BƏLKƏ...

BƏLKƏ...

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/blk)

Qazanmaq istədiyini xərcləyən üzükölgəli, qazandığını xərcləyən alnıaçıq olar.

İndi Məti müəllim artıq, yola çıxmağa, işə başlamağa hazır idi. Elə bu gün yola düşəcəyini şəstlə arvad-uşağına bildirdi, “bir-iki günə qayıdaram, sizə nə gətirim?” dedi. Səfər hazırlığı görmək lazım olduğunun tapşırığını verdi. Arvad-uşaq evin “cibidolu” böyüyünün tapşırığını yerinə yetirməyə başladı. Çox geçmədi, hər şey hazır oldu. Arvad dedi, axı, sən hələ bilet almamısan, necə gedəcəksən? “Rahatsız olma, arvad, beş-on manat zəhməthaqqı verəcəyəm, bilet tapılacaq” deyə arvadını əndişədən qurtarmaq istədi. Kişinin borc pulları belə əliaçıqlıqla ona-buna zəhməthaqqı qismində paylaması arvadın üzünü güldürsəydi də, əndişəsini bir az da artırırdı. Məti müəllim nigaran-nigaran deyirdi: “qonşuların başına gələnlər bəlkə mənim başıma gəlmədi, onda gör, borcdan neçə çıxacağam, ailəmi necə də xoşbaxt dolandırağağam!”. Arvad-uşağı səfərinin haraya olacağını soruşanda O, qonşu ölkəyə - İrana yola düşəcəyini bildirdi. Bir qədər də pul qoydu evdə, dedi, bir-iki günə gələcəyəm, çəkinməyin, geninə-boluna xərcləyin...

Belə çıxmasın, guya Məti müəllim qonşularının başına gələnləri yada salmırdı! Yox, yadına salırdı, ancaq bu, onun ovqatını bulaşdırırdı. Öz-özünə deyirdi, bəlkə əlim gətirdi, bəlkə işlərim öz axarı ilə getdi, onda gör mənim uşaqlarım necə də xoşbaxt olacaqlar! Evdə sağollaşıb taksi ilə yola düşdü. Bilet işi də asanca düzəldi, zəhməthaqqı qismində para verməliydi, onu da artıqlamasıyla verdi, biletini alıb böyük sevinclə yola düşdü.

Mənzil başına çatan kimi bazar soruşdu, bir neçəsinin yerini öyrəndi. Bazarlardan birinə getdi. Orada istədiyi qədər meyvə vardı, ancaq başlıca qazanc gətirən məhsullardan yeralması və soğan yox idi. Soruşdu, soğan və yeralması bol olan bazarın adresini dedilər. Xeyli düşündü, oraya getsə, birdən işdir, orda meyvə olmaz. Dedi, yaxşısı budur, meyvəni burdan alım, maşın tutub o biri bazara aparım, orada da soğan və yeralması alıb yükləyərəm bir maşına apararam. Belə etsəm, bəlkə daha çox qazanaram! O, məqsədini deyəndə meyvəsatanların xoşuna gəldi. Məti müəllim meyvənin qiymətini soruşdu. Onun naşılığını görüb meyvəni ona ikiqat baha qiymətə verdilər. O, düşünürdü, burada yalan danışmazlar, insafsızlıq eləməzlər. Çünki İran məmləkəti dindarlıq olan ölkədir. Bir neçə ton meyvənin parasını ödədi. Meyvəni maşına yükləyib deyilən bazara apardı. Burada lazımınca yeralması və soğan vardı. Mal yiyələrinə yaxınlaşıb onlardan yeralması və soğan aldı, maşına yükləyib yola düzəldi. Gömrükdə ondan rüsumdan savayı zəhməthaqqı qismində para tələb etdilər. Məti gömrükdə zəhməthaqqı verəcəyini hesaba almamışdı, olan paranı meyvəyə, soğana, bir də yeralmasına xərcləmişdi. Yalnız yolxərci saxlamışdı. Gömrükçülər ayıq olur axı! Onun malını burada buraxmadılar. O, zəhməthaqqı verib malı buraxdırmaqçın evə qayıtmalı oldu. Evdə də para yox idi. Gedəndə ailə üçün qoyduğu paranı da xərcləmişdilər. Qonşularda, yaxın adamlarda da borc üçün para olmadı. Zaman Mətini gözləmirdi. Gətirdiyi mal çürüyüb yararsızlaşa bilərdi. Onda Məti müəllim o qədər borcu necə ödəyəcəkdi? Bunları ağlına gətirdi və düşündü, bəlkə çürümədi, onda borclarımın hamısını qaytaracağam, öz ailəmin də dolanışığı üstəlik artıqlamasıyla özümə qalacaq.

Ölkədə hər işə “zəhməthaqqı” almaq imkanı olanların pulu-parası başından aşırdı, yerdə qalanlar yoxsul idilər, bir-birindən azca yaxşı, ya da azca pis yaşayırdılar. Mətinin bir yolu qalmışdı, o da Türkiyəyə və Rusiyaya çörəkparası qazanmaqçün getmiş qohumlarından kömək istəmək. İrandan mal gətirdiyini, satıb qaytaracağını deyib telefonla danışıq parası borc almaq çətin başa gəlmədi. Ancaq, bu para qonşunun uşaqlarının iki günlük çörəkparası idi. Qohumları Mətinin durumunu anlayıb ona para çatdıracaqlarına söz verdilər və verdikləri sözə yalançı çıxmadılar da. Onlar Məti müəllimə doğrudan da para göndərdilər. Bu paralar on gündən sonra gəlib Mətiyə çatdı. Artıq, igirmi gün idi Mətinin malları gömrükdə idi. Para əlinə çatan kimi o, gömrüyə yollandı, tələb olunan “zəhməthaqqı” məbləğini çatdırdı və mallarını oradan çıxarda bildi. Baxıb gördü, malın çoxu çürüyüb. İlk zərbə ona elə, burada dəydi. Qalan malı ikiqat qiymətə də satsaydı, təkcə xəzinədən götürdüyü borcdan çıxa bilməyəcəkdi.

Məti malın qalanını satmaqçın bazar tapmalıydı. Axtardı, gördü, bazarlarda yerləri arxalı alverçilər tutublar, “başqası”nı bazara buraxmırlar. Yalnız bunlar bazarlarda mal sata bilərdilər. Məti çox çalışdı, çox vuruşdu, mallarını satmaq üçün yer tapa bilmədi. Artıq, qalan mallar da çürüməyə başlamışdı. Bazarın səlahiyətlisi Mətiyə bir künc vermək üçün ondan “zəhməthaqqı” istədi. Ancaq Mətidə “zəhməthaqqı” verməyə para qalmamışdı. Borc almaq üçün yenə qohum-qardaşa üz tutdu. Hamısına da İrandan mal gətirmiş olduğunu, satıb borcu qaytaracağını deyirdi. Hamısı da para verib Mətini çətinlikdən qurtarmaq istəsə də, bu, mümkün olmurdu. Çünki onun borc istədiyi insanlarda ailənin xərclərini ödəməyə belə, para yox idi.

Bir keçmiş ürək dostu ölülük-dirilik üçün ehtiyata saxladığı paranı ona verdi. Bu bir neçə günə Mətinin qalan mallarının bir hissəsi də yararsız hala düşmüşdü. O, gətirdiyi paranı bazar yetgilisinə verməli oldu. Bir neçə gün çalışsa da malları işə getmədi. Çünki ona mal satmağa güclü, imkanlı adamlar imkan vermirdi. Evdən gəlib gündəlik ehtiyaclarçın para istəyirdilər, borclular da fürsət tapmış kimi gəlib borclarını geri qaytarmağı tələb edirdilər.

Məti müəllim artıq başını itirmişdi. Xəzinəyə olan borcu bir yana qalsın, borca para aldığı adamlar da verdiklərini geri qaytarmaqçün onun alverinə ümid bəsləmişdi. Bu ümidi Məti özü onlara vermişdi, özü demişdi, alverçün İrana gedir, yaxşı para qazanacaq, borclarının hamısını ödəyəcək, hələ əlində maya da, ailəsini dolandırmaqçın bəlkə əlində əlavə para da qalacaq! Hansı bazara getdisə orada mal əlindən tərpənmək olmurdu...

Bir neçə gündən sonra xəzinə ona verdiyi borcu geri almaqçın xəbər göndərdi. Məti müflis hala düşdüyüyçün bir manat da qaytarmaq imkanında deyildi. Xəzinə bir manatından da keçən deyildi. Onun verdiyi borcu geri qaytarmağa gücü çatırdı. Mətinin girov qoyduğu mənzilləri satışa çıxartmaq lazım gəldi. Tək Mətinin öz evi satılmayacaqdı, para üçün xəzinəyə girov qoyulmuş evlər, həmçinin qardaşının evi satılacaqdı. Xəzinə Mətiyə ya borcu qaytarmaq, ya da evləri satışçın boşaltmaq tapşırığı verdi. Onsuz da xəzinənin borcunu qaytarmaq üçün Mətinin heç bir imkanı yox idi. Onunçün çox çətin, çox ağır durum yaranmışdı. Mətinin qardaşı da ailəliydi və hər iki ailə gündəlik çörəyə möhtacdı. Ancaq xəzinənin əlinə mənzilləri satmaqçün elə buna görə girəvə düşmüşdü. Onların ailələrinin olduğunu, mənzillər satılsa ailələrin harada qalacaqları xəzinəni heç düşündürmürdü də. Xəzinə yetgililəri əllərinə girəvə düşəndə özləri əngəl törədirlər, evlərini, var-yoxlarını əllərindən çıxardıb özləri varlansınlar. Verdikləri müddət başa çatdı. Tökülüşüb gəldilər, onların ev əşyalarını, özlərini bayıra tökdülər, gözləri tutan ev əşyalarına da tamah salıb dəyər-dəyməzinə özləri aldılar.

Mətinin gözləri qarşısında qonşularının, neçə-neçə tanış-bilişinin də başına belə olaylar gəlmişdi. Ancaq o, bütün bunlardan sonuc çıxartmağa gücsüz olmuşdu. Çünki insan yoxsullaşanda onun yanlışları da çoxalır. Bu, təcrübədir, həyat təcrübəsi! “Bəlkə”lər onunçün saman çöpünə döndü, həyat onu boğanda xilas üçün “bəlkələr”dən yapışırdı. “Bəlkə”lər isə onun ziyanına işlədi. Məti və qardaşı mənzildən, ev əşyalarından mərhum olub təsəvvür oluna bilən duruma düşdülər...

Məti bu üzüntülü günündə tələbəlik illərində dostluq elədiyi bir şəxslə rastlaşdı. Dostu Mətini bu durumda görüb xeyli rahatsız oldu. O, Mətidən nə baş verdiyini soruşdu, dedi, sən həmişə gülərüz, mehriban olardın, indi nə olub belə üzüntülü görünürsən? Məti öncə dərdini dostuna danışıb onun ovqatını təlx eləmək istəmədi. Dostunun əl çəkmədiyini görüb hər şeyi olduğu kimi dedi. Dostu Məti üçün faciəyə çevrilmiş bu durumu eşitdikcə sarsılsa da bu sarsıntısını ona bildirmək istəmədi...

Ancaq o, fikrini Mətiyə bildirməkdən vaz da keçə bilmədi. Çünki axı, həyat bununla bitmirdi! Tələbəlik dostu özünün də həyatdan aldığı dərsi Mətiyə, onun qardaşına bəlirtməli oldu, dedi: “Göründüyü kimi, sizlərin və sizin kimilərin güvənc yeri yalnız “bəlkə”lər olur, başqa heç nə olmur. Ancaq, gərək biləydiniz, hər bir “bəlkə”nin iki üzü var: bir üzü “bəlkə istədiyim kimi oldu”dur, ikinci üzü isə, “bəlkə istədiyim kimi olmadı”. “Bəlkə istəmədiyim kimi oldu”nın ardınca gedənlərin çoxu aldanmış olur. Onlar belə halda çox zaman böyük çətinliklərə, çıxılmaz bəlalara düçar olurlar. Sən özün, qonşuların, tanış bilişlərin bütün işlərinizdə “bəlkə mənim baxtım gətirdi”, “bəlkə işlərim yaxşı getdi” deyib özünüzü arxayın salmısınız. Belə olan halda çıxılmaz çətinliklərlə üz-üzə qalmısınız.

Sizlərin ağlınıza gəlməyib “bəlkə”nin “bəlkə istəmədiyim kimi oldu” tərəfini düşünüb incələyəsiniz, münasib yol tapasınız...

İş odur, cinayət törədənlərin də çoxu əl qoyduqları cinayət əməllərində “bəlkə məni tutmadılar”, “bəlkə ələ keçmədim”deyə özlərini cinayətə əl atmağa şirnikləndirirlər və sonucda, cinayət törədib ələ keçirlər”.

İnsan gərək düşünsün, onun istəyinin əksi baş versəydi, onda nə edəcəkdi?! Onlar belə halda heç nə edə bilməyəcəklərini öncədən bilsələr, nəfs dalınca gedib cinayət törətməzlər. Göründüyü kimi, “bəlkə”lər də cinayətlərin şərikləri olurlar...

Bəhmən SULTANLI

Loading...

QALEREYA