ABŞ-DAN RUSİYAYA NÖVBƏTİ ZƏRBƏ...

ABŞ-DAN RUSİYAYA NÖVBƏTİ ZƏRBƏ...

Qabil Hüseynli: “Konqres bu dəfə Rusiyaya yeni sanksiyalar qəbul edəcək”

“Çünki Rusiya təhlükəsi artıq kifayət qədər real görünür”

Birləşmiş Ştatların hər iki partiyasını təmsil edən senatorlar Rusiyaya yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu sanksiyalar Rusiyanın ABŞ-da seçkilərə iddia olunan müdaxiləsi, Ukraynaya təcavüzünə görə tətbiq olunacaq. Layihə müəlliflərindən biri, respublikaçı senator Lindsey Qraham sənədi “cəhənnəmdən gələn sanksiya layihəsi” adlandırıb.

Rəsmi adı Amerikanın Təhlükəsizliyini Kremlin Təcavüzündən Qoruma Aktı 2019 (DASKA) olan layihə elə açıqlanan kimi Rusiyanın maliyyə bazarlarında şok yaradıb. Bu layihəni hələ Konqres nəzərdən keçirəcək. Onun daha kəskin versiyası ötən il qəbul olunmadı.

DASKA şübhəli kiber fəaliyyət, korrupsiya, Rusiyadan kənarda bu ölkənin mayeləşdirilmiş təbii qaz ixracı obyektlərinə, Rusiyadan kənarda enerji layihələrinə investisiyalara görə Prezident Donald Trampa sanksiya tətbiq etmək hüququ verir.

Rusiyada neft layihələrinə gəlincə, DASKA çərçivəsində Rusiyaya mal, xidmət, texnologiya satan, maliyyə, yaxud digər dəstək göstərən şəxsə sanksiya qoyula bilər. Demokratik proseslərə, yaxud seçkilərə müdaxiləni dəstəkləyən Rusiya maliyyə qurumları sanksiyayla üzləşəcək. Bundan başqa, sosial media şirkətləri platformalarında Rusiya hökuməti, yaxud digər hökumətlərin sponsorluğu ilə dezinformasiya yayılmamasını təmin etməlidirlər.

Maraqlıdır ki, ötən il Rusiyaya bundan daha kəskin sanksiyalar qəbul olunmadısa, “cəhənnəmdən gələn sanksiya layihəsi”ni Konqres qəbul edəcəkmi və edərsə, Tramp təsdiqləyəcəkmi?

“Rusiyanın sürətlə silahlanması dünya üçün ciddi təhlükələr yaradır”

“Hürriyyət”in suallarını cavablandıran keçmiş dövlət katibi, politoloq Qabil Hüseynlinin fikrincə, Konqres bu dəfə Rusiyaya yeni sanksiyalar qəbul edəcək: “Çünki Rusiya təhlükəsi artıq kifayət qədər real görünür. Rusiya hər gün yalandan-doğurdan yeni bir silah, raket növü, yaratdığını bəyan edir. Bu silah növləri “Poseydon” və müxtəlif adlarla adlandırılır və atom sualtı qayıqlarına yerləşdirilir, göstərir ki, uçuş sürətinə və hava hücumundan müdafiə sistemlərini yarma qabiliyyətinə görə ən gəlişmiş silahlardır. Bax, bu nöqteyi-nəzərdən, zənnimcə, Avropa, Avropa, ümumiyyətlə, mədəni, sivilizasiyalı dünya üçün Rusiyanın təhdidləri artmaqdadır. Xüsusən Rusiyanın sürətlə silahlanması, ondan sonra, məxsus olduğu silahları modernləşdirməsi və dünyanı yeni silah yarışına dəvət etməsi sözün əsl mənasında dünya üçün ciddi təhlükələr yaradır. Bax buna görə də bu sanksiyalar necə olursa-olsun verilməli, həyata keçirilməlidir ki, bunun nəticəsində bir növ Rusiyanın sürətlə silahlanma yarışındakı möveyi zəiflədilsin. Bu Qərb dünyasının təhlükəsizliyi üçün vacib elementlərdən biridir və mən güman edirəm ki, “cəhənnəm sanksiyaları” adlanan sanksiyalar qəbul ediləcək və bu da Rusiyanın həm iqtisadi inkişafına, həm əhalinin maddi rifah səvfiyyəsinə, həm də modern silahlar yaratmasına ciddi sürətdə əngəl yaradacaq”.

“Amerikanın mövcud qanunvericliyinə əsasən, ikinci dəfə təsdiq edilmiş qanun layihəsini prezident imzalamağa məcburdur”

Q.Hüseynli sual etdi ki, Konqres və Senat layihəni qəbul etsə, Tramp onu necə qəbul etməyə bilər: “Təkrar geri göndərərsə, (bunun da ehtimalı çox zəifdir) Konqres və Senat yenidən qəbul edəcək. Artıq bu zaman Amerikanın mövcud qanunvericliyinə əsasən ikinci dəfə təsdiq edilmiş qanun layihəsini prezident imzalamağa məcburdur. Ona görə də ən prinsipialı və ciddisi Senatın və Konqresin bu məsələlərə münasibətidir. Ondan sonrakı proses ardıcıl surətdə öz axarı ilə hərəkət edəcək və qanun layihəsi təsdiq ediləcək”.

“Rusiya artıq bütün “qırmızı xətləri” çoxdan keçib”

“Amerika yenidən Rusiyaya yenidən sanksiya tətbiq edərsə, onsuz da gərgin olan Rusiya-ABŞ münasibətləri hansı səviyyəyə çata bilər” sualına Q. Hüseynli belə cavab verdi: “Ruslar belə iddia edirlər ki, sankisiyaların qəbul ediləcəyi təqdirdə Rusiya nüvə silahı tətbiq edə bilər, NATO müqavimət göstərə bilər və. s. Amma bu, mümkün deyil. Mənə belə gəlir ki, Rusiya artıq bütün “qırmızı xətləri” çoxdan keçib, Qərb dünyası üçün ciddi təhdid elementinə çevrilib və dünyanı da qarışdırmaqda davam edir. Bu nöqteyi-nəzərdən əgər bu addımları atırlarsa, Rusiyanın müvafiq cavab tədbirlərini də nəzərə alırlar. Ona görə də mən güman edirəm ki, Rusiyanın indidən müəyyən hərbə-zorab gəlmə siyasəti özünü doğrultmayacaq və bu məsələlər Amerikanın dediyimi kimi öz həllini tapacaq”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA