldən sonra o, rayon partiya komitəsinin birinci katibi Cavanşir Məmmədovun qəbuluna düşə bildi. Lakin 1ci katibin onun işlə bağlı müraciətinə “bilirsənmi, cavan oğlan, hal-hazırda, təəssüf ki, rayonda sənə münasib bir iş yoxdur. Bir-iki aydan sonra əlaqə saxla, imkan olsa, kömək edərik” - deyə verdiyi cavab, onu tamamilə çarəsiz vəziyyətə salmışdı.

Cavanşir Məmmədovun kabinetindən Avtandil kor-peşiman halda çıxıb raykomun binasından təqribən 200 metr aralıda yerləşən avtovağzala tərəf üz tutdu. Fevral ayının sonuncu, soyuq, sazaqlı günü idi. Gecə yağan qar hər tərəfi ağartmışdı. Səhər tezdən özünü yavaş-yavaş biruzə verən, bu rayonda çox nadir hallarda rast gəlinən şimal küləyi, təzə yağmış qara sığal çəkə-çəkə, yolları hamarlamaq tapşırığı alıbmış kimi, çala-çökəkləri qarla doldururdu. Avtandil o qədər fikirli idi ki, yeridikcə nə ayağının altında “xart-xart” edən qarın xarıltısını, nə də ki, paltosunun yaxasını düymələməyi unutduğundan sinəsindən bədəninə dolan sazaqlı havanı hiss edirdi. Hətta bir dəfə ayağı qarla örtülmüş çalaya düşəndə yıxılmaqdan özünü güc-bəla ilə saxlaya bildi. Gözü qorxduğundan yerişinin sürətini azaltmağa, ehtiyatla hərəkət etməyə məcbur oldu. O yavaş-yavaş addımlayaraq fikirləşirdi: “Axı, tezliklə işə düzəlməsəm, ailəmi necə dolandıracağam. Sovxozda gözətçi işləyən 60 yaşlı kişiyə əlavə yük olmaq biabırçılıqdı, həm də kişilikdən deyil. Atam bu yaşında nə qazanır ki, 6 nəfərlik böyük bir ailəni dolandıra bilsin... Bəlkə mən də gedib kişinin yanında fəhlə işləyim?... Axı, kişinin dediyinə görə qış aylarında sovxozda heç bir iş olmur. Sovxozda işə düzəlmək üçün də ən azı bir-iki ay gözləmək lazım gələcək. Yox, daha gözləmək olmaz, Bakıya gedib köhnə iş yerimdə işə bərpa olunmalıyam. Başqa yolum yoxdur! İşə düzəldikdən sonra gəlib ailəmi də şəhərə apararam. Elə günü sabah, yox, elə bu gün qatarla yola düşməliyəm.”

Avtandilin qərarı qəti idi. O, yenidən addımlarını yeyinlədib rayon mərkəzinin kənarından keçən, əkin sahələrini suvarmaq məqsədilə çəkilmiş, o qədər də böyük olmayan kanalın üstündə ki, eni 10-12 metr olan körpünü keçərək yolun kənarındakı avtovağzala daxil oldu. Qabağına “Daşburun stansiyası” sözləri yazılmış kardon lövhə vurulan avtobusa əyləşdi. “Bakı-Yerevan” qatarının yolu üstündə yerləşən Daşburun stansiyası Birinci Şahsevən kəndinə bitişik bir yerdə idi. Ona görə də rayondan həm stansiyaya, həm də Birinci Şahsevən kəndinə gedənlər eyni avtobusla gedib-gələrdilər.

Avtandil evə çatanda gün günortadan keçmişdi. Möhkəm acıdığını hiss edib saatına baxdı. Saatın əqrəbi 14 30 -u göstərirdi. Yaşadıqları daxmanın qapısını açıb içəri girdi. Ən azı 15-20 il bundan əvvəl çiy kərpicdən tikilmiş iki kiçik otaqdan ibarət olan bu daxmanın bir otağında ata-anası və kiçik yaşlı bacısı, ikinci otağında isə 3 aya yaxın idi ki, Avtandil həyat yoldaşı və körpə qızı ilə yaşayırdı. O, içəri keçib arxasınca qapını örtdü. Otaqda olanlara nəzər saldı. Bu an Avtandilin gözləri anası Tərlanın və həyat yoldaşı Lyudmilanın sual dolu gözlərinə sataşdı. Bu gün də onları sevindirə bilməyəcəyi fikri onu sıxdığından dinmədi, keçib salyarka ilə gur-gur yanıb evi qızdıran dəmir sobanın yanındakı çarpayının üstündə oturdu.

Avtandilin üzünün ifadəsindən hər şeyi başa düşən qadınlar ondan işlə əlaqədar heç nə soruşmadılar.

Lyudmila ehmalca yaxınlaşıb: “Ev istidir. Paltonu çıxart” – deyib Avtandilə paltosunu soyunmaqda kömək elədi. Paltonu o biri otağa aparıb divara bərkidilmiş taxta asacaqdan asdı. Tərlan isə: - Oğlum, biz nahar etmişik. Dur əllərini yu, bir tikə çörək sən də ye, səhərdən ac-susuz bu yollardasan, - deyib gəlinə tərəf döndü: - Qızım, ərinə qulluq elə!

Lyudmila Şahsevən kəndində yaşadığı üç ay ərzində azərbaycanlıların adət-ənənələrinə az-çox bələd olmuş, dilimizi də xeyli başa düşməyə başlamışdı. Hətta mətbəximizə aid bəzi xörəkləri bişirməyi də öyrənmişdi. Qayınanasının rəğbətini qazanmaq xatirinə onun icazəsi olmadan hər hansı bir işə əl atmazdı. Odur ki, “ərinə qulluq elə” kəlməsi ona bəs idi ki, bir boşqab şorbanı, bir neçə tikə çörəyi və göy-göyərtini 1-2 dəqiqənin içində, onların həm yataq, həm də yemək yeri sayılan otağındakı masanın üstünə düzsün. İsti şorbanın ətirli iyindən məst olan Avtandil iştahla nahar etdikdən sonra dilləndi:

- Ana, mən çox çalışdım, iş tapa bilmədim. Nəhayət əmin oldum ki, bu rayonda mənə heç kim iş verməyəcək. Bakıya qayıdıb orada işə düzəlməliyəm. Hələlik həyat yoldaşım və qızım burada sizinlə qalar. İşlərimi sahmana salandan sonra gəlib onları apararam. Çox xahiş edirəm inciməyəsən məndən, ana!

- Qadan alım, ay oğul, səndən niyə inciməliyəm ki? Məgər neçə aydır çəkdiyin əzab-əziyyəti görmürəm? Düzü atan da elə bu fikirdədir. Sənin işə düzəlməməyin, bunu ürəyinə salıb gecə-gündüz fikir eləməyin atan üçün də, mənim üçün də ağır yükə, dərdə çevrilib. Get oğlum, get! İşin avand olsun! Yoldaşının da, qızının da fikrini eləmə. Şəhərdə işlərini qaydaya salandan sonra, ürəyin istədiyi vaxt gəlib onları apara bilərsən. Ailəndən qətiyyən narahat olma!

Axşam işdən qayıdan Hümbət kişi də oğluna təsginlik, ürək-dirək verdikdən və valideynlərinin ondan incimədiklərinə əmin olduqdan sonra Avtandil xeyli rahatlandı. Valideynlərinin onun işə düzəlmək üçün Bakıya yollanmasına xeyir-dua vermələri onu çox sevindirdi. Son aylar keçirdiyi həyəcandan, gərgin vəziyyətdən azad olduğunu hiss etdi. Onda bir-iki gün ərzində Bakıda işə düzələcəyinə əminlik yarandı.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA