"Bu nəticələr Putin hökumətinin paytaxtda sosial dayaqlarının sarsıldığını göstərir" - ŞAHİN CƏFƏRLİ

"Bu nəticələr Putin hökumətinin paytaxtda sosial dayaqlarının sarsıldığını göstərir" - ŞAHİN CƏFƏRLİ

"Kreml majoritar sistemin payını 75%-ə yüksəltməyi və öz namizədlərinin böyük qismini Moskva seçkilərində olduğu kimi, " samovıdvijeneç" adı altında irəli sürməyi düşünür"

"Sentyabrın 8-də Moskva şəhər Dumasına seçki keçirildi. "Yabloko"dan olan 1-2 nəfəri çıxmaq şərtilə tanınmış müxalifətçilərin və müstəqillərin heç biri seçkiyə buraxılmamışdı. Bu səbəblə Aleksey Navalnı "Ağıllı səsvermə" adlanan strategiya irəli sürdü". Hurriyyet.org xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, buna əsasən seçicilərə təklif olundu ki, hər dairədə iqtidar partiyası "Vahid Rusiya"nın namizədlərinin ən şanslı rəqibinə səs versinlər: "Nəticədə şəhər üzrə 45 dairənin 20-də "Ağıllı səsvermə"nin namizədləri qalib gəldi. Bunların əksəriyyəti heç kimin tanımadığı adamlardır. Liberal müxalifət - "Yabloko"nun qeydə alınmış bütün namizədləri (4 nəfər) seçildi. Bu nəticələr Putin hökumətinin paytaxtda sosial dayaqlarının sarsıldığını göstərir. "Vahid Rusiya"nın Moskva şəhər təşkilatının sədri Andrey Metelskinin seçkidə məğlub olması da bunun sübutudur. (Hələ nəzərə alın ki, Moskva Rusiyada əhalinin rifahının ən yüksək olduğu şəhərdir.) Eyni zamanda, nəticələr onu deməyə əsas verir ki, qeydə alınmayan müxalifətçilər seçkiyə buraxılsaydı, demək olar ki, hamısı seçiləcəkdi. Bu isə yəqin ki, kommunistlərin də əlavə olunması ilə Moskva Dumasında müxalifətçi çoxluğun yaranmasına, hakim partiyanın azlığa düşməsinə səbəb olacaqdı. (Kommunist Partiyasının Mərkəzi Komitəsi "konstruktiv müxalifət" rolunu oynasa da, aşağı təşkilatların üzvləri həqiqi müxalifətçidir) Əgər sistem xaricindəki müxalifət 2021-ci il Dövlət Duması seçkilərinə qədər yaxşı təşkilatlansa, ölkənin problemlərinə dair ümummilli səviyyədə keyfiyyətli və inandırıcı proqram ortaya qoysa, paytaxtda olduğu kimi, regionlarda da müşahidəçilik qura bilsə, uğurlu nəticələrə ümid edə bilər".

Şahin Cəfərlinin fikrikcə, o zamana qədər əhalinin vəziyyəti daha da pisləşəcək: "Yaxın illərdə iqtisadi inkişafın gözlənilmədiyini hökumət özü də etiraf edir. "Vahid Rusiya" brendi cazibəsini itirdiyi və qıcıq doğurmaya başladığı üçün Putin böyük ehtimalla seçki sistemini dəyişdirəcək. Hazırkı qanunvericiliyə görə, Dövlət Duması 50% proporsional, 50% majoritar sistem üzrə formalaşır. Kreml majoritar sistemin payını 75%-ə yüksəltməyi və öz namizədlərinin böyük qismini Moskva seçkilərində olduğu kimi, "samovıdvijeneç" adı altında irəli sürməyi düşünür".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA