ABŞ-ın Demokratlar Partiyasında bölünmə: Trampın vəzifədən götürülməsini niyə istəmirlər?

  • 2019-03-07 14:24:59
  • |
  • Dünya /

ABŞ-ın Demokratlar Partiyasında bölünmə: Trampın vəzifədən götürülməsini niyə istəmirlər?

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 07 mart 2019-cu il

Bir çox məsələ ilə bağlı Prezident Tramp əleyhinə təhqiqat başladan Demokrat Partiyası haqqında başlıqda qoyduğum sual çoxunuza qəribə görünə bilər. Ancaq Vaşinqtondakı reallıq bu sualı legitim və verilməsi lazım olan hala gətirir. Söhbətləşdiyim Konqresi yaxşı tanıyan bəzi vəzifəli şəxslər “Siz xəbərlərə baxmayın, Demokrat Partiyası içində Prezident Trampın vəzifədən uzaqlaşdırılması prosesinin başladılmasına qarşı olan xeyli böyük bir qrup var” deyirlər.

Mayk Pens qorxusu

Bu qrupdakılar, – Prezident Trampın 2019-cu il içində, 2020-ci il seçkilərindən öncə vəzifədən uzaqlaşdırıldığı təqdirdə, qanunun tələbinə uyğun olaraq, vitse-prezident Mayk Pens Prezident təyin ediləcəyinə görə, – aparılan təhqiqatlar nəticəsində Tramp nə qədər təqsirkar çıxarsa çıxsın, seçkiyədək onun vəzifədə saxlanmasının lazım olduğunu düşünürlər.

Mayk Pensin prezidentliyinin Trampın prezidentliyindən daha pis olacağını və onun ABŞ-ın başını dünyada çox dərdə soxacağını söyləyirlər. Bu demokratlar “Prezident Trampı təhqiqatlarla yaralayaq, ancaq mütləq seçkiyə girməsini təmin edib prezidentliyi biz alaq” deyərək, düşünürlər.

Beləliklə, vitse-prezident Mayk Pens Trampdan daha pis prezident olacağına görə, hazırkı prezidentin vəzifədən uzaqlaşdırılmaması bir təminata çevrilməyə başlamış durumdadır.

İndidən 12 namizəd var

Demokrat Partiyasında prezidentin təhqiqat nəticəsində deyil, seçki yolu ilə öz vəzifəsindən uzaqlaşdırılmalı olduğunu düşünənlərin sayı xeyli çox olduğundan, 2020-ci il seçkilərində namizəd olacaq adamların sayı davamlı olaraq artır. İndidən Demokrat Partiyasından prezidentliyə 12 namizəd var. Namizədlər arasında Berni Sandersvə ona yaxın olanlar ağırlıq təşkil edir.

Co Bayden də namizəddir

Partiyanın belə sola meyl etdiyi halda, seçkini uda bilməyəcəklərini düşünən sabiq vitse-prezident (prezident Obamadövründə) Co Bayden də öz namizədliyini bu yaxınlarda rəsmən açıqlayacaq. Baydenin də Mayk Pensin qarşısını almaq üçün impiçmentə qarşı olduğu söylənilir. Onun da Trampın bu yolla vəzifədən uzaqlaşdırılmasının deyil, ona seçkidə qalib gələrək hakimiyyəti respublikaçılardan almağın lazımlı olduğunu söylədiyi bildirilir.

Vaşinqtonda Trampın Demokrat Partiyası daxilində təhqiqatlarla bağlı belə fikir ayrılığının mövcud olmasından istifadə edərək, özünə manevr sahəsi yaratmağa çalışacağı da düşünülür.

Tərcümə Strateq.az-ındır

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA