DİLİMİZ - MİLLİ KİMLİYİMİZ!

DİLİMİZ - MİLLİ KİMLİYİMİZ!

Dil, ünsiyyət, kültür və millət

II YAZI

Aynur TALIBLI, Tarix və mədəniyyət araşdırmaçısı, İstanbul, 2019

Tarixdə nüfuz qazanmış millətlərin və onların kültürlərinin, mədəniyyətlərinin var olduğunu göstərən ən öndə dəlil heç sübhəsiz ki, onların dilləridir. Məhz bu da bilinir ki, bir milləti oluşduran, meydana gətirən təməl bağlardan - qavramlardan biri və ən əsası dildir. Bu araşdırmamızın mövsuzu dil qavramı, dil və düşüncə arasındakI əlaqə, dilin millətin və millətlərin kültürlərinin meydana gəlməsindəki rolu, biz Türklərin dili və ortaq Türkçənin önəmi olacaqdır.

(Əvvəli bu linkdə:

http://hurriyyet.org/xeber/dilimiz_-_milli_kimliyimiz)

Dil ilə kültür bir-biri ilə yaxından əlaqəli iki qavramdır. Dil kültürlə yaşar, kültür də dil ilə inkişaf edər və birikir - çoxalar (Günay, 1995). Dili bir kültürün ürünü olaraq da düşünə bilərik. Bir toplumun dili, o toplumda yaşayan birəylərin (fərdlərin) genəl kültürünü əks etdirər. Kültür bir bilgi birikimidir. Bilgi birikiminin qaynağı isə dildir. Bu səbəbdən dil ilə kültür bir-birindən ayrılmaz bütündür. Bu halda kültür, nəsildən nəsilə ötürülmək üçün dilə möhtaç; toplumun duygu, düşüncə və tam mənasıyla həyat təzahürlərinin somut (gözlə gorünən) hala bürünməsinin vasitəsi olan dil üçün də kültür bir ehtiyacdır (Göçer, 2012).

Sizinlə bu məqamda ünlü bilgə, günümüzdən təxminən 2500 il öncə yaşamış çinli düşünür Konfüçyüsun sözlərini bölüşmək istərdim. O belə deyir: “Bir ölkənin yönətimini ələ alsaydım , edəcəyim ilk iş heç şübəsiz dilini nəzərdən keçirmək olardı. Çünki dil nöqsanlı – qüsurlu olarsa, sözcüklər düşüncəni doğru ifadə edə bilməz. Düşüncə yaxşı ifadə edilməzsə, görəvlər və xidmətlər gərəkdiyi kimi həyata keçirilə bilməz. Belə olduğu halda isə adət - qanun və kültür pozular. Adət - qanun və kültür pozularsa, ədalət yolunu itirər. Ədalət yolunu itirərsə, çaşqınlıq içinə düşən xalq nə edəcəyini və bunun sonunun hara varacağını bilməz. İştə məhz bu səbəbdəndir ki, heç bir şey dil qədər önəmli deyil” (Uygur 2001: 23’ten).

Düşünürəm ki, bilgənin bu sözləri dil və dilin önəmi haqqında mühüm məsələlərə işarət edir.

Dil və millətin əlaqəsi nədir? Dilin millətin formalaşmasında (oluşmasında) rolu varmı?

Biz “dil insanlar, yəni insan topluluqları arasında ünsiyyət vasitəsidir”, - dedik. Gəlin bu insan topluluqlarının necə bir araya gəldiyindən və onları bir aya gətirən səbəblərdən, bunu təşkil edən ünsürlərdən bəhs edək. Bu zaman suallarımızın cavabını daha aydın anlayacağıq.

Hər hansı bir insan topluluğunun oluşması üçün insanları bir-birinə bağlayan nədənlərin - səbəblərin olması gərəklidir. Yəni ortaq dəyərlərin olamsı lazımdır. Məhz insan topluluqları bu dəyərlər sayəsində oluşur. Millət də belə meydana gəlir. Milləti oluşduran ortaq dəyərlərə eyni irqdən gəlmək, ortaq tarixə, keçmişə sahib olmaq, ülkü (ideal) qardaşlığı və ortaq dilin olması daxildir. Ernest Renana - subyektiv (özcü) millət anlayışına görə milləti meydana gətirən nəsnə “ birlikdə acı çəkmiş, sevinmiş və birlikdə ümid etmiş olmaq”dır.

Şübhə yoxdur ki, millət könül birliyi, bir ruh anlaşması və bunun hüquqi ifadəsi olaraq birlikdə yaşamaq arsuzu və iradəsidir. Bu birlik və anlaşmanın əmələ gəlməsi üçün əlverişli bir zəmin lazımdır. Bu zəmini də əmələ gətirən yuxarıda qeyd etdiyimiz ortaq dil, ortaq yurd, ortaq tarix və ortaq soydur. Beləcə, dil yüz illərdir insanların bir-birləri ilə anlaşması üçün ilətişimin ən önəmli vasitəsidir, topluluqların millətə dönüşməsində və küıtürün – mədəniyyətin inkişaf edərək davamlılığını qorumasında çox təsirli bir vasitə, çoxyönlü səs quruluşu olan işarətlər sistemidir. Yəni millət olmadan dövlət olmaz. Dildə olmadan millət olmaz. Mənə görə dilimiz milli kimliyimizdir. Dilini itirən millət şəxsiyyətini də, kimliyini və kültürünü də itirmiş olar.

Ziya Gökalpın dilimiz və məsələləri üzərində də çox yerində və diqqət cəlb edən düşüncələri vardır. Ziya Gökalpın da millət anlayışında “dil” çox önəmli bir yer tutur. Milləti meydana gətirən ünsürlər içərisində Gökalp “kültür”ü və ona bağlı olan “dil”i ən əsaslı olaraq qəbul etməkdədir.

Bir toplumda milli birlik və bərabərlik də ancaq toplumun fərdlərini (birəylərini) bir zəncirin xalqaları kimi bir-birinə kənətləyən dillə meydana gələ bilər. Millətin bütünlüyünün gələcəyi də dillə güvəncəyə alına bilər. Türk dünyasının öndəri Mustafa Kemal Atatürkün bu sözlərini xatırlatmaq istərdim: “Türkiyə Cümhuriyyətini quran, Türk xalqı Türk millətidir. Türk milləti demek Türk dili deməkdir. Türk dili Türk milləti üçün qutsal-müqəddəs bir xəzinədir. Çünki Türk milləti geçirdiyi nəhayətsiz fəlakətlər içində əxlaqının, ənənələrinin, xatirələrinin, mənfəətlərinin, qısacası bu gün öz millətinin meydana gətirən hər şeyinin dili sayəsində muhafizə olunduğunu görür. Türk dili Türk millətinin qəlbidir, zehnidir”.

Bu məqamda Məmməd Əmin Rəsulzadənin də millət və dillə əlaqədar fikirlərini xatırlatmaq istərdim: “Milli mədəniyyət və yaxud millət, dilbirliyi, örf adət və əxlaq birliyi, gələnəksəllik içində və nəhayət inanc birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur”. “Dil millət olmanın təməlini təşkil edər. Dil ilə bərabər dində də bir olan millətlərin birləşmə yetənəyi daha tez oluşur (Dirilik” dergisi, 14 Ekim 1914, Sayı: 3).

“Milliyətin əsasını təşkil edən şey dildir. Dil adətə hər bir heyətin (insan qrupunun) hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Ey millətin istiqlalını təmin edəcək Türk gənçliyi nərədəsin?”(16) (Dirilik” dergisi, 1 Kasım 1914, Sayı: 6).

Məqaləmizin bu hissəsində xüsusilə dil, ünsiyyət ,kültür və millətin əlaqəsindən bəhs etdim. Bunun özəl bir səbəbi vardır. Çünki son zamanlarda bizlər, xüsusilə Qüzey Azərbaycan Türkləri və Anadolu Türkləri, dilimizin önəmini unutmuş və Avropa dillərinin və rus dilinin təsirində qalmışıq. Yəni dilin önəmini xəfifə almışıq. Bəzi ailələrdə övladlarımız öz dilində Azərbaycan Türkçəsində danışmağı belə bacarmırlar. Bir də bunula fəxr edən bir çox cılız düşüncəli milli kimliyini, şəxsiyyətini itirmiş insanlar da var. Bu isə heç şübəsiz sovet dönəminin və təfəkkürünün dırnaq arası “bəhrəsi”dir ki, manqurtlaşdırılmış bəzi ailələr öz dilində danışmağı deyil, rusun dilində danışmağı çağdaşlıq hesab edir. Zatən kimliyini, şəxsiyyətini itirmiş birinə də yaraşan düşüncə tərzi budur. Deyəsən, bəziləri Azərbaycan Türkçəsində danışanların “çuşka” deyərək təhqir edildiyi dönəmə geri dönmək istəyirlər. Bu isə onların şəxsiyyətsizliklərinə və manqurtlaşdıqlarına işarət edir. Unutmayın, dil sadəcə ünsiyyət üçün gərəkli deyil. Dil həm də xüsüsi, ən təsirli siyasi vasitədir və milltələrin, dövlətlərin var olduğunu göstərən simgədir. VƏTƏNİMİZ Azərbaycan rus işğalından şəhidlərimizin qanı ilə qurtarıldı, müstəqil bir dövlət oldu. Bizim dilimiz rus dili deyil, övladlarımızla öz dilimizdə danışmalıyıq. Bizim dilimiz Azərbaycan dili - Azərbaycan Türkçəsidir. DİLİMİZİ qorumaq bizim boynumuzun borcudur. BİR millətin, bir dövlətin var olduğunu göstərən dili və bayrağıdır. Axı bu dil, bu millət yaşasın deyə Əhmət Cavadlar, Hüseyin Cavidlər, Mikayıl Müşfiqlər və ismini qeyd etmədiyim yüzlərcə ədibimiz, mütəfəkkirlərimiz canlarından keçdilər. Bu gün müstəqil Azərbaycan torpağında, öz ocağında, vətənində başqa dillə danışanlar o dahi insanlara və vətənimizə qarşı nankorluq etmiş olurlar.

Bu məqamda Azərbaycanın və Türk dünyasının bilinməyən qəhrəmanlarından,Türk komutan İshak Çelik bəyin gözəl bir sözü var, onu sizlərlə bölüşürəm: “Milli dil duyqusu, düşüncəsi, vətən və millət sevgisi olmayanlar, dilini qorumayanlar, vətənini, millətini və dövlətini qorumazlar!”.

P.S. Hər zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

P.P.S. Araşdırma məqaləmizin üçüncü hissəsində Türk dünyasının görkəmli düşünürlərinin dilimiz və ortaq Türkcəmizlə əlaqədar dəyərli fikirlərini sizlərlə bölüşəcəyəm.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA