BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

  • 2019-02-09 15:03:27
  • |

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_61531)

Avtandil qərara gəlmişdi ki, bu barədə əvvəlcə şöbə müdürü Zahid Əliyevlə söhbət etsin. Ona görə də nahardan qayıdan kimi Zahid Əliyevin kabinetinin qapısını döydü. İcazə alıb içəri keçdi. Müdürünün kabinetdə tək olduğunu görüb:

- Zahid müəllim, bir neçə dəqiqə mənə vaxt ayıra bilərsinizimi? Sizinlə vacib söhbətim var! – dedi

- Yaxşı, gəl otur, görüm, söhbətin nə barədədir?

- Zahid müəllim, Musa Sadıxov haqqında yazılan anonim ərizəninin kim tərəfindən təşkil edildiyini öyrənmişəm. Bilirəm, bu kimin işidir! Raykomun digər işçiləri kimi Zahid Əliyevi də Musa Sadıxov inandırmışdı ki, bu anonim ərizəni yazdıran Avtandildir. Odur ki; Zahid Əliyev Avtandilin öz günahını başqasının üstünə atmağa çalışdığını düşünüb dedi:

- Avtandil, artıq hamıya aydındır ki, o işi sən görmüsən. Sənə məsləhət görürəm ki, səmimi şəkildə səhv etdiyini boynuna alasan və bu hərəkətinə görə Məmmədov yoldaşdan üzr istəyəsən. Günahı başqalarının üstünə atmaqla sən öz vəziyyətini daha da ağırlaşdıracaqsan.

- Zahid müəllim, görmədiyim bir işi mən necə boynuma alım? Xahiş edirəm, başqasının alçaqlığını mənim adıma yazmayasınız. Nə üçün əsl günahkarı tapmaq üçün bir iş görmədiniz. Axı, mən birinci katibə də, Sizə də ərizədəki xəttin məktəbli uşağın xətti olduğunu demişdim. Bu xəttin hansı uşağın xətti olduğunu tapmaq lazım idi.

- Sözündən, belə çıxır ki, bütün şagirdlərin xəttini imzasız ərizədəki xətlə tutuşdurmalıyıq, elə deyilmi?

Yox, elə deyil! Bütün şagirdlərin xəttini yoxlamağa ehtiyac yoxdur. Yalnız bir nəfər şagirdin, 1N-li orta məktəbin 10-cu sinif şagirdi Əkrəm Kərimovun xəttini ərizədəki xətlə tutuşdursanız kifayət edər. Ərizə o uşağın əli ilə yazılıb!

- Onun Musa Sadıxovla nə əlaqəsi ola bilər?

- O uşaq, Musa Sadıxovun rəhbərlik etdiyi tikinti təşkilatında əvvəllər iş icraçısı olmuş, lakin bir il bundan qabaq Musa Sadıxovun qəzəbinə tuş gələrək işdən çıxarılmış İldırım Kərimovun qardaşı oğludu.

- Axı, deyilənə görə Kərimov Ağcabədidə yaşayır və orada da işləyir. Bir ildən artıqdır ki, onun nə bizim rayonla, nə də buradakı tikinti təşkilatı ilə heç bir əlaqəsi yoxdur. Ərizədəki faktları ona kim verə bilər?

- Əvvəla, aldığım məlumata görə İldırımın bizim rayonla əlaqəsi heç də kəsilməyib. Ən azı ayda bir dəfə qardaşına və qardaşı uşaqlarına baş çəkir. İkincisi “ölü canlar” məsələsi yeni deyil. Bu məsələ tikinti təşkilatında daim mövcud olub. “ölü canlar” vasitəsilə uzun illərdir ki, dövlətin külli miqdarda maliyyə vəsaiti mənimsənilir. Bütün bunlardan -tikintidə çalışan fəhlələrdən tutmuş vəzifəli şəxslərədək-hamının xəbəri var. Eyni zamanda bu adamların içərisində MusaSadıxovu sevməyənlərin, ondan zəhləsi gedənlərin sayı az deyil.

- Sözündən belə çıxır ki, İldırım, Musa Sadıxovu sevməyən adamların hansındansa faktları əldə edərək, imzasız ərizəni qardaşı oğluna yazdırıb. Elədirmi?

- Bəli!

- Əminsən!

- Əminəm!

- O zaman de görüm, bütün bunları sən hardan bilirsən? Səndə bu əminlik haradan yaranıb?

- Zahid müəllim, təəssüf ki, bunları haradan və necə əldə etdiyimi, necə öyrəndiyimi Sizə deyə bilməyəcəm.

- Bəs onda sənə necə inanaq? Deyilən hər bir söz əsaslandırılmalıdır, axı!

- Dediklərimin dəqiqliyinə əmin olmaq üçün İldırım Kərimovun qardaşı oğlu Əkrəm Kərimovun xətti ilə ərizədəki xətti tutuşdurmaq kifayətdir!

- Yaxşı, Cavanşir müəllim, 3 N-li sovxozdadır. Oradan qayıdan kimi mən bu barədə ona məlumat verərəm, görüm nə qərara gələcəkdir.

İş gününün sonuna yaxın sovxozdan qayıdan birinci katib, Avtandilin dediklərini ona çatdıran şöbə müdürünü səbrlə dinlədikdən sonra dedi:

- Zahid, Avtandilin dedikləri həqiqətə oxşayır. Yoxlamaq lazımdır. Bu gün artıq gecdir. Səhər ərizəni Yasəməndən götürüb məktəbə get. Uşaqla işin olmasın. Sadəcə onun dəftərindən birini, səs- küy salmadan, əldə edib xətləri tutuşdur. Nəticəsini dərhal mənə məruzə edərsən. Oldu?

- Oldu, yoldaş Məmmədov, - deyib, Zahid Əliyev kabinetdən çıxdı.

Səhərisi gün imzasız ərizəni Yasəməndən götürüb rayon mərkəzində yerləşən 1N-li orta məktəbə yola düşən Zahid Əliyev, heç bir saat keçmədi ki, raykoma qayıtdı. Daxili telefonla birinci katibə zəng vurub, bu məsələ ilə əlaqədar məruzə etmək üçün yanına gəlmək istədiyini bildirdi.

- Yaxşı, gəl!

Zahid Əliyev içəri keçib, Məmmədovun icazəsilə onun yanındakı stullardan birində əyləşdi. Məmmədov sual dolu gözlərini ona dikib :

- Hə, nə öyrənə bildin? - deyə soruşdu.

- Yoldaş Məmmədov, Avtandil düz deyir. Anonim ərizə İldırımın qardaşı oğlunun əli ilə yazılıb. Ərizədəki xətlə uşağın xətti tamamilə eynidir.

Məmmədov fikrə getdi. Sonra ayağa qalxıb, var-gəl etməyə başladı. Zahid Əliyev də ayağa durmaq istəyəndə, əli ilə işarə elədi ki, yerindən qalxmasın. Bir-iki dəfə kabinetdə o başa, bu başa addımlayandan sonra dilləndi:

- Görürsən, Zahid, bu əclaf Musa nə pox qaynatdı? Günahsız bir adama və onun ailəsinə həm böhtan atdı, həm də onu təhqirə məruz qoydu. Bundan sonra o, Musaya qətiyyən güzəştə getməyəcək. Musa əclaf özünü də, bizi də zibilə sal dı, bizə problem yaratdı. Necə edək?

- Yoldaş Məmmədov, bəlkə Avtandillə bir də söhbət edəsiniz?

- Söhbət eləmək olar. Ancaq heç inanmıram ki, bu söhbətin bir nəticəsi olsun... – deyib, Məmmədov kreslosunda əyləşdi. Düyməni basıb Yasəməni çağırdı.

- Ay qız, Avtandili bura çağır!

Bir neçə dəqiqədən sonra Avtandil icazə alıb, kabinetə daxil oldu.

- Salam!

Onun verdiyi salamı hər ikisi aldıqdan sonra birinci katib:

- Gəl otur, Avtandil, - deyib ona oturmaq üçün şöbə müdürünün yanında yer göstərdi. Avtandil oturdu.

- Eşidirəm Sizi, yoldaş Məmmədov!

- Avtandil, bilirəm, keçən dəfəki söhbət zamanı səninlə çox hirsli danışmağıma görə məndən incimisən. Ancaq nahaq yerə. Başa düşməlisən ki, birinci katibin vəzifəsi çox ağır vəzifədir! İş başdan aşır, çatdırmaq olmur. İstər - istəməz tez-tez əsəbilik şəraiti yaranır. Yeri gəldi-gəlmədi hirslənirsən. Adam nəinki işdəkiləri, lap evdəkiləri də, bəzən özü də bilmədən, acılayır.

- Narahat olmayın, yoldaş Məmmədov, mən Sizdən inciməmişəm.

- Çox yaxşı. Mən bilirdim ki, sən ağıllı oğlansan, məni düzgün başa düşəcəksən... - deyə Cavanşir Məmmədov sözünə xeyli ara verib, sonra davam elədi:

- Avtandil, sənin köməkliyin ilə çox yaxşı oldu ki, artıq anonim ərizənin kim tərəfindən təşkil edildiyini üzə çıxarda bildik. Çox sevindirici haldır ki, rayonun məsul işçisinin- sənin günahsız olduğun sübuta yetirildi. Açığını deyim ki, bu günə kimi, mən də daxil olmaqla, raykom işçilərinin hamısı tamamilə əmin idilər ki, o imzasız ərizəni sən təşkil etmisən.

- Çox təəssüf ki, heç bir sübutu olmadan Musa Sadıxov kimi natəmiz bir adam raykom işçilərində belə bir əminlik yaratmağa nail olmuşdur. Çox təəssüf...

- Əlbəttə, çox təəssüf! – deyib, Cavanşir Məmmədov susdu. Xeyli fikirləşdikdən sonra Avtandilə müraciətlə:

- Avtandil, olan-olub, keçən keçib. Anonim ərizə ətrafında rayonda gedən söz – söhbətə, dedi-qoduya son qoymaq üçün səninlə Musa Sadıxovun barışmağı çox vacibdir. Mən bir daha sənə onunla bir araya gəlməyi, barışmağı təklif edirəm, - dedi.

- Yoldaş Məmmədov, Musa Sadıxovla bir araya gəlməyə mən hazıram. Ancaq o, həm mənə və ailəmə atdığı böhtana, həm də ünvanıma söylədiyi nəlayiq ifadələrə görə öz kollektivi qarşısında üzr istəməsə, heç bir barışıqdan söhbət gedə bilməz!

- Yaxşı, Avtandil, get. Ancaq yaxşı-yaxşı fikirləş!Unutma ki, gələcək karyeran mənim bu təklifimin yerinə yetirilib-yetirilməyəcəyindən asılı olacaq! Avtandil oturduğu yerdən ayağa qalxa-qalxa: -Yoldaş Məmmədov, mən şərəf və ləyaqətimi heç vaxt karyerama qurban verə bilmərəm! –deyib kabinetdən çıxdı. birinci Katib, Avtandil kabinetdən çıxdıqdan sonra, üzünü Zahid Əliyevə tutub:

- Yox, bu cavan oğlan, görünür, inadından heç vaxt dönən deyil! Zahid Əliyev:

- Yoldaş Məmmədov, bəlkə elə doğrudan da Musa Sadıxov onun dediyi kimi kollektiv qarşısında üzr istəsin və bununla da bu problem tamamilə həll edilsin.

- Yox, Zahid! Əslində, Musanın Avtandilə və onun ailəsinə böhtan atdığı sübut edildikdən sonra, heç inanmıram ki, onların barışmağı ilə bu problem həll edilsin. Əclaf Musa onu bütün rayonda biabır edib. Ona görə mən qorxuram ki, formal barışıqdan sonra Avtandil “ölü canlar” məsələsini yenə qaldırıb, Musanın cinayət məsuliyyətinə cəlb edilməsini tələb etsin… Əminəm ki, Avtandilin məqsədi, Musanı öz kollektivi qarşısında alçaltdıqdan, ona öz sözünü yedizdirdikdən sonra, yenidən “ölü canlar” məsələsini ortaya atmaqdır.

- Bəs onda neyləyək?

- Fikirləşmək lazımdır. İnşallah, fikirləşib bir çıxış yolu taparıq...

****

Şöbə müdürünün iştirakı ilə Avtandilin birinci katiblə etdiyi son söhbətdən sonra bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, nə Musa onun şərtləri ilə razılaşıb üzr istəməyə can atırdı, nə də 1ci katib anonim ərizə ilə əlaqədar yoxlama materiallarını prokurorluğa göndərmək fikrində idi. Yasəmənin dediyinə görə yoxlama materialları hələ də onun masasının sürməsində hərəkətsiz vəziyyətdə qalmaqda idi. Raykom katibinin cinayətkar barədə tədbir görmək əvəzinə, hətta bu cinayətkar, böhtançı kimi ifşa edildikdən sonra belə, onu açıq-aşkar müdafiə etməsi Avtandilə yer eləyir, onun mənliyinə toxunurdu. O, öz-özünə “yox” bunu belə qoymaq olmaz” – deyib, “birinci”nin adına aşağıdakı məzmunda müraciət ünvanladı:” Yoldaş Məmmədov, tikinti təşkilatında imzasız ərizə ilə bağlı apardığım yoxlamanın materiallarını rayon prokurorluğuna göndərilməsini Sizdən təkidlə xahiş edirəm. Hörmətlə, Avtandil Abbasov.” Elə həmingün müraciət Yasəmənin vasitəsilə “birinci”yə çatdırıldı.

Günlər keçir. Avtandil isə hər gün yazdığı müraciətə veriləcək reaksiyanı intizarla gözləyirdi. Lakin, bu barədə heç bir səs-soraq yox idi. Raykom katibinin saxtakarlıq yolu ilə dövlətin külli miqdarda pul vəsaitini mənimsəmiş, eyni zamanda partiya işçisinə böhtan atmış və onu təhqir etmiş bir adama bu dərəcədə havadarlıq etməsi, onun müraciətinə məhəl qoymaması, az qalırdı ki, Avtandili tamamilə hövsələdən çıxartsın. Üzdə özünü sakit, təmkinli göstərməyə çalışsa da, içərisində tüğyan edən qəzəb hissi onu rahat yaşamağa qoymurdu. Az qalırdı ki, həftədə bir dəfə “birincinin” aparat işçiləri ilə keçirtdiyi 30-40 dəqiqəlik iclaslarda durub var gücü ilə bağırsın: “Daha bəsdir! Saxtakarlığınıza, riyakarlığınıza son qoyun! Cinayətkara havadarlıq edən bir şəxsin haqdan, ədalətdən danışmağa haqqı yoxdur! Ayıb olsun sizə!” Lakin, o, hər dəfə püskürmək istəyən qəzəbini zorla boğur, içərisində çulğalayan emosiyaları iradə gücü ilə cilovlayırdı.

VII Fəsil

Avtandil işdən evə gəlib yuyunduqdan və şam yeməyini yedikdən sonra divanda uzanıb dincəlirdi. Bu zaman dəhlizdən telefon zənginin səsi gəldi. Mətbəxdə ərinə çay dəmləyən Lyudmila dəhlizə keçib telefon dəstəyini qaldırdı.

- Alo?

- Salam!

- Salam, kimdir danışan?

- Bacı, xahiş edirəm, Avtandil müəllimi telefona çağırasınız, ona sözüm var. Lyudmila ərini çağırdı:

- Avtandil, səni istəyirlər.

- Kimdir?

- Bilmirəm. Özünü təqdim eləmədi. Avtandil divandan qalxıb, dəhlizə keçdi. Arvadının ona uzatdığı telefon dəstəyini alıb, qulağına yaxınlaşdırdı:

- Eşidirəm!

- Avtandil müəllim, Sizinlə bir məsələ ilə əlaqədar görüşmək istəyirəm. Bu çox vacibdir.

- Axı, siz kimsiniz?

- Siz məni tanımırsınız. Ancaq mən Sizi yaxşı tanıyıram. Sizinlə görüşəndə özümü təqdim edəcəyəm.

- Dediyiniz məsələ nə ilə bağlıdır?

- Sizinlə bağlıdır. Lakin bu telefon söhbəti deyil.

- O zaman səhər raykoma gəlin, orada söhbət edək.

- Yox, ora gələ bilməyəcəyəm. İstəmirəm ki, məni Sizinlə birlikdə görən olsun.

Avtandil, gərgin keçən iş günündən sonra evində yenicə rahatlanıb yorğunluğunu aldığı bir vaxtda, istirahətini yarımçıq qoyub, tanımadığı bir adamla görüşə getmək həvəsində deyildi. Ona görə də əvvəlcə “əgər raykoma gələ bilmirsinizsə, demək, başqa yerdə də bizim görüşümüz baş tutmayacaq” deyib görüşdən tamamilə imtina eləmək istədi. Lakin, zəng vuran adamın “məsələ Sizinlə bağlıdır” deməyi ilə onda oyanan və getdikcə artan maraq hissi Avtandilə güc gəldiyindən bu fikrindən vaz keçdi.

- Bəs indi harada görüşməyi təklif edirsiniz?

- Yaşadığınız binanın yanında, parkda saat 20:00 -da.

- Yaxşı, oldu. Dediyiniz vaxtda orada olacağam.

Avtandil telefon dəstəyini yerinə qoyub otağa qayıtdı. Saata baxdı. Görüş vaxtına hələ yarım saat qalırdı. Arvadının süzdüyü bir fincan çayı boşaltdıqdan sonra əynindəki idman formasını çıxardıb kostyumunu geyindi. Onun tanımadığı bir şəxlə gecə vaxtı görüşə getmək istəməsi nədənsə, Lyudmilada narahatçılıq yaratmışdır. Odur ki, Lyudmila ərinə:

- Avtandil, bu soyuq havada, gecə vaxtı, naməlum bir şəxslə görüşə getməyin məni çox narahat edir. Gəl bu görüşü təxirə sal!

- Yox, mən artıq razılıq vermişəm, getməliyəm. Sən narahat olma, hər şey yaxşı olacaq, tez qayıdacağam, -deyərək Avtandil, həyat yoldaşının asacaqdan götürüb əlində saxladığı paltosunu geyinib evdən çıxdı.

- Avtandil saat 20:00-da görüş yerində idi. Lakin ondan başqa parkda heç kim görünmürdü. 10 dəqiqəyə yaxın parkda gəzişdikdən sonra, kiminsə onunla axmaq bir zarafat etdiyini zənn edib, evə tərəf addımladı. Adam hündürlüyündə boy atmış həmişəyaşıl kolların yanından keçən zaman arxadan başına endirilən ağır zərbədən yerə sərildi. Var gücünü toplayıb ayağa qalxmaq istəyəndə, kürəyinə, sağ və sol böyürlərinə dəyən təpiklər onu haldansaldı, tərpənə bilmədi. Ona təpik zərbələri endirənlərin “Musadan əl çəkməsən öləcəksən”, yoxlama materialları prokurora göndərilsə özünü ölmüş bil” və s. bu kimi hədələrini eşidə-eşidə başına dəyən ağır təpik zərbələrindən sonra huşunu itirdi.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA