BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_93271)

- Məni bura işləməyə göndəriblər. İstədim özümü birinci katibə təqdim edim. Avtandil sözünü təzəcə bitirmişdi ki, Tahirə Eyvazova:

- Hə, budur, yoldaş Əsədov da gəldi, - deyib, ikinci mərtəbəyə yenicə qalxıb, onlara salam verən birinci katibə müraciət etdi:

- Məmməd müəllim, görünür bu cavan oğlan Çingiz Fərəcovun telefonla sizə dediyi adamdır. Bizim raykomun təşkilat şöbə müdürü vəzifəsində işləmək üçün Mərkəzi Komitənin təyinatı ilə gəlib. Avtandil Tahirə Eyvazovanın sözünü təsdiqləyərək:

- Bəli, O, mənəm. Abbasov Avtandil Hümbət oğlu. Yoldaş Əsədov, yəqin ki, Siz məni tanıdınız. İşlə əlaqədar qəbulunuzda olmuşam.

Məmməd Əsədov kabinetinin qapısını açıb, Tahirə Eyvazovanı Avtandillə birlikdə içəri dəvət elədi. Sonra üzünü Avtandilə tutub:

- Bilirəm, qəbulumda olmusan. Ancaq başa düşməlisən ki, səni o vaxt tanımadığıma görə işə götürə bilməzdim. İndi ki, Mərkəzi Komitədən göndəriblər, sözüm yoxdur. Mərkəzi Komitənin göstərişi bizim üçün qanundur. Bu gündən işə başlaya bilərsən. Lakin, sən bilməlisən ki, bizim başımızın üstündən gedib Mərkəzi Komitə vasitəsilə şöbə müdürü vəzifəsinə təyin edilməyin heç kimin, xüsusilə Rayon Partiya Komitəsinin birinci katibi Məmmədov yoldaşın xoşuna gəlməyib. Məmməd Əsədov danışdıqca Avtandil, günah işlətmiş adam kimi, susur, bir kəlmə də kəsmirdi. Əsədov Avtandilin əhvalının pozulduğunu görüb:

- Yaxşı, ruhdan düşmə, olan olub, keçən keçib, - dedi və üzünü Tahirə xanıma çevirib, ona göstəriş verdi:

- Tahirə, xahiş edirəm, təzə işçimizə iş yerini göstər! Tahirə Eyvazova və Avtandil Məmməd Əsədovun kabinetindən çıxdılar. Tahirə Eyvazova əl çantasından bir açar çıxarıb, girişi elə birinci katibin otağının böyründən olan otağın qapısını açıb, Avtandillə birlikdə içəri keçdi. Üzü giriş qapısına tərəf olan yazı masasını göstərib:

- Baxın, bu masa Sizin iş masanızdır, - dedi. Sonra Avtandilin dilxor olduğunu görüb, onu sakitləşdirməyə çalışdı:

- Avtandil, əhvalınızı pozmayın, hər şey qaydasında olacaq. İnşallah əl-ələ verib işləyəcəyik. Məmməd müəllimin Sizinlə elə danışmağına baxmayın, pis adam deyil, ürəyi təmiz insandır.

Avtandil əsgərlikdə xidmət etdiyi hərbi hissədə iki ilə yaxın Komsomol Komitəsinin katibi olmuş və bu sahədə az-çox təcrübə qazanmışdı. Gənclərlə işləməyi çox sevirdi. Ona görə də rayon komsomol komitəsində yeni vəzifəsinin icrasına böyük həvəslə girişdi. Bir neçə ayın içində rayonun idarə və müəssisələrində, kolxoz və sovxozlarında ilk komsomol təşkilatlarının işini qaydaya saldı: Ətrafına topladığı komsomol fəalları ilə birlikdə, demək olar ki, bütün təşkilatlarda hesabat-seçki yığıncaqları keçirib, təşkilat katiblərinin və ilk komsomol təşkilatlarının büro üzvlərinin tərkibini daha bacarıqlı, daha işgüzar kadrlarla möhkəmlətdi. O, həm də qısa bir müddətdə komsomol təşkilatlarının işinin əsas istiqamətini idarə və müəssisələrin, kolxoz və sovxozların fəaliyyətinin daha da gücləndirilməsinə, təsərrüfatların inkişafına yönəltməyi bacardı. Onun təşkilatçılığı ilə yerlərdə komsomol təşkilatları reydlər, yoxlamalar keçirir, üzə çıxardılan nöqsanların aradan qaldırılmasında təsərrüfat rəhbərlərinə

köməklik göstərirdilər. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, oxucu bu rayonun komsomol təşkilatlarında təqribən bir il ərzində yaranmış müsbət dəyişiklikləri, canlanması hiss etsin, gənclərin təsərrüfat rəhbərlərinə necə yardımçı olduqlarını anlasın.

1966-cı ilin yazı idi. Rayonun ən qabaqcıl təsərrüfatlarından biri olan, sosialist əməyi Qəhrəmanı Əlibala Şirinovun sədr olduğu Gəray Əsədov adına kolxoz dövlətə süd təhvilində digər təsərrüfatlara nisbətən çox geridə qalırdı. Bəla burasında idi ki, yerli qəzetdə süd istehsalı ilə əlaqədar verilən gündəlik mə’lumatlardan aydın görünürdü ki, bi sahədə kolxozun vəziyyəti yaxşılaşmağa doğru deyil, əksinə daha da pisləşməyə doğru gedir. Belə bir vəziyyət təkcə kolxozun idarə heyətini, onun sədri Əlibala Şirinovu deyil, eyni zamanda rayon rəhbərlərini də narahat edirdi. Rayonun ən qabaqcıl kolxozunda belə bir vəziyyətin yaranması rayon komsomol komitəsində də müzakirə mövzusuna çevrildi. Avtandil kolxozun fermalarında “nəzarət sağımı” keçirtməyi təklif etdi. Komsomol Komitəsinin buro iclasında onun bu təklifi bəyənildi.

Ertəsi gün Avtandilin iştirakı ilə kolxozun ilk komsomol təşkilatının yığıncağı keçirildi. Qərara alındı ki, süd sağımının getdikcə azalması səbəbini araşdırmaq məqsədilə kolxozun hər iki fermasında komsomolçuların iştirakı ilə “nəzarət sağımı” keçirilsin. Komsomolçuların dərhal təşkil etdikləri “nəzarət sağımı” nəticəsində fermalarda gündə ən azı 350 litr süd məhsulunun mənimsənildiyi aşkar edildi. Bu barədə gənclərin tərtib etdikləri akt kolxozun idarə heyətinin sədri Əlibala Şirinova çatdırıldı. Sədr elə ertəsi gün idarə heyətinin iclasını çağırdı. İclasda hər iki ferma müdürü gənc kadrlarla əvəz edildi. Elə həmin gündən başlayaraq kolxozda süd məhsullarının istehsalı vəziyyəti yaxşılaşmağa başladı. Kolxozun gəncləri tərəfindən həyata keçirilən bu tədbirin əks-sədası bütün rayona yayıldı. Eyni zamanda bu tədbir rayonun “Yüksəliş” qəzetində, o dövrdə qəzetin mə’sul katibi işləmiş yazıçı Fərman Kərimzadənin imzası ilə dərc edilən “Bulağın gözü durulanda” başlıqlı iri bir məqalədə işıqlandırıldı.

Avtandilin təşkilatçılıq bacarığı, təşəbbüskarlığı, işə can yandırması az bir müddətdə Azərbaycan LKGİ MK- nın mə'sul işçilərinin diqqətini cəlb edir. 1967-ci ildə Jdanov Rayon Komsomol Komitəsinin birinci katibi Məmməd Əsədov xəstəliyi ilə əlaqədar öz ərizəsi ilə işdən azad ediləndə, o vaxtlar yenicə Mərkəzi Komitənin birinci katibi seçilmiş Elmira Qafarova Məmməd Əsədovun yerinə Avtandilin seçilməsi məsələsini rayon partiya komitəsi qarşısında qaldırır. Hətta, bu məsələ ilə əlaqədar Elmira Qafarova rayona səfər də edib, rayon partiya komitəsinin birinci katibi Cavanşir Məmmədovla görüşür. Lakin Qafarovanın təkidinə baxmayaraq, Cavanşir Məmmədov komsomolun birinci katibi vəzifəsinə rayon partiya komitəsinin təlimatçısı Telman Orucovun seçilməsinə nail olur. Həm savadlı, həm işgüzar adam olan Telman Orucov həm də insanlara fərdi yanaşmağı, onlarla dil tapmağı da yaxşı bacarırdı. Odur ki, Telmanla Avtandilin arasında tez bir zamanda isti münasibət yarandı ki, bu da onların hər ikisinin öz vəzifələrinə daha məsuliyyətlə yanaşmalarına təkan verdi. Yerlərdə Komsomol təşkilatlarının fəaliyyəti daha da gücləndi. Çox keçmədi ki, Jdanov Rayon Komsomol Komitəsinin iş təcrübəsindən bəhs edilən kitab da yazıldı və rayon komsomol təşkilatının iş təcrübəsi respublikanın bütün komsomol təşkilatlarına yayıldı. Təqribən bir il komsomol işində çalışan Telman Orucov 1968-ci ildə rayon partiya komitəsinin ikinci katibi seçilir. Onun yerinə komsomolun Mərkəzi Komitəsi yenidən Avtandilin namizədliyini irəli sürür. Lakin, Cavanşir Məmmədov tərəfindən onun namizədliyi yenidən rədd edilir, rayon komsomol komitəsinin ikinci katibi Tahirə Eyvazova komsomol komitəsinin birinci katibi seçilir. Onunla bir neçə ay işlədikdən sonra Avtandil,Telman Orucovun təklifi ilə rayon partiya komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilir.

VI Fəsil

İşə düzəldiyi gündən bu günədək Jdanov rayonunda keçdiyi həyat yolunu xəyalında dönə-dönə götür-qoy edən Avtandil anlaya bilmirdi ki, heç kimə pislik etmədiyi, heç kimə dəyib-dolaşmadığı, heç kimin dalınca danışmadığı halda nə üçün rayon rəhbərliyi ona bu qədər ögey münasibət bəsləyir? Nəyə görə raykomun birinci katibi onun, öz işçisinin ləkələnməsinin qarşısın almaq əvəzinə, özü əsassız olaraq onu anonim ərizənin təşkil edilməsində günahlandırır? Avtandil başa düşürdü ki, əsl anonimçinin ifşa edilməsində, onun özündən başqa, heç kimin marağı yoxdur. Odur ki, anonim ərizə ilə bağlı fikirlər onu rahat buraxmırdı. İçindən gələn bir səs təmiz adını qorumaq üçün onu sakit oturmamağa, əsl anonimçini tapıb üzə çıxartmağa çağırırdı. O, əmin idi ki, imzasız ərizənin təşkilatçısı tikinti təşkilatı ilə əlaqəsi olan adamlardan biridir. Avtandil, xüsusilə bir nəfərdən – uzun illər Musa Sadıxovun yanında iş icraçısı işləmiş ildırım Kərimovdan şübhələnirdi. İldırım, təqribən bir il bundan qabaq, onunla Musa Sadıxov arasında baş vermiş narazılıqdan sonra, işdən azad edilmişdir. Avtandilin eşitdiyinə görə o, işdən çıxan kimi rayonu da tərk edərək Ağcabədiyə köçmüş və oradakı tikinti təşkilatında işə düzəlmişdi. Deyilənə görə o, Jdanov rayonunda nadir hallarda, burada yaşayan qardaşına baş çəkməyə gələndən-gələnə, görünür. Avtandil, xeyli götür-qoy etdikdən sonra, bu qərara gəldi ki, əl altdan İldırımın qardaşı uşaqları barədə mə’lumat toplasın, onun uşaqlarından orta məktəbdə oxuyanların olub-olmadığını öyrənsin. Fikirləşdi ki, bu barədə Tariyel müəllimlə məsləhətləşsin. Tariyel Əsədov 1N=li orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyirdi. Avtandillə onun arasında çox yaxşı münasibət mövcud idi. Avtandil əmin idi ki, Tariyel ona kömək etməkdən imtina etməyəcək. Odur ki, axşam onunla görüşməyi qərara aldı.

Tariyel müəllimlə axşam baş tutan söhbət zamanı ondan aldığı məlumat Avtandili çox sevindirmişdi. Tariyelin dediyinə görə İldırım Kərimovun qardaşı oğlu Əkrəm Kərimov onun dərs dediyi məktəbin 10-cu sinfində oxuyur. Avtandil “ o uşağın xətti ilə ərizədəki xətti necə tutuşdura bilərik?” sualına Tariyel cavab vermişdi: “Çox asan. Gələn həftə, bazar ertəsi o sinifdə inşa işi yazdıracağam. Şagirdlərin inşa işini yazdıqları dəftərləri yoxlamaq üçün evə gətirəndə hər iki yazını tutuşdurarıq.”

- Ancaq,Tariyel müəllim, mən ərizəni Sizin evə gətirə bilməyəcəyəm, çünki ərizə Yasəmən xanımdadır. Dəftərdəki xətlə ərizədəki xətti yalnız onun yanında tutuşdurmaq mümkün olacaq. Bunun üçün uşağın dəftərini 1-2 saatlığına gərək mənə verəsən.

- Problem yoxdur, verərəm. Nəhayət, anonim ərizəni təşkil edənin izinə düşdüyünə əmin olan Avtandilin əhvalı xeyli yaxşılaşmışdı. Artıq o, raykom işçilərinin, xüsusilə özünə dost saydığı ikinci katib Telman Orucovun, təşkilat şöbə müdürü Zahid Əliyevin tənəli baxışlarından yayınmır, başını dik tutaraq hamının gözünün içinə cəsarətlə baxırdı. O, bu baxışları ilə sanki, hamıya demək istəyirdi ki, tələsməyin, səbirli olun, əsl anonimçinin ifşa edilməsinə az qalıb.

****

Tariyel müəllim vədinə əməl elədi. Bazar ertəsi axşam Avtandillə görüşüb, 10-cu sinif şagirdi Əkrəmin inşa işi yazdığı dəftəri ona verdi

- Avtandil müəllim, dəftəri yalnız bir günlüyünə verirəm. Çox xahiş edirəm, sabah axşam mənə qaytarasınız.

- Narahat olmayın, sabah dəftəri sizə çatdıracağam.Ertəsi gün nahara yaxın birinci katibin avtomobilə oturub harasa getdiyini görən Avtandil, Tariyel müəllimdən aldığı dəftəri götürüb ikinci mərtəbəyə, Yasəmən xanımın yanına qalxdı, salamlaşdıqdan sonra ondan soruşdu:

- Yasəmən xanım, səhv etmirəmsə, yoxladığım anonim ərizə hələ də Sizdədir, elə deyilmi?

- Bəli, elədir. Nə üçün soruşursunuz, Avtandil müəllim?

- Yasəmən xanım, ərizədəki xətti bu dəftərdəki yazı ilə tutuşdurmaq istəyirəm, görüm xətlər eynidir, yoxsa yox?

Yasəmən xanım bir an duruxdu. Əvvəlcə, ərizəni Avtandilə verdiyi halda katib tərəfindən danlanıla biləcəyini fikirləşib, imtina eləmək istədi. Ancaq, sonra, çoxdan xoşuna gələn, həmişə rəğbət bəslədiyi Avtandilin könlünü sındıracağından qorxub, arxasında oturduğu masanın aşağı sürməsindən bir qovluq çıxartdı. Qovluğu açıb, içərisindən Avtandilin yazdığı arayışı və ona tikilmiş ərizəni götürərək Avtandilə uzatdı.

- Avtandil müəllim , yoxsa anonim ərizəni yazanı tapmısınız?

- Ola bilsin, ola bilsin, Yasəmən xanım! Avtandil elə Yasəmən xanımın masasının üstündə dəftərdəki yazını ərizədəki xətlə tutuşdurdu. Hər şey aydın idi: imzasız ərizə İldırım Kərimovun qardaşı oğlunun əli ilə yazılmışdı. Bir anda Avtandilin ürəyi sevinc hissi ilə doldu. Nəhayət, Musa Sadıxovun ona və ailəsinə böhtan atdığını sübut edə bildiyinə görə sevinirdi.

- Bir baxın, Yasəmən xanım, anonim ərizə bu uşağın əli ilə yazılıb. Yasəmən dəftəri və ərizəni özünə tərəf çəkib, hər iki xəttə diqqətlə baxdıqdan sonra:

- Elədir ki, var, Avtandil müəllim! Mən bilirdim ki, imzasız ərizənin yazılması Sizin işiniz deyil, -deyib, Avtandilin günahsız olduğuna ürəkdən sevinən Yasəmən, özü də bilmədən birdən-birə yerindən atılıb ayağa qalxaraq Avtandili qucaqlayıb bağrına basmaq istədi. Ancaq qəflətən kükrəyib, coşub-daşan emosiyasını vaxtında cilovlaya bildi. Özünü yığışdırıb yerinə oturdu.

- Afərin Sizə, Avtandil müəllim! Halal olsun! Təmiz adınızın ləkələnməsinə imkan vermədiniz!

- Yasəmən xanım, yağlı divara xəmir yapışmadığı kimi, təmiz ada da ləkə yapışmaz! Yadınızda qalsın, qəlbi qara, natəmiz adamlar digərlərinin də onlar kimi natəmiz olmalarını istəyirlər. Ona görə də hər cür alçaqlığa əl atırlar. Ancaq gec-tez onların alçaqlığının üstü açılır, ifşa edilirlər. Təəssüf ki, bəzən bu kimi adamların alçaq hərəkətlərinin üstü açılandək çox gec olur: onlar öz böhtanları vasitəsilə özlərini müdafiə etməyi bacarmayan, abır-həyalarını gözləyən bəzi təmiz adamları ləkələməyə nail olurlar. Ona görə də gərək hər bir insan öz təmiz adını qorumağı bacarsın.

- Avtandil müəllim, Siz bunu bacardınız!

- Yasəmən xanım, Sizin köməkliyinizlə! Mənə belə yaxından kömək etdiyinizə görə, mənim xahişimi yerinə yetirdiyinizə görə, Sizə minnətdaram. Çox sağ olun! – deyib, Avtandil masanın üstündən dəftəri götürdü. Sonra Yasəmənə ehtiyatlı olmağı tapşırdı:

- Yasəmən xanım, nə ərizəni Sizin mənə göstərməyinizdən, nə də bu dəftərdəki yazının ərizədəki yazı ilə tutuşdurulmasından yoldaş Məmmədovun xəbəri olmamalıdır. Çünki, xəbəri olsa Sizə də, dəftəri mənə verən müəllimə də söz gələ bilər. Aydındırmı?

- Bəs onda Siz necə sübut edəcəksiniz ki, imzasız ərizəni yazdıran Siz deyilsiniz?

- Narahat olmayın. Bir şey fikirləşərəm, -deyərək, Avtandil, Yasəmənin otağından çıxıb, nahar eləmək üçün evə yollandı.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı