BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

  • 2019-02-20 14:35:18
  • |

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_19737)

Avtandil və Yasəmən hadisə yerindən uzaqlaşdıqdan 10-15 dəqiqə sonra kapitan Süleymanovla serjant Sabir Orucov 1-ci mikrorayona qayıtdılar. Onlar maşını Avtandilin qardaşı evi olan binanın qarşısındakı 9 mərtəbəli binanın arxasında saxlayıb, maşından düşdülər. Elə 5-10 addımlıqda onları gözləyən Əli və Ağabala da onlara yaxınlaşdılar. Onların günah işlətmiş adam kimi başlarını aşağı salıb onun qarşısında lal-dinməz dayanmaqlarından Süleymanov başa düşdü ki, Sabirlə onun Biləcəri qəsəbəsində olduqları vaxt ərzində burada nə isə bir hadisə baş verib. Ona görə üzünü milis nəfərlərinə tutub:

- Hə, deyin görüm, nə olub?

Əli və Ağabala 20-30 dəqiqə bundan əvvəl başlarına gələn hadisəni kapitana danışdılar.Çox fikirləşmədən kapitan Sabirlə Əliyə Avtandilin qardaşı yaşayan binanı nəzarətdə saxlamaqlarını tapşırdı. Sonra Ağabalanı da götürüb yaxınlıqdakı binaların ətrafını bürüyən şam və küknar ağaclarının içərisində gəzişən adamların arasında Avtandilin axtarışına başladı. Onların bu axtarışı iki saatdan çox çəkdi. 1-ci mikrorayonun bütün ərazisini ələk-vələk etdikdən sonra kapitan həddindən artıq yorulduğunu hiss edib, Ağabalaya müraciətlə dedi:

- Ağabala, vaxtdır, uşaqların yanına qayıdaq!

Görünür, Avtandil hansısa qohum-əqrabasının evinə gedib. Çətin ki, bu gecə buralarda görünsün. Səhər tezdən yenə Mərkəzi Komitənin qabağına yığışmalıyıq. Onu yalnız orada ələ keçirə bilərik. Əlbəttə, əgər o tərəflərə gəlməli olsa!

****

Avtandil yuxudan oyananda Yasəməni yanında görmədi. Şalvarını geyinib dəhlizə çıxdı. Mətbəxdə bişirilən qayğanağın iyi burnuna dəydi. Mətbəxin qapısını açıb içəri keçdi. Yasəmən qaz sobasının üstündən qayğanaq bişirdiyi tavanı götürüb kənara qoydu. Avtandilə yaxınlaşıb:

- Vaxtında durmusan, səhər yeməyimiz hazırdı dedi və onu qucaqlayıb ehtirasla dodaqlarından öpdü. Sonra əlavə elədi:

- İndi isə get yuyun. Sən yuyunana kimi çayı da dəmləyəcəyəm. Tez ol, yeməyimizi yeyək. Mən bərk acımışam, daha dözə bilmirəm. Səhər yeməyi başa çatdıqdan sonra Avtandilin harasa getməyə hazırlaşdığını görüb, Yasəmən soruşdu:

- Avtandil, indi fikrin nədir? Mərkəzi Komitənin katiblərinin qəbuluna düşmək üçün bu gün də cəhd göstərəcəksən?

- Yox, Yasəmən. Burada imkan olmayacaq ki, mən qəbula düşüm. Heydər Əliyevin, yaxud ən azı sergey Kozlovun qəbuluna mən yalnız Moskvanın, vasitəsilə düşə bilərəm. Ona görə də yuvanmadan Moskvaya yola düşməliyəm.

- Bəs nə vaxt qayıdacaqsan?

- Onu bilmək olmaz. Nə üçün soruşursan?

- Moskva səfərinin nəticəsini bilmək istəyirəm. Bir də... Bir də sənin üçün darıxacağam.

- Yasəmən, sən çox gözəl və cazibədar qadınsan. Həm də tərbiyəli və ağıllısan. Mənim səndən çox xoşum gəlir. Ancaq sən bilirsən ki, mən evliyəm. Onu sevib ailə qurmuşam. Sən nə qədər xoşuma gəlsən də, mən ailəmi dağıtmayacağam. Yasəmən, xahiş edirəm, bağışla məni, sənə olan ehtirasımı cilovlaya bilmədiyimə görə, bağışla!

- Allah bağışlasın, Avtandil! Sən nə danışırsan? Mən sənə çox minnətdaram. Mənim sənə olan hisslərimi, istəyimi rədd etmədiyinə görə minnətdaram. Bir də, yadında qalsın, heç vaxt istəmərəm ki, sənin ailən mənə görə dağılsın. Sənin ailəpərəst olduğunu, həyat yoldaşını çox sevdiyini bütün rayon bilir. Hələ rayon komsomol komitəsində işə başladığın ilk dövrlərdə bir çox gənc qızın açıq-aşkar sənə göz dikdiklərini də bilirəm. Onlar ümüd edirdilər ki, ailə qurduğun rus qızını çox saxlamayacaqsan. Aylar, illər ötdükcə səhv etdiklərini anladılar. Nəhayət, öz qınlarına çəkilib, səni rahat buraxdılar.

- Məni düzgün başa düşdüyünə görə çox şadam!

Yasəmən, əminəm ki, məndən də yaxşı bir adama, səni ürəkdən sevən və sənin ürəyincə olan ləyaqətli bir kişiyə rast gələcəksən. Onunla ailə qurub xoşbaxt yaşayacaqsan. Mən sənə yalnız xoşbaxtlıq arzulayıram! Sənin xoşbaxt olmağa haqqın var! – deyib, Avtandil Yasəməni qucaqladı. Hər iki üzündən öpüb, onunla xudahafizləşdi. Mənzilin çıxışına tərəf addımlayanda, arxasınca Yasəmənin lap astadan, pıçıltıya bənzər, ancaq ürəkdən dediyi “Allah əmanəti, Avtandil! Yolun uğurlu olsun!” kimi sözlər onun qulağına çatdı. Kövrəlmiş səslə deyilən bu sözlərdə Avtandil bir doğmalıq, bir səmimiyyət duydu. Eyni zamanda bu sözlərdə çox incəliklə ifadə edilən həzin kədəri də hiss etdi. Başa düşdü ki, Yasəmən birdəfəlik ayrılığa çətin dözəcək, uzun müddət onun həsrətini çəkəcəkdir. Mənzilin çıxışındakı qapıya çata-çatda ayaq saxladı. Geriyə dönüb, bir daha Yasəmənin könlünü almaq, bir daha onu bağrına basıb, öpüşlərə qərq etmək istədi. Lakin, bütün iradəsini toplayıb, mənzildən çıxdı. Rastına düşən ilk taksiyə oturub, hava limanına yollandı.

VII Fəsil

Moskvanın Korovinskoye şossesindəki 3N=li binanın 1-ci korpusunda Avtandilin qaynı Vladimirin baldızı yaşayırdı.Uzaq qohum olsalar da, Vladimirin baldızı Rima, onun həyat yoldaşı Gennadiy və Avtandilin qızı Sonanın yaşıdı olan qızları Svetlana Avtandilin və onun ailə üzvlərinin gəlişinə həmişə sevinərdilər. Onları həmişə mehriban, gülərüz qarşılayardılar. Ona görə də Avtandil, hər dəfə Moskvaya yolu düşəndə, mehmanxanada deyil, onlarda qonaq qalardı. O, bu dəfə də Domodedovo hava limanında təyyarədən düşən kimi onlara yollandı. Qapını balaca Svetlana açdı. Avtandili görüb, sevinclə “Avtandil dayı” deyə qışqıraraq onun qucağına atıldı. Avtandil uşağın üzündən öpüb, başını tumarladı. Sonra əlindəki 2 ədəd sovqatla dolu torbalardan birini açıb, içərisindəki gəlinciyi çıxartdı.

- Al, balaca, bu sənindir!

- Oy, nə qəşəngdir, çox sağ ol, dayı – deyib Avtandilin üzündən öpdü. Sonra gəlinciyi oynada-oynada atılıb- düşməyə başladı.

- Sveta, sən uşaq baxçasına daha getmirsən?

- Yox, gedirəm. Axşam bir az xəstələndiyinə görə anam bu gün məni baxçaya getməyə qoymadı.

- Demək bu gün bütün günü evdə tək qalmısan?

- Yox; bütün günü Maşa nənəgildə idim. O, bizim qonşudur. Səhər tezdən anam işə gedəndə məni ona tapşırdı. Öz evimizə elə təzəcə gəlmişdim ki, Siz gəldiniz. Avtandil saata baxdı. Moskva vaxtı ilə saat 16 30 idi. Gena ilə Rima işdən çıxıb evə gələnə kimi ən azı üç saata yaxın vaxt var idi. Bu qədər boş vaxtı necə keçirtməyi fikirləşdi. Eyni zamanda ac olduğunu, yemək istədiyini də hiss etdi. Qərara gəldi ki, qonaq gəldiyi evin yaxınlığındakı bağa getsin. Oradakı kafedə yemək yeyəndən sonra, vaxtının qalan hissəsini kafedən çox da aralıda olmayan bilyardxanada bilyard oynamağa sərf etsin. Avtandil, eyvanda gəlinciyi ilə oynamağa başı qarışan Svetlananı çağırdı:

- Sveta, bir bura gəl!

Svetlana cəld onun yanına qaçdı.

- Avtandil dayı, eşidirəm!

- Mən aşağıdakı bağa düşürəm. Orada bilyard oynayacağam. Valideynlərin gələnə kimi qayıdacağam. Sən darıxma, yaxşımı?

- Mən yenə tək qalıb darıxacağam. Bəlkə məni də özünüzlə aparasınız?

- Yox, Sveta. Mənim başım bilyard oynamağa qarışar, sənə vaxt ayıra bilmərəm. Yaxşısı budur, evdə gəlinciyinlə oynayasan. Qapını bağla, tanımadığın adamlara açma! Yaxşımı?

- Yaxşı. Dayı, ancaq çalışın ki, bir az tez gələsiniz!

- Çalışaram!

Avtandil mənzili tərk edib aşağı, binanın həyətinə düşdü. Binadan şosseyə qədər çox böyük bir sahədə, hələ 12-13 il bundan əvvəl salınmış bu bağ kənardan baxana meşənin bir parçasını xatırladırdı. Adama elə gəlirdi ki, yaşıl xalçaya bənzəyən bu talada həmişəyaşıl ağaclardan başqa heç nə yoxdur. Bağın içərisinə daxil olanda isə tamam başqa bir mənzərənin şahidi olursan: Səliqə ilə beton-plitələlər döşənmiş, eni 2 metrdən çox olmayan piyada yolları boyu əkilmiş küknar ağaclarının göz oxşayan görkəmi, ətraf ağaclarda yuva salmış, cəh-cəh vuran müxtəlif növ quşların xoş avazları, bağa xüsusi bəzək verən güllərin və çiçəklərin bihuşedici ətiri buranı seyrə çıxan insanlara həmişə xoş təsir bağışlayır. Bağın bir hissəsində uşaqlar üçün qurulmuş müxtəlif əyləncələr, digər hissəsində isə hələ 10 il bundan qabaq böyüklərin istifadəsinə verilmiş iki mərtəbəli kafe, bilyardxana və tennis kortu bu bağı əhalinin əsl istirahət mərkəzinə çevirmişdi.

Avtandil kafedə yemək yeyib, çox xoşladığı bu bağda xeyli gəzdikdən sonra bilyardxanaya daxil oldu. İki partiya bilyard oynadıqdan sonra hiss etdi ki, çox yorulub, saatına baxdı, saat 18 45 idi. Evə getməyin vaxtı idi. Bilyardxanadan çıxıb yavaş-yavaş qohumları yaşayan binaya tərəf üz tutdu. Ondan 10-15 metr irəlidə bir sarışın qızla hündürboy, idmançıların bədən quruluşuna malik bədən quruluşu olan cavan bir oğlan əl-ələ verib söhbət edə-edə irəliləyirdilər. Avtandil ürəyində “necə də biri-birilərinə yaraşırlar. Gözəl cütlükdür!” - deyə fikirləşərkən, onun böyründən içkili vəziyyətdə olan iki nəfər cavan oğlan onu kobudcasına yoldan kənara itələyib, sürətlə yanından keçdilər. Avtandil onları saxlayıb kobud hərəkətlərinə görə üzr istmələrini tələb etmək istədi. Bu zaman həmin cavanların irəlidə gedən cütlüyə qarşı da eyni hərəkəti etdiklərini gördü. Görünür , onlar cütlüyə qarşı etdikləri kobud hərəkətlərdən əlavə qızla oğlanın ünvanına həm də təhqiredici sözlər də işlətmişdilər. Avtandil bunu, qızla yanaşı gedən oğlanın birdən-birə dayanaraq, əli ilə qızı ehmalca arxasına itələyib, oğlanlara qəzəblə:

- O sözü deyən kim idi? Bir də təkrar etsin görüm! - deməyindən başa düşdü. Oğlanlardan biri, özünü daha cəsarətli göstərmək istəyərək, dilləndi:

- Şəxsən mən dedim... Dedim ki, sənin yanındakı qəşəng düyə sənə yox, mənə yaraşar.

Axırıncı sözləri ağzından çıxaran anda oğlanın qulağının dibinə dəyən yumruq zərbəsi onu yerə sərdi. Bunu görən digər içgili cavan qızla birgə dayanan oğlana hücum etdi: Əlini qaldırıb ona zərbə endirmək istəyəndə o, sol qolu ilə zərbənin qarşısını aldı. Sonra sağ əli onun zərbə endirmək istəyən əlinin biləyindən yapışıb qolunu çiyninə tərəf var gücü ilə qanırdı. İçgili oğlan ağrıdan bağırıb dizi üstə yerə çökdü. Bu zaman yumruq zərbəsindən yerə sərilmiş digər oğlan cəld ayağa qalxdı. Haradansa çıxardığı uzun tiyəli bıçağı arxası ona tərəf olan, hələ də diz üstə çökdürülmüş yoldaşının qolunu buraxmayan cavan oğlanın kürəyinə endirmək istədi. Elə həmin anda, fikirləşmədən, cəld bir sıçrayışla Avtandil irəli atılıb , oğlanın bıçaq tutduğu əlinin biləyindən yapışdı. Var gücü ilə qolunu burdu. Bıçaq oğlanın əlindən yerə düşdü. Avtandil əyilib bıçağı yerdən götürmək istəyəndə, kiminnsə amiranə səsi onu saxladı:

- Bıçağa əl vurmayın! Çəkilin kənara!

Avtandil ayağa qalxanda hadisə yerində artıq bir neçə milis nəfərlərinin toplaşdığını gördü. Görünür, ya kimsə milis şöbəsinə zəng vurub, hadisə barədə xəbər veribmiş, ya da, milis naryadı hadisə yerinə təsadüfən gəlib çıxmışdı. Hər halda onlar dərhal öz vəzifələrini yerinə yetirdilər. Yerə düşən bıçağı ehmalca götürüb əllərindəki kağız torbaya qoydular. Sonra da içkili gənclərin, qızla birlikdə olan cavan oğlanın və Avtandilin qollarına qandal vurub “autozaka” mindirdilər. Qız milis nəfərlərinin üstünə qışqıraraq:

- Siz nə edirsiniz? - deyə Avtandili və onunla bir yerdə olan oğlanı göstərib:

- Bunların heç bir günahı yoxdur. Bunların hər ikisi məni o xuliqanlardan qorudular. – dedi.

Milis nəfərlərindən biri, rütbəcə o birilərindən böyük olan baş serjant qıza müraciətlə:

- Gözəl qız, Siz də bizimlə getməlisiniz. Kimin günahkar olub-olmadığını şöbədə araşdıracağıq. –Dedi. Sonra hadisə yerinə 3 nəfər milis nəfərlərini gətirmiş “Jiquli” markalı xidməti maşını göstərib, qıza nəzakətlə müraciət etdi:

- Xahiş edirəm, bizimlə birlikdə bu maşına əyləşəsiniz.

- Yox, sağ olun, mən ərim oturduğu maşına oturacağam.

Qız “autozakın” hələ də açıq qalmış qapısına yaxınlaşdı. “Ərim” dediyi cavan oğlanın ona uzatdığı qandallı əllərindən yapışıb” autozaka qalxdı. Milis şöbəsində Avtandili, qızın ərini və davanın səbəbkarları olan gənc oğlanları barmaqlığa salıb, qollarını qandallardan azad etdikdən sonra şöbənin növbətçisi – milis kapitanı onlara dedi:

- Müstəntiq sizinlə maraqlanana qədər burada oturub gözləyin.

Növbətçinin yanından əl çəkməyən qız həyəcan keçirə-keçirə ondan soruşdu:

- Bəs müstəntiq onlarla nə vaxt maraqlanacaq? Bu hadisəni nə vaxt araşdıracaq? O, haradadır?

- Müstəntiq öz otağındadır. Məşğuldur, adam dindirir. Boşalan kimi sizinlə məşğul olacaqdır.

- Onda, xahiş edirəm, icazə verin evə zəng edim. Anam narahat olacaq.

- Yaxşı, dəstəyi götürüb zəng vurun. Ancaq uzun-uzadı olmasın.

- Çox sağ olun, - deyib qız növbətçi zabitin yanındakı telefonun dəstəyini qaldırdı. Zəng çaldı.

Qulağına anasının səsi gələn kimi:

- Ana, mən Korovinskoye rayon milis şöbəsindən zəng vururam.

- A qızım orada nə işin var?

- Saşanın xuliqanlarla davası düşüb. Ona görə onu buraya gətiriblər. Mən də onunla birlikdə gəldim.

- Sən heç narahat olma! Mən indi atana zəng vuracam. Hər şey yaxşı olacaq!

- Yaxşı, ana, - deyib qız dəstəyi yerinə qoydu.

Qızın anasına vurduğu telefon zəngindən az sonra şöbədə olan milis nəfərləri əl-ayağa düşdülər. Buna səbəb, yenicə işdən çıxıb evinə istirahət etməyə getmiş şöbə rəisinin müstəntiq Petrova telefonla verdiyi göstəriş olmuşdur. Rəis müstəntiqə, dərhal əlində olan bütün işləri yarımçıq qoyub, o, şöbədə olmayan vaxt milis naryadının, dava saldıqlarına görə şöbəyə gətirdiyi adamlarla məşğul olmağı tapşırmış, xüsusilə şöbəyə gətirilən qıza və onun ərinə hörmət və ehtiramla yanaşmağı tələb etmişdir. Həm də özünün bir azdan şöbəyə qayıdacağını bildirmiş və göstəriş vermişdi ki, o, gələnə kimi davada iştirak edənlərin dindirilməsini başa çatdırsın. Petrov təcrübəli müstəntiq olduğundan rəisin telefon danışığından anlamışdı ki, rəis dava iştirakçıları barədə hansısa yüksək vəzifəli şəxsdən aldığı göstərişdən sonra ona telefon açmış və özünün də dərhal şöbəyə qayıtmasına qərar vermişdir. Ona görə də otağında dindirdiyi adamla söhbətini yarımçıq qoyub, dərhal növbətçi zabiti yanına çağırtdırdı. Ona, davada iştirak edənləri dindirmək üçün onun yanına gətirilməsini təmin etməyi tapşırdı.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA