ABŞ Dövlət Departamentində ermənilərlə Qarabağ müzakirələri - Təslimçi tədbirlər, Madrid prinsiplərindən imtina çağırışı...

ABŞ Dövlət Departamentində ermənilərlə Qarabağ müzakirələri - Təslimçi tədbirlər, Madrid prinsiplərindən imtina çağırışı...

Sentyabrın 16-da ABŞ Dövlət Departamentində Qarabağ müzakirələri olub.

Amerika Erməni Milli Komitəsi (ANCA) bu müzakirələr haqda açıqlama yayıb. Orada deyildiyinə görə, “artsaxla” (Dağlıq Qarabağa ermənilər tərəfindən verilən qondarma ad) Azərbaycan arasında “möhkəm və demokratik sülhə nail olunması” yolları Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə müzakirə olunub.

Görüşdə Dövlət Departamentinin Qafqaz işləri və regional münaqişələr departamentinin direktoru Çeril Fernandes və Minsk Qrupunun amerikalı həmsədri Endryu Şofer iştirak ediblər. ANCA adından bu təşkilatın rəhbəri Raffi Ambaryan və hökumət məsələləri üzrə direktoru Tereza Yerimyan görüşə qatılıblar.

Açıqlamaya əsasən görüşdə konqresmenlər Roys və Engel tərəfindən irəli sürülmüş tədbirlər planına “Bakının müqavimətini dəf etməyin yolları” müzakirə edilib. Və ANCA Dövlət Departamentinin rəsmilərinə bildirib ki, ABŞ “dərindən korlanmış və açıq-aşkar iflasa uğramış” Madrid prinsiplərinin “daha dayanıqlı və demokratik yanaşmalarla” əvəz edilməsi yolu ilə Qarabağa dair dalana dirənmiş danışıqların yenidən başlanmasına kömək göstərməlidir.

Açıqlamada daha sonra ermənipərəst konqresmenlər Ed Roys və Eliot Engelin 2015-ci ildə təmas xəttində gərginliyin azaldılması bəhanəsi ilə irəli sürdüyü təslimçi tədbirlər planının əsas müddəaları xatırladılır. Həmin konqresmenlər tərəfindən irəli sürülən və 80-ə yaxın ermənipərəst konqresmen tərəfindən dəstəklənən tədbirlər planına snayperlərin, ağır silahların təmas xəttindən çəkilməsi, təmas xətti boyu istənilən yeni silahların yerləşdirilməsindən imtina, atəşkəs rejiminə riayət edilməsinin monitorinqini aparmaq üçün Minsk Qrupunun müşahidəçilərinin sayının artırılması daxildir. ANCA bildirir ki, Azərbaycan həmin tədbirlərə razılıq verməkdən bu günə qədər imtina edir.

Həmin vaxt Ed Roysun və Eliot Engelin təşəbbüsü Dövlət Departamenti tərəfindən dəstəklənmişdi. Bu dəstək dövlət katibinin hüquqi məsələlər üzrə köməkçisi Culiya Frayfildi Amerikadakı erməni daşnaklarına göndərdiyi məktubda ifadə olunurdu.

Qeyd edək ki, Dövlət Departamenti həmin tədbirlər planını qəbul etdirmək üçün Bakıya müəyyən təzyiqlər də göstərmişdi. Lakin Azərbaycan tərəfi öz ərazilərinin işğalını legitimləşdirməyə xidmət edən belə təslimçi təklifləri qəbul edə bilməzdi. Çünki snayperlərini, silahlarını geri çəkməli olan tərəf varsa o da Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistandır.

İndi isə göründüyü kimi Amerika erməni lobbisi bu təşəbbüsü yenidən gündəmə gətirməyə çalışır və üstəlik Ermənistanla Azərbaycan arasında danışıqlardan deyil, qondarma “artsax”la Bakı arasında danışıqlardan bəhs edir. Bu da Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına dair Nikol Paşinyanın hakimiyyətə gələn kimi irəli sürdüyü tezisin mənşəyinin əslində hara gedib çıxdığına işarədir./virtualaz.org/