ABŞ-Türkiyə münasibətləri daha gərgin fazaya qədəm qoya bilər

ABŞ-Türkiyə münasibətləri daha gərgin fazaya qədəm qoya bilər

Vaşinqton Ankaranın milli təhlükəsizlik maraqlarını nəzərə almadan Suriyadakı kürd terrorçularına siyasi, hərbi və maliyyə dəstəyi verir

Venesuela məsələsində tərəflər bir-birinə əks cəbhələrdə dayanıb

Elxan Şahinoğlu: "Ərdoğan özünə mənəvi borc bilir ki, Maduronu dəstəkləsin, çünki..."

Son illər qardaş Türkiyənin Rusiya, o cümlədən İranla yaxınlaşması, Suriya münaqişəsinin həlində ortaq hərəkət etməsi onun uzun illər müttəfiqi olan ABŞ-la münasibətlərinin kəskin şəkildə pozulmasına səbəb olub. Belə ki, artıq rəsmi Ankara ilə Vaşinqton arasında soyuq küləklər əsməkdədir. Məhz elə bu səbəbdən də Ağ Ev əlinə düşən hər fürsətdə Türkiyənin əleyhinə qərarlar verir, onun maraqlarına zidd olduğunu bildiyi halda PKK terror təşkilatının Suriya qanadı olan YPG-ni dəstəkləməkdə davam edir. Belə ki, ABŞ prezidenti Donald Trampın PKK terror təşkilatının dostu kimi tanınan Devid Satterfildi Türkiyəyə səfir təyin etmək niyyətində olması bunun bariz sübutu kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, bugünlərdə bununla bağlı Türkiyə mediasında yayılan informasiyaya görə, Suriyanın parçalanmasının tərəfdarı olan Satterfild ötən il yanvarın 11-də Senatdakı çıxışı zamanı ABŞ-ın Suriyada qalmasının səbəbinin müttəfiqi PKK/YPG-ni dəstəkləmək və ona yardım etmək olduğunu bəyan edib: "İŞİD-ə qarşı cəsarətlə döyüşən YPG-ni qorumaq, Suriyanın qalan hissəsində yeni bir model qurmaqdır. Beləliklə yaradılacaq yeni Suriya dövlətində ölkənin şimal-şərqindəki müttəfiqlərimizin ədalətlə təmsil olunmalarının təmin edilməsinə çalışırıq". Donald Trampın ABŞ hərbçilərinin Suriyanı tərk etməsi ilə bağlı qərarına qarşı olan Devid Satterfild hesab edir ki, İran və Rusiyanın Suriyada qüvvətlənməsi təhdidinə qarşı YPG-yə silah dəstəyi davam etdirilməlidir: "Strateji tərəfdaşlarımız olan İraq və Şimali İraq Kürdistan Muxtariyyəti İŞİD-i məğlub eləməyimizdə mühüm rol oynayıblar. Bununla əlaqədar ABŞ inanır ki, Suriyadakı qruplar, xüsusilə də bütün kürd qruplaşmaları bölgədə təmsil olunmalıdırlar".

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, Donald Tramp Suriyadan çəkilmə sözü verərkən Pentaqon daha çox yerləşmə planları hazırlayır. Bununla bağlı müxalifət.az-da yayımlanan məqalədə deyilir ki, son bir həftə içində PKK terrorçuları ilə Qamışlı, Ayn İsa, Ayn əl Arab-da (Kobani) 3 ayrı yığıncaq təşkil edən ABŞ nümayəndə heyətləri, Türkiyəsiz "təhlükəsiz bölgə" planlarını müzakirə edirlər. Məsələnin maraqlı tərəfi ondadır ki, Pentaqonun təşkil etdiyi yığıncaqlarda Qəndil heyəti də iştirak edib. Qamışlıda reallaşan ilk yığıncaqda ABŞ-lı bir heyət PKK-nın sözdə siyasi nümayəndələri ilə görüşüb. Alt səviyyədə reallaşan görüşlərdə əsasən "təhlükəsiz bölgə" mövzusu müzakirə edilib. İkinci görüş Ayn İsa-da keçirilib. ABŞ Mərkəzi Qüvvələr komandiri general Cozef Votel burada PKK/PYD terrorçubaşısı "Mazlum Kobani" kod adlı Şahin Cilo ilə görüşüb. Ayn İsa-dakı Amerika bazasında təşkil edilən yığıncaqda koalisiya qüvvələrinin sahə komandirləri də iştirak edib. Bu görüş Amerika mətbuatında da əks olunub, ancaq görüşün məzmunu ilə bağlı təfərrüat verilməyib. Votellə görüşü ilə bağlı ABŞ mətbuatına açıqlama verən terrorçu Şahin Cilo, "Votel koalisiyanın hərbi varlığını davam etdirə biləcəyi bir təklif üzərində çalışır" deyib. Üçüncü və ən əhatəli toplantı isə Ayn əl-Arab-da (Kobani) reallaşdırılıb. ABŞ hərbi bazasında təşkil olunan görüşməyə terror təşkilatı PKK-nın Qəndil və Suriyadakı uzantılarından ibarət böyük nümayəndə heyəti də qatılıb. "Mazlum Kobani" kod adlı Şahin Cilo, Sinema Gabriel, Cemal Əbu Cümə, Əbdülməlik Berd, Novruz Əhməd, Əhməd əbu Hole, Harun Koçer, Bender Eldehham, Rojda Hələb, Siyabend Welat, Həsən Kamışlo, Tolheldan Raman, Leyla Kani, Jiyan Tolheldan, Elder Xəlil və Leyla Abdullahın yer aldığı görüşdə terrorçuların həmsöhbəti bu dəfə Votel deyil, ABŞ-lı səfir William Roebuck olub. Roebuck ABŞ-ı və koalisiya qüvvələrini təmsil edən 7 nəfərlik nümayəndə heyəti ilə yığıncağa qatılıb.

Gördüyünüz kimi, bütün bunlar bir daha onu göstərir ki, ABŞ Türkiyənin milli təhlükəsizlik maraqlarını nəzərə almadan PKK terror təşkilatının Suriya qanadına həm siyasi, həm hərbi, həm də maliyyə baxımından ciddi dəstək verir. Təbii ki, bu da öz növbəsində, Ankara ilə Vaşinqton arasındakı laxlamış körpülərin sonda tamamilə uçmasına gətirib çıxara bilər. Budur, Venesuela məsələsində tərəflər bir-birinə əks cəbhələrdə dayanıb. Belə ki, Türkiyə birmənalı şəkildə Nikolas Maduronu, ABŞ isə onun rəqibi, Venesuelada müxalifət lideri Xuan Quaydonu dəstəkləyir. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə Venesuelanın daxili mәsәlәlәrinә müdaxilә edәn ABŞ vә Avropa İttifaqına üzv dövlәtlәrә sərt reaksiya göstәrib. Reaksiyasını "Venesuela senin ştatındırmı?" şәklindә ifadә edәn Әrdoğan bəyan edib ki, güclülərin hegemon olduğu format sivilizasiya anlayışına uyğun deyil: "Seçkilәrlә vәzifәyә gәlmiş şәxsә necә postundan get deyә bilәrsәn? Xalq tәrәfindәn seçilmәyәn Xuan Quaydoya dövlәtin rәhbәrliyini necә verә bilәrsәn? Belә bir anlayış ola bilәrmi? Bunu qәbul etmәk olarmı? Avropa İttifaqının da mövqeyini gördük. Bir tərəfdən demokratiya, seçkilәr deyirsiniz ondan sonra da zorla və hiylə ilə hökuməti devirirsiniz. Güclünün haqlı olduğu dünyanı biz qəbul etmirik. Haqlının güclü olduğu bir dünyanı qəbul edirik. Bu anlayışla yolumuza davam etmәliyik. Güclülərin hegemon olduğu format bizim sivilizasiya anlayışımıza uyğun deyil".

"Ankara bir nəfərə verdiyi dəstəyə görə Misirlə münasibətlərdə olduğu kimi Venesuella ilə də ipləri qoparmalı olacaq"

Картинки по запросу Elxan Şahinoğlu

Mövzu ilə bağlı mövqeyini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, "soyuq müharibə" illəri olsaydı Türkiyə ABŞ və digər Qərb dövlətlərinin ardınca Xuan Quaydonu Venesuellanın müvəqqəti prezidenti kimi tanıyardı: "Ancaq Ankara Nikolas Maduronu Venesuella prezidenti kimi tanıyır. Birincisi, Türkiyə cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan özünə mənəvi borc bilir ki, Maduronu dəstəkləsin. Çünki Türkiyədə hərbi çevrilişə cəhd zamanı Ərdoğana zəng edib onu dəstəkləyən ilk prezidentlərdən biri məhz Maduro idi. İkincisi, Maduronun Türkiyəyə sevgisi var, türk seriallarının aşiqidir. Üçüncü səbəb isə odur ki, dövran dəyişib Ankara Vaşinqtonun hər dediyini etmir, tam əksinə bir çox məsələdə tərs düşüblər". Elxan Şahinoğlunun sözlərinə görə, Ərdoğana yaxın türkiyəli ekspertlərin fikrincə, Maduro-Quaydon mübarizəsində ikincinin qələbə çalmaq şansı çoxdur: "Çünki müxalifət liderinin arxasında Amerika və onun kəşfiyyat maşını dayanıb və Venesuelladakı ağır iqtisadi və sosial vəziyyət Maduorun xeyrinə deyil. Demək bir müddət keçdikdən sonra Ankara bir nəfərə verdiyi dəstəyə görə Misirlə münasibətlərdə olduğu kimi Venesuella ilə də ipləri qoparmalı olacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA