ABŞ 6 ölkə ilə birlikdə Türkiyə və Rusiyaya SAVAŞ AÇIR

ABŞ 6 ölkə ilə birlikdə Türkiyə və Rusiyaya SAVAŞ AÇIR

Ramil Məmmədli: "ABŞ Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin iştirakı ilə mövqelərini daha da gücləndirməyə çalışır"

"İnanıram ki, Türkiyə bu məsələdə ərəb dünyası ilə dil taparaq Suriyadakı türkmənlərin mövqelərini qoruyub saxlaya biləcək"

Xatırlayırsınızsa, ötən ilin sonlarında ABŞ prezidenti Donald Tramp Suriyadakı amerikalı hərbçilərin çıxarılması ilə bağlı qərar qəbul edib. Qeyd edək ki, sözügedən qərardan bir qədər sonra Amerika mediasında Trampın Əfqanıstandakı ordunun bir hissəsini çıxarmaq barədə göstəriş verdiyinə dair informasiya yayılmışdı. Lakin bir neçə gün öncə ABŞ Senatının qəbul etdiyi qanun layihəsi bir daha təsdiqlədi ki, rəsmi Vaşinqton əksər hallarda olduğu kimi, bu dəfə də verdiyi vədin üzərində durmayacaq. Belə ki, ABŞ Konqresinin Senatı hakim Respublikaçılar Partiyasının senatoru Mitç Makkonnelin hazırladığı Pentaqon qüvvələrinin Suriya və Əfqanıstandan çıxarılmasına qarşı olan qanun layihəsi qəbul edib.

Nəzərinizə çatdıraq ki, həmin qanun layihəsində Suriya və Əfqanıstandakı islami qrupların hələ də ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdid olduğu, hər iki ölkədə İŞİD və Əl-Qaidə terror təşkilatları ilə mübarizənin davam etdiyi, ABŞ qüvvələrinin tələsik formada ölkədən çıxarılmasından sonra bölgənin sabitliyinin pozulacağı və yaranan boşluğun İran və Rusiya tərəfindən doldurulacağı bildirilib. Şübhəsiz, bu qanun layihəsi bir daha onu təsdiqləyib ki, Trampın qərarının icrasını gözləməyə, yəni ABŞ ordusunun Suriyadan tamamilə çıxarılacağına ümid etməyə dəyməz. Bunun tam tərsinə, Türkiyə Suriyanın Münbiç şəhəri və Fəratın şərqində terror təşkilatlarına qarşı hərbi müdaxiləyə hazırlaşdığı bir vaxtda, 7 ölkə öz qüvvələrini bölgəyə yerləşdirmək üçün hərəkətə keçib. Bununla bağlı publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin xarici işlər nazirləri sözügedən məsələ ilə əlaqədar Vaşinqtonda ortaq bəyannamə yayımlayıb. Bildirilir ki, İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində qurulmuş koalisiya qüvvələrinin 79 üzvünün toplantısından sonra adıçəkilən 7 ölkə xüsusi konfrans keçirib. Konfransda qəbul edilən bəyannamədə Türkiyənin bölgədə qeyri-sabitlik yaradan qüvvə olduğu iddia edilib. ABŞ Dövlət Departamentinin vasitəçiliyi ilə yayılan açıqlamada isə qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi, diplomatiya və beynəlxalq qərarlar çərçivəsində BNT-nin səylərinə dəstək veriləcək. Qeyd edilir ki, bölgədə sabitliyi pozmaq və hərbi həll yolu axtarmaq qarşıdurma riskini və gərginliyi yalnız artıracaq.

Bu arada, ABŞ-ın "Wall Street" jurnalının ötən həftə yayımladığı xəbərdə ABŞ-ın Suriya-Türkiyə sərhədində yaradılması planlaşdırılan təhlukəsizlik zonasını qərb müttəfiqlərindən ibarət yeni qüvvəyə təhvil verməyi istədiyi yazılıb. Vaşinqton bölgədəki qüvvəsini Fransa, İngiltərə və Avstraliyadan gələn əsgərlərlə əvəzləmək niyyətindədir. Türkiyə mediası isə xəbərdarlıq edir ki, Vaşinqtonun niyyəti bölgədə xaosu daha da dərinləşdirə, hətta Türkiyənin də iştirakı ilə böyük dövlətlərin hərbi qarşıdurmasına gətirib çıxara bilər.

Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, ötən ilin yanvar ayında ABŞ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı və İordaniya təmsilçiləri arasında gizli görüş keçirilib. Həmin görüşdən təxminən, bir ay sonra isə "Sputnik-Türkiyə"də yayımlanan məqalədə görüşün təfərrüatları və yeni Yaxın Şərq strategiyası aşkara çıxıb. Belə ki, strateq.az-ın tərcümə etdiyi həmin yazıda qeyd olunur ki, beş ölkənin gizlicə reallaşdırdığı təmasları bir qrup fransız jurnalist "Syrie Leaks" adı altında mediaya sızdırıb, təqaüdçü səfir Uluç Özülker isə həmin dosyeni şərh edib. Beləliklə, Türkiyənin yığıncağa dəvət edilməməsini şərh edən Özülkerin sözlərinə görə, sızdırılan bu sənəd, yığıncağın gündəliyini və iştirakçı ölkələrin məqsədini dəqiq şəkildə ortaya qoyur: "Toplantı, özlərinə "kiçik qrup" adını verən ABŞ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı və İordaniyanın bir araya gəlməsiylə reallaşıb. Bu qrupa Misir, Almaniya və Türkiyənin də daxil edilməsi deyilir. Aydın olan budur ki, Misirə dəvət göndərilmədiyi halda, Almaniyadan da dəvətə cavab verilməyib. Türkiyəyə gəlincə, Ankaraya dəvət yollamaqda tərəddüd edilib. Gizli yığıncağın iştirakçıların rəyinə görə, türklər və kürdlər arasındakı qarşıdurma var, bu, qrupun qərarlarına mənfi təsir edə bilər. ABŞ sözçüsü "Prezident Donald Tramp İŞİD-i bəhanə olaraq istifadə edir, amma biz Suriyada qalıcı olmalıyıq", – deyib. Açıqlamanın davamında, o, ABŞ-ın gerçək niyyətinin İranın siyasi aktyor kimi iddialarına maneə törətmək olduğunu bildirib. Yığıncağa qatılanlar əsl dərdlərinin Rusiya olduğunu da etiraf ediblər. Rusiyanın Astana və Soçi prosesində uğurunu qəbul edən həmin ölkələr "Rusiya əldə etdiyi müvəffəqiyyətlə bağlı təbliğat aparır və bu dərhal əngəllənməlidir" deyərək ümumi razılığa gəliblər. Onlar Cenevrə prosesinin yenidən canlandırılması niyyətindədir. Sözügedən dövlətlər Türkiyənin terror təşkilatı kimi tanıdığı PKK-nın Suriya qolu olan YPG-nin təşkil etdiyi "Suriya Demokratik Qüvvələri"nin (SDQ) Cenevrə prosesinə daxil etmənin də yollarını axtarıb. "Ankara bu mövqeyi, yəqin ki, anlayışla qarşılayacaq, çünki SDQ və YPG bizim üçün fövqəladə dərəcədə əhəmiyyətlidir", – rəyi səslənib. – Bizim formulumuz ilə YPG və SDQ müzakirələrə əlavə edilməlidir".

Təqaüdçü səfir Uluç Özülkerin fikrincə, gizli görüşdə iştirak edən və Yaxın Şərqin taleyi ilə bağlı qapalı hesabat hazırlayan ölkələr Astana və Soçi proseslərini sabotaj etmək istəyir: "Beş ölkənin yığıncaqda müzakirə etdiyi məsələlər Yaxın Şərqdəki qarşıdurmaların Türkiyəni əhatə edəcək şəkildə genişlənəcəyinə işarədir. Burada çox əhəmiyyətli məsələ türk-kürd qarşıdurmasını rəsmi olaraq dilə gətirilməsidir. Bu da qarşıdakı dövrdə bizim üçün də hadisələrin bitməyəcəyini göstərir. Suriya məsələnin nə qədər qarışıq, Yaxın Şərqin nə qədər problemli olduğu gün kimi aydındır. Üstəlik, bu ölkələrin Suriyanın bölünməsini müzakirə etməsi proseslərin bu istiqamətdə inkişaf ehtimalını və sərhədlərin yenidən müəyyən edilməsi ilə nəticələnə biləcəyinə işarə edir".

Похожее изображение

Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, ABŞ Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin yardımları ilə Suriyada Türkiyə-Rusiya-İran ittifaqına qarşı real güc ortaya qoymağa çalışır. Maraqlıdır, görəsən adıçəkilən 7 ölkənin öz hərbi qüvvələrini Suriyada yerləşdirməsi yeni və daha böyük savaşın meydana gəlməsinə səbəb olmayacaqmı? Bu və digər mühüm suallarla müraciət etdiyimiz hərbi-siyasi icmalçı Ramil Məmmədli "Hürriyyət"ə açıqlamasında, hazırkı məqamda Suriyada ABŞ-ın əsas rəqibi olan biləcək qüvvənin Rusiyanın olduğunu vurğulamaqla yanaşı, qeyd etdi ki, Türkiyə istənilən halda Amerikanın NATO-da müttəfiqidir: "Odur ki, ən sonuncu məqamda belə, Türkiyə ilə ABŞ bir çox məsələlərdə razılıq əldə edə bilərlər. Nəzərə almaq lazımdır ki, hələ 25 il bundan əvvəl İraqda, Yaxın Şəqrdə ABŞ və onun müttəfiqlərinin hərbi əməliyyatları başlayan zaman Türkiyəyə həmin ərazilərdə hərbi əməliyyatlarda iştirak etmək təklifi irəli sürülmüşdü. Lakin o zaman rəsmi Ankara bu missiyadan imtina edərək, yalnız lokal bəzi hərbi əməliyyatlarda iştirak etmişdi. Suriya məsələsində isə Ərdoğan öz mövqelərini gücləndirməkdən ötrü hərbi əməliyyatlara start verdi. Bununla da öz hərbi-siyasi iddiasını ortaya qoydu və bu məsələdə ona yaxın müttəfiq ola biləcək qüvvə isə Rusiya idi. Daha doğrusu, o, ABŞ-dan ayrı, müstəqil olaraq hərbi əməliyyatlar keçirmək niyyətində idi. Belə bir halda Türkiyəyə müttəfiq ola biləcək yeganə ölkə məhz Rusiya idi. Çünki onun Suriyada mövqeləri digər ölkələrin hər birindən daha güclüdür".

ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin öz qüvvələrini Suriyaya yerləşdirmək üçün hərəkətə keçməsinə gəlincə, hərbi-siyasi icmalçı hesab edir ki, əslində bunun baş verəcəyi gözlənilən idi: "Belə ki, ABŞ Suriyadakı hərbi birləşmələrinin bəzilərini mərhələli şəkildə çıxartdıqdan sonra həmin ərazidə özünə yaxın olan müttəfiq hərbi birləşmələrin mövcudluğunu təmin etməli idi. Yəni bu, real, gözə görünən və planlaşdırılan bir siyasət idi. ABŞ çox zaman belə edir. Məsələn, hazırda Əfqanıstanda Amerika qoşunlarının sayı demək olar ki, digər ölkələrin hərbi birləşmələrinin sayı ilə eynidir. Bu baxımdan, ABŞ yerli ərəb ölkələrinin iştirakı ilə hərbi koalisiya yaradaraq Suriyada mövqelərini daha da gücləndirməyə çalışacaq. Bundan fərqli olaraq, Türkiyə və Rusiya isə Suriyada xarici, yəni qeyri-ərəb qüvvələr olaraq tanınacaq. Əslində, proseslər ona doğru gedir ki, ABŞ ərəb ölkələrindən istifadə edərək Suriyada əsas güc mərkəzi olan Rusiyanı sıxışdırıb sıradan çıxarmağa çalışır. Hesab edirəm ki, əsas məqsədlərdən biri budur. İnanıram ki, Türkiyə bu məsələdə ərəb dünyası ilə dil taparaq hər hansı konfliktə getmək əvəzinə Suriyadakı türkmənlərin mövqelərini qoruyub saxlaya biləcək. Yəni Bəşər Əsədlə münasibətdə atdığı səhvləri təkrarlamayacaq".

Ramil Məmmədli bu qənaətdədir ki, adıçəkilən ölkələrin öz qüvvələrini bölgəyə yerləşdirməsindən sonra hərbi əməliyyatların miqyasının Suriyadan kənara çıxacağı inandırıcı deyil: "Əlbəttə, buna cəhd edən qüvvələr oldu, amma bunu həyata keçirə bilmədilər. Bildiyiniz kimi, hazırda Türkiyə, Rusiya və İranın Suriyadakı mövqeləri ABŞ-la eyni səviyyədədir. Çalışacaqlar ki, burda münasibətləri yerli xalqla gərginləşdirsinlər. Yəni ABŞ çalışır ki, özünə yaxın olan yerli ərəb dünyasının iştirakı və dəstəyi ilə Suriyada mövqeyini saxlasın, eyni zamanda Türkiyə, İran və Rusiyanın qarşısını ala bilsin. Çünki ABŞ yerli xalqlara, qüvvələrə söykənmədən Suriyada mövcudluğunu saxlaya bilməz. Bu, çox çətin prosesdir. Ona görə də ABŞ Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin iştirakı ilə Suriyada mövqelərini daha da gücləndirməyə çalışacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA