BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/bhtan_-_yaxud_hebsxananin_bir_addimliginda)

Avtandil, “birincinin kabinetinin qapısını döyüb, içəri keçdi:

- Salam, yoldaş Məmmədov! Dedilər, məni çağırmısınız.

- Hə, çağırmışam. Qapının ağzında durma, yaxına gəl, -deyib, katib yaxınlığındakı stulu göstərdi.

- Əyləş!

Avtandil göstərilən yerdə əyləşdi.

- Eşidirəm Sizi, yoldaş Məmmədov.

- Avtandil, sən niyə bu qədər inadkarlıq edirsən? Niyə Musa ilə barışmırsan? O nə şərtdir ki, irəli sürürsən?

- Məncə səbəbini bilməmiş deyilsiniz. Əvvəla o, Sizə məni və onun rəhbərlik etdiyi tikinti təşkilatında mühasib işləyən həyat yoldaşımı anonim ərizənin təşkilatçıları kimi qələmə verməklə bizə böhtan atıb, ikincisi də, 10-15 nəfər işçinin yanında ünvanıma təhqiramiz ifadələr işlədib, məni raykomun tulası adlandırıb. Bununla da mənliyimi alçaldıb. Bütün bunların əvəzində mən çox şey tələb etmirəm, yalnız təmiz adımı, şərəf və ləyaqətimi qorumağa çalışıram.

- Musa sənin tələblərini yerinə yetirsə, o, boyda təşkilata necə rəhbərlik edəcəkdir?

- Yoldaş Məmmədov, bu artıq mənim yox, onun problemidir. O, məni ailəlikcə böhtan çirkabına bulayıb, təhqir edib. Bütün rayon onun bu əməllərini müzakirə edir. Sizi isə üzr istədikdən sonra onun tutduğu vəzifədə necə işləyəcəyi maraqlandırır. Musa Sadıxov törətdiyi cinayətə görə, nəinki idarə rəisi, heç adi bir iş icraçısı vəzifəsində də işləyə bilməz. Çünki o, saxtakardır, cinayətkardır. Tutduğu vəzifəyə layiq adam deyil!

- Bəs sən necə, tutduğun vəzifəyə layiqsənmi? Harada görünüb ki, imzasız ərizə yazdıran adam raykomda işləsin? Hə, de görüm! Amma mən o ərizəyə görə sənə dəyib-dolaşmadım. Fikirləşdim ki, cavansan, vaxt gələr, başa düşərsən.

- Yoldaş Məmmədov, Siz ərizənin kim tərəfindən təşkil edildiyini dəqiqləşdirmək əvəzinə, Sadıxovun dediklərinə inanıb, məni əsassız ittiham edirsiniz. Bilməlisiniz ki, bu, məni və ailəmi ləkələməyə yönəldilmiş böhtandır. Mənim və ailəmin ünvanına Sadıxovun dediklərinin ağ yalan, böhtan olduğunu bu yaxın vaxtlarda, inşallah, sübut edəcəyəm.

- Avtandil, məgər, bilmirsən ki, tülkü tülkülüyünü sübut edənə qədər onun dərisini boğazından çıxarırlar?

- Məni hədələyirsiniz, yoldaş Məmmədov?

- Yox, qətiyyən. Bu misalı elə belə çəkdim. Açığı mən səni başa düşə bilmirəm. Niyə Musanın təklifindən imtina edirsən? 10 min manat məgər az puldur? Azdırsa, tapşıraram yenə əlavə edər. Götür qoy cibinə, barışın getsin! Camaatın gözü Musa ilə sənə dikilib. Hamı bu məsələnin necə qurtaracağını gözləyir.

- Sizdən çox üzr istəyirəm, yoldaş Məmmədov, bu tapşırığınızı yerinə yetirə bilməyəcəyəm. Mən təmiz adımı pula satmıram. O ki, qaldı camaatın gözünün mənə və Musaya dikilməyinə...Məncə adamların gözü bizə deyil, Sizə dikilib. Hamı Musa Sadıxovun törətdiyi cinayət əməllərinə görə, qanun qarşısında nə vaxt cavab verəcəyini gözləyir.

Bayaqdan zorla özünü saxlayan Cavanşir Məmmədov Avtandilin son cümlələrindən sonra özündən çıxdı, yüksək tonla və qəzəblə:

- Sən deyəsən kiminlə danışdığını unutmusan! Kimsən axı,sən? Mənə göstəriş verirsən? Musa lap yaxşı eləyib səni “tula” adlandırıb! Anonim ərizə yazdırdığına görə sən bundan da ağır təhqirə layiqsən ! İtil gözümdən! Avtandil, bir neçə saniyə təəssüf edici nəzərlə katibi süzüb, bir söz demədən kabinetdən çıxdı. O, getdikdən sonra Məmmədov ayağa qalxıb, fikrini dağıtmaq və hirsini soyutmaq məqsədilə kabinetin mərkəzi küçəyə baxan pəncərəsinə yaxınlaşdı. Küçədən keçənlərə xeyli tamaşa etdikdən sonra pəncərədən ayrılıb, dodaqaltı mızıldandı:

- Dünənki küçüyün hərəkətinə bir bax! O qədər qudurub ki, mənə ultimatum verir.

Musa Sadıxov neçə gün idi ki, özünə rahatlıq tapa bilmirdi. Katibin Avtandillə olan söhbətinin məzmunundan xəbərdar olduqdan sonra daha da ruhdan düşmüşdü. Nə işləyə bilirdi, nə də gecələr yata bilirdi. Yuxu üzünə həsrət qalmışdı. Hər gecə evdəkilərin hamısından gec yorğan-döşəyə girir, sübhəcən gözlərini yatdığı otağın tavanına dikib fikrə gedirdi. Sübhə yaxın yuxuya gedəndə də gördüyü dəhşətli yuxulardan hövlang oyanırdı. Gördüklərinin yuxu olduğunu başa düşüb sevinirdi. “Allah sənə min şükür!” deyib, ayağa qalxırdı. Həmişə də yuxusunda Avtandilin yoxladığı ərizə ilə əlaqədar rayon prokurorluğununda müstəntiqin onu dindirdiyini, sorğu-suala tutduğunu, ya da ki, tikanlı məftillərlə hasara alınmış həbsxanada hansı məhbusunsa onu boğduğunu görürdü. Yuxuda gördüklərindən dəhşətə gəlib qışqırsa da, onun qışqırtısını özündən başqa heç kim eşitmir, öz səsindən özü yuxudan ayılır, bir daha gözünə yuxu getmirdi.

Musanın arvadı onun çox narahat olduğunu görürdü. Ancaq onu daha da narahat edə biləcəyindən, əsəbləşdirəcəyindən qorxduğu üçün ərinə heç bir sual vermir, dinib-danışmırdı. Həmişə olduğu kimi bu səhər də ərinə yemək hazırlayıb, masanın üstünə qoydu. Əl-üzünü yuduqdan sonra qurulandığı dəsmalı çiyninə salıb ayaq üstə fikirli-fikirli dayanmış Musaya yaxınlaşdı və yalvarışlı səslə onu səhər yeməyinə dəvət elədi.

- Ay Musa, qadan alım, gəl bir tikə çörək ye! Özünü çox üzmə, inşallah hər şey yaxşı olar!

Musa sanki yuxudan ayıldı. Çiynindəki dəsmalı ona müticəsinə nəzər salan arvadına verib, dedi:

- Ay Gülnisə, heç yaxşı bir şey görmürəm. Bu Avtandil nə Cavanşir Məmmədovun sözünü eşidir, nə də pula yaxın durur. Heç bilmirəm, bunun axırı necə olacaq...

- Musa, deyirdin ki, onun həyat yoldaşı sənin yanında işləyir. Bəlkə onunla bir söhbət edəsən, bəlkə o, ərini barışmağa razı saldı?!

- Yox, Gülnisə, heç inanmıram... Ancaq Allah bilir, bəlkə də... Hər halda bu gün o qadınla bu mövzuda söhbət edərəm. Məsləhətinə görə çox sağ ol! - deyərək, Musa arvadın yemək qoyduğu masanın arxasına keçib oturdu.

Musa bir neçə tikinti sahəsinə baş çəkib idarəyə gələndə artıq günorta idi. Kabinetinə keçən kimi, ona çay gətirən katibəsinə mühasibatdan Lyudmilanı onun yanına çağırmağı tapşırdı. Lyudmila kabinetə daxil olanda, Musa tez oturduğu yerdən qalxıb:

- Xoş gördük Lyudmila xanım! Buyurun, əyləşin, -deyərək ona oturmaq üçün yer göstərdi. Lyudmila əyləşdi. Musa, pürrəngi çaydan bir-iki qurtum içib, dedi:

- Lyudmila xanım, yaxşı bilirsiniz ki, qabaqcıl işçi kimi mən Sizə həmişə hörmət bəsləmişəm əməyinizi də həmişə yüksək qiymətləndirmişəm. Demək olar ki, bütün bayramlarda, hər rübün sonunda Siz də digərləri kimi mənim tərəfimdən qiymətli hədiyyələrlə, pul mükafatı ilə mükafatlandırılmışsınız. Elə deyilmi?

- Elədir, yoldaş Sadıxov!

- Bu vaxta kimi mənim Sizə bir pisliyim dəyməyib ki?

- Məni və ərimi anonim ərizənin təşkilində günahkarlandırdığınız və ərimin ünvanına nəlayiq sözlər dediyiniz vaxta qədər Sizdən bir pislik görməmişik. -deyə Lyudmila Musanın verdiyi sualı cavablandırdı. Sonra dərhal ondan soruşdu:

- Olarmı mən də Sizə bir sual verim?

- Niyə olmur, buyurun.

- Bəs mənim və yaxud həyat yoldaşımın Sizə bir pisliyi dəyibmi?

- Heç vaxt!

- Bəs o zaman nəyə görə bizi anonim ərizə yazmaqda günahlandırırsınız? Yoldaşımın ünvanına nəlayiq ifadələr işlədirsiniz? Axı siz bu hərəkətlərinizlə bizə qarşı çox ağır ittiham irəli sürürsünüz. Rayonda mənim ailəmi, ərimi hörmətdən salırsınız. Əgər biz o anonim ərizəni təşkil etmişiksə, məqsədimiz nə olub? Bu barədə heç fikirləşmisinizmi? Mənim yoldaşımın inşaat sahəsi ilə əlaqədar heç bir təhsili yoxdur ki, bu yolla Sizi işdən çıxartdırıb, yerinizi tutsun. Bəlkə mənim, adi mühasib vəzifəsində işləyən bir qadının gözü sizin oturduğunuz kürsüyə dikilib? Çox təəssüf ki, siz belə böyük bir kollektivə rəhbərlik etdiyiniz halda, belə adi şeyləri başa düşmürsünüz. Çox təəssüf ki, məni və həyat yoldaşımı günahsız yerdən təhqir etdiyinizi hələ də dərk etmək iqtidarında deyilsiniz!

Həmişə özünü işdə, məişətdə abırlı-həyalı aparan, iş yoldaşları ilə çox mehriban davranan və çox danışmağı sevməyən bu qadının bu cür hikkəli, hətta qəzəbli danışığı Musanı heyrətə saldı. Lyudmilanın onunla bu tonda danışacağını, hətta onu ittiham edəcəyini gözləmirdi. Musa “Yox bu qadın qan-qan deyir. O, heç vaxt barışıqla əlaqədar Avtandilə təzyiq göstərməyəcək. Nahaq Gülnisənin sözünə baxıb, onu söhbətə çağırdım,” deyə fikirləşdi. Xeyli susdu. Sonra Lyudmilaya müraciətlə:

- Lyudmila xanım, Sizi bura dəvət eləməkdə, açığı, məqsədim, Sizdən bir şey xahiş etmək idi. Heyif ki, söhbətimiz mənim istədiyim kimi alınmadı. Görünür nahaq yerə Sizə əziyyət vermişəm...

- İndi ki, çağırmısınız, xahişinizi bildirin, qulaq asıram.

- Mən istəyirəm ki, Avtandillə barışmaq üçün mənə kömək edəsiniz. Mən Avtandillə düşmən yox, dost olmaq istəyirəm.

- Burada heç bir çətin iş yoxdur ki, mənim köməyim Sizə lazım olsun. Üzr istəsəniz o, hər halda barışar.

- O, tələb edir ki, mən işçilərin qarşısında ondan üzr istəyim. Onun dediyi kimi eləsəm, bütün rayonda biabır olaram. Axı, sonra mən bu kollektivə necə rəhbərlik edə bilərəm? İstəyirəm onunla təklikdə, xudmani bir yerdə, süfrə arxasında oturub söhbət edərkən ondan üzr istəyim.

- Yoldaş Sadıxov, Siz yaydığınız böhtanla, təhqiramiz sözlərinizlə onu biabır etdiyinizə görə artıq bu məsələ ictimailəşib. Ona görə də Siz Avtandildən təklikdə yox, ictimaiyyətin gözü qarşısında üzr istəməlisiniz. Unutmayın ki, onun şərtlərinə əməl etməsəniz, sonralar peşiman olacaqsınız. Mən ərimə yaxşı bələdəm. O, öz mənliyini, ləyaqətini qorumağı bacarır. İndi isə, icazə verin, gedib işimlə məşğul olum.

- Yaxşı, gedə bilərsiniz!

- Lyudmila ayağa qalxıb kabineti tərk etdi.

Birinci katibin onunla sərt davranması, haqsız olaraq onu anonim ərizə yazdırmaqda günahlandırması, bu ərizənin əslində kimin tərəfindən təşkil edildiyini üzə çıxartmaq üçün heç bir addım atmaması Avtandilə çox pis təsir bağışlamışdı. Hirsindən sifəti qıp-qırmızı qızarmışdı: sanki bədənində dövran edən qanın hamısını qan kapilyarları onun sifətinə toplamışdı. Necə deyərlər “çırtma vursan, sifətindən qan püskürərdi”. O, iş otağına daxil olanda Həsənin orada olmadığını görüb, sevindi. Heç istəmirdi ki, iş yoldaşı onu bu vəziyyətdə görsün. Bilirdi ki, Həsən, onun əsəbilikdən od tutub yanan sifətini görən kimi onu sorğu-suala tutacaqdı. Odur ki, Həsən otağa qayıdanadək özünü ələ almaq, sakitləşmək üçün pəncərənin qarşısındakı jurnal masasının üstündə qalaqlanmış qəzet və jurnalları vərəqləməyə başladı. Xeyli sakitləşmişdi ki, Həsən gəlib çıxdı. Avtandil ondan otağın qapısını açıq qoyub hara getdiyini soruşanda Həsən:

- Xeyir işimiz var. Bacım qızına bu gün nişan qoyulacaq . Bacıma söz vermişdim ki, nişan mərasimində mütləq iştirak edəcəyəm. Bu xeyir işlə əlaqədar nahardan sonra kəndə getmək üçün ikinci katibdən icazə aldım, - deyib, asacaqdan çıxardığı şlyapasını başına basdı. Paltosunu da geyinəndən sonra “salamat qal, mən getdim” deyib otaqdan çıxmaq istəyəndə, Avtandil dilləndi:

- Həsən müəllim, mənim adımdan da bacını və gəncləri təbrik elə! Xoşbəxt olsunlar!

- Sağ ol, Avtandil müəllim. Hələlik!

Həsən Əmirov getdikdən sonra otaqda tək qalmış Avtandil xəyala daldı. Əsgəri xidmətini başa vurduqdan sonra, bu rayonda vaxtilə iş axtardığı dövrdən tutmuş bu günədək, son 5 illik həyatı gözünün önündən gəlib keçdi...

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA