BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

  • 2019-02-21 14:17:39
  • |

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_54811)

Petrov təzəcə Avtandilin və onunla birlikdə şöbəyə gətirilənlərin dindirilməsini başa çatdırmışdı ki, şöbənin rəisi polkovnik Alekseyev Pavel Maksimoviç iş yerinə gəlib çıxdı. O, qaça-qaça onu qarşılayıb, məruzə edən növbətçi kapitana məhəl qoymadan kabinetinə doğru hərəkət etdi. Rəisin gəlişindən xəbər tutan Petrov da rəisin kabinetinə yaxınlaşdı. Qapını döyüb, içəri keçdi. Polkovnik ona ağzını açıb söz deməyə imkan vermədən soruşdu:

- De görüm, vəziyyət nə yerdədir?

- Pavel Maksimoviç, tapşırdığınız kimi, zənginizdən dərhal sonra dava salanlarla məşğul oldum. Məlum oldu ki, iki nəfər içkili şəxsdən biri yol gedən gənc ər-arvada sataşaraq onlara nəlayiq söz deyib. Qızın həyat yoldaşı da buna dözməyərək, onları təhqir edəni yumruqla vurub. Aldığı zərbədən yerə yıxılan oğlan, yerdən qalxaraq, üstündə gəzdirdiyi bıçaqla qızın ərini vurmaq istəyib. Bu zaman yaxınlıqdan keçən Moskvaya qonaq gəlmiş bakılı oğlan irəli atılaraq onu zərərsizləşdiribdir.

- Hə?.. Allaha Şükür ki, qıza və ərinə bir şey olmayıb! Bilirsən onlar kimdir? Qız Mərkəzi Komitənin İdeoloji məsələlər üzrə şöbə müdürünün müavini Yuriy İvanoviç Timofeyevin qızıdır. Oğlan isə qızın əri və onun kürəkənidir. De görüm, onlar indi haradadırlar?

- Qız da, onun əri də bakılı oğlanla birlikdə mənim otağımdadırlar. Onlara sataşan içkili cavanları isə müvəqqəti təcrid kamerasına saldırmışam.

- Çox yaxşı... Tez ol, gənc ər-arvadı, bir də o bakılı oğlanı mənim yanıma dəvət elə!

Bu gün polkovnik Alekseyev həmişəkindən xeyli tez işdən çıxıb evə getmişdi. Onun evə tələsməyi səbəbsiz deyildi. Bu gün nəvəsi Tatyananın 16 yaşı tamam olurdu. Mənzilin qapısını onun üzünə babasını səbirsizliklə gözləyən Tatyananın özü elə təzəcə açmışdı ki, dəhlizdə qoyulmuş telefonun zəngi çalındı. Polkovnik dəstəyi götürdü. Zəng SSRİ Daxili İşlər Nazirliyindən vurulmuşdu.

- Eşidirəm, yoldaş general!

Zəng vuran general, Alekseyevə tapşırmışdı ki, təcili şöbəyə qayıdıb Mərkəzi Komitənin yüksək vəzifəli işçisinin qızının və kürəkəninin nə üçün şöbəyə aparıldıqları ilə Şəxsən maraqlansın. Bu məsələni yerindəcə araşdırsın və nəticəsi barədə ona məruzə etsin. O, şöbəyə qayıdana və müstəntiq Petrov bu məsələ ilə əlaqədar ona məruzə edənədək çox narahat idi. Çünki yaxşı bilirdi ki, bir çox hallarda milis nəfərləri xoşları gəlməyən adamlara, xüsusilə, özlərini təkəbbürlü, qürurlu aparan gənclərə boş yerdən irad tutaraq, bu adamlardan onların daha üstün olduqlarını göstərmək məqsədilə kobudluğa, hətta təhqirə də əl atırlar. O, milis orqanlarında, elə rəhbəri olduğu bu şöbənin özündə işlədiyi dövrdə də belə hallara az rast gəlməmişdi. Odur ki, generalın telefon zəngindən sonra əhvalı dəyişdi, narahat olmağa başladı. Fikirləşdi ki, birdən onun əməkdaşları Mərkəzi Komitənin işçisinin qızına, yaxud kürəkəninə qarşı kobud hərəkətlərə yol versələr necə olacaq? O, özünə necə bəraət qazandıracaq? O zaman onu işdən qovmazlarmı? Bu fikirlər polkovniki təşvişə saldı. Yenidən telefon dəstəyini qaldırdı. Petrova zəng çalıb ona lazımi göstərişlərini verdikdən sonra dəstəyi yerinə qoydu. Onun yanından əl çəkməyən nəvəsinin əlindən tutub qonaq otağına addımladı. Oradakı qonaqlarla görüşüb, hal-əhval tutdu. Sonra da hamıdan üzr istəyib həyətə düşdü. Xidməti maşınına əyləşib şöbəyə yollandı. Polkovniki təşvişə salan fikirlər bütün yol boyu onu müşaiyət eləmiş, ondan əl çəkməmişdi. Ancaq indi, müstəntiqin mə’ruzəsindən sonra həyəcan, qorxu hissi artıq onu tərk etmiş, əhval-ruhiyyəsi xeyli yaxşılaşmışdır.

Alekseyev, müstəntiqin müşaiyəti ilə içəri daxil olan qızın və onun ərinin xoşuna gəlmək üçün oturduğu yerdən cəld qalxıb qapıya tərəf cumdu, kabinetin girəcəyində onları qarşıladı. Salamlaşdıqdan və tanış olduqdan sonra içəri daxil olanlar Alekseyevin təklifi ilə onun masasının ətrafında əyləşdilər. Müstəntiqdən yüksək vəzifəli şəxsin qızına və kürəkəninə qarşı milis işçiləri tərəfindən heç bir qeyri-qanuni hərəkətə yol verilmədiyi barədə məlumat aldığına baxmayaraq, Alekseyev bu məlumatın düzgünlüyünə tam əmin olmaq üçün qıza və onun ərinə müraciətlə:

- Natalya Yuryevna və Aleksandr Petroviç, siz şöbəyə gətiriləndə, yaxud şöbənin özündə sizə qarşı hər hansı bir qeyri-qanuni hərəkətə yol verən olmayıb ki? Əgər belə bir şey olubsa, çox xahiş edirəm, utanmayın, deyin. Deyin ki, vaxtında müvafiq tədbirlər görə bilək! – dedi:

- Yox, Pavel Maksimoviç, milis nəfərləri bizimlə yalnız qanun çərçivəsində davranıblar. Narahat olmayın! – deyib, Aleksandr onu sakitləşdirdi.

- Çox yaxşı! – deyib, rəis saatına baxdı. – Sizin dalınızca maşın gəlməlidir. Bəlkə də gəlib, bayırda gözləyir?! İndi öyrənərik! – Polkovnik masanın üstündəki daxili telefonla növbətçiyə zəng etdi: - Yanımdakı gənc ər-arvadı evlərinə aparmaq üçün maşın gəlməlidir. Bax gör, gəlib ya yox?

- Yoldaş polkovnik, maşın gəlib, sürücü onları gözləyir.

- De ki, indi gəlirlər, - deyib Alekseyev dəstəyi yerinə qoydu. Sonra üzünü otaqdakılara tutubdedi:

- Sizə qarşı xuliqanlıq edən o iki nəfər barədə cinayət işi açılacaqdır. Onlar mütləq layiqli cəzalarını alacaqlar. Əlbəttə, sizin köməkliyinizlə! Yəqin ki, müstəntiq Sizi, Natalya Yuryevana və həyat yoldaşınız Aleksandr Petroviçi zərərçəkmiş kimi, bu bakılı igidi isə şahid qismində, istintaqla əlaqədar yaxın vaxtlarda şöbəyə dəvət edəcəkdir. O zaman vaxt tapıb onun yanına gəlməyinizi hər birinizdən xahiş edirəm.

Aleksandr:

- Pavel Maksimoviç, narahat olmayın. Nataşa ilə mən mütləq gələcəyik. Ancaq mənim xilaskarım Avtandil vaxt tapıb bu uzaq yolu gələ biləcəkmi?

- Bəlkə də onun gəlməyi heç vacib olmadı. İstintaqın gedişindən məlum olacaq, onun Bakıdan bura gəlməyi vacibdir, ya yox! Çox vacib olsa, məncə, belə bir igid oğlan bizim sözümüzdən çıxmaz. Elə deyilmi, Avtandil Qumbatoviç?

- Elədir, Pavel Maksimoviç! Lazım gələrsə, əlbəttə, işin xətrinə mütləq gələrəm!

- Çox sağ olun! İndi isə sizə yaxşı yol, sürücünü çox gözlətməyin. Bağışlayın ki, sizi söhbətə tutub, vaxtınızı aldım. Avtandil, Aleksandr və Natalya şöbədən çıxıb, Natalyanın atasının bayırda onları gözləyən xidməti maşınına oturdular. Sürücü “Volqa”nın mühərrikini işə salıb, qıza müraciətlə:

- Natalya Yuryevna, Yuriy İvanoviç və Mariya Petrovuna sizin mənzildədirlər. Başqa bir işiniz yoxdursa, elə bir başa sizin evə gedək! – dedi.

Natalya cavabında dedi:

- Yox, başqa bir işimiz yoxdur. Evə gedirik.

- Nə bilim, dedim bəlkə bu cavan oğlanı harasa aparmaq lazımdır.

Aleksandr :

- Yox, Qrişa, bu cavan oğlan bu gün məni ölümdən qurtarıb. O, bizimlə gedəcək! Bu vaxt Avtandil söhbətə qarışdı:

- Aleksandr, əgər yol üstüdürsə məni hadisə olan bağa aparın. Mənim qohumlarım bağın lap yaxınlığında yaşayırlar. Orada düşərəm.

- Siz nə danışırsınız? Biz də orada yaşayırıq. Sizin qohumumuzun ünvanı necədir?

- Korovinskoye şossesi 3, korpus 1.

- Biz isə elə həmin binanın 2-ci korpusunda yaşayırıq. Təsadüfə bir bax! Sizin qohumlarla qonşu imişik ki! Bu lap əla oldu! İndi gedirik bizə, Avtandil. Sizi qayınatamla, qayınanamla mütləq tanış etməliyik. Elə deyilmi, əzizim? – deyib Aleksandr sualedici nəzərlə həyat yoldaşına baxdı.

- Əlbəttə elədir! Əgər O, xoşluqla getməsə, biz onu zorla dartıb aparacağıq, - deyə Natalya

gülə-gülə cavab verdi. Sonra əlini sürücünün yanında oturmuş Avtandilin çiyninə qoyub sözünə davam etdi:

- Bu bir zarafat idi, elədim... Avtandil, sözümüzü yerə salmayıb bizə getməyə razılıq versəniz, çox yaxşı olardı.

- Natalya Yuryevna, sözsüz ki, mən sizin heç birinizin sözünü yerə salmaram. Əlbəttə, razıyam. Ancaq, sonra məni tez yola salmağınızı xahiş edirəm. Qohumlarım xeyli vaxtdır ki, işdən gəlib, məni gözləyirlər. Yəqin ki, mənə görə çox narahatdırlar.

- Evə çatmağımıza az qalıb. Bizdən zəng edib onların narahatçılığına son qoyarsınız. Hər şey yaxşı olacaq! - deyə Natalya Avtandili sakitləşdirdi.

Onlar maşından düşüb, 3-cü mərtəbəyə qalxdılar. Natalyanın gözü yolda qalan narahat anası artıq eyvandan onların gəldiyini görmüş və qaçaraq mənzilin giriş qapısını açmışdır. Qapı açılan kimi hamıdan tez dəhlizə atılan Natalyanı anası qucaqlayıb, o üzündən, bu üzündən öpüb, bağrına basdı. Sanki, uzun illər görmədiyi, çoxdan həsrətini çəkdiyi övladı ilə görüşürdü. Sonra hələ də qapının astanasında dayanmış kürəkənini və Avtandili içəri dəvət elədi:

- Keçin mənzilə, - deyib, sual dolu nəzərlərini kürəkəninə dikdi. Aleksandr qayınanasının baxışlarından Avtandilin kim olduğunu öyrənmək istədiyini anladı.

- Mariya Petrovna, Avtandil Bakıdan gəlib. Qohumları bizim qonşuluqda yaşayırlar. Xuliqanlarla dava zamanı o, məni ölümdən qurtardı. Dəhlizdə kürəkəninin dediyi bu sözləri qapısı açıq qalmış qonaq otağında əyləşib çay içən Timofeyev eşitdi. Cəld durub dəhlizə gəldi. Qarşısına çıxan qızının üzündən öpdü. Kürəkəni və Avtandillə əl verib görüşdükdən və Avtandillə tanış olduqdan sonra Timofeyev onların qoluna girib, hər ikisini qonaq otağına apardı. Mətbəxdə çaydəmləməklə məşğul olan Natalyadan başqa hamı qonaq otağında əyləşdi. Divanda arvadı ilə yanaşı oturub rahatlanmış Timofeyev üzünü Aleksandra və Avtandilə tutub soruşdu:

- Hə ... Cavanlar, danışın görək necə oldu ki, xuliqanlarla davanız düşdü? Aleksandr baş verən əhvalatı bütün təfsilatı ilə qayınatasına və qayınanasına danışdıqdan sonra Yuriy İvanoviç əlini sol tərəfində yanında oturtduğu Avtandilin çiyninə qoyub:

- Siz cavan oğlan, əsl igidlik nümunəsi göstərmisiniz! Kürəkənimin həyatını xilas etmisiniz! Buna görə mən də, Mariya Petrovna da Sizə çox minnətdarıq. Çox sağ olun!

- Yuriy İvanoviç, mən sadəcə olaraq insanlıq borcumu yerinə yetirmişəm. O anda mənim yerimə kim olsa idi, mənim kimi hərəkət edərdi.

- Siz təkcə İgid oğlan deyilsiniz. Siz, həm də çox təvazökar insansınız! Sizdən xoşum gəldi.

Qızının və kürəkəninin bu günkü hadisədən sağ-salamat çıxmaları, ürəyinə yatmış bu azərbaycanlı balası ilə tanışlığı Timofeyevin əhvalına müsbət təsir bağışlamış, onda xoş ovqat yaratmışdır. Xüsuilə, hadisə zamanı Avtandilin cəsarətlə irəli atılıb cinayətkarın qolunu ağrıverici fəndlə buraraq bıçağı yerə atmağa məcbur etməsi Timofeyevi riqqətə gətirmişdi. Elə bu xoş təəssüratın təsiri altında yanında əyləşmiş arvadına və artıq çay süfrəsi açmış qızına ərklə göstəriş verdi:

- Qızlar! təcili bir şam yeməyi təşkil edin görək! Bu gün çox gözəl gündür,əzizlərim! Bu gün, həm Saşa ikinci dəfə doğulub, həm də bu azərbaycanlı oğlan kimi biz, çox təvazökar bir dost qazanmışıq. Əlinizə, daşdan yumşaq nə keçir,düzün masanın üstünə!

Timofeyevin hərəkətindən Avtandil başa düşdü ki, o, onu yeyib-içməyə məcbur etməmiş buraxan deyil. Ona görə qohumugilə zəng vurmaq üçün icazə istədi:

- Yuriy İvanoviç, icazə versəydiniz, mən qohumlarıma zəng vurardım ki, məndən narahat qalmasınlar.

- Əlbəttə... Keçin dəhlizə, telefon oradadır. Ürəyiniz hara istəyir, ora da zəng vurun. Avtandilin zənginə Çennadıy cavab verdi. Avtandil telefon vasitəsilə, ona və ailəsinə narahatçılıq gətirdiyinə, xüsusilə, Svetaya evə tez qayıdacağına söz verib sözünə əməl edə bilmədiyinə görə üzr istədikdən sonra: - Çena, uzaq başı bir saata gələcəyəm, narahat olmayın - deyib telefon dəstəyini yerinə qoydu. Avtandil qonaq otağına keçəndə artıq süfrəyə bolluca yemək-içmək düzülmüşdü. Kişilərin qədəhlərinə araq, qadınlarınkına isə qırmızı şərab süzülmüşdü. Hamı onu gözləyirdi. Avtandili Timofeyevlə Aleksandrın arasındakı boş stulda oturtdular. Timofeyevin təklifi ilə əvvəlcə Avtandilin, sonra isə qızı ilə kürəkəninin sağlığına içdilər. Masa ətrafında oturanların hamısının kefi saz idi. Onlar həm yeyib-içir, həmdə şirin söhbət edirdilər.

Birdən Avtandilin gözləmədiyi halda Timofeyev ondan soruşdu:

- Avtandil, Siz Moskvaya elə belə gəzməyə, yoxsa, hər hansı bir işlə əlaqədar gəlmisiniz?

- Yuriy İvanoviç, işlə əlaqədar gəlmişəm.

- Hə ?... Əgər məxfi deyilsə, bilmək olarmı nə işdir?

- Olar, niyə olmur ki? Bilirsiniz Yuriy Ivanoviç, mən partiya işçisiyəm. Daha doğrusu, partiya işçisi idim. Mənə qarşı haqsızlıq oldu, işdən çıxarıldım. Bu haqsızlıqla əlaqədar Mərkəzi Komitəyə müraciət etmək üçün gəlmişəm.

- Sizi işdən çıxaranda nəyə əsaslandılar?

- Elə iş də orasındadır ki, məni heç bir əsas olmadan işdən azad ediblər. Yuriy İvanoviç, üzr istəyirəm, bu çox uzun məsələdir. Bir-iki kəlmə ilə izah etmək mümkün deyil.

- Yaxşı, gəl belə danışaq. Səhər saat 10 tamamda Mərkəzi Komitənin qəbul otağının qarşısında olarsan. Mənim sürücüm Qrişa səni orada tapıb mənim yanıma gətirəcək. O vaxt hər şeyi ətraflı danışıb, müzakirə etməyə vaxtımız olacaqdır. Oldumu? Avtandil bir anlığa tutulub qaldı. Təəcüb və sual dolu nəzərlərini gah Timofeyevə, gah Aleksandra, gah da Natalyaya yönəltdi. Qayınatasının dediklərinin Avtandili çaş-baş saldığını görən Aleksandr dedi:

- Avtandil, Yuriy İvanoviç Sov. İKP MK-da işləyir. Orada şöbə müdürünün müavinidir. Sizə lazımi köməkliyi göstərəcək, heç narahat olmayın! Aleksandrın verdiyi bu məlumat Avtandili çox sevindirdi. Ürəyində onu belə bir adamla rastlaşdırğına görə taleyinə minnətdarlıq elədi. Bir anlığına, ona kömək əlini uzatmaq istəyən bu alicənab insana minnətdarlığını necə ifadə edəcəyini, nə deyəcəyini bilmədi. Nəhayət, özünü ələ alıb:

- Mənim taleyimə biganə qalmadığınıza və mənə göstərdiyiniz qayğıkeş münasibətə görə çox sağ olun, Yuriy İvanoviç! Minnətdaram! Dediyiniz kimi səhər saat 10- tamamda qəbul otağının qarşısında sürücünüzü gözləyəcəm. İndi isə icazənizlə mən gedim -dedi və ayağa qalxdı. Timofeyev də ayağa durdu:

- Avtandil minnətdarlıq eləmək lazım deyil. Bu mənim vəzifəmdir. Siz bu gün insanlıq borcunuzu yerinə yetirdiyiniz kimi, mən də vəzifə borcumu yerinə yetirib, Sizin məsələnizi araşdırmalıyam. Sabaha qədər! – deyib, Avtandillə xudahafizləşmək istəyən kürəkəninə və qadınlara da imkan vermək üçün ondan aralandı. Avtandil Mariya Petrovnaya, Natalya Yuryevnaya və Aleksandra da bu axşam ona göstərdikləri diqqət və qayğıya, isti münasibətə görə minnətdarlığını bildirərək, bu qonaqpərvər, mehriban insanları tərk etdi.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA