ABŞ-İRAN DANIŞIQLARI BAKIDA KEÇİRİLƏ BİLƏR?

ABŞ-İRAN DANIŞIQLARI BAKIDA KEÇİRİLƏ BİLƏR?

Məhəmməd Əsədullazadə: "Tramp ilk öncə əzələ nümayiş etdirir, sonra isə danışıqlara dəvət edir, şərtlərini irəli sürür"

Ramil Məmmədli: "İran və ABŞ arasında danışıqların Bakıda keçirilməsi təklif oluna və həyata keçirilə biləcək məsələdir"

"Lakin rəsmi Bakının Vaşinqton və Tehran arasında vasitəçilik missiyasını həyata keçirməsi reallığı əks etdirmir"

İran ABŞ-ın onunla imzaladığı nüvə sazişindən çıxmasına və bundan sonra tətbiq edilən sanksiyalara cavab olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəyini bəyan edib. Belə ki, bununla bağlı yayılan məlumatlara görə, artıq rəsmi Tehran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində üzərinə götürdüyü öhdəliklərin müəyyən hissələrinin tətbiqini dayandırıb. İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının qəbul etdiyi qərara əsasən Tehran əvvəl də xəbərdarlıq etdiyi kimi uranın zənginləşdirilməsi işini bərpa edə və saziş tərəfləri 60 gün müddətində müqavilənin şərtlərini yerinə yetirməyəcəyi halda Ərakda ağır su reaktorunun təkmilləşdirilməsini dayandıra bilər.

Bu arada, ABŞ prezidenti Donald Tramp isə Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı bildirib ki, İran düşünülməmiş addımlardan çəkinməlidir. Tramp əks halda İranın böyük problemlərlə qarşılaşacağın bəyan edib: "Əgər nə isə baş versə, bu, İran üçün böyük problem olacaq. Bunu sizə deyirəm. Onlar bundan şad olmayacaq. Onlar bununla nə demək istədiyimi bilirlər". Trampla təxminən, eyni mövqedən çıxış edən amerikalı senator Tom Kotton isə "Firing Line" proqramında çıxışı zamanı qeyd edib ki, İran üzərində qələbə qazanmaq üçün ABŞ-a 2 zərbə endirmək kifayətdir: "Bəli, 2 zərbə lazımdır. Birinci və sonuncu zərbə...". Onun sözlərinə görə, İranla qarşıdurmaya bu ölkənin ABŞ əsgərlərinə və ya müttəfiqlərinə hücumu səbəb ola bilər.

Yeri gəlmişkən, İranın Ali dini lideri Əli Xamenei isə bəyan edib ki, Tehran Vaşinqtona qarşı müqaviməti davam etdirəcək, lakin müharibə olmayacaq: "İran xalqının birmənalı seçimi ABŞ-a müqavimətdir. ABŞ geri çəkilmək məcburiyyətində qalacaq. Müqavimət hərbi deyil, müharibə üçün əsas yoxdur".

ABŞ müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan isə İrana qarşı daha sərt mövqe nümayiş etdirib. Belə ki, o, İranın nüvə silahı hazırlanması prosesini sürətləndirəcəyi və ya ABŞ obyektlərinə hücum edəcəyi halda Yaxın Şərqə 120 minə qədər hərbçinin göndərilməsini özündə ehtiva edən hərbi plan təqdim edib. Bu barədə "Nyu York Tayms" qəzetində yayılan informasiyada deyilir ki, Şanahan yeni hərbi planını Donald Trampın milli təhlükəsizlik üzrə əsas köməkçiləri ilə 9 mayda görüşü zamanı təqdim edib. Yeni planın hazırlanmasında Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun təzyiqinin xüsusi rol oynadığı bildirilib. Yeni planda göstərilən əsgər sayı Trampın köməkçilərini heyrətə gətirib. Belə ki, məhz bu qədər əsgər 2003-cü ildə İraqın işğalıyla bağlı əməliyyatlarda iştirak edib. Qəzetin mənbələri yeni hərbi planda İrana qarşı quru əməliyyatlarının nəzərdə tutulmadığını deyiblər. Patrik Şanahanın İranı hədələyən ultimatumunu şərh edən ABŞ Milli Maraqları Mərkəzinin xarici siyasət üzrə mütəxəssisi Paul Saunders isə axar.az-a bildirib ki, ABŞ və İran arasında gərginlik artdıqca, Pentaqonun fövqəladə planlarını yenidən yoxlamağı və yeniləməyi gözlənilən idi. Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyindən bir çox şərti öhdəliyin planlaşdırılması tələb olunur: "İran əhəmiyyətli hərbi imkanları olan mühüm bir regional güc olduğundan müdafiə rəsmiləri planlaşdırmada bunu nəzərə almalıdırlar. Əlbəttə ki, bu da öz növbəsində İran liderlərinə Birləşmiş Ştatların İranın ABŞ-ı təhrik etməsi üçün cavab verməyə hazır olduğunu göstərir".

"İslahatçılar qanadı danışıqlara meyilli, mühafizəkarlar isə dirənişi axıra kimi davam etdirməyi planlayır"

Картинки по запросу Məhəmməd Əsədullazadə

Beləliklə, "Hürriyyət"in məlumatına görə, mövzu ilə bağlı mövqeyini bildirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bu qənaətdədir ki, Azərbaycan ABŞ-İran danışıqlarının Bakıda keçirilməsini təklif edə bilər. Onun fikrincə, ABŞ və İran arasında davam edən siyasi-iqtisadi müharibənin hərbi müstəviyə keçməsi az ehtimal olunsa da, diplomatik jestlər Vaşinqton tərəfindən edilir: "Tramp ilk öncə əzələ nümayiş etdirir, sonra isə danışıqlara dəvət edir, şərtlərini irəli sürür. İrana da eyni ssenari tətbiq edilir. Trampın "gəl danışaq" mesajı Tehran siyasi dairələrini ikiyə bölüb. İslahatçılar qanadı danışıqlara meyilli, mühafizəkarlar isə dirənişi axıra kimi davam etdirməyi planlayır". Lakin hər iki tərəfin problemi diplomatik danışıqlarla həll etməyə məhkum olduğunu vurğulayan politoloq bildirib ki, Azərbaycan ABŞ və İran arasında vasitəçi olub, danışıqların Bakıda keçirilməsini təklif edə bilər: "Nəzərə alaq ki, NATO-Rusiya danışıqları Bakıda keçirilib. Ölkəmiz bu kimi məsələlərdə təcrübəyə malikdir".

"Azərbaycanın 40 ildir ki, bir-birinə qarşı düşmən mövqedə olan ölkələr arasında barışdırıcı missiyanı öz üzərinə götürməsi mümkün deyil"

Картинки по запросу Ramil Məmmədli

Məsələ ilə əlaqədar mövqeyini "Hürriyyət"lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli də hesab edir ki, İran və ABŞ arasında danışıqların keçirilmə məntəqəsinin Bakı ola bilməsi kifayət qədər real görünür: "Yəni həm mövqe baxımından, həm də İran və ABŞ-la münasibətlərdə normal ölkə imici qazanan Azərbaycanın paytaxtında belə bir danışıqların keçirilməsi təklif oluna və həyata keçirilə biləcək məsələdir. Lakin Azərbaycanın ABŞ və İran arasında vasitəçilik missiyasına gəlincə, bu, reallığı əks etdirmir. Çünki Azərbaycanın 40 ildir ki, bir-birinə qarşı düşmən mövqedə olan ölkələr arasında barışdırıcı mövqe nümayiş etdirə bilməsi, bu missiyanı öz üzərinə götürməsi kimi çətin bir prosesə vasitəçilik etməsi mümkün deyil. Təkcə ona görə ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın vasitəçilik missiyalarından daim bu və digər formada imtina edib. Səbəb isə Avropanın, birbaşa ABŞ-ın bu məsələdə İrana olan mövqeyi ilə bağlıdır. Yəni ABŞ-ın İranla münasibətlərinin kəskin olması Azərbaycanın İranla bu məsələdə əməkdaşlıq etməsinə maneə yaradırdı. Odur ki, rəsmi Bakının Vaşinqton və Tehran arasında vasitəçilik missiyasını həyata keçirməsi real görünmür. Çünki həm Azərbaycanın beynəlxalq arenadakı imkanları, gücü, həm də Dağlıq Qarabağla bağlı İrana olan münasibət heç cür imkan vermir ki, rəsmi Tehran buna razılıq versin".

"Azərbaycana qədər bu prosesi apara biləcək, yəni vasitəçilik edə biləcək ölkələr - Fransa, Almaniya və Türkiyə var"

ABŞ-ın bu məsələ ilə bağlı verəcəyi reaksiyaya gəlincə, hərbi-siyasi icmalçı qeyd etdi ki, rəsmi Vaşinqton amerikalılara xas gülümsəmə ilə münasibət bildirə bilər: "Bakıda hər hansı bir görüşün keçirilməsinə etiraz edilməsə də, ABŞ Azərbaycanın vasitəçiliyinə razılıq verə bilməz. Bildiyiniz kimi, indiyədək bir neçə dəfə NATO ilə Rusiya arasında hansısa müzakirələrin, danışıqların Bakıda keçirilməsinin şahidi olmuşuq. Məhz bunu nəzərə aldıqda, İran və ABŞ arasında danışıqların Bakıda keçirilməsi mümkündür. Amma inanmıram ki, ABŞ İranla əlaqələrdə Azərbaycanın vasitəçilik imkanlarından istifadə etsin. Bu, inandırıcı deyil. Hər halda Azərbaycana qədər bu prosesi apara biləcək, yəni vasitəçilik edə biləcək ölkələr var. Misal kimi, Fransa, Almaniya və Türkiyənin adını çəkmək olar. İnanmıram ki, Azərbaycan bu siyahıda hansısa bir mövqedə olsun. Düzdür, 2015-ci ildə Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan vasitəçilik missiyasında hansısa mövqedə yer tutmuşdu. Lakin İranla ABŞ arasındakı problem Türkiyə ilə Rusiya arasındakı məsələyə bənzəmir. Çünki bu, daha dərin məsələdir və ortada iqtisadi sanksiyalarla yanaşı, insan iktiləri var. Yəni məsələyə real baxmaq lazımdır. Hesab edirəm ki, Azərbaycan sadəcə olaraq tərəflər arasında müharibənin olmamasına çalışa biləcək, imkan olduğu halda hər hansı bir addım atmalıdır. Ona görə ki, ölkəmiz ABŞ-la İran arasında ola biləcək müharibədən həm humanitar, həm mənəvi baxımdan əziyyət çəkə bilər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA