BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

  • |

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_6433)

Səhər saat 10:30 da Avtandil artıq Timofeyevin qəbulunda idi. O Timofeyevə rayon partiya komitəsinə daxil olmuş imzasız ərizədən tutmuş onun həbs edilməsi barədə raykomun birinci katibinin rayon prokuroruna və rayon milis şöbəsinin rəisinə verdiyi göstərişlərədək baş verən hadisələri ardıcıllıqla, tələsmədən danışdı.

Avtandil Moskvaya əliboş gəlməmişdi. Avtandilin dediklərini təsdiqləyən sənədlər – tikinti təşkilatını yoxlayarkən aşkar etdiyi “ölü canlar”ın siyahısı, onlara yazılmış əmək haqlarının məbləği, Bakı Politexnik Texnikumundan aldığı, Musa Sadıxovun guya bu texnikumu bitirdiyi barədə əldə etdiyi diplomun saxta olduğunu təsdiq edən arayış və nəhayət, əməkdar jurnalist Məmmədəli Nasirinin, bir nəfərin “Kirpi” jurnalına göndərdiyi şikayət ərizəsi ilə əlaqədar Həzi Aslanov adına kolxoza gedərkən öz fotoaparatı ilə çəkdiyi və sonralar Avtandilə təqdim etdiyi, kolxoz sədrinin tikdirdiyi fərdi yaşayış evinin- şəkili Timafeyevin masasının üstündə, onun gözü qabağında idi. Timofeyev Avtandili dinləyə-dinləyə bu sənədləri diqqətlə, bir-bir nəzərdən keçirirdi.

Birdən Avtandilə elə gəldi ki, Timofeyevin fikri başqa yerdədir, ona qulaq asmır. Ona görə bir an susdu, dinmədi. Timofeyev Avtandilin nə üçün öz fikrini tam yekunlaşdırmadan susduğunu başa düşdü:

- Avtandil, sözünüzə davam eləyin. Diqqətim Sizdədir, - dedi.

Avtandil sözünə davam etdi. Onu susdurmaq məqsədilə cinayətkar kimi həbs etdirmək niyyətində olan birinci katibin göstərişi ilə bir qrup milis işçisinin onun arxasınca Bakıya ezam edilməsini, milis nəfərlərinin gündüzlər Azərbaycan KP MK-nın yanında, gecələr isə onun qardaşı yaşayan binanın ətrafında onu güddüklərini və beləliklə ona Mərkəzi Komitənin katiblərinin qəbuluna düşməyə imkan vermədiklərini də danışıb, susdu. Onun məntiqli, faktlara istinad edilən informasiyası Timofeyevi əmin etdi ki, Avtandil yalan danışmır. Avtandil sözünü bitirib susdu,nəzərlərini Timofeyevə dikdi. Timofeyev bir söz demədən qarşısındakı masanın üstündə sıra ilə düzülmüş telefon aparatlarından birinin dəstəyini qaldırıb harasa zəng çaldı. Avtandil əvvəlcə onun hara zəng vurduğunun fərqinə varmadı. Ancaq, Timofeyevin zəng etdiyi adamla onun haqqında danışdığını anlayanda telefon söhbətinə fikir verməyə başladı. Timofeyev Azərbaycan KP MK-nın ikinci katibi Sergey Kozlovla danışırdı. O, Kozlovla salamlaşlb, hal-əhval tutduqdan sonra dedi:

- Sergey Vasilyeviç, Sizin respublikanın Jdanov Rayon Partiya Komitəsinin keçmiş təlimatçısı Avtandil Abbasov hal-hazırda mənim yanımdadır. Qəbulunuza düşə bilmədiyinə görə bizə pənah gətirib. Onu ətraflı dinlədim və əmin oldum ki, onunla ədalətsiz rəftar edilib. Bu gənc kommunist tamamilə əsassız olaraq işdən azad olunub. Bu azmış kimi o, təqiblərə də məruz qalıb. Hətta, guya xuliqanlıq etdiyinə, adam döydüyünə görə, onu həbs də etmək istəyiblər. Bütün bu təqiblərdən, həbs olunmaqdan yaxa qurtarmaq üçün baş götürüb rayondan çıxmağa məcbur olubdur. Onu qəbul edib, bu məsələni araşdırmağınızı və bu biabırçılığa son qoymağınızı xahiş edirəm. Timofeyev sözünü bitirib susdu. Telefon dəstəyini qulağına sıxıb Kozlovun verdiyi cavaba qulaq asdı. Sonra yenidən dilləndi:

- Bir dəqiqə gözləyin, özündən soruşum, - deyib, Avtandildən soruşdu:

- Siz sabah səhər saat 10 tamamda Azərbaycan KP Mərkəzi Komitəsinin ikinci katibi Sergey Kozlovun qəbulunda ola bilərsinizmi?

- Əlbəttə olaram, Yuriy İvanoviç!

Timofeyev yenidən Kozlovla danışığına davam etdi:

- Sergey Vasilyeviç, Avtandil Abbasov səhər saat 10 tamamda Sizin yanınızda olacaq. Ümidvaram ki, bu məsələ ilə əlaqədar lazımi tədbirləri görəcəksiniz. Sağ olun! Timofeyev telefon dəstəyini yerinə qoyduqdan sonra, Avtandilə:

- Heydər Əliyev Bakıda olmadığına, xaricdə səfərdə olduğuna görə Kozlova zəng vurdum. Bir də Heydər Əliyev heç bir il yoxdur ki, Azərbaycana rəhbərlik edir. İşi başından aşıb daşır. Respublikada əməlli başlı qayda-qanun yaratmaq, Jdanov rayonunda baş verən hadisələr kimi biabırçı hadisələrə, özbaşınalıqlara son qoymaq üçün Heydər Əliyevə bir neçə il vaxt lazımdır. Bir neçə ildən sonra Avtandil, Siz, respublikanızda möhkəm qanun-qaydanın hökm sürdüyünün canlı şahidi olacaqsınız! – dedi və dərhal köməkçisini yanına çağırıb tapşırdı:

- Bu cavan oğlanla birlikdə yubanmadan mənim maşınımla Domodedovo hava limanına gedib onun üçün Bakıya ən yaxın reysə bilet alırsan. Onu təyyarə ilə yola saldıqdan sonra geriyə qayıdırsan. Aydındır?

- Aydındır, Yuriy İvanoviç, narahat olmayın!

VIII Fəsil

Ertəsi gün səhər saat 10-a 5 dəqiqə qalmış Avtandil Azərbaycan KP Mərkəzi Komitənin yerləşdiyi binanın 3-cü mərtəbəsində - Sergey Kozlovun köməkçisi Mixail Karpovun otağına daxil olub özünü təqdim etdi :

- Mən Avtandil Abbasovam. Kozlov yoldaşın qəbuluna gəlmişəm.

- Lap yaxşı. Sergey Vasilyeviç tapşırıb ki, Siz gələn kimi mən ona xəbər verim, - deyib Kozlovun kabinetinə getdi. Az sonra geri qayıdıb Avtandilə:

- Buyurun, Kozlov yoldaş Sizi gözləyir. Avtandil Kozlovdan icazə alıb kabinetə daxil oldu. Kozlov, özünün yazı masasına bitişik olan uzun bir masa ətrafında düzülmüş stullardan özünə yaxın olanlardan birini göstərib:

- Əyləşin, - dedi.

Avtandil ona göstərilən yerdə əyləşdi. Kozlov sınayıcı nəzərlərlə ona baxarkən Avtandilin həyəcan keçirtdiyini gördü. Onu, bu həyəcanlı vəziyyətdən çıxardıb sakitləşdirmək üçün, sorğu-suala tutdu:

- Əsgərlikdə olmusunuz?

- Bəli, yoldaş Kozlov!

- Partiya üzvülüyünə harada keçmisiniz?

- Ordu sıralarında xidmət edərkən, yoldaş Kozlov!

- Avtandil, əgər Sizə çətin deyilsə, mənə Sergey Vasilyeviç deyə müraciət edin. Olar?

- Əlbəttə Olar, Sergey Vasilyeviç!

- Ordu sıralarında xidmət etdikdən sonra əmək fəaliyyətinə harada başlamısınız?

- Əsgərlikdən qayıtdıqdan sonra əmək fəaliyyətinə Jdanov Rayon Komsomol Komitəsində başlamışam.

- Komsomolda hansı vəzifədə və neçə il işlədiniz?

- Rayon Komsomol Komitəsində dörd ilə yaxın təşkilat şöbəsinin müdürü vəzifəsində işlədim. Sonra məni rayon partiya komitəsinin təşkilat şöbəsinə təlimatçı vəzifəsinə keçirtdilər.

Avtandilin tam sakitləşdiyini görüb, Kozlov əsas mətləbə keçdi:

- Hə, indi mənə söyləyin görüm Sizi hansı əsaslarla raykomun təlimatçısı vəzifəsindən azad ediblər? Tələsmədən, ətraflı danışın, vaxtımız çoxdur.

Avtandil Moskvada Timofeyevə söylədiklərini, demək olar ki, eynilə Kozlova təkrar elədi. Dedikləri ilə əlaqədar olan sənədləri də onun qarşısına qoydu. Kozlov Avtandili dinləyib, qarşısındakı sənədləri də nəzərdən keçirtdikdən sonra ondan soruşdu:

- Nə üçün bu biabırçılıqlar barədə Mərkəzi Komitəyə məlumat verməyibsiniz?

- Mən mart ayının sonlarında yoldaş Əliyevin adına yazdığım şikayət ərizəsində bu faktların hamısını göstərmişdim. Ərizəni göndərəndən təqribən 15-20 gün sonra Mərkəzi Komitədən Akif Abdullayev yoldaş, başqa bir nəfərlə birlikdə, ərizəmlə əlaqədar rayona gəlib tikinti təşkilatında yoxlama apardı.

- Nəticəsi necə oldu? Sizə bir cavab verildimi?

- Yox. Yoldaş Abdullayevin yoxlamasından 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də mənə bir cavab verilməyib. Kozlov, sol tərəfindəki masanın üstündə səliqə ilə yerləşdirilmiş bir neçə telefon aparatından birinin dəstəyini qaldırıb qulağına yaxınlaşdırdı. Xəttin o biri başından verilən cavabı Avtandil də eşitdi:

- Eşidirəm, Sergey Vasilyeviç!

- Abdullayevlə birlikdə yanıma gəlin!

Bir neçə dəqiqədən sonra Mərkəzi Komitənin təşkilat şöbə müdürü Tofiq Bağırov və şöbənin təlimatçısı Akif Abdullayev kabinetə daxil oldular. Kozlovun təklifindən sonra əyləşib onun nə deyəcəyini gözlədilər. Kozlov Bağırovdan soruşdu:

- Tofiq Mansimoviç Jdanov Rayon Partiya Komitəsinin keçmiş təlimatçısı bu il mart ayının sonlarında Mərkəzi Komitəyə şikayət ərizəsi ünvanlayıb. Bu ərizədən xəbəriniz varmı?

- Bəli, var. O ərizənin yoxlanılması Mərkəzi Komitənin katibi yoldaş İbrahimovun göstərişi ilə Abdullayevə tapşırılmışdı, - deyə Tofiq Bağırov cavab verdi. Kozlov üzünü Abdullayevə tərəf çevirib, onu sorğu-suala tutdu:

- Abdullayev, ərizəni yoxlamaq üçün Jdanova nə vaxt getmişdiniz?

- Aprel ayının ortalarında.

- Kiminlə getmişdiniz?

- Respublika Prokurorluğunun bir nəfər prokuroru ilə.

- Bu gün ayın neçəsidir?

- Bu gün ayın 20-dür.

- Hansı ayın?

- İyun ayının, Sergey Vasilyeviç.

- Apardığınız yoxlamanın arayışı hazırdır?

- Yox, Sergey Vasilyeviç, hələ hazırlamamışam.

- Siz məgər bilmirsiniz ki, ərizənin yoxlanılması və ərizəçiyə verilməli olan cavabın müddətini kobudcasına pozmuşsunuz? Baxın, bu yoldaşın – Jdanov Rayon Partiya Komitəsinin işdən azad edilmiş təlimatçısının Moskvaya şikayətə getməsi Sizin öz vəzifənizə göstərdiyiniz səhlənkar münasibətin nəticəsidir.

- Sergey Vasilyeviç, işin çoxluğundan...

Kozlov çox əsəbi şəkildə onun sözünü yarımçıq kəsdi:

- Bəsdirin! Özünüzə bəraət qazandırmağa çalışmayın!

- Günahkaram, Sergey Vasilyeviç, bağışlayın.

- Yaxşı, Avtandil Abbasovun ərizəsində göstərilən faktlar barəsində nə deyə bilərsiniz?

- Sergey Vasilyeviç, ərizədə göstərilən faktların bir qismi öz təsdiqini tapdı. Digər qismi isə təhrif edilmiş faktlardır.

Bu yerdə Avtandil özünü saxlaya bilməyib dilləndi:

- Sergey Vasilyeviç, söhbətə müdaxilə etdiyimə görə üzr istəyirəm. Olarmı, yoldaş Abdullayev hansı faktların təhrif edildiyinə bir aydınlıq gətirsin ? Kozlov:

- Niyə olmur ki? Hə, Abdullayev, deyin görək hansı faktlar təhrif edilibdir?

- Sergey Vasilyeviç, doğrusu, təhrif olunmuş faktlar dəqiq yadımda deyil. Olarmı, o faktları dəqiqləşdirdikdən sonra Sizə məruzə edim?

- Ehtiyac yoxdur. Hər şey aydındır. Siz gedə bilərsiniz!

Abdullayev kabinetdən çıxdıqdan sonra Kozlov Tofiq Bağırova müraciətlə:

- Tofiq Mansimoviç! Görürsünüz də... Mən belə başa düşürəm ki, Sizə də hər şey aydın oldu, - dedi.

- Aydındır, Sergey Vasilyeviç! Ərizə ilə bağlı gördüyü işə məsuliyyətsiz münasibət bəslədiyinə görə Abdullayev barədə tədbir görüləcəkdir.

- Avtandil, Siz sabah səhər yenidən yanıma gələ bilərsinizmi? –deyə Kozlov Avtandildən soruşdu.

- Bəli, gələrəm. Saat neçədə?

- Sabah da saat 10-da.

- Oldu, Sergey Vasilyeviç! Kozlov, Avtandilin təkrar onun yanına çağırılmasının səbəbini bilmədiyindən nigaran qalacağını düşünüb, ona yenidən yanına gəlməsinin səbəbini dedi:

- Sizin raykomun birinci katibi Cavanşir Məmmədovu da çağırtdıracam. O, da səhər saat 10-da burada olacaq. Sabah səhər onun iştirakı ilə bu məsələyə yenidən qayıdacağıq.

Ertəsi gün saat 9 45 -də Avtandil Kozlovun kabinetinin yanındakı xolla daxil olanda oradakı yumşaq kreslolaların birində əyləşmiş Cavanşir Məmmədova rast gəldi. Ona salam vermədən keçib ondan xeyli aralıdakı kresloda oturdu. Hər ikisi susur, Kozlovun köməkçisinin onları Kozlovun yanına dəvət edəcəyi məqamı gözləyirdilər. Araya çökmüş sükutu bir neçə dəqiqədən sonra Cavanşir Məmmədov pozdu:

- Avtandil, salam da vermirsən?! Nə olub? Məgər məni özünə düşmən hesab edirsən?

- Yox, mən Sizi yox, Siz məni özünüzə düşmən hesab edirsiniz!

- Nəyə əsaslanıb belə fikir yürüdürsən?

- Məni həbsxanaya salmaq üçün gördüyünüz tədbirlər əsas deyilmi?

- Səni həbsxanaya mən yox, Çərkəz salmaq istəyirdi. Elə bilirdi ki, onun oğlunu sən döymüsən. Sənin barəndə yazılan aktı da o özü tərtib eləmişdi.

- Çərkəzlə mənim aramda həmişə yaxşı münasibət olub. Bizim biri-birimizə heç vaxt pisliyimiz keçməyib. Siz onu məcbur etməsəydiniz, o, belə alçaq işlərə qol qoymazdı... Yaxşı, tutaq ki, oğlunun guya döyüldüyü ilə əlaqədar tərtib edilmiş aktı Çərkəz təşkil edib. Bəs o zaman deyin görüm, məni həbs etmək üçün Bakıya milis nəfərlərini kim göndərmişdi? Onları da göndərən Çərkəz idi?

Avtandilin qəflətən verdiyi bu sual Cavanşir Məmmədovu pis vəziyyətə saldı, deməyə söz tapmadı. Susdu. Fikirləşdi ki, görəsən Avtandil milis nəfərlərinin onun arxasınca Bakıya getmələrini haradan bilir? Axı, Talıbovun dediyinə görə Bakıda milis nəfərlərindən onu görən olmayıb! Belə çıxır ki, milis nəfərləri onu görmədikləri halda, Avtandil onları görüb? Bəs o zaman Avtandil milis nəfərlərinin onu həbs etmək niyyətində olduqlarını haradan öyrənib? Bu kimi fikirlərin məngənəsindən xilas olub Avtandilə cavab verə bilmədiyindən Cavanşir Məmmədov susmaqda davam edirdi. Avtandil də dinmirdi. Ancaq, nəzərlərini Cavanşir Məmmədovdan çəkmirdi. Cavanşir Məmmədov aşağı dikilmiş başını hərdən qaldırıb Avtandilə tərəf baxanda onun gözləri Avtandilin, həm ondan cavab tələb edən, həm də ona qarşı ikrah hissi ifadə edən nəzərləri ilə rastlaşırdı. Hər dəfə də dözməyib, gözlərini, Avtandilin, iynə kimi onun gözlərini deşən baxışlarından yayındırmağa çalışırdı. Bütün bir rayonu əlində saxlamağı bacaran, rayonun bütün vəzifəli şəxslərinin çəkindiyi, hətta qorxduğu, bir sözünü iki eləməyə heç kimin cəsarəti çatmadığı bir adam, indi, müəllimi qarşısında dərsini bilməyən məktəbli kimi aciz qalmışdı. Avtandilin sualına, özünə bəraət qazandıra biləcək bir cavab tapa bilməməsi, Cavanşir Məmmədovu çox acınacaqlı bir görkəmə salmışdı. Bu zaman Kozlovun köməkçisinin kabinetdən çıxıb onların hər ikisini Kozlovun kabinetinə dəvət etməsi onu düşdüyü bu acınacaqlı vəziyyətdən xilas etdi. Cavanşir Məmmədov və Avtandil Kozlovun kabinetinə keçən anda, Mərkəzi Komitənin şöbə müdürü Tofiq Bağırov da içəri daxil oldu. Salamlaşdıqdan sonra Kozlovun təklifi ilə hamı əyləşdi.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA