BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/_39811)

“Bakı-Yerevan” sərnişin qatarı səhər tezdən Bakı vağzalına daxil oldu. Sərnişinlər tələsmədən, yarı yuxulu, yarı oyaq, vaqonları tərk etməyə başladılar. Avtandil də vaqondan çıxıb qatardan düşən insanların axınına qoşuldu. Saatına baxdı. Saat 8-ə 5 dəqiqə qalırdı. Basin (inkidi Fizuli) küçəsinə keçib, üzü “beşmərtəbə”yə tərəf yollandı. Başının uzanmış saçlarını kəsdirib qaydaya salmaq məqsədilə Nizami küçəsindəki bərbərxanaya getmək qərarına gəldi. Odur ki, Basin küçəsinin S.Vurğun küçəsi ilə kəsişdiyi tindən sola dönüb, S.Vurğun küçəsi ilə aşağı düşdü. Bərbərxana artıq açıq idi. Çox tez olduğundan bərbərxanada ustalardan başqa heç kim yox idi. Görünür, o, bərbərxananın bu gün ilk müştərisi idi.

Avtandil bərbərxanadan çıxan kimi, əvvəlcə, köhnə iş yerinə - “Azmaştəchizatsatış” Respublika İdarəsinə getmək istədi. Sonra fikirləşdi: “Yaxşısı budur, belə tezdən Davud müəllimi işindən ayrılıb, narahat etməyim. Bir yerdə yüngülvari səhər yeməyi yeyib sonra onun yanına getməyim daha məsləhətdir.” O, bu fikirlərin təsiri altında Nizami küçəsi ilə kitab passajına, oradan da “Azərbaycan” kino-teatrına tərəf addımladı. Təzə kətə ilə isti kakao içmək üçün kino-teatrın yanındakı qastronoma yenicə daxil olmuşdu ki, arxadan bir nəfər onun qoluna girib:

- Ə, Avtandil, küsülü ha deyilik. Yanımdan salam vermədən niyə keçirsən? - Deyə yarı zarafat, yarı ciddi soruşdu. Avtandil geriyə dönüb qarşısında sevincindən işım-işım işıldayan gözlərini ona zilləmiş tələbə dostu, gənc yazıçı İsmayıl Qarayevi gördü. Onu cəld qucaqlayıb sinəsinə sıxdı:

- Salam, ay İsmayıl! Nə xoş təsadüf! Necəsən, nə var, nə yox? Uşaqların necədir?

- Çox sağ ol, Avtandil! Şükür Allaha, sağlıq-salamatlıqdır. Sən de, görüm, əsgərlikdən nə vaxt gəlmisən? Nə işlə məşğulsan?

Verdiyi suallara cavab gözləmədən ismayıl piştaxtaya yaxınlaşıb satıcıdan iki kakao və bir neçə kəfə aldı. Sonra onları piştaxtanın yaxınlığında qoyulmuş boş masalardan birinin üstünə qoyub dedi:

- Hə, indi suallarıma cavab ver, qulağım səndədir.

Avtandil əsgərlikdən artıq 3 aya yaxındır ki, gəldiyini və valideynləri ilə birlikdə yaşamaq üçün rayona getdiyini, lakin bu müddət ərzində rayonda işə düzələ bilmədiyini və ona görə də əsgəri xidmətə getməmiş Bakıda işlədiyi köhnə iş yerində işə düzəlmək istədiyini danışdı. İsmayıl fikrə getdi. Bir çox rayonda, o cümlədən onun anadan olduğu Goranboyda da “yerli-yerevanlı” söhbətini salan məmurlar az deyildi. İsmayıl kakaonun stəkanda yarımçıq qalmış hissəsini başına çəkib dedi:

- Yox, Avtandil, şəhərdə yaşamaq sənə çox çətin olar. Burada işə düzəlməklə yanaşı, ailəli adama yaşamaq üçün mütləq mənzil də lazımdı. Sonra Avtandilin qoluna girib, qətiyyətlə:

- Getdik! – Dedi:

- Hara?

- “Azərbaycan gəncləri” qəzetinin redaktoru Şamil Fərzəliyevin yanına. Onunla çox yaxınam. Ağıllı, ədalətli yoldaşdır. Gedək görək o, nə məsləhət görür. İsmayılla Avtandil “Kommunist” küçəsi ilə yavaş-yavaş yuxarı qalxmağa başladılar. Onlar artıq 10-15 dəqiqədən sonra Şamil Fərzəliyevin otağında idilər. İsmayıl Avtandili redaktora təqdim etdikdən və Avtandilin ona verdiyi qısa məlumatdan sonra Şamil Fərzəliyev bir söz demədən telefonun dəstəyini qaldırıb harasa zəng vurdu. Zəng vurduğu adamın səsini eşidəndə:

- Nağı, əsgərlikdən 2-3 ay bundan əvvəl gəlmiş, orada partiya sıralarına qəbul edilmiş savadlı, ədəb-ərkanlı bir oğlanı sənin yanına göndərirəm. Onunla söhbət et, məsləhət bilsən və əgər Jdanov Rayon Komsomol Komitəsində onun kimi kadrlara ehtiyac varsa, çox xahiş edirəm, onun o rayonda işlə təmin edilməsinə et!. – dedi. Şamil müəllim zəng etdiyi adamın cavabını dinlədikdən sonra: - Çox sağ ol, Nağı, - deyib, telefonun dəstəyini öz yerinə qoydu.

- İsmayıl, gör rayonlarımızda nə kimi biabırçılıqlar baş verir. İndi telefonla danışdığım adam Komsomolun Mərkəzi Komitəsində təşkilat şöbə müdürünün müavini vəzifəsində işləyən Nağı

Nağıyev idi. O, dedi ki, bizim o rayonda gənc kadrlara ehtiyacımız çoxdur. Jdanov Rayon Komsomol Komitəsində birinci və ikinci katiblərdən başqa bir nəfər də olsun işçimiz yoxdur. Hətta, iki şöbə müdürü vəzifəsi neçə aydır ki, boş qalıb. Guya bu vəzifəlilərə, komsomolun Mərkəzi Komitəsində təsdiq edilmək üçün, layiqli adam tapıb göndərə bilmirlər. Ay İsmayıl, görən bu kimi biabırçılıqlara nə vaxt son qoyulacaq? Şamil Fərzəliyev İsmayıldan cavab gözləmədən üzünü Avtandilə tutub, soruşdu:

- Komsomolun Mərkəzi Komitəsinin harada yerləşdiyini bilirsinizmi?

- Bəli, Şamil müəllim, bilirəm.

- Hə, lap yaxşı. Bu saat durub oraya - Mərkəzi Komitəyə gedirsiniz. Təşkilat şöbə müdürünün müavini Nağı Nağıyevi tapıb deyirsiniz ki, məni Sizin yanınıza Şamil müəllim göndərib. Avtandil: - Çox sağ olun, Şamil müəllim. Söz verirəm ki, Sizin etimadınızı doğruldacağam,-deyib, ayağa qalxanda, İsmayıl da ayağa qalxmaq istədi. Şamil Fərzəliyev ona: - Sən otur, tələsmə, səninlə bir az işim var, - dedi.

İsmayıl üzünü Avtandilə tutub:

- Axşam telefonla əlaqə saxlayarıq – dedi.

- Yaxşı, hələlik! Axşam özüm sənə zəng edəcəyəm!

10-15 dəqiqədən sonra Avtandil artıq Nağıyevin qəbulunda idi. O, Avtandillə bir neçə dəqiqə söhbət edəndən, sorğu-suala tutandan sonra onu yanına salıb bir neçə yazı masası olan geniş bir otağa apardı. Otaqda 6-7 nəfər oğlan-qız nə isə yazmaqla məşğul idilər. Bu vaxt 27-28 yaşında gənc oğlan Nağıyevə yaxınlaşdı:

- Nağı müəllim, hələ yazıb qurtarmayıblar. Narahat olmayın, işi yekunlaşdırdıqdan sonra Sizə məruzə edəcəyəm.

- Çingiz, uşaqları tələsdirmə, qoy rahat işləsinlər. Bu cavan oğlanla da tanış ol. Ona da anket, tərcümeyi hal və ərizə forması ver, yazıb doldursun. Lazımi köməkliyi də göstər. Onu Jdanov Rayon Komsomol Komitəsinin məktəbli-gənclər şöbəsinin müdürü vəzifəsinə təsdiq etməliyik. Avtandil, Mərkəzi Komitənin təlimatçısı , çox savadlı, mədəni bir insan olan Çingiz Fərəcovun köməkliyi ilə yarım saat ərzində işini başa vurdu. Ayrı-ayrı rayon komsomol komitələrinin rəhbərlərinin təqdimatı ilə gələn gənclərin də doldurduqları anketlər, ərizələr və tərcümeyi halları artıq Çingiz Fərəcovda idi. O, hazırlanmış sənədlərin hamısını bir qovluğa toplayıb Nağıyevin kabinetinə daxil oldu. Bir-iki dəqiqə keçməmiş yenidən qapını açıb gəncləri içəri dəvət elədi. N.Nağıyev ayağa qalxaraq dedi:

Bu gün hələlik hamınız azadsınız. Sabah səhər tezdən, saat 9 30 -da isə mənim yanımda olursunuz. Sabah bütün günü sizin hər biriniz Mərkəzi Komitənin şöbə müdürlərinin və katiblərinin qəbulunda

olacaqsınız. Aydındırmı? Hamı bir ağızdan

- Aydındır! – dedi

- O zaman gedə bilərsiniz, hələlik!

Ertəsi gün işə düzələn gənclərin hamısı naharadək bütün şöbə müdürlərinin və birinci katibdən başqa bütün katiblərin yanında olub söhbətdən keçdilər. Söhbətdən keçmiş gəncləri Çingiz Fərəcov dərhal öz otağına toplayıb nahardan sonra 1ci katibin onlarla fərdi qaydada söhbət edəcəyini bildirərək, söhbət zamanı onların özlərini necə aparmalı olduqları barədə təlimat verdi. Azərbaycan LKGİ MK-nın birincici katibi Maqsud Əlizadənin gənc kadrlarla fərdi qaydada apardığı söhbət saat 14 30 – dan saat 18-ə qədər davam etdi. Fərəcov işə düzələn gəncləri Nağıyevin otağına dəvət edəndə saat artıq 18 30 idi. Nağıyev hamını rayon komsomol komitələrində nəzərdə tutulan vəzifələrə təsdiq edilmələri münasibətilə təbrik edərək dedi:

- Sizin hamınız öz rayonlarınızın komsomol komitələrində məktəbli-gənclər şöbəsinin müdürü vəzifəsinə təsdiq olunmuşsunuz, Avtandil Abbasovdan başqa! – Nağıyev bir an fasilə verdi. Hamı dönüb təəssüflə, bu mə’lumatdan məyus olan, arxada dayanmış Avtandilə baxdı. Nağıyev fasiləni uzatmayıb, gülümsəyərək dedi:

- Yox, yox, məni səhv başa düşməyin. Avtandilin söhbət zamanı davranışığı, verilən suallara ətraflı, səlist cavabları yoldaş Əlizadənin çox xoşuna gəldiyi üçün onu Jdanov Rayon Komsomol Komitəsinin məktəbli-gənclər şöbəsinə deyil, təşkilat Şöbəsinə müdür təyin elədi.

Bu xəbər hamının əhvalını yaxşılaşdırdı. Gənclər böyük sevinc hissi ilə biri-birlərini təbrik etdilər. Bu arada Avtandil Nağıyevə yaxınlaşıb:

- Yoldaş Nağıyev! Mənə belə böyük etimad göstərdiyinizə görə Sizə təşəkkür edirəm, çox sağ olun. Etimadınızı doğruldacağıma söz verirəm. – Dedi.

- Avtandil,Siz mənim və Mərkəzi Komitənin etimadını doğrultmaqla yanaşı, həm də Şamil müəllimin etimadını doğrultmalısınız. Bu vəzifədə elə işləməlisiniz, elə davranmalısınız ki, rayonun bütün gəncləri Sizdən nümunə götürsün.

- Mən bütün varlığımla buna çalışacağam.

Avtandil aylarla iş axtardığı, lakin adi fəhləlik işinə belə düzələ bilmədiyi bir rayonun komsomol komitəsinin şöbə müdürü vəzifəsinə təyinat aldığına görə özünü dünyanın ən xoşbaxt adamı hesab edirdi.Ürəyində dönə-dönə İsmayıla, Şamil müəllimə, Nağıyevə minmətdarlığını bildirirdi. Sevincinin həddi-hüdudu yox idi. Tez kəndə gedib, ailəsinə bu şad xəbəri çatdırmaq istəyirdi. Lakin o, başa düşürdü ki, ona kömək əlini uzatmış dostu İsmayıl və gözəl insan, böyük ürək sahibi olan Şamil Fərzəliyevlə yenidən görüşüb minnətdarlığını bildirməmiş, onlara bir daha təşəkkür etməmiş heç hara gedə bilməyəcəkdir. Odur ki, ilk növbədə İsmayıla zəng vurub onunla görüşmək qərarına gəldi. O, Bakı Sovetinin tinində asılmış telefon aparatına yaxınlaşdı, dəstəyi götürüb İsmayılın evinə zəng vurdu. Çox keçmədi, İsmayılın özü cavab verdi. Avtandil qısa şəkildə gün ərzində kimlərin qəbulunda olduğunu, nəhayət, rayon komsomol komitəsinin təşkilat şöbəsinin müdürü vəzifəsinə təsdiq edildiyini ona danışdı. Sonra İsmayıla müraciətlə:

- İsmayıl, vaxtın varsa, bu gün bir görüşək!

- Avtandil, qadan alım, bu gün görüşə bilməyəcəyik, vaxtım yoxdur. Şamil müəllimin tapşırığı ilə bir yazı üzərində işləyirəm. Yazını bu gün hazırlayıb, səhər ona çatdırmalıyam. Gəl, sabah səhər zəngləşib görüşək və birlikdə Şamil müəllimin yanına gedək. Həm yazını ona verək, həmdə işə düzəlməkdə sənə kömək etdiyinə görə minnətdarlığımızı bildirək. Onun yanından çıxdıqdan sonra çayxanaların birində oturub dərdləşərik! Hə, de görüm bu təklifimlə razısan?

- Əlbəttə razıyam!

- Onda səhərədək!

- Səhərədək!

Avtandil gəzə-gəzə aşağı – Hüsü Hacıyev küçəsinə düşdü, oradan da “beşmərtəbəyədək addımladı. “Beşmərtəbənin qarşısında son dayanacağı olan 65 nömrəli avtobusa oturub birinci mikrorayona, qardaşı Zahidin evinə yollandı. Səhərisi gün Avtandil İsmayılla saat 11 radələrində görüşüb, birlikdə Şamil Fərzəliyevin yanına getdilər. İsmayılın ona verdiyi yazını diqqətlə nəzərdən keçirən Şamil Fərzəliyev dedi:

- Əla yazmısan İsmayıl, çox sağ ol!

- Sən sağ ol, ay Şamil müəllim! Böyük ürək sahibi olduğuna görə sağ ol! - deyə İsmayıl dilləndi. Bu anda Avtandil İsmayılın sözünə qüvvət verməkdən özünü saxlaya bilməyib:

- Şamil müəllim, İsmayıl düz deyir. Doğrudan da Sizin çox böyük ürəyiniz var. Yalnız belə böyük ürək sahibi olan insan digərlərinə təmannasız əl tutar, onlara sevinc bəxş edər. Bu gün mənə etimad göstərdiyinizə, məni ürəyimcə olan bir işə düzəltdiyinizə və sevindirdiyinizə görə Sizə həddindən artıq minnətdaram. Çox sağ olun! Allah Sizə ömür versin! - deyə minnətdarlıq etdi. Şamil Fərzəliyev də öz növbəsində Avtandilə təyin edildiyi vəzifədə uğurlar arzuladıqdan sonra hər iki dost redaktorla xudahafizləşib, onun kabinetindən çıxdılar. Filarmoniya bağından yavaş-yavaş, tələsmədən dənizkənarı parka enərək, gəzə-gəzə “Sahil” kafesinə çatdılar. Burada pürrəngi çaydan içə-içə o ki, var söhbət edib, ürəklərini boşaltdılar.

Avtandil Daşburun stansiyasında qatardan düşüb evə gələndə artıq gecə yarı idi. Evdəkilər onun Bakıdan belə tez qayıdacağını gözləmirdilər. Onlar yuxudan oyanıb, həyəcan içində ona baxırdılar.

Avtandil ailə üzvlərini sakitləşdirmək üçün özü ilə gətirdiyi şad xəbəri dərhal elan elədi:

- Narahat olmayın, hər şey yaxşıdır. Dostlarımın köməyi ilə iş tapmışam. Elə öz rayonumuzda, burada işləyəcəyəm! Günü sabahdan!

Sonra Avtandil valideynlərinə və həyat yoldaşına tələbə dostunun köməkliyi ilə heç təsəvvürünə belə gətirmədiyi bir işə - rayon komsomol komitəsində şöbə müdürü vəzifəsinə düzəldiyini danışdı. Evdəkilərin sevinci çoşub daşırdı. Onlar biri-birilərinə aman vermədən

Avtandili təbrik edirdilər. Kimisi onu qucaqlayıb bağrına basır, kimisi də üz-gözünü öpüşlərə qərq edirdi...

Rayon Komsomol Komitəsi Rayon Partiya Komitəsinin iki mərtəbəli binasının bir hissəsində, ikinci mərtəbədə yerləşirdi. Cəmi üç otaqdan ibarət idi. Otaqların ən böyüyü birinci katibin, ondan bir az kiçiyi isə 2ci katibin kabinetləri idi. Üç yazı masası və bir neçə stul qoyulmuş üçüncü otaq isə heç kim oturmadığından boş qalmışdı. Birinci katibin- Məmməd Əsədovun kabineti o biri otaqlardan ayrı idi. ikinci katibin kabineti ilə raykom komsomolun digər əməkdaşları üçün nəzərdə tutulmuş üçüncü otaq iç-içə idilər. ikinci katibin qəbuluna düşmək üçün mütləq bu otaqdan keçmək lazım gəlirdi.

Səhər saat 9 00 -da Avtandil, komsomolun Mərkəzi Komitəsinin təyinatı ilə işləməyə gəldiyi barədə birinci katibə məruzə etmək məqsədilə onun kabinetinə yaxınlaşıb, qapını döydü. Ancaq içəridən səs gəlmədi. Bir də döydü, yenə bir cavab eşidilmədi. Aşağı düşmək istədi. Elə bu vaxt birinci mərtəbədən yuxarı mərtəbəyə qalxan, yenicə ikinci katib seçilmiş Tahirə Eyvazova onu saxladı:

- Cavan oğlan, Sizə kim lazımdı?

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA