ABŞ-Azərbaycan iqtisadi əlaqələri NİYƏ ZƏİFLƏYİR?

ABŞ-Azərbaycan iqtisadi əlaqələri NİYƏ ZƏİFLƏYİR?

Və yaxud Amerikanın iqtisadi partnyor kimi verdiyi dəyərdən Azərbaycan düzgün yararlana bilirmi?

ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının bu günkü iclasında iştirak etmək üçün ABŞ Dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin 1-ci müavini Peter Haasın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

Qeyd edək ki, bu gün ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək.

Məlumata görə, Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.

Bildirilir ki, iclasda həmçinin Azərbaycan və Birləşmiş Ştatlar arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Azərbaycan dünyanın iqtisadi cəhətdən fövqəldövləti olan ABŞ-la iqtisadi əlaqələri 1994-cü ildən, yəni “Əsrin müqaviləsi” imzalanandan başlasa da, bu əlaqələri araşdıranda Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin həcmində ciddi artım müşahidə olunmur. Əksinə İqtisdiyyat Nazirliyinin müvafiq illər üzrə göstəricilərinə istinad etsək, Azərbaycan Respublikasının ABŞ ilə xarici ticarət dövriyyəsinin həcmində kəskin azalma var.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin saytında Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin həcmi ancaq 4 il (2012, 2013, 2014, 2015) üzrə qeyd olunub, nə ondan əvvəlki, nə də sonrakı illər üzrə ticarət dövriyyəsinin statistikası yoxdur.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Respublikasının ABŞ ilə xarici ticarət dövriyyəsinin həcmi 2.316,49 mln ABŞ dolları, o cümlədən idxalın həcmi 715,66 mln ABŞ dolları, ixracın həcmi 1.600,83 mln ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 885,17 mln ABŞ dolları olmuşdur.

2012-ci ildə ABŞ-ın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 6,9 faiz, o cümlədən idxalda 7,41 faiz, ixracda isə 6,7 faiz təşkil etmişdir.

2011-ci illə müqayisədə, 2012-ci ildə ABŞ-dan idxal 13,52 faiz artmışdır.

2013-cü ildə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin həcmi 1.366,77 mln ABŞ dolları, o cümlədən idxalın həcmi 376,49 mln ABŞ dolları, ixracın həcmi 990,28 mln ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 613,79 mln ABŞ dolları olmuşdur.

2013-cü ildə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 3,94 faiz, o cümlədən idxalda 3,51 faiz, ixracda isə 4,13 faiz təşkil etmişdir.

2012-ci illə müqayisədə 2013-cü ildə idxalda və ixracda kəskin azalma ortadadır.

2014-cü ildə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin həcmi 1.309,25 mln ABŞ dolları, o cümlədən idxalın həcmi 563,42 mln ABŞ dolları, ixracın həcmi 745,83 mln ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 182,41 mln ABŞ dolları olmuşdur.

2014-cü ildə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 4,22 faiz, o cümlədən idxalda 6,13 faiz, ixracda isə 3,42 faiz təşkil etmişdir.

Göründüyü kimi, 2013-cü illə müqayisədə Azərbaycan Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin həcmi (1.366,77 mln.-1.309,25 mln.) nisbətən azalıb.

Картинки по запросу NEFT DOLLAR

2015-ci ildə isə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin həcmi 1.185,09 mln ABŞ dolları, o cümlədən idxalın həcmi 847,39 mln ABŞ dolları, ixracın həcmi isə 337,70 mln ABŞ dolları təşkil etmişdir.

2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 5,74 faiz təşkil etmişdir.

Statistikadan belə məlum olur ki, 2015-ci ildə Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi kəskin azalıb. 2012-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsinin həcmi 2.316,49 mln idisə, 2015-ci ildə bu rəqəm 1.185,09 mln olub ki, bu da Amerika ilə Azərbaycanın iqtisadi əlaqələrinin son dərəcə pis olduğunu ortaya qoyur. Maraqlı olan odur ki, bu kəskin azalmadan sonra İqtisadiyyat Nazirliyi Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikası ilə xarici ticarət dövriyyəsinin həcmini açıqlamayıb. Görəsən, niyə? Çox güman ki, bu, Amerika ilə iqtisadi əlaqələri düzgün qura bilmədiklərini gizlətmək üçün olan bir addımdır. O da maraqlıdır ki, 2012-ci ildən sonra ölkənin iqtisadi sferasında nə dəyişib ki, 2015-ci ildə birdən-birə bu ölkələr arasında 1 milyarddan çox ticarət dövriyyəsinin həcmi azalıb? Çox güman ki, gömrük-vergi sistemində şəffaflıq təmin olunmadığı üçün Amerika şirkətləri Azərbayacanla iqtisadi əməkdaşlıqda maraqlı deyillər. Ona görə də bu ölkələr arasında iqtisadi fəallıq aşağı düşüb, ticarət əlaqələri zəifləyib.

Onu da qeyd edim ki, idxal-ixrac əməliyyatları haqqında Dövlət Statistika Komitəsi müvafiq illər üzrə xarici ticarət dövriyyəsində İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Belarus, Malayziya, Ukrayna, Türkiyə, Bolqarıstan, İsrail, Almaniya, Çin, İspaniya, Gürcüstan və İndoneziya və digər dövlətlər ilə bağlı ümumi bir rəqəm göstərməklə kifayətlənib. Əslində, hər bir ölkə ilə Azərbaycanın xarici ticarət dövriyyəsinin açıqlanması vacibdir ki, o ölkə necə iqtisadi əlaqə qurulduğu aydın olsun. Necə ki, İqtisadiyyat Nazirliyi Azərbaycanın Amerika ilə ticarət dövriyyəsini qeyd olunan 4 ərzində göstərib və bu illərdə ticarət əlaqələrindəki uğursuzluq ortaya çıxıb. Əslində, bu uğursuzluğun səbəblərini aradan qaldırmaq üçün bu müqayisə lazımdır. Görünür ki, Azərbaycanın ABŞ başda olmaqla, digər dövlətlərlə ticarət dövriyyəsinin açıqlanması kimlərəsə sərf etmir.

Onu da nəzərə çatdıraq ki, hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və s. sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Bildirilir ki, 2018-ci ilin yanvar-iyun aylarında ölkələrmiz arasında ticarət dövriyyəsi 476,1 mln dollar təşkil edib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 mlrd. dollardan çox investisiya qoyulub ki, bunun da 1 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.

2018-ci ilin 6 ayı ərzində ölkələrmiz arasında ticarət dövriyyəsinin 476,1 mln dollar olması da göstərir ki, 2012-ci illə müqayisədə (2.316,49 mln.) Azərbaycan Respublikası ilə ABŞ arasında iqtisadi əlaqələr ciddi şəkildə zəifləyib. Bunun səbəblərinin araşdırılmasına və bu əlaqələrin yenidən qurulmasına ehtiyac var ki, bu baxımdan ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasının keçirilməsi yerinə düşür.

Əslində, Azərbaycan-Amerika arasında ticarət dövriyyəsinin həcminin azalmasına səbəb gömrük-vergi sistemində şəffaflığın təmin olunmaması bir versiyadırsa, ikinci səbəb də çox güman ki, iqtisadiyyatı neftdən asılı olan ölkəmizin neft istehsalının azalmasıdır. Çünki xatırlayırsınızsa, ötən il Amerikanın “Exxon Mobil” və “Chevron” şirkətlərinin “Əsrin müqaviləsindəki” paylarını satması gündəmdə idi. Hansı ki, “Əsrin müqaviləsi”ində cəmi 5 Amerika şirkəti (“Exxon”, “Amoco”, “Unocal”, “Pennzoil” və “McDermott”) yer alırdı və indiyədək onlardan 3-ü paylarını satıb getmişdi.

Həm də Dövlət Neft Şirkətinin energetika layihələrində iri paylar əldə etməsi “ExxonMobil” və “Chevron” şirkətlərinin Azərbaycandan getmək istəyinə səbəb olmuşdu. Ancaq hələ də “Exxon” və “Chevron” satışla bağlı tender başlamayıb.

Xatırladaq ki, ötən il sentyarbrın 14-də “Əsrin Müqaviləsi” yenilənən zaman, Hasilatın pay bölgüsü haqqında sazişə görə SOCAR-ın Azəri-Çıraq-Günəşlidəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılmışdı.

Azərbaycan-Amerika arasında ticarət dövriyyəsinin azalmasında rəğmən, ABŞ hər zaman iqtisadi partnyor kimi Azərbaycanı dəyərləndirib. Xəzər Siyasət Mərkəzinin və ABŞ Ticarət Palatasının mayın 22 və 23-də Azərbaycan daxil olmaqla, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə Vaşinqtonda dördüncü Trans-Xəzər Forumunu keçirməyi planlaşdırması və ABŞ Dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin 1-ci müavini Peter Haasın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya gəlişi də bunu göstərir. Amma Amerikanın iqtisadi partnyor kimi verdiyi dəyərdən Azərbaycan düzgün yararlana bilirmi? Buna Azərbaycan-Amerika arasında ticarət dövriyyəsi artdığı halda “bəli” deyə bilərik, təəssüf ki, indiki halda “yox”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA