ABŞ-ın öldürücü "ANAKONDA TAKTİKASI" - İran təklənir, NATO Rusiyaya girir və Türkiyəni...

ABŞ-ın öldürücü "ANAKONDA TAKTİKASI" - İran təklənir, NATO Rusiyaya girir və Türkiyəni...

Noyabrın 25-i Rusiya-Ukrayna arasında baş verən hərbi gərginlik gündəmdəki əhəmiyyətini qorumaqdadır. Hətta ABŞ prezidenti Donald Tramp bu gərginlik səbəbilə Argentinada keçirilən G-20 liderlər zirvəsində Rusiya prezidenti Vladimir Putinlə görüşməkdən imtina edib.

Hurriyyet.org xəbər verir ki, siyasi analitik Ehtiram Aşırlı Rusiya ilə Ukrayna arasında baş verən Azov böhranını publika.az-a bir neçə kontekstdən şərh edib.

Rusiya-Ukrayna arasında baş verən proseslər NATO və "Avropa Ordusu" məsələsi kontekstində - 1

Bu kontekstdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) hegemonyasının ən mühüm sütunu olan Atlantika İttifaqında baş verən hadisələr müzakirə olunmalıdır. ABŞ prezidenti Donald Trampın vəzifəyə gəlməsiylə birlikdə Almaniya ilə əlaqələrin problemli bir hal aldığı dövrə girildiyini qeyd etmək yerinə düşər. Bununla birlikdə, yaxın dövrdə Fransa prezidenti Emmanuel Makronun "Avropa Ordusu" çıxışı, ABŞ-Fransa əlaqələrinin Vaşinqton tərəfindən müzakirə obyekti məsələsinə çevirilməsinə gətirib çıxarıb. Trampın Makrona qarşı əks-həmləsi və sosial şəbəkə üzərindən Almaniyanın Fransanı işğal etdiyini vurğulayan mesajı Atlantika İttifaqı daxilində kartların yenidən bölüşdürülməsini göstərir. Qlobal liderliyi üçün Atlantik İttifaqını, yəni Avropanı əlində tutmaq məcburiyyətində olan ABŞ baxımından Ukrayna mərkəzli son böhranla Avropaya Rusiya təhdidini yenidən xatırlatması NATO-ya etiraz edən dövlətlərə bir növ xəbərdarlıq xarakteri daşıyır. Çünki istər konvensional, istərsə də hərbi potensial baxımından qitənin Rusiyaya qarşı çıxma potensialı sual altındadır. Belə olan halda, Rusiya təhlükəsini hiss edən Avropa, Avropa Ordusunu deyil, NATO sisteminin bir hissəsi olmağı üstün tutacaq. Nəticə etibarilə, baş vermiş böhran NATO-nun vacibliyini təsdiq edən və Atlantik İttifaqının davam etdirməsi zərurətinə işarə edən prosesləri göz önünə sərməkdədir. Bu nəticə isə ən çox ABŞ-ın işinə yarayacaq.

Rusiya-Ukrayna arasında baş verən proseslərin Rusiya-Türkiyə-İran üçlü formatının Suriyadakı mövqeyi və ABŞ-ın İranı regionda təkləmə planı, Türkiyəni müttəfiq kimi yenidən qazanma kontekstində - 2

Rusiya-Türkiyə-İran üçlüsünün Suriyada mövqeyinin güclənməsi ABŞ-ı narahat etməyə bilməz. Hələ son zamanlar bu üçlünün Suriyada bir çox məsələlərdə ortaq razılığa gəldiyini qeyd edərsək, ABŞ-ın Suriyadakı mövqeyinin nə qədər zəiflədiyini ifadə etməklə yanılmış olmarıq. Bunu görən ABŞ Suriyadakı mövqeyini bərpa etmək üçün ilk öncə Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi və İrana qarşı sanksiyalar qəbul etdi. İrana qarşı növbəti embarqolar isə 5 noyabr tarixində tətbiq edildi. Digər tərəfdən, xüsusilə diqqət edilməsi lazım olan məqam 16 noyabr tarixində ABŞ və Ukrayna hökuməti arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanmasıdır. Bu sənəddə, xüsusilə, Rusiyanın Qara və Azov dənizi, eləcə də Kerç boğazındakı addımlarına qarşı birgə hərəkət etmək bəndi yer alır. Beləcə, Aralıq dənizində karbohidrogen ehtiyatlarının Türkiyənin iştirakı olmadan istismar edilməsi prosesinin başladığını ifadə edə bilərik. Bununla da, ABŞ Rusiya və Türkiyəyə qarşı ayrı-ayrılıqda yeni cəbhə açaraq İranı regionda təkləməyə çalışır.

Beləliklə, ABŞ ilk cəhdini Rusiyadan yana istifadə edərək onunla danışıqlara gedəcək. Təbii ki, bu danışıqların əsas mövzusu İranın Suriyadan çıxarılmasına dair razılığın əldə edilməsi olacaq. Bu heç kimə sirr deyil ki, hər iki ölkə arasında bu məsələyə dair uzun müddətdir danışıqlar gedir. Düşünürəm ki, burada açar məsələ Rusiyanın bu təklifin qarşılığında ABŞ-dan nə istədiyidir. Hesab edirəm ki, ilk ağla gələn məsələ Rusiya və İrana qarşı sanksiyaların qaldırılmasıdır.

Bütün bu proseslər davam edərkən digər tərəfdən Türkiyə də İran məsələsində ABŞ-la müzakirələr aparır. Lakin konkret nəticəyə gəlmək mümkün olmur. Bu kontekstdə Aralıq dənizində baş verənləri bu cür qələmə verə bilərik ki, ABŞ-ın əsas məqsədi İranın yalnızlaşdırılmasında Türkiyənin onun yanında yer almasına nail olmaqdır. Lakin məsələyə daha geniş prespektivdən baxarsaq, görərik ki, ABŞ Rusiya və Türkiyəyə qarşı yeni cəbhə açmaqla onların Yaxın Şərqdəki, xüsusilə də Suriyadakı mövqeyinə zərbə vurmaq və İranı regionda təklənməsinə nail olmaq istəyir.

Belə olan təqdirdə, "Ərəb Baharı" böhranından sonra Yaxın Şərqdə durmadan güclənən İranın gücünün zəiflədilməsinə və mövqeyinin itirilməsinə nail olmuş olacaqlar. Nəyə görə İran? Çünki ilk növbədə, regionda İranın durmadan gücünün artması ABŞ ilə bərabər İsraili də narahat edir. Xüsusilə, İsrail İranı öz milli təhlükəsizliyi baxımından olduqca böyük bir təhlükə olaraq görür.

Rusiya-Ukrayna arasında baş verən proseslər çərçivəsində Rusiyaya qarşı tətbiq edilən "Anakonda Taktikası" - 3

Hazırda Qara dənizdə baş verənlərin digər bir səbəbi də ABŞ-ın NATO qüvvələri vasitəsi ilə Rusiyaya yönəlmiş "Anakonda taktikası”nı həyata keçirməsinin nəticəsidir. "Anakonda taktikası” ilk dəfə General Corc Brinton Makkellan tərəfindən ABŞ-da vətəndaş müharibəsində (1861-1865-ci illər) tətbiq edilib. Bu taktikanın məqsədi geosiyasi düşməni zəiflətmək üçün onun dənizlərə, okeanlara, müttəfiqlərinə və təbii sərvətlərə çıxış yollarını bağlamaqdır. Beləliklə, bunu bacaran tərəf geosiyasi mövqeyini nə qədər gücləndirərsə, qarşı tərəfin geosiyasi mövqeyi də o qədər zəifləyəcəkdir.

Diqqət yetirdinizsə, Ukrayna prezidenti Pyotr Poroşenko “NATO qüvvələri Qara dənizə daxil olsun” şəklində bir çağırışla çıxış etdi. Beləcə, NATO-nun bölgəyə girişi üçün dolaylı yolla olsa da, əsas bəhanə yaradılmış oldu. Belə olan halda, Rusiyanın Ukraynaya yenidən hücumunun olması real görünür. Çünki ABŞ-la toqquşmada, xüsusilə, Rusiyanın dənizə çıxışının məhdudlaşdırılması və NATO qüvvələrinin yerləşdirilməsi fonunda, rusların Ukraynada məğlubiyyəti dövlətinin sonunu yaxınlaşdıracaq. Xüsusilə, ABŞ mediada “Rusiya hücuma keçir” başlıqlı yazıların qoyulmasında maraqlıdır. Çünki NATO-nun Qara dənizə və Azova girişinin başqa yolu görünmür. Xatırlayırsınızsa, ABŞ Yaxın Şərqə girmək üçün də “İraq nüvə silahı istehsal edir” adı altında müdaxilə edib. Həmişəki kimi ABŞ öz hərbi müdaxilələrini reallaşdırmaq üçün bəhanələr baxımından çətinlik çəkmir. Bu da onun növbəti bəhanəsidir ki, Rusiya Ukraynaya hücum edir, biz onlara kömək etməliyik. ABŞ bu bəhanə ilə Rusiyaya qarşı "Anakonda Taktikası" planını həyata keçirməyi planlaşdırır. Bir sözlə, ABŞ-ın Ukraynanın şərqində yaratmaq istədiyi hərbi bazanın reallaşması istiqamətində real addımların atılması və NATO gəmilərinin Qara dənizdə aktivləşməsi kimi proseslər artıq onu göstərir ki, hədəf Rusiyadır. Plan isə "Anakonda Taktikasıdır.

Loading...

QALEREYA