BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

  • |

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_58755)

Avtandil 10 günə yaxın stasionar müalicə aldıqdan sonra işə çıxdı və dərhal yoxlama materiallarının aqibəti ilə maraqlandı. Anonim ərizənin yoxlanılması ilə bağlı materialların bugünə kimi rayon prokurorluğuna göndərilməməsi onu çox əsəbləşdirdi. Ona görə də Avtandil yuvanmadan bir daha “birinci” yə müraciət etmək qərarına gəldi. Onun yazılı formada Cavanşir Məmmədova ünvanladığı növbəti müraciət daha sərt məzmunda yazılmışdı: “Yoldaş, Məmmədov, Sizə dəfələrlə imzasız ərizənin yoxlanılması ilə bağlı materialların hüquq-mühafizə orqanlarına göndərilməsini təklif etməyimə baxmayaraq, bu günə kimi bu təkliflərimə məhəl qoymamısınız. Yoxlama materiallarını özünüzdə saxlamaqla Siz, tikinti təşkilatında törədilən cinayət əməllərinin üstünü ört-basdır etməyə, dövlətin külli miqdarda maliyyə vəsaitini mənimsəmiş Musa Sadıxovun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını almağa çalışırsınız. Odur ki, Sizə bildirirəm: Əgər yaxın günlərdə yoxlama materialları rayon prokurorluğuna göndərilməsə, anonim ərizə ətrafında baş verən biabırçılıqlar barədə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə məlumat verməli olacağam!”

Cavanşir Məmmədov Avtandilin ona ünvanladığı ikinci məktubun məzmunu ilə tanış olduqdan sonra o qədər qəzəblənmişdi ki, necə deyərlər, cilov gəmirməyə hazır idi. O, kabinetində var-gəl edə-edə fikirləşirdi: “Deyəsən bu küçüyün döyülməyi əks təsir bağışlayıb. O, qorxmaq əvəzinə daha da quduzlaşıb. Gərək onu ölüncə döyəydilər. Onda birdəfəlik canımız qurtarardı... Gör, nə dərəcədə həyasızlaşıb ki, mənə, bu boyda rayonun sahibinə hədə-qorxu gəlir... Yox, bunu belə qoymaz olmaz, təcili tədbir görmək lazımdır!”

Cavanşir Məmmədov onu narahat edən fikirlərdən bir təhər ayrılıb, yazı masasının arxasına keçərək kresloda oturdu. Masanın üstündə qalaqlanmış sənədləri nəzərdən keçirtməyə başladı. Birdən,bu gün Novruz bayramının son çərşənbəsi olduğu yadına düşdü. Fikirləşdi ki,bu gün dostları ilə görüşmək pis olmazdı: Həm axır çərşənbəni birgə qeyd edərlər, həm də Avtandillə bağlı bir tədbir fikirləşərlər. Axşam dostları ilə yeyib-içəcəyi fikri onun kefini tamamilə durultdu. Özündən razı halda telefonun dəstəyini qaldırıb bankın müdürünə zəng çaldı.

- Fərhad, bu axşam saat 8-də raykomun qonaq evində toplaşırıq. Fərman müəllimlə Bayramada xəbər ver.

- Yaxşı, Cavanşir, narahat olma! Elə bu saat sənin tapşırığını onlara çatdıracağam.

40 yaşı ancaq olan Cavanşir Məmmədov ağsaqqal dostlarından yalnız Fərman Bağırova “müəllim” deyə müraciət edərdi. Özündən ən azı 20 yaş böyük olan Fərman Bağırova Cavanşir Məmmədov, vaxtilə həm orta məktəbdə onun sevimli müəllimi olduğuna görə, həm də onun əvvəlcə ikinci katib, sonralar isə birinci katib vəzifələrinə seçilməsində göstərdiyi hərtərəfli köməyə görə, xüsusi hörmət bəsləyirdi. Bankın müdürü Fərhad Əliyev və şəhər sovetinin sədri Bayram Kərimov da onun vəzifə pillələri ilə yuxarı qalxmasında az rol oynamamışdılar. Xüsusilə onların təmənnasız olaraq, yeri gəldikcə, ona küllü miqdarda maliyyə vəsaiti ilə yardım göstərmələrini Cavanşir Məmmədov heç vaxt unutmurdu. Fərhad Əliyevlə Bayram Kərimovun da yaşları az deyildi. Onların hər biri Cavanşir Məmmədovdan 14-15 yaş böyük idilər. Həm yaş fərqinə, həm də onların sadiqliyinə görə onlara hörmət əlaməti olaraq tapşırmışdı ki, öz aralarında ona “Cavanşir müəllim”,yaxud “yoldaş Məmmədov” yox, sadəcə olaraq “Cavanşir” deyə müraciət etsinlər.

Qonaq evinin aynabəndindəki palıd ağacından hazırlanmış, uzunluğu 2 metrdən artıq olanmasanın üzərində əsl bayram süfrəsi açılmışdı. Katibin tapşırığını xüsusi canfəşanlıqla yerinə yetirməyə çalışan yaxınlıqdakı restoranın müdürü, quzu ətinin kababından tutmuş çöl ördəyinin kababına kimi, balıq ləvəngisindən tutmuş osetrin balığının kürüsünə kimi ən ləziz nemətlərlə, bir neçə şüşə bahalı konyak və araqla süfrəni doldurmuşdu.Bir tərəfdən son çərşənbənin yaratdığı bayram ovqatı, digər tərəfdən insana bihuş edici təsir bağışlayan ətirli, dadlı nemətlərin bolluğu süfrə arxasında oturanların əhval-ruhiyyəsini oqədər yüksəltmişdi ki, biri-birinin şərəfinə sağlıqlar deyib, badələr qaldırmaqdan başqa, onlarbu anlarda heç birşey barədə düşünmürdülər. Bu minvalla bir saatdan artıq yeyib-içdikdən sonra, nəhayət, hamıdan az içki qəbul edən, ona görə də hamıdan ayıq olan Fərman Bağırov üzünü yoldaşlarına tutub dilləndi:

- Bayaqdan qayğısız, əhlikef cavanlar kimi yeyib-içirik. Heç fikirləşmirik ki, bəlkə kiminsə bir problemi var, bəlkə kiminsə bir məsləhətə ehtiyacı var...

- Ay Fərman, qoy yeməyimizi yeyib, içkimizi içək. Bu bayram günündə problemlərdən danışıb, əhvalımızı korlamayaq, -deyib, Bayram Kərimov boşalmış qədəhlərə konyak süzdü. – Şükür Allaha, işimiz pis getmir. Bunu da içək...

- Yox, Bayram, - deyə Cavanşir Məmmədov onun sözünü yarımçıq kəsdi. - Fərman müəllim düz deyir. Mövcud problemləri elə süfrə arxasında həll etmək daha yaxşıdır... Sən bilirsənmi Bayram, bu günə kimi mən, hələdir, anonim ərizə ilə bağlı problemi həll edə bilməmişəm?! Bu ərizənin Avtandil tərəfindən deyil, Musanın bir il əvvəl işdən qovduğu bir nəfər iş icraçısı tərəfindən təşkil edildiyi təsdiq olunduqdan sonra bu problem daha da böyüyüb, onun həlli daha da çətinləşibdir.

Fərhad Əliyev təəccüblə Cavanşirdən soruşdu:

- Necə yəni problemin həlli daha da çətinləşib? Bunu necə başa düşək?

- Avtandil iki ayağını bir başmağa dirəyərək məndən tələb edir ki, imzasız ərizə ilə əlaqədar apardığı yoxlamanın materiallarını istintaq orqanlarına göndərim. Bir sözlə, o, Musanın cinayət məsuliyyətinə cəlb edilməsini təkid edir. Fərhad Əliyev:

- Axı, mən eşitdiyimə görə Avtandil Musadan, ona və ailəsinə böhtan atdığına və onu təhqir etdiyinə görə üzr istəməyini tələb edib?!

- Bəli, elədir. Ancaq Avtandil tələb edir ki, Musa öz işçiləri qarşısında ondan üzr istəsin. Bu da mümkün olan şey deyil!

- Niyə mümkün olan şey deyil, Cavanşir? Camaatın içərisində Musanın onu “raykomun tulası” adlandırmağı mümkün olur, ancaq üzr istəməsi mümkün olmur?

- Fərhad, bir şeyi başa düşmək lazımdır: Avtandilin qoyduğu şərtlə Musa üzr istəsə, o, tamamilə hörmətdən düşəcək və bir daha o kollektivə rəhbərlik edə bilməyəcəkdir.

- Cavanşir, mənim fikrimcə Musa Avtandilin şərti ilə razılaşmalı və öz kollektivi qarşısında ondan üzr istəməlidir. Əks təqdirdə o, öz təmiz adını, ləyaqətini qorumaq üçün bütün vasitələrə əl ata bilər!

- Mən isə Musa Sadıxovun Avtandil Abbasovun irəli sürdüyü şərtlərə əməl etməsinə razı deyiləm. Əgər camaatın gözü qarşısında Musa ondan üzr istəsə, nəinki Musa, eləcə də Cavanşir hörmətdən düşə bilər. Deyəcəklər ki, bu boyda rayonun rəhbəri bir nəfər təlimatçının qarşısında aciz qaldı. Yox, buna yol vermək olmaz! Fikirləşib, başqa bir çıxış yolu tapmaq lazımdır. - deyə Fərman Bağırov dilləndi. Bu məqamda söhbətə müdaxilə eləyən Bayram Kərimov da öz fikrini bildirdi:

- Aydındır ki, döyməklə, hədə-qorxu gəlməklə, Avtandili qorxutmaq, tutduğu yoldan çəkindirmək mümkün deyil. Fikrimcə, Musa öz sadiq sürücülərindən birinə yaxşı pul verib, avtomobil qəzası törətməklə Avtandili tamamilə sıradan çıxarda bilər. Necə deyərlər, “adam yoxdursa problem də yoxdur!”

- Sən nə danışırsan? Adam öldürmək ən ağır cinayətdir. Hansı yolla olursa olsun o, məhv edilsə, hamı bu cinayətin Cavanşirin razılığı ilə Musa tərəfindən təşkil edildiyini anlayacaqdır. Bu, məsələnin daha da böyüməsinə gətirib çıxardar. Partiya işçisinin öldürüldüyü xəbəri Mərkəzi Komitənin yenicə seçilmiş birinci katibi Heydər Əliyevin qulağına çatsa, Cavanşir bir gün də öz vəzifəsində qala bilməyəcəkdir, - deyə Fərman Bayramın təklifinə qətiyyətlə etiraz etdi.

- Ay Fərman, bəs o zaman sən nə təklif edirsən?

- Təklif edirəm ki, Novruz bayramından dərhal sonra Cavanşir raykomun büro iclasını çağırıb Avtandili tutduğu vəzifədən azad etsin.

- Adamı işdən çıxartmaq üçün tutarlı bir əsas olmalıdır. Onu işdən çıxartmaq üçün, axı, heç bir əsas yoxdur, -deyə Fərhad, süfrə arxasındakıları bir-bir nəzərdən keçirtdi. Fərman:

- Fərhad, işçini tutduğu vəzifədən azad etmək o qədər də çətin iş deyil. Bunun üçün istədiyin qədər əsas tapmaq mümkündür. Məsələn, Avtandilin anonim ərizə ilə bağlı yoxla mamateriallarının prokurora göndərilməsini birinci katibdən təkidlə tələb etməsi, onun sözünə baxmaması, yaxud Musa Sadıxovla şəxsi-qərəzlik zəminində yaratdığı münaqişəyə son qoymaq istəməməsi əsas deyilmi? Axı, Avtandilin qudurğan hərəkətləri rayonun ictimai-psixoloji atmosferasını getdikcə gərginləşdirir...

Fərhad Fərmanın sözünü ağzında yarımçıq qoydu:

- Əminəm ki, işdən azad edildikdən sonra Avtandil qətiyyən sakit dayanmayacaq. Yuxarı təşkilatlardan tutmuş Heydər Əliyevə qədər şikayət ərizələri ilə müraciət edəcəkdir. Heç fikirləşirsinizmi ki o müraciətlərin hər hansı biri Heydər Əliyevə çatsa nə baş verə bilər? Təkcə bircə fakt- Musanın “ölü canlar” hesabına dövlətin külli miqdarda pulunu mənimsəməsinə baxmayaraq, onun barəsində tədbir görülmədiyi faktı kifayətdir ki, Heydər Əliyev Cavanşiri tutduğu vəzifədən azad etsin.

- Heydər Əliyevin, məgər, başqa işi-gücü yoxdur ki, bu kimi kiçik məsələlərlə məşğul olsun? Respublikanın keçmiş rəhbərliyindən ona miras qalmış o qədər problemlər var ki, onların həll edilməsi üçün ən azı 3-4 il vaxt lazımdır. Bir də elə etmək lazımdır ki, Avtandilin yazdığıərizələrin heç biri, nəinki Heydər Əliyevin, hətta Mərkəzi Komitənin ikinci katibi Sergey Kozlovunda əlinə düşməsin. Cavanşirin özü yaxşı bilir ki, onların nəzarətinə götürülən bütün şikayət ərizələri çox dəqiq yoxlanılır. Bu kimi ərizələri yoxlayan şəxslər üzə çıxan nöqsanların birini belə gizlətməyə cəsarət edə bilməzlər. – Bütün bunları dostlarının nəzərinə çatdırdıqdan sonra Fərman Bağırov üzünü Cavanşirə tərəf tutub dedi:

- Ona görə də sən, Cavanşir, çalışmalısan ki, Avtandilin Mərkəzi Komitəyə, eləcə də respublika prokurorluğuna ünvanladığı məktublar sənin öz adamlarının əlinə düşsün. Hər halda Mərkəzi Komitədə yaxın adamların olmamış deyil.

- Əlbəttə var, Fərman müəllim. Mərkəzi Komitənin ərizə və şikayətlər şöbəsində xətrimi istəyən yoldaşlar az deyil. Eyni zamanda bizim rayonun kuratoru da çox etibarlı yoldaşdır. Onlar heçvaxt mənim bir sözümü iki eləməzlər.

- Kuratorla münasibətinin yaxşı olduğunu bilirəm. Səhv etmirəmsə, onun familiyası Abdullayevdir, elə deyilmi?

- Elədir, Fərman müəllim!

- O zaman Abdullayevə tapşır ki, respublika prokurorluğu ilə də əlaqə yaratsın. Avtandilin oraya göndərə biləcəyi ərizələr də tanış adamların əlinə düşməlidir.

- Fərman müəllim, respublika prokurorluğunda da kifayət qədər yaxın adamlarım var. Narahat olmayın, ora gedən ərizələr də nəzarətimizdə olacaq.

- Lap yaxşı! O zaman tərəddüd etmədən Novruz bayramından sonra Avtandili işdən azad edəbilərsən!

****

1970-ci il mart ayının 25-də səhər saat 11-də Avtandil raykomun növbədən kənar büro iclasına dəvət edildi. Büro iclasının keçirildiyi otağa daxil olan Avtandilin verdiyi salama büroda iştirak edən adamların almasına imkan vermədən Cavanşir Məmmədov yüksək tonla Avtandildən soruşdu:

- Bilirsənmi büro iclasına nə üçün çağırılmısan?

- Yox, bilmirəm.

- Sənin məsələni büroda müzakirə etmək üçün çağırılmısan!

- Hansı məsələmi, yoldaş Məmmədov?

- Sənin qudurğanlığınla əlaqədar məsələni, - deyib, birinci katib üzünü büro üzvlərinə tutaraq sözünə davam etdi:

- Bu adamı partiya işinə irəli çəkməklə çox böyük səhvə yol vermişik. Nə etiket qaydalarına əməl edir, nə böyük-kiçik sayır. Raykomun katibləri və şöbə müdirləri ilə münasibətdə subardinasiyanı belə gözləmir. Hətta o dərəcədə həyasızlaşıb ki, tikinti təşkilatında apardığıyoxlamanın nəticələrini məndən istintaq orqanlarına göndərməyi tələb edir. Başadüşürsünüz, bu adam mənə göstəriş verir. Əks təqdirdə Mərkəzi Komitəyə müraciət edəcəyiilə məni hədələyir, - deyib, büro üzvlərinə öz fikirlərini söyləməyə imkan vermədən öz təklifiniirəli sürdü:

- Təklif edirəm ki, bu dediklərimə əsasən Avtandil tutduğu vəzifədən- rayon partiya komitəsinintəşkilat şöbəsinin təlimatçısı vəzifəsindən azad edilsin. Kim bu təkliflə razıdırsa, əlini qaldırsın!

Araya sükut çökdü. Raykomun birinci katibi Cavanşir Məmmədovdan və ikinci katib Telman Orucovdan əlavə büro üzvü olan 7 nəfərin hamısı – rayon nəzarət komitəsinin sədri Əli Əliyev,dövlət təhlükəsizlik komitəsi rayon şöbəsinin sədri Fərman Fərəcov, Gəray Əsədov adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Əlibala Şirinov və digərləri “birincinin” təklifinə heçbir reaksiya vermədilər. Başlarını aşağı salıb susdular. Heç kimin cınqırı belə çıxmırdı. Sanki, qurbağa gölünə daş atılmışdı. İclas otağında yaranmış bu ağır sükutu yalnız, haradansa otağa soxulmuş bir milçəyin vızıltısı pozurdu.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA