BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_66399)

Avtandil, tanımadığı adamla görüşmək üçün parka getdikdən sonra heç 10 dəqiqə keçməmişdi. Buna baxmayaraq Lyudmila çox narahat idi. Ərinin parka yollandığı andan ona hakim kəsilmiş həyəcandan xilas ola bilmirdi. Hər hansı bir bədbəxt hadisənin baş verə biləcəyi fikri onu rahat buraxmırdı. Nəhayət, dözə bilməyib Avtandilin əmisi oğlu Zakirə zəng vurmaq qərarına gəldi. Telefon zənginə Zakirin özü cavab verdi:

- Eşidirəm!

- Zakir danışan Lyudmiladı. Xeyli vaxtdır ki, Avtandil parka, tanımadığı bir nəfərlə görüşə gedib, hələ də gəlib çıxmayıb. Çox narahatam, qorxuram başına bir iş gələ! Xahiş edirəm, əziyyət də olsa, parka bir baş çək, gör oradadır, yoxsa yox? Mənə bir xəbər gətir!

Lyudmilanın həyəcan içində, bir nəfəsə dediyi bu cümlələr Zakirin də həyəcanlanmasına səbəb oldu. Fikirləşdi: “Görəsən, Avtandil niyə belə ehtiyatsızlıq edib? Allah eləməsin, birdən doğrudan da başına bir iş gələr ha!... “ Sonra tez özünü ələ alıb dedi:

- Lyudmila, mən bu saat gedib onu taparam. Sən heç narahat olma!

Zakir telefonun dəstəyini yerinə qoydu. Tələm-tələsik həyət-bacada geyindiyi yun sırıqlısını əyninə taxıb, sual dolu gözlərini ona dikmiş həyat yoldaşına:

- Sərfinaz, 5-10 dəqiqəyə qayıdıram, darıxma! – dedi və cəld bayıra atıldı.

Zakir, lap kiçik yaşlarında, 1949-1950-ci illərdə Vedinin azərbaycanlı əhalisi Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiya ediləndə, ailəsi ilə birlikdə Jdanov rayonunda məskunlaşır və orta təhsilini də elə bu rayonda almalı olur. Hələ orta məktəbin son siniflərində oxuyanda jurnalistkaya meyl göstərən Zakir, yazdığı və müntəzəm olaraq yerli “Yüksəliş” qəzetində dərc etdirdiyi kiçik həcmli, lakin müasir mövzulara həsr olunmuş məqalələri ilə qəzetin redaktoru Şamil Əkbərovun diqqətini cəlb edir. Elə ona görə də Zakir, əsgərlik xidmətini başa vurduqdan və bir neçə il pambıqçılıq sovxozunda fəhlə işlədikdən sonra Şamil Əkbərov tərəfindən qəzetdə işləməyə dəvət edilir.Qəzetdə ədəbi işçi vəzifəsində işləyə-işləyə əmisi oğlu Avtandilin qiyabi yolla təhsil aldığı Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinədaxil olur. Eyni ali məktəbdə, eyni fakultədə qiyabi təhsil almaları onları bir-birinə daha da yaxınlaşdırır. Aralarında yaranmış isti, mehriban münasibət çox keçmir ki, əsl dostluq,qardaşlıq münasibətinə çevrilir. Doğma qardaşlar tək daim biri-birinin qayğısına qalır, çətin məqamlarada bir-birinə əl tutur, kömək edirdi. Onlardan biri digəri ilə məsləhətləşməmiş vacib saydığı hər hansı bir işi görməyə tələsməzdi. Vacib hesab etdikləri məsələ ilə əlaqədarqərarı hökmən birlikdə qəbul edirdilər. Odur ki, rayon əhalisinin əksəriyyəti elə bilirdi ki, onlar doğma qardaşdırlar.

Zakir atasız böyümüşdür. Böyük Vətən Müharibəsinə gedib qayıtmayan atası Əhmədin üzünü görmək ona qismət olmamışdı. Lakin anası Məcidiyyə xanım bütün ömrünü yeganə oğlu Zakirə həsr etmiş, onu, hətta müharibə illərində və müharibədən sonrakı illərdə belə, çox korluq çəkməyə qoymamışdı. Onun əsl insan kimi böyüməsi, xoşbəxt ailə qurması üçün əlindən gələni əsirgəməmişdi. Məcidiyyə xanımın xeyir-duası ilə, onunla redaksiyada çiyin-çiyinə çalışan, çox sevdiyi Sərfinaz adlı gözəl-göyçək, bəstə boy bir qızla ailə quran Zakir, həyat yoldaşı, 2 yaşı tamam olmuş Zinyət adlı qızı və yenicə anadan olmuş, babası Əhmədin adını daşıyan oğlu ilə birlikdə Avtandilin yaşadığı binanın yaxınlığındakı bir mərtəbəli binada yaşayırdı.

Zakir Avtandilin yaşadığı bina tərəfdən parka daxil olanda qulağına əvvəlcə hənirli, az sonraisə inilti səsləri gəldi. Bu səslərin hansı səmtdən gəldiyini müəyyənləşdirmək üçün bir an ayaq saxladı. Qaranlıq olmağına baxmayaraq diqqətlə ətrafı nəzərdən keçirtməyə başladı. Bu zaman həmişə yaşıl kolların arasında qaraltıları zorla seçilən iki nəfərin yavaşdan dedikləri, lakin onun aydın eşitdiyi “gör ölməyib ki?” “yox, sağdır, nəfəs alır”,“bundan sonra Musanı hədələməyə cəsarəti çatmaz!” kimi kəlmələrin əmisi oğluna aid olduğunu anladı. Başa düşdü ki, eşitdiyi inilti səsi də məhz əmisi oğlunun iniltisi idi. “Demək, Avtandili çox vacib bir məsələ ilə əlaqədar söhbət etmək adı altında döymək, bəlkə də öldürmək məqsədilə parka çağırıblar. Ay alçaqlar!.. “ Zakir dərhal, özünün də təhlükəyə məruz qala biləcəyinin fərqinə belə varmadan, əmisi oğlunu cinayətkarların əlindən xilas etmək məqsədi ilə, iti addımlarla kolluqlara tərəf irəlilədi. Heç üç-dörd addım atmamışdı ki, səsini eşitdiyi adamlardan biri digərinə “deyəsən bizi gördülər, tez ol aradan çıxaq” deyib, parkın əks istiqamətindəki çıxışa doğru götürüldü. Yoldaşı da onun ardınca qaçanda, Zakir, onu tutub saxlamaq niyyətilə ona tərəf cumdu. Əli ilə yaxalaya bilməyəcəyini görüb, ayağı ilə arxadan ona badalaq vurdu. Qaçan cinayətkar üzü üstə yerə sərildi. Zakir dərhal onun başının üstünü aldı. Ona yerdən qalxmağa macal vermədi. İniltisi qulaqlarından çəkilməyən əmisi oğlunun vəhşicəsinə döyüldüyünü təsəvvürünə gətirən Zakir, dizlərini onun kürəyinə dirəyib, başına və üz-gözünə yumruq zərbələrini döşəməyə başladı. Endirdiyi yumruq zərbələrinin zəif olduğunu hesab edən Zakirin bayaqdan bəri çoşub-daşan qəzəbi soyumadığından, yerdəkini ayaq zərbələri ilə əzişdirmək üçün ayağa qalxdı. Bu zaman əlləri ilə başını aramsız zərbələrdən qorumağa çalışan cinayətkar da ayağa durmaq istədi.Lakin Zakirin güclü təpik zərbələri onu yenidən yerə sərilməyə məcbur elədi. Avtandilin təkrar, bayaqkindən də aydın eşidilən iniltisi Zakiri sanki yuxudan oyatdı. O, sir-sifətini qana qəltan etdiyi adamın kürəyinə ayağı ilə daha bir güclü zərbə endirib, ondan əl çəkdi. Əmisi oğluna kömək etmək üçün tələsik kolluqlara tərəf addımladı. Kolluqların arasında huşu təzəcə özünə gəlmiş Avtandilin uzandığı yerdən qalxmaq istədiyini, lakin tam ayağa qalxmamış yenidən tir-tap yerə yıxıldığını gördü. Tez özünü ona çatdırdı. İlk növbədə nəzərini Avtandilin başının arxa hissəsindəki yara və bu yaradan yavaş-yavaş süzülən qan cəlb elədi. Tez cib dəsmalını çıxarıb, onun yarasına basdı. Bir əli ilə yaraya basdığı dəsmalı tutub, o biri əli qoltuğundan yapışaraq Avtandilin ayağa qalxmasına kömək etdi. Sonra qoluna girib, parkın içi ilə, təqribən 200 metr aralıda, parka bitişik bir yerdə yerləşən rayonun mərkəzi xəstəxanasına tərəf apardı. Yolüstü Zakir, bir az əvvəl Avtandili döyənlərdən birini əzişdirdiyi yerə nəzər saldı.Lakin nə həmin yerdə, nə də ətrafda heç kim gözə dəymirdi. Görünür, başı əmisi oğluna qarışanda, onun yumruq və təpik zərbələrini yeyən adam aradan çıxmışdı. Hələ də qəzəbi soyumayan Zakiri əmisi oğlunu döyənlərin necə cəzalandırılacağı fikri rahat buraxmırdı. Odur ki, araya çökmüş sükutu pozaraq:

- Avtandil, döyülməyin barədə günü sabah milis şöbəsinə məlumat verməlisən. Qoy o alçaqları tapıb cəzalandırsınlar. Birinin sifəti yaxşı yadımdadır. Görən kimi tanıyacağam, -dedi.

- Yox, Zakir! Mənim döyülməyim barədə heç kimə heç nə demə! Yadında saxla, mən parkda gəzərkən yıxılmışam. Başa düşdün?

- O zaman o alçaqlar cəzasız qalacaqlar, axı!

- Zakir, biz şikayət eləsək də, onları heç kim nə axtaracaq, nə də cəzalandıracaqdır.

- Demək istəyirsən ki, bunu Musa Sadıxovun özü təşkil edib?

- Əlbəttə! Ancaq “birincinin” razılığı olmadan o buna cəsarət edə bilməzdi. Ona görə şikayət etməyin mənası yoxdur.

Xəstəxanada onların qarşısına çıxan növbətçi həkim yuvanmadan Avtandili müayinə edib, yaranısını hidrogen perekisidlə yudu. Yuyulmuş yaraya dərman qoyduqdan sonra başını tənziflə sarıya-sarıya Avtandildən soruşdu:

- Avtandil müəllim, necə oldu ki, belə zədələndiniz?

- Həkim, parkda gəzərkən ayağım sürüşdü, arxası üstə yıxıldım. Yıxılanda başımın arxa hissəsi daşa dəydiyindən belə ağır zədə aldım.

- Aldığınız zədə nəticəsində beyniniz silkələnib. Sizə güclü müalicə lazımdır, - deyib, həkim Zakirin köməkliyi ilə Avtandili elə öz otağının yanındakı xəstələr üçün nəzərdə tutulmuş boş palataya apardı. Oradakı yorğan-döşəkli, ağ mələfəli çarpayıya uzadaraq dedi:

- Burada uzanıb dincəlin. Çalışın ki, lazımsız yerə ayağa durmayasınız. Özünüzü gözləməlisiniz.

Bu arada Zakir, həkimin icazəsi ilə onun otağına daxil olub, oradakı telefonla Avtandilin evinə zəng vurdu:

- Lyudmila, mənəm, Zakirdi. Avtandil mənimlədir. Parkda yıxılıb, bir balaca başından zədə alıb. Ona görə xəstəxanaya gəlmişik. Narahat olma, ciddi bir şey yoxdur.

Lyudmila həyəcanla:

- Zakir, orada olun, indi gəlirəm, - deyib cavab gözləmədən telefon dəstəyini yerinə qoydu.Tələsik boynu xəzli paltosunu geyindi. Qızı Sonanın da isti koftasını ona geyindirib, onunla birlikdə bayıra çıxdı. Birinci mərtəbədəki qonşusunun qapısını döydü. Qapını evin sahibəsi, Lyudmila ilə yaxşı münasibəti olan Klava açdı. Lyudmila:

- Klava, mən təcili bir yerə dəyməliyəm. Sonanı evdə tək qoymamaq üçün sənin yanına gətirdim. Qoy o, səninlə qalsın, bir azdan gəlib götürərəm, - deyərək, cəld addımlarla oradan uzaqlaşdı. Özünü qaçaraq xəstəxanaya çatdırdı. Xəstəxananın həyətində onu qarşılayan Zakirdən həyəcan içində soruşdu:

- Bəs Avtandil hanı? O, necədir? Yoxsa vəziyyəti ağırdır, Zakir?

- Yox, yox! Qətiyyən narahat olma. Palatada dincəlir. Gedək yanına!

Lyudmila Zakirin müşayiəti ilə palataya daxil olanda, həyəcanlanmış arvadını sakitləşdirmək üçün, Avtandil uzandığı çarpayıdan ayağa durmaq istədi. Lakin onun yanında oturan həkim əlini onun sinəsinə qoyub ehmalca aşağı basaraq dedi:

- Ayağa durmağa tələsməyin, məsləhət deyil.

Avtandil etiraz eləmədi. Ona yaxınlaşıb, çarpayısının bir qırağında oturmuş arvadının kədərli sifətini və yaşarmış gözlərini görüb dilləndi:

- Narahat olma, əzizim. Hər şey qaydasındadır.

Ərinin ona dediyi təsginlədici sözlər Lyudmilanı daha da kövrəltdi. Bayaqdan özünü ağlamaqdan zorla saxlayan Lyudmila daha tab gətirə bilmədi: Oturduğu yerdəcə Avtandili qucaqlayıb, bağrına basdı və hönkür-hönkür ağladı. Avtandil arvadının çiyninə tökülmüş qızılırəngli saçlarını sığallaya-sığallaya onu sakitləşdirməyə çalışdı:

- Əzizim, bəsdir ağladığın, camaat baxır.

Lyudmila toxtayıb, sakitləşdikdən sonra həkimdən soruşdu:

- Yoldaşımın vəziyyəti qorxulu deyil ki?

- Yox, Lyudmila xanım, qorxulu bir şey yoxdur. Ancaq, ən azı 7-8 gün burada yatıb müalicə olunmalıdır. Aldığı zədədən Avtandil müəllimin bir balaca beyni silkələnib. Əgər stasionar müalicə qəbul etməsə, vəziyyəti ağırlaşa bilər.

- Həkim, nə qədər lazımdırsa qalıb müalicə olunsun, məsləhət sizindir. Lakin, Sizdən çox xahiş edirəm, nə dava-dərman lazım olsa, deyin, biz tapaq.

- Dava-dərmana görə narahat olmayın. Xəstəxanada dava-dərman kifayət qədərdir.

Qızının evdə tək qaldığından narahat olan Avtandil arvadına müraciətlə:

- Sona evdə tək qalıb, evə getmək vaxtıdır. - dedi, sonra üzünü Zakirə tutub ona tapşırdı:

- Zakir, Lyudmilanı evə yola saldıqdan sonra sən də evinə get. Arvad-uşağı gözü yolda qoyma, narahat olarlar. Lyudmila ilə Zakir Avtandillə və həkimlə xudahafizləşib xəstəxananı tərk etdilər.

Avtandilin gecə döyülməsi xəbəri ertəsi gün bütün rayona yayılmışdı. Xəbəri eşidən hər kəs bu işdə Musa Sadıxovun əli olduğunu açıq-aşkar danışırdı. Bu xəbər raykomun da işçilərinə,o ,cümlədən birinci katibə də çatmışdı. O, günorta üstü raykomun şöbə müdürü Zahid Əliyevi yanına çağırıb soruşdu:

- Zahid, Avtandilin xəstəxanaya düşməsindən xəbərin var?

- Bəli, var!

- Bilmirsən o, nəyə görə xəstəxanaya düşüb?

- Dəqiq bilmirəm. Ancaq deyilənə görə bu gecə Musa Sadıxovun adamları onu möhkəm döyüblər.

- O əclafdan hər şey gözləmək olar! Zahid, Həsən Əmirovla birlikdə gedib Avtandilə bir başçəkin. Söhbət edib, ağzını arayın. Görün, şikayət etmək fikri var, yoxsa yox!

- Oldu, yoldaş Məmmədov!

Zahid Əliyev anlayırdı ki, Avtandilin xəstəxanaya düşməsi səbəbini katibin ondan soruşması əbəs yerə deyildir. Cavanşir Məmmədov bununla özünün bu işdə əli olmadığını eşitdirirdi. Ancaq o, birinci katiblə Sadıxovun arasındakı isti münasibətlərə çox yaxından bələd olduğundan, əmin idi ki, “birinci”nin razılığı, bəlkə də göstərişi olmadan raykomun təlimatçısını döydürməyə Sadıxovun heç vaxt cəsarəti çatmazdı. Zahid Əliyev başa düşdü ki, Avtandil barədə onunla söhbəti zamanı, katib “İnşallah, fikirləşib, bir çıxış yolu taparıq” deyərkən Avtandili bu yolla qorxudub, öz inadından çəkindirməyi nəzərdə tutubmuş. Avtandil, xəstəxanada ona baş çəkən Zahid Əliyevlə Həsən Əmirova da həkimə dediyi kimi, arxası üstə yerə yıxılmasınının nəticəsində başından zədə aldığını söyləmişdi. İş yoldaşlarından xeyli əvvəl yanına gəlib, onu sorğu-suala tutmuş milis şöbəsinin müstəntiqinədə bu məzmunda izahat vermişdi. Bütün bunları Zahid Əliyev xəstəxanadan raykoma qayıdandan sonra Cavanşir Məmmədova danışdı. Avtandilin müstəntiqlə söhbəti zamanı döyülməyini boynuna almamasından Cavanşir Məmmədov çox məmnun qaldı. Fikirləşdi ki, Avtandil döyülməyini danırsa, demək möhkəm qorxuya düşüb. Bundan sonra yoxlama materiallarının prokurora göndərilməsini tələb etməyə bir daha cəsarət etməz.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA