ABŞ-da miqrantlarla bağlı YENİ QƏRAR: azərbaycanlılara təhlükə...

ABŞ-da miqrantlarla bağlı YENİ QƏRAR: azərbaycanlılara təhlükə...

Okeanın o tayında yaşayan soydaşlarımızın sözlərinə görə, sığınacaq şərtləri ağırlaşıb.

ABŞ-ın Miqrasiya və Sərhədlərin Mühafizəsi Briqadası (ICE) ölkədəki qeyri-qanuni miqrantlara qarşı basqınlara başlayıb.

Amerikanın xəbər agentliyi CNN-ə müsahibə verən səlahiyyətli şəxslərdən biri briqadanın 2 min qeyri-qanuni miqrantı hədəf alacağını bildirib.

Basqınların Atlanta, Baltimor, Çikaqo, Denver, Hyuston, Los Anceles, Mayami, Nyu-York və San Fransiskodakı miqrantlara qarşı ediləcəyini bildirən qurumun səlahiyyətlisi, Nyu-Orleansdakı basqınların isə həmin ərazidə fəaliyyətdə olan "Barry” fırtınasına görə təxirə salındığını deyib.

ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətinin rəhbərlərindən C. Ken uşaqların valideynlərdən ayrılıb-ayrılmayacağı istiqamətindəki bir suala isə "Basqınların hədəfində ailələr də var” deməklə kifayətlənib.

Yada salaq ki, ötən ay ABŞ prezidenti Donald Tramp "ICE”yə deportasiya əmri verilmiş hər kəsin bazar günündən etibarən təxliyə edilməsi istiqamətində göstəriş vermişdi. Lakin o, daha sonra demokratların etirazını nəzərə alaraq bu qərarın iki həftə sonra icra edilməsini istəmişdi.

Böyük şəhərlərin merlərinin əksəriyyəti demokrat olduğu üçün onlar yerli rəsmiləri federal immiqrasiya rəsmiləri ilə əməkdaşlıq etməməyə çağırır.

"The New York Times” reydlər barədə məlumat verən ilk mətbuat orqanıdır. Qəzet yazır ki, reydlər 10 əsas şəhərdə aparılacaq və bir neçə gün davam edəcək.

Bəs Amerikada yaşayan azərbaycanlılara qarşı təhlükə varmı?

"Yeni Müsavat”ın əməkdaşı olmuş və hazırda Amerikada yaşayan Aygün Səfərli bildirib ki, azərbaycanlılara qarşı heç bir təhlükə yoxdur: "Hələ də out of status (heç bir statusa malik olmayan) insanlar burada yaşayırlar. Onlar özlərini ələ vermədiyi müddətcə təhlükə minimum səviyyədədir. Miqrantlara qarşı təzyiqi dövlətə hansısa bir status üçün müraciət edənlərin məsələsində görmək mümkündür. Yəni əvvəlki kimi mülayim deyillər, daha sərt araşdırmalar edirlər. Şərtləri ağırlaşdırıblar. Müraciət edənlərin sayı çox olduğundan növbədə gözləmə müddəti də uzanıb. Hətta yeni çıxarılan qərara görə, məhkəmələr işlərini yüngülləşdirmək üçün müraciətləri digər ştatların məhkəmələrinə göndərəcəklər. Ümumilikdə ABŞ prezidentinin rasist bəyanatlarına baxmayaraq, burada miqrantlara qarşı xüsusi, sərt bir davranış müşahidə olunmur”.

Azərbaycanlı miqrantların ABŞ-da iş tapmaları məsələsinə gəlincə isə A. Səfərli aşağıdakıları söyləyib: "Avropadan fərqli olaraq, ABŞ-da miqrantlara heç bir maddi yardım verilmir. Burada dövlətə müraciət edən şəxslər bir müddət sonra iş icazəsinə sahib olurlar. Bu icazə ilə onlar özlərinə iş tapmalıdırlar. İlleqal yaşayanlar isə icazə olmadan da gizli şəkildə işləyirlər. Burada iş verənin marağı ondadır ki, daha az maaşa işçiyə sahib olur və vergidən müəyyən qədər yayınır. Maddi yardım deyəndə: iş , ev, pul verilmir. Qalmağa icazə aldısa, hər şeyi özü həll etməlidir”./"Yeni Müsavat"/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA