ABŞ-ın yeni səfiri nədən hələ də Bakıya gəlməyib?

ABŞ-ın yeni səfiri nədən hələ də Bakıya gəlməyib?

Ramil Məmmədli: "Onun gəlişinin gecikməsini ABŞ-ın Azərbaycana qarşı etinasızlığı kimi dəyərləndirmək düzgün deyil"

Məhəmməd Əsədullazadə: "Hərbi və təhlükəsizlik sahəsində çalışan birinin ölkəmizə səfir göndərilməsi təsadüfi deyil"

"Litzenbergerin gəlişinin gecikməsinin səbəbi hazırkı missiyasını hələ yekunlaşdırmaması və ya sırf texniki məsələlərlə bağlı ola bilər"

"Yəqin ki, yeni səfirin gəlişindən sonra ABŞ-Azərbaycan münasibətlərində hiss olunan ətalət mərhələli şəkildə aradan qalxar"

Bildiyiniz kimi, ötən ilin aprel ayının 2-də ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta diplomatik xidmətini başa vuraraq Azərbaycanı tərk edib. Həmin vaxtdan bu ilin yanvar ayının əvvəlinə qədər onun yerinə boş qalmış, yəni rəsmi Vaşinqton bu müddət ərzində Azərbaycana səfir təyin etməmişdi. Düzdür, ötən ilin sentyabr ayında ABŞ prezidenti Donald Tramp Örl Litzenbergerin səfir postuna namizədliyini irəli sürsə də, Senat onun təyinatını 4 ay sonra təsdiqləyib. Nəzərinizə çatdıraq ki, Örl Litzenberger Marşal Fondunun baş elmi əməkdaşı, ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini, NATO-nun Əfqanıstandakı nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirinin müavini və ABŞ-ın Qırğızıstandakı səfirinin müavini olub. O, səfir təyin olunana qədər Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutub.

Bu arada, məsələnin maraqlı tərəfi ondadır ki, bu ilin yanvar ayının 3-də yayılan informasiyalarda Litzenbergerin yaxın günlərdə Bakıya yola düşəcəyi bildirilsə də, üzərindən 2 aydan artıq vaxt keçməsinə baxmayaraq, ABŞ-ın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri hələ də Azərbaycana gəlməyib, etimadnaməsini ölkə başçısına təqdim etməyib. Odur ki, yeni səfirin gəlişinin hansı səbəblərdən gecikməsinə, eyni zamanda ABŞ-ın nədən hərbi sahə mütəxəssisini bu vəzəfəyə təyin etməsinə aydınlıq gətirməsi üçün hərbi-siyasi icmalçı Ramil Məmmədliyə müraciət etdik.

"ABŞ artıq Rusiya ilə sərhəd bölgələrdə öz diplomatik missiyalarının rəhbərliyində hərbi strukturu keçmiş və daha çox döyüşkən şəxsləri görmək istəyir"

Keçmiş prezident Barak Obama da daxil olmaqla, ABŞ-ın əvvəlki kabinetlərində xarici siyasətdə mövqe tutan şəxslərin böyük əksəriyyətinin diplomatik missiyanın nümayəndələri olduğunu vurğulayan hərbi-siyasi icmalçı "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, Donald Tramp isə hakimiyyəyə gəldiyi ilk gündən kardinal dəyişikliklər etməyə başlayıb: "Ona qədər Mərkəzi Kəşfiyyat İdarəsinin diplomatik missiyalarda mövqe tutan xüsusi şəxslərini çıxmaq şərti ilə ümumilikdə xarici siyasətdə mövqe tutanlar mülki şəxslər, diplomatlar idi. Lakin Donald Tramp bu istiqamətdə çox ciddi kardinal dəyişikliklər etməyə başladı. Belə ki, İraq və Əfqanıstan müharibələrində sərt mövqeyi, döyüşkənliyi ilə ad qazanmış, yer tutmuş şəxsləri yüksək vəzifələrə təyin etməyə başladı. Bunun ardınca, bir neçə səfir postuna da hərbçilər təyin etdi, o cümlədən də Azərbaycana. Bunun əsas səbəblərindən biri Azərbaycanla bağlı siyasətdə ciddi dəyişikliklər etməkdir. Çünki bu günə kimi son 3 səfirin hər biri mülki şəxslər idi və onlar daha çox siyasi konyikturayla fəaliyyət göstərirdilər. ABŞ-ın bu mövqeyi onu deməyə əsas verir ki, Vaşinqton artıq Rusiya ilə sərhəd bölgələrdə öz diplomatik missiyalarının rəhbərliyində hərbi strukturu keçmiş və daha çox döyüşkən şəxsləri görmək istəyir. Əslində, bu, çox doğru, düzgün siyasətdir. İllərdir SSRİ, sonra isə Rusiya bu siyasəti yürüdür. Yəni orda da hərbiçilər mülki geyimli yüksək vəzifələrə gətirilir".

"Azərbaycan ABŞ üçün coğrafi və siyasi baxımdan olduqca vacib ölkədir"

ABŞ-ın ölkəmizdəki yeni səfirinin hərbi sahə mütəxəssisi olmasını onun üstünlüyü kimi dəyərləndirən Ramil Məmmədli hesab edir ki, yeni səfirin ölkəmizə gəlişindən sonra ABŞ-Azərbaycan münasibətlərində hiss olunan ətalət mərhələli şəkildə aradan qalxacaq: "Düşünürəm ki, yeni səfir müəyyən danışıqlarda mövqeyini daha kəskin şəkildə ortaya qoya biləcək. Çünki hərbi sahənin adamları klassik diplomatlardan fərqli olaraq xarakter etibarı ilə daha konkret olurlar. Bu baxımdan, gözlənilir ki, yeni səfirin fəaliyyəti digərlərindən daha aktiv olacaq. Təbii ki, ABŞ-la əməkdaşlıq Azərbaycanın milli maraqlarına da uyğundur. Hesab edirəm ki, Örl Litzenbergerin fəaliyyəti onun ölkəsinin burda hansı mövqe qazanacağından, Azərbaycanla münasibətlərin necə olacağından çox asılıdır. Çünki hazırda görünən odur ki, ABŞ-Azərbaycan münasibətlərində bir ətalət hiss olunur. Yəqin ki, yeni səfirin gəlişindən sonra bu ətalət mərhələli şəkildə aradan qalxar".

ABŞ-ın Azərbaycana təyin etdiyi yeni səfər Örl Litzenbergerin ölkəmizə gəlişinin gecikməsinə gəlincə, hərbi-siyasi icmalçı bildirdi ki, buna bir neçə aspektdən yanaşmaq olar: "Məsələn, rəsmi şəkildə təsdiq olunduqdan sonra səfirin ölkəmizə gəlişinin gecikməsinin ilkin səbəbi onun şəxsi problemləri və ya hazırkı missiyasını hələ yekunlaşdırmaması ilə bağlı ola bilər. Eyni zamanda, gecikmənin digər səbəbi sırf texniki məsələlərlə də bağlı ola bilər. Çünki ABŞ diplomayik missiyasının nümayəndələri təyinatı zamanı müəyən texniki problemlər ortaya çıxır. Ümumiyyətlə, biz yeni səfər Örl Litzenbergerin hansı tarixdən etibarən Azərbaycanda fəaliyyətə başlayacağı haqda məlumata malik deyilik. Çünki bununla bağlı xüsusi bir tarix göstərilməyib. Bu baxımdan, hesab edirəm ki, səfirin gəlişinin gecikməsini ABŞ-ın Azərbaycana qarşı etinasızlığı kimi dəyərləndirmək düzgün deyil. Çünki Azərbaycan ABŞ üçün coğrafi və siyasi baxımdan olduqca vacib ölkədir. Azərbaycan Amerikanın rəqibi, düşməni olan İran və Rusiyanın qonşuluğunda yerləşir, neft və digər mühüm qaynaqlara malikdir. Bundan başqa, Azərbaycanla ABŞ arasında həm ikitərəfli, həm də NATO çərçivəsində hərbi əməkdaşlıq mövcuddur. Bütün bunları nəzərə aldıqda, Azərbaycanı itirmək ABŞ-ın maraqlarına ziddir. Düşünürəm ki, yaxın vaxtlarda yeni səfir Örl Litzenberger öz fəaliyyətinə başlayacaq".

"Litzenberger Qarabağ münaqişəsinin həllində digər səfirlərdən fərqli olaraq, daha da yaxından iştirak edəcək"

Yeri gəlmişkən, məhz bu mövzu ilə bağlı bir müddət öncə özünün "facebook" səhifəsində mövqeyini bildirən politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir ki, Dövlət Departamentində hərbi və təhlükəsizlik sahəsində çalışan birinin ölkəmizə səfir göndərilməsi təsadüfi deyil: "Çünki Cənubi Qafqazda siyasi situasiya yeni mərhələyə keçdiyinə görə, Vaşinqtonla Moskva arasında bu regionda siyasi toqquşmalar yaşanır. Fikir versək, Vaşinqtonla Moskva arasında Gürcüstan və Ermənistanda siyasi toqquşması davam edir. Növbəti məkan Azərbaycan ola bilər. Ona görə də ABŞ ölkəmizə göndərdiyi səfiri xüsusi seçib". ABŞ müəyyən zamanlarda regionda baş verən proseslərə uyğun olaraq ölkəmizə səfir təyinatını diplomatların peşə xüsusiyyətlərinə və çalışdıqları sahəyə görə təyin etdiyini vurğulayan politoloq qeyd edib ki, ilk əvvəllərdən başlayaraq, ABŞ regionumuzda enerji məsələlərinə üstünlük verdiyi üçün daim bu sahə üzrə ixtisaslaşan və təcrübəsi olan diplomatları ölkəmizə səfir göndərib: "İndi isə artıq enerji məsələləri öz həllini tapıb, bu layihələrin qarşısında olan əngəllər ortadan qaldırılıb. İndi Vaşinqtonun qarşısında duran əsas məqsəd Azərbaycanla sıx siyasi-hərbi əlaqələri gücləndirməklə, Qafqazda mövqeyini artırmaqdır. Qeyd edim ki, yeni səfirin Azərbaycanda fəaliyyəti demək olar ki, gərgin olacaq. Xəzər regionunda ABŞ-ın maraqları artır, Azərbaycanın qonşusu Rusiya və İranla konfrontrasiya yaşayır. Odur ki, yeni səfiri ölkəmizdə daha sıx və gərgin iş qrafiki gözləyir".

Məhəmməd Əsədullazadə hesab edir ki, Örl Litzenberger Qarabağ münaqişəsinin həllində digər səfirlərdən fərqli olaraq, daha da yaxından iştirak edəcək. Çünki Vaşinqton öz geosiyasi maraqları prizmasından Qarabağ konfliktinin həllində maraqlıdır: "Bundan əlavə, ABŞ-Azərbaycan əlaqələri hərbi-texniki və təhlükəsiz sahəsində inkişaf edəcək. Hətta ABŞ-la böyük partiyada silah alışı da reallaşa bilər. Həmçinin, səfir ölkəmizin avrointeqrasiya kursunun aparılmasına, Rusiya və İranın aqressiyasına qarşı səylərini artıracaq. Sabiq səfir Robert Sekutadan fərqli olaraq, Litzenberger səlahiyyət müddətində sükuta üstünlük verməyəcək".

Vazeh BƏHRAMOĞLU

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA