ABŞ MADURONU DEVİRƏ BİLƏCƏK?

ABŞ MADURONU DEVİRƏ BİLƏCƏK?

Elxan Şahinoğlu: “Maduro öz istəyi ilə getməsə, Amerika ondan əl çəkən deyil”

“Rusiyanın Venesuelada qələbə çalmaq şansını yüksək dəyərləndirmirəm”

Müxalifət lideri Xuan Quaydonun özünü Venesuelanın prezidenti elan etməsindən sonra, bildiyimiz kimi, Venesuela prezidenti Nikolas Maduro çətin vəziyyətə düşüb. ABŞ başda olmaqla, dünyanın bir sıra ölkələri müxalifət lderini dəstəkləyir, Maduronun isə istefa verməsini tələb edirlər. Hətta Maduro iddia edir ki, ABŞ prezidenti Tramp Kolumbiya hökuməti və mafiyasına onu öldürmək əmrini verib. Buna baxmyaraq Venesuela prezidenti kənardan edilən erkən seçki çağrışlarını “şantaj” olaraq dəyərləndirib və bu çağırışı edən ölkələrin prezidentlik müddətinin dolacağı 2025-ə qədər gözləmələri olacağını vurğulayıb.
Maduro Rusiya mediasına verdiyi müsahibədə, Rus həmkarı Vladimir Putinin hər sahədə dəstək verdiyi üçün ölkəyə çox minnətdar olduğunu söyləyib: “Dövlət başçısı Vladimir Putin bizə hər zaman, hər mənada kömək edir, biz də bu yardımları minnət duyaraq qəbul edirik”.

Maduronun qeyd etdiyinə görə, müxalifət lideri Xuan Quaydonun özünü müvəqqəti dövlət başçısı elan etməsindən sonra Rusiya prezidenti Putinlə danışdıqda Putin iqtisadiyyat, ticarət, neft, qaz, hərbi işlər və yerdə qalan bütün sahələrdə Venesuela ilə əməkdaşlığı gücləndirməyi planladıqlarını deyib.

Venesuela prezidenti Rusiya ilə hərbi əlaqələri ilə bağlı isə bunları söyləyib: “Hərbi əməkdaşlığa gəlsək, əlimizdəki Rusiya istehsalı hərbi vasitələr ən üst səviyyədədir, Venesuelada ən müasir silah sistemləri var. Yaxşı yerləşdirilmiş vəziyyətdədirlər, bütün heyətimiz çalışır, hamısı Rusiyada təlim görüb. Hərbi əməkdaşlıq sahəsində Putin ilə çox yaxşı bir əməkdaşlığımız var”.

Maraqlıdır ki, Venesuelda baş verənlər dünyanı iki qütbə ayırıb. Rusiya Türkiyə, Çin kimi böyük ölkələr Maduronu dəstəkləyir. ABŞ başda olmaqla, Avropa və Cənubi Amerika ölkələri isə müxalifət lderini dəstəkləyir. Görəsən, Venesulada Amerika yoxsa Rusiya qələbə qazanacaq?

“Amerika Maduronu devirməyə çalışacaq ki, Rusiya orada mövqelərini itirsin”

Картинки по запросу Elxan Şahinoğlu

Venesuelda baş verənlərlə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Hürriyyət”ə dedi ki, Venesuelda qan tökülə bilər: “Onsuz da tökülür. Müxalifətin mitinqində 30-a yaxın insan qətlə yetirilib və vəziyyət getdikcə gərginləşir. Venesuleda vəziyyəti gərginləşdirən həm də Venesuelanın geosiyasi mövqeyidir, üstəgəl dünyanın əsas neft istehsalçılarından biri olmasıdır. Ona görə də artıq Venesuelanı Amerika-Rusiya mübarizə meydanına çevirib, Amerika Maduronun rəqibini, Rusiya ilə Maduronu dəstkəkləyir. Bəli, bu baxımdan, vəziyyət getdikcə gərginləşəcək. Venesuela sıradan bir Cənubi Amerika ölkəsi olsaydı, prezidentin başqası ilə əvəzlənməsi bu qədər maraq doğurmazdı və böyük dövlətlərin diqqətini çəkməzdi. Amma söhbət Vensueladan getdiyinə görə mübarizə getdikcə şiddətlənəcək. Amerika Maduronu devirməyə çalışacaq ki, Rusiya orada mövqelərini itirsin. Çalışacaq ki, Maduro ya güc, ya da sülh yolu ilə öz vəzifəsini itirsin. Təsadüfi deyil ki, gələn xəbərlərə görə Rusiyadan müəyyən silahlı qruplaşmalar Maduronu mühafizə etmək üçün Venesuelaya gediblər. Çünki Rusiya da anlayır ki, Maduronun yerinə gələn şəxs Rusiya ilə əlaqələri kəsib, Amerika il əlaqələrə üstünlük verəcək. Rusiyanın Venesuelada 10 milyardlarla dollar yatırımları var, neft yataqlarının işlənməsində iştirak edirlər. Rusiya bundan qorxur. Ona görə də düşünürəm ki, əgər Maduro öz istəyi ilə getməsə, Amerika ondan əl çəkən deyil, mümkündür ki, vətəndaş qarşıdurması reallaşsın”.

“Orduda ikitirəlik yarananda Maduronun sonu olacaq”

“ABŞ Venesuelanın PDVSA (Petroleos de Venezuela Sociedad Anonima) dövlət neft-qaz şirkətinə sanksiya tətbiq edib. Şirkətin ABŞ-dakı 7 milyard dollarlıq aktivi və daha 11 milyard dollarlıq hələ daxil olmamış gəliri bloklanıb.

PDVSA Maduro hökumətinin əsas gəlir mənbəyi idi. Bu gəlirin kəsilməsi Maduro rejiminin sonunu gətirə bilərmi”sualına E. Şahinoğlu belə cavab verdi: “Ümumiyyətlə, Amerikanın əlində rıçaqlar, alətlər çoxdur. Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və Dövlət Departamenti xüsusi strategiya hazırlayıblar ki, Maduronu zəiflətisinlər. Bu, proses artıq hərəkətə gəlib. Amerikanın bu işlərdə böyük təcrübəsi var. Amerika Çilidə də vaxtilə hakimiyyət dəyişikliyinə nail olmuşdu, Pinaçeti gətirib, otuzdurmuşdu, Argentinada, Brazailyada hərbi xuntalar hakimiyyətə gəlib ki, solçular və kommunistlərin hakimiyyətə gəlməsini əngəlləsin. Düşünürəm ki, Amerika məhz bu təcrübədən istifadə edərək Maduronu devirməyə çalışacaq:

1. müxalifət fəallaşıb;

2. Parlament müxalifətyönlüdür, Amerika ilə əməkdaşlığın tərəfdarıdır;

3. Amerika Venesuelaya artıq sanksiyalar tətbiq edib;

4. Amerika orduda çaxnaşma yarada bilər. Təsadüfi deyil ki, Venesuelanın Amerikadakı hərbi ataşesi də Maduronu tanımadığını bəyan edib və bu proses orduda da güclənə bilər. Doğrudur, hələ ki, ordu Maduroya tabe olduğunu açıqlayıb. Amma orduda ikitirəlik yarananda bu, Maduronun sonu olacaq”.

“Amerika yağlı vədlər verməklə, cəmiyyəti daha da Maduroya qarşı radikallaşdırmağa çalışır”

“ABŞ-ın Venesuelanın pullarını müxalifətə verəcəyinin açıqlaması cəmiyyətə mesajdır ki, əgər siz müxalifəti daha çox dəstəkləsəniz, iqtisadi iztirablarınızın sonu gələcək və Amerika sizə yatırımlar qoyacaq, neftinizi alacaq. Çünki Venesuelada iqtisadi və sosial vəziyyət həqiqətən ağırdır. İnsanlar ölkədən Kolumbiyaya qaçırlar. Halbuki, vaxt var idi ki, Venesuela Cənubi Amerikada ən varlı ölkələrdən biri idi. Sadəcə, Uqo Çaves, sonra da Maduro Venesuelanı elə günə qoydu ki, kasıb duruma düşdü. Ona görə, Amerika belə yağlı vədlər verməklə, cəmiyyəti daha da Maduroya qarşı radikallaşdırmağa çalışır”,-deyə politoloq vurğuladı.

“Rusiya Amerika qədər güclü ölkə deyil”

“Venesulada Rusiya, yoxsa Amerika qalib gələcək” sualını isə E. Şahinoğlu belə cavablandırdı: “Rusiya bölgədən uzaqdır. İkincisi Rusiya Amerika qədər güclü ölkə deyil. Dediyim kimi, Amerikanın əlində alətlər daha çoxdur, Rusiyanın əlində o qədər alət yoxdur ki, prosesi istədiyi məcraya yönəldə bilsin. Ona görə də Rusiya anlayır ki, Maduronu itirsə, Venesuelanı itirə bilər. Bu baxımdan da tam gücü ilə Maduroya dəstək verməyə çalışır. Amma hadisələrin gedişinə baxsaq, Cənubi Amerikanın bir çox ölkəsi Maduronu yox, məhz onun rəqibini dəstəkləyir. Faktiki Maduro öz bölgəsində təklənir. Düzdür, Rusiya, Çin, Türkiyə ona dəstək verir. Amma bunlar Venesueladan çox uzaq ölkələrdir. Amerika, Kolumbiya, Peru yaxındır. Amerika ölkələrindən Maduronu hələ ki, Meksika dəstəkləyir. O da dəstəyini hər an çəkə bilər. Yəni yaxın qonşuları Amerikanın yanındadırlar və Maduroya müxalif olan qüvvəni dəstəkləyirlər. Ona görə Rusiyanın Venesuelada qələbə çalmaq şansını yüksək dəyərləndirmirəm”.

“Rusiya-Amerika mübarizəsi getdikcə şiddətlənəcək”

E. Şahinoğlu onu da nəzərə çatdırdı ki, Amerikanın Rusiya ilə maraqları təkcə Veneselda toqquşmur, Ukraynada, Gürcüstanda, Suriyada, indi də Venesuelada toqquşur: “Üstəgəl, indi sanki Cənubi Qafqaz uğrunda mübarizə başlayır. Con Boltonun əvvəlcə Ermənistanın baş naziri Paşinyana, bu gün də prezident İlham Əlieyvə zəngini mən təsadüfi saymıram. Yəni Amerika harada mümkündürsə, Rusiyanın maraqlarını sıxışdırmağa çalışır. Mən düşünürəm ki, bu istiqamətdə Rusiya-Amerika mübarizəsi getdikcə şiddətlənəcək”.

“Kiçik dövlətlər və bölgələr uğrunda mübarizə hər zaman olub”

“Bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilərmi” deyə sual etdikdə politoloq qeyd etdi ki, bu haqda çox danışılıb: “Bir az da camaatı qorxudurlar. Eynşteynin yaxşı bir sözü var. Ondan soruşanda ki, üçüncü dünya müharibəsi necə olacaq, o da cavab vermişdi ki, “üçüncü dünya müharibəsinin necə olacağını bilmirəm. Amma dördüncü dünya müharibəsində insanlar artıq bir-birinə daş atacaqlar”. Yəni o deməkdir ki, nüvə bombasından hamı istifadə etsə, hər yer dağılacaq. Hər halda böyük dövlətlər öz məsuliyyətlərini anlayırlar. Amma yenə də kiçik dövlətlər və bölgələr uğrunda mübarizə gedir və bu, hər zaman olub. Bundan da kəskin durumlar olub. 50-ci illərdə Koreya, 60-cı ilərdə Vyetnam müharibəsi olub, 62-cı illərdə Karib böhranı yaşanmışdı. Amma heç birində üçüncü dünya müharibəsi başlamadı, dünya belə qurulub. Yəni maraq uğrunda mübarizə gedir. Mən düşünürəm ki, nüvə dövlətləri bu məsuliyyətlərini anlayırlar. Hər halda son anda geri addım atacaqlar”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA