BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

  • 2019-02-26 13:23:58
  • |

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_1935)

Bir neçə dəqiqə heç kim dinib danışmadı. Araya çökmüş sükutu Fərman Bağırov pozdu:

- Bayram, bəs sənin təklifin nədir?

- Təklifim budur ki, Musa Sadıxov partiyadan və tutduğu vəzifədən azad edilsin, lakin imzasız ərizə ilə bağlı aparılmış yoxlamanın materialları prokurorluğa göndərilməsin.

Fərhad Əliyev:

- Bu qeyri-mümkündür. Musa ilə əlaqədar görüləcək bu yarımçıq tədbir ilk növbədə Avtandili qane etməyəcək və o, haqlı olaraq bu məsələni bir daha qaldıracaqdır.

Cavanşir Məmmədov:

- Fərhad düz deyir. Görəcəyimiz tədbir Kozlovdan başqa Avtandili də qane etməlidir. Əgər o, büronun çıxardığı qərardan razı qalmasa, bu məsələni yenidən Mərkəzi Komitənin qarşısında qaldıracaqdır. O zaman mənim vəziyyətim daha da ağırlaşa bilər, - deyib, üzünü Fərman

Bağırova tutdu:

- Fərman müəllim sənin fikrin nədir?

- Ürəyimdə xeyli götür-qoy etdikdən sonra bu qənaətə gəldim ki, Fərhad tamamilə düz deyir. Cavanşir, bu gün sən ona heç bir güzəştə getməməlisən. Sənin ona gedə biləcəyin hər hansı bir güzəşt sənə qarşı fəlakətə çevrilə bilər. Musa Sadıxov həm tutduğu vəzifədən, həm də partiya üzvlüyündən azad edilməlidir. Ərizə ilə əlaqədar yoxlama materialları da prokurorluğa göndərilməlidir. Sən, Musaya görə özünü güdaza verməməlisən!

- Düz deyirsən, Fərman müəllim, başqa əlacım yoxdur. Musa ilə xudahafizləşməliyəm.

- Yaxşı, bəs tikdirdiyi ikimərtəbəli evə görə Çərkəzə nə cəza vermək fikrindəsən?

- Kozlova dedim ki, Çərkəz rəhbərlik etdiyi kolxozu rayonda qabaqcıl təsərrüfatlardan birinə çevirdiyinə görə bu evi tikdirməyə mən özüm ona icazə vermişəm.

- Bəs onun oğlunu guya Avtandilin döydüyünü təsdiq edən akt barədə bir söz demədi?

- Əlbəttə dedi. Həm o akta görə, həm də milis nəfərlərinin Avtandili tə’qib etməsinə görə Çərkəzin də cəzalandırılmasını tələb etdi. Mənə elə gəlir ki, Çərkəzə bir töhmət verməklə kifayətlənmək olar. Çünki, hiss edirəm ki, Çərkəzin cəzalandırılmasında heç Avtandilin də marağı yoxdur. Onun əsas hədəfi ona böhtan atan, onu təhqir edən Musadır. Əminəm ki,Musa ciddi cəzalandırıldıqdan sonra Avtandil tam sakitləşəcəkdir.

Onlar söhbətlərini yekunlaşdırıb Fərhad Əliyevin oğlunun həyətdəcə bişirdiyi və masanın üstündəki süfrəyə düzülmüş nimçələrə çəkdiyi quzu ətinin kababını iştahla yeməyə başladılar.

****

Kozlovun qəbulundan çıxdıqdan sonra Avtandil elə həmin gecə qatarla rayona yola düşdü. Səhər tezdən Daşburun stansiyasında qatardan düşüb, stansiyadan 250-300 metr aralıda yerləşən valideynlərinin evinə yollandı. Evə çatan kimi, onu həyəcan içində gözləyən valideynlərinə və həyat yoldaşına son 3-4 gündə nə iş gördüyünü , kimlərin qəbulunda olduğunu qısa şəkildə danışıb onları sakitləşdirdi. Eyni zamanda onun daha bu rayonda qalıb işləyə bilməyəcəyini də bildirdi. Yaxınları onu yaxşı başa düşürdülər. Avtandilin bu rayonda qalıb işləməsinin nə qədər təhlükəli olduğunu dərk edirdilər. Odur ki, atası Hümbət kişi:

- Oğul, götür ailəni də, get Bakıya. Atalar deyib: “Balıq dəryada böyüyər!” Sən savadlı, qabiliyyətli oğlansan. Bakıda, İnşallah, sənin üçün geniş imkanlar açılacaq! Get, bizdən də heç vaxt nigaran qalma!

Valideynlərindən xeyir-dua alan Avtandil elə ertəsi gün axşam ailəsi ilə birlikdə Bakıya qayıdıb, qardaşının Gəncəyə köçdükdən sonra boş qalmış, mənzilində yerləşdi.

Avtandil artıq 3 həftəyə yaxın idi ki, Bakıya köçmüşdü. Bakıya gələn gündən qayğıları daha da artmışdı. Hələ bir neçə ay əvvəl həyat yoldaşının Jdanov rayon poliklinikasında müayinədən keçərkən ürəyində qüsur olduğunu müəyyənləşdirən həkimlər Avtandilə onun ürəyində əməliyyat edilməsini məsləhət görmüşdülər. Ona görə də Avtandil Bakıya köçən kimi həyat yoldaşını “9 yanvar“ bağının yanındakı kardioloji klinikaya aparmışdı. Orada bir daha müayinə etdikdən sonra professor Heybət Abdullayev onu elə həmin gün klinikaya götürmüş və bir neçə gündən sonra ürəyində əməliyyat aparmışdı. Artıq bir həftədən çox idi ki, Avtandil həyat yoldaşını klinikadan çıxardıb evə gətirmişdi. Yaxşı ki, qızı Sona az-çox anasının qulluğunda dura bilirdi. Bütün günü başı iş axtarmağa qarışdığından Avtandilin xəstə arvadına qulluq etməyə nə vaxtı, nə də halı qalırdı. O, idarə və müəssisələrin kadrlar şöbələrinə gedib-gəlməkdən, müraciət etməkdən əldən düşürdü. Ordu sıralarına xidmətə getməmişdən əvvəl işlədiyi kollektivə də qayıtmağa üzü gəlmirdi. Keçmiş iş yerinin –“ Azmaştəchizatsatış”ın baş direktoru Davud Əmirovun sözünü yerə salıb, onun yanında işləməkdən imtina etdikdən sonra işlə əlaqədar ona necə müraciət edə bilərdi? Bir həftə əvvəl Tofiq Bağırovla telefon danışığı sa ümüdverici olmamışdı. Tofiq Bağırovun dediyinə görə onu təlimatçı vəzifəsinə götürmək üçün Bakının rayon partiya komitələrində hələ ki, vakansiya yox idi.

Son vaxtlar olduğu kimi, bu gün axşam da Avtandil iş axtarmaqdan yorulub əldən düşmüş halda evə gəldi. Arvadı ilə hal-əhval tutduqdan, qızının üz-gözündən öpüb, əzizlədikdən sonra mətbəxə keçdi. Qaz sobasının bir gözünü yandırıb, su ilə doldurduğu çaydanı onun üstünə qoydu. Sonra yataqda olan arvadının və onun çarpayısında oturub anasının saçlarını sığallayan qızının yanına keçdi.

- Hə, qızım, çaydanı qaynamağa qoydum ki, pürrəngi bir çay içək. Hərdən bir mətbəxə baş çək, su qaynayan kimi mənə xəbər ver. Çayı gəlib özüm dəmləyəcəyəm, - deyə qızına müraciət etdi. Əri ilə qızını mehriban nəzərləri ilə müşahidə edən Lyudmila gülümsəyərək:

- Bir az da dözün, mənim əzizlərim. Bir neçə günə ayağa qalxacağam. O zaman necə lazımdırsa qulluğunuzda duracam, - dedi. Bu vaxt qonaq otağından telefonun zəngi eşidildi. Avtandil cəld gedib telefon dəstəyini qaldırdı. Zəng vuran Tofiq Bağırov idi.

- Abbasov, 26 Bakı Komissarları adına Rayon Partiya Komitəsinin yerləşdiyi ünvanı tanıyırsınızmı?

- Bəli, tanıyıram, yoldaş Bağırov!

- O zaman sabah səhər saat 10-da iş məsələnizlə əlaqədar həmin raykomun birinci katibi Qurban Əliyevin yanında olarsınız. O, Sizi gözləyəcək, gecikməyin! Aydındır?

- Aydındır, yoldaş Bağırov! Çox sağ olun!

- Uğurlar Sizə!

Avtandil telefon danışığının bitdiyinə baxmayaraq, eşitdiyi bu şad xəbərdən bir an çaş-baş qaldı, əlindəki telefon dəstəyini belə yerinə qoymağı unutdu. Nəhayət “ata zəng vuran kim idi?” deyən qızının səsindən özünə gələn Avtandil telefon dəstəyini yerinə qoydu. Sonra sevinc içərisində qızını qucağına alıb, həyat yoldaşı olan otağa tələsdi. Tofiq Bağırovun verdiyi şad xəbər Avtandilin ailəsində toy-bayrama çevrildi.

Səhər saat 10-da Avtandil artıq 26 Bakı Komissarları adına Rayon Partiya Komitəsinin birinci katibi Qurban Əliyevin yanında idi. Orta boylu, gülərüz, elə ilk tanışlıqdan adama xoş təsir bağışlayan Qurban Əliyev tələsmədən, mehribancasına Avtandili sorğu-suala tutur, sanki Avtandilin bütün tərcümeyi-halını onun öz dilindən eşitmək istəyirdi. Nəhayət o, Mərkəzi Komitədə Avtandillə əlaqədar gedən söhbətə toxundu:

- Dünən Mərkəzi Komitənin ikinci katibi Kozlov yoldaş Sizin Moskva vasitəsilə onun qəbuluna düşməyiniz və Jdanov rayonunda baş vermiş bəzi biabırçılıqları üzə çıxartdığınız barədə Heydər Əliyevə məruzə edərkən Tofiq Bağırovla mən də orada idik. Kozlov Sizin, Cavanşir Məmmədovdan ehtiyat etdiyinizə görə, bir daha o rayonda işləmək istəmədiyinizi və Bakıda yaşamağı qərara aldığınızı Heydər Əliyevə bildirəndə, o, Sizin taleyinizlə maraqlandı. Sizin nə işlə məşğul olduğunuzu soruşanda Tofiq Bağırov bildirdi ki, Kozlovun göstərişi ilə Bakının rayon partiya komitələrindən hər hansı birində təlimatçı yeri boşalan kimi Siz işlə təmin ediləcəksiniz. O zaman mən Heydər Əliyevdən bizim raykomda təzəcə boşalmış təlimatçı yerinə Sizi götürmək üçün icazə istədim. O buna məmnuniyyətlə razılıq verdi.

Qurban Əliyev sözünə fasilə verən kimi Avtandil ona öz minnətdarlığını bildirməyə tələsdi:

- Çox sağ olun, yoldaş Əliyev! Minnətdaram Sizə! Siz məni tanımadan, bilmədən, hətta üzümü belə görmədən öz yanınızda işə götürürsünüz. Mənə göstərdiyiniz bu ehtimadı doğrultmaq üçün var qüvvəmlə çalışacağıma söz verirəm.

- Oğlum, insanı tanımaq üçün onun üzünü görmək, məncə, o qədər də vacib deyil. İnsanı; onun cəmiyyətdəki mövqeyindən, əməlindən, məişətdəki davranışığından, ayrı-ayrı insanlara, hadisələrə münasibətindən daha yaxşı tanımaq olur. Heç kimdən, heç nədən çəkinmədən təmiz adınızın, şərəf və ləyaqətinizin ləkələnməsinə imkan vermədiyinizə, natəmiz adamlarla, böhtançılarla mübarizədə qalib gəldiyinizə görə Siz özünüzü artıq müsbət bir şəxsiyyət kimi tanıtmışsınız. Sizin barənizdə səhv etmədiyimə mən tamamilə əminəm!

- Yoldaş Əliyev, mənə inandığınız üçün Sizə bir daha minnətdarlığımı bildirirəm... – deyib, Avtandil bir an fasilə verdi. Nəsə soruşmaq istədi, ancaq cəsarət etmədi. Onun nəsə demək istədiyini raykom katibi hiss etdi:

- Avtandil, nəsə demək istəyirsiniz? Utanmayın, deyin!

- Yoldaş Əliyev, istəyirdim ki, biləm, Cavanşir Məmmədov barədə hər hansı bir tədbir görüləcəkmi?

- Əlbəttə, Avtandil! Baxmayaraq ki, o, raykom katibləri içərisində hörmətli katiblərdən biridir, o, mütləq cəzalandırılacaqdır. Sizin əhvalatı eşidəndə Heydər Əliyev bu günə kimi onu cəzalandırmadığına görə Kozlova öz iradını bildirdi. – Deyib Qurban Əliyev Avtandilə tapşırdı:

- İndi düşün birinci mərtəbəyə, orada öz otağında təşkilat şöbəsinin müdürü Sizi gözləyir. Bu gündən işə başlayın!

- Baş üstə, - deyib, Avtandil birinci katibin kabinetindən çıxdı.

****

Yayın istili, bürkülü günlərindən biri idi. Saat 16-da başlamış büro iclası 2 saatdan artıq idi ki davam edirdi. Jdanov rayonunun 4 km mərkəzində yaşayan əhalinin əksəriyyəti bu iclasın nə ilə nəticələnəcəyini səbirsizliklə gözləyirdi. Bu barədə hamıdan əvvəl xəbər tutmaq istəyənlərdən 50-60 nəfəri raykomun həyətinə toplaşmışdı. Hamı bilirdi ki, bu iclas, tikinti təşkilatının rəisi Musa Sadıxovla bağlı Avtandil Abbasovla Cavanşir Məmmədov arasında yarım ildən artıq davam edən münaqişəyə yekun vurmalıdır. Avtandilin mart ayında işdən azad ediləndə büro iclasında Cavanşir Məmmədova “bir neçə aydan sonra belə bir büro iclasında ən yaxın dostunuz Musanı həm tutduğu vəzifədən, həm də partiya üzvlüyündən azad etməyə məcbur olacaqsınız!” deməsindən də hamının xəbəri var idi . Odur ki, əhali bu günkü iclasın nə ilə nəticələnəcəyini və böyük maraq hissi ilə gözləyirdi.

Nəhayət, 2 saata yaxın davam edən büro iclası öz işini başa vurdu. Büro iclasının qərarları bir neçə dəqiqənin içində hamıya məlum oldu. Səyyar mexanikiləşdirilmiş kalonnanın rəisi Musa Sadıxov öz vəzifəsindən və partiya sıralarından azad edilmişdi. Həzi Aslanov adına kolxozun sədri Çərkəz Kərəmova isə şiddətli töhmət verilmişdir. Qərara əsasən Avtandilin anonim ərizə ilə əlaqədar səyyar mexanikiləşdirilmiş kalonnada apardığı yoxlamanın materialları isə rayon prokurorluğuna göndərməli idi. Bu büroda 25 mart tarixli büro iclasının heç bir səbəb göstərilmədən Avtandilin işdən çıxarılması barədə verdiyi qərar da ləğv edilmişdi. Büro iclasının bu günkü qərarına görə o, başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilirdi.

Büro iclasının çıxardığı qərarlar uzun müddət rayonun əhalisi arasında müzakirə mövzusuna çevrildi. Adamların əksəriyyəti, xüsusilə Musa Sadıxov haqqında çıxarılan qərarların haqlı və ədalətli qərar olduğu qənaətində idilər. Artıq insanlar Musa Sadıxov haqqında öz fikirlərini açıq-aşkar deməkdən çəkinmirdilər. Adamların onun barəsində dedikləri “Musa çox harınlamışdı” , “Avtandil müəllim o qudurğanı yerində yaxşı oturtdu” , “Arxası möhkəm idi, elə bilirdi ki, həmişə fironluq edəcək” kimi ifadələr rayon mərkəzində addımbaşı eşidilirdi. Eyni zamanda Avtandilin təkcə Musa Sadıxovun və Çərkəz Kərəmovun üzərində deyil, həm də Cavanşir Məmmədovun üzərində qələbə çaldığını söyləyirdilər. “Avtandil müəllim Cavanşir Məmmədovu öz yaxın dostlarına ağır cəza verməyə məcbur elədi”, “birinci katibin Avtandil Abbasova gücü çatmadı”, və s. kimi Avtandilin ünvanına deyilən sözlər hər yanda - küçələrdə,çayxanalarda, mağazalarda və digər yerlərdə səslənirdi.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA