ABŞ TÜRKİYƏNİ ZƏİFLƏTMƏYƏ ÇALIŞIR - Ankaranın mövqeyi Ağ Evin maraqlarına cavab vermir

ABŞ TÜRKİYƏNİ ZƏİFLƏTMƏYƏ ÇALIŞIR - Ankaranın mövqeyi Ağ Evin maraqlarına cavab vermir

Nəzakət Məmmədova: "Konqresin qondarma "erməni soyqırımı"nı tanıması Vaşinqtonun Ankara ilə münasibətlərinin tamamilə qırılmasına səbəb ola bilər"

Məhəmməd Əsədullazadə: "Bu qərar ABŞ-ın Yaxın Şərq siyasətinə ciddi zərbə vura, həmçinin, Türkiyə-Rusiya siyasi müttəfiqliyinə gətirə bilər"

Rusif Məmmədsoy: "Onsuz da Türkiyənin NATO-dakı gələcək fəaliyyəti sual altında idi, bundan sonra bu məsələ də ön plana çıxa bilər"

Bugünlərdə İtaliya parlamenti 1915-ci il hadisələri ilə bağlı "erməni soyqırımı" adlı qərar layihəsini müzakirə edib. Qeyd edək ki, İtaliyada koalisiya hökumətinin parlamentə təqdim etdiyi "sözdə erməni soyqırımını rəsmən tanıyır və onu beynəlxalq səviyyədə müdafiə edir" deyə bildirilən qərar layihəsi 382 səs lehinə, 43 nəfər əleyhinə olmaqla qəbul edilib. Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində, dərhal sözügedən qərar layihəsinə etirazını bildirib.

Belə ki, bununla bağlı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, İtaliyada Nümayəndələr Palatasının 10 aprel 2019-cu il tarixində qəbul etdiyi təklif layihəsi qondarma erməni iddialarını daxili siyasi mənfəət əldə etmə planlarının bariz nümunəsidir: "Qınadığımız qərarın Türkiyə-İtaliya əlaqələrinə zərbə endirmək uğrunda hər yolu sınayan Matteo Salvininin başçılıq etdiyi Leqa Partiyası tərəfindən hazırlanması bizim üçün çaşdırıcı olmadı. Əsas çaşdırıcı və kədərli olan, Nümayəndələr Palatasının da Leqa Partiyasının Avropa Parlamenti seçkilərindəki mövqeyini gücləndirmək məqsədilə atdığı qəbul edilməz addımlara dəstək verməsidir. Qondarma erməni soyqırımı iddialarının ya seçkilər əvvəlində, ya da Türkiyə əleyhdarlığı kontekstində gündəliyə daxil edilməsi bu iddiaların siyasi xüsusiyyətini və tarixi gerçəklər ilə üst-üstə gəlmədiyini göz önünə sərir". Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, belə addımlar heç bir tərəfin xeyrinə deyil: "Əksinə əlaqələrin irəli pillələrə qaldırılması uğrundakı cəhdlərə də zərbə endirər. Qərarın Türkiyə baxımında heç bir hökmü yoxdur".

"İtaliya parlamentinin qərarı tarixi hәqiqәtlәrә әsaslanmır"

Bu arada, Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın da İtaliya parlamentinin qondarma "erməni soyqırımı"nı tanımasına sərt şəkildə reaksiya verib və qeyd edib ki, bu qərar tarixi hәqiqәtlәrә әsaslanmır: "İtaliya parlamentinin qondarma "erməni soyqırım"ı ilә bağlı qәrarı tarixi hәqiqәtlәrә әsaslanmır. Prezidentimizin birgə komissiyanın yaradılması ilә bağlı çağırışını görməməzlikdən gәlәn və siyasi populizmi gücləndirən bu addımı qəti şəkildə rədd edirik". "Biz İtaliya parlamentinin bu addımını qәtiyyәtlә qınayırıq" deyən Türkiyә Prezident Aparatının Kommunikasiya mәsәlәlәri üzrә başçısı Fahrettin Altun isə bildirib ki, bir-birimizin xatirələrinə hücum etmək əvəzinə, həqiqətin ortaya çıxması üçün sәy göstәrmәliyik.

ABŞ-ın Türkiyəyə qarşı atdığı təzyiq xarakterli addımlar...

Məsələnin maraqlı tərəfi ondadır ki, İtaliya parlamentinin qərarından sonra eyni məzmunlu qərar layihəsi ABŞ Konqresinə də təqdim edilib. Bununla bağlı publika.az-da yer alan informasiyaya görə, layihə Nümayəndələr Palatası və Senata eyni zamanda təqdim olunub. Qeyd olunur ki, Nümayəndələr Palatasına verilən qərar layihəsi Kəşfiyyat Komitəsi sədri və Kaliforniya senatoru Adam Şiff tərəfindən hazırlanıb. Burada Konqresin iki qanadının erməni soyqırımını tanıma və anmağı ABŞ-ın siyasəti olaraq ifadə edilib. Senata verilən layihənin müəllifləri isə Nyu Cersi senatoru Bob Menendez və Texas senatoru Ted Kruzdur. Konqresin hər iki qanadına təqdim olunan layihənin mətninin eyni olması diqqət çəkib. Nəzərinizə çatdıraq ki, ABŞ Konqresində layihələr qanun və qərar olmaqla, iki şəkildə təqdim olunur. Qanun layihələri Konqresin hər iki qanadında təsdiq olunduqdan sonra ABŞ prezidentinin imzası ilə qüvvəyə minir. Qərar layihələrinin isə qanuni hökmü olmur, Konqresin bu məsələdəki mövqeyini əks etdirir.

Heç şübhəsiz ki, bütün bunlar son illər qardaş Türkiyənin Rusiya və İranla yaxınlaşması, Suriya münaqişəsinin həlində ortaq hərəkət etməsi, o cümlədən "S-400"ün alınması istiqamətində atdığı addımlardan irəli gəlir. Yəni rəsmi Ankaranın mövqeyi onunla uzun illər müttəfiq olan Vaşinqtonun maraqlarına cavab vermədiyindən ABŞ Türkiyəyə qarşı bu yolla təzyiq göstərməyə, AKP iqtidarını zəiflətməyə çalışır. Məhz elə buna görə də bugünlərdə ABŞ vətəndaşlarına 35 ölkəyə səyahət xəbərdarlığı edib. Həmin ölkələrdə müharibə və qaçırılma təhlükəsi yüksək göstərilib. Siyahıda Türkiyə, İran, Rusiya, Rusiya nəzarətində olan Ukrayna torpaqları, Əfqanıstan, Əlcəzair, Anqola, Banqladeş, Burkina Faso, Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Efiopiya, Haiti, İraq, Keniya, Livan, Liviya, Malayziya, Mali, Meksika, Niger, Nigeriya, Pakistan, Papua Yeni Qvineya, Filippin, Somali, Sudan, Cənubi Sudan, Suriya, Trinidad və Tobaqo, Uqanda, Venesuela və Yəmən yer alıb. Həmin siyahıda Misir kimi qeyri-stabil bir ölkənin adının olmaması, Türkiyənin isə adının salınması onu deməyə əsas verir ki, ABŞ müharibə və ya qaçırılma riskindən çox, ikitərəfli əlaqələrinin pis olduğu ölkələrlə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

Təəssüf ki, ABŞ-ın Türkiyəyə qarşı atdığı təzyiq xarakterli addımlar bunlarla yekunlaşmır. Belə ki, təxminən 2 ay bundan əvvəl ABŞ-ın Kaliforniya ştatının təhsil departamenti erməni icmasının təqdim etdiyi qondarma "erməni soyqırımı” tarixinin tədris edilməsi üzrə iki illik layihəni qəbul edib. Layihənin təqdimatının isə bu il ərzində keçiriləcəyi gözlənilir. Bildirilir ki, iyun ayında müəllimlər üçün iki seminar keçiriləcək. Bundan əlavə, proqram "Şoa" Fondu İnstitutu ilə də əməkdaşlığa başlayıb və hər iki qurum ötən ilin dekabrında ilk müşavirələrini keçirib. Erməni mətbuatı xəbər verir ki, Texas ştatının təhsil şurası isə qondarma "erməni soyqırımı"nın şagird və tələbələr tərəfindən dünya tarixindəki soyqırım nümunələrindən biri kimi öyrənilməsi üçün təhsil standartlarını yeniləyib.

"İtaliya parlamentinin qəbul etdiyi layihə o zaman qanun qüvvəsinə malik ola bilər ki, hökumət və prezident bunu təsdiqləsin"

“Rüşvətlə, sifarişlə hökm çıxaran hakimlər vətəndaşı dövlətdən narazı salır” - NƏZAKƏT MƏMMƏDOVA

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədovanın fikrincə, İtaliya parlamentinin qəbul etdiyi bu qanun layihəsinin hələ ki, heç bir hüquqi qüvvəsi yoxdur: "İtaliya parlamenti "5 ulduz hərəkatı" Partiyasının saxta erməni soyqırımına dair hazırladığı qanun layihəsini qəbul edib və hökuməti saxta soyqırım faktını tanımağa çağırış edib. Təbii ki, parlamentin qəbul etdiyi bu qanun layihəsinin hələ ki, heç bir hüquqi qüvvəsi yoxdur. O zaman qanun qüvvəsinə malik ola bilər ki, hökumət və prezident bunu təsdiqləsin. Bu belə, Türkiyə dövləti üçün heç bir hüquqi məsuliyyət yaratmır, sadəcə İtaliya ərazisində keçərli bir qanun ola bilər. Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da öz "Twitter" hesabında qeyd edib ki, İtaliya parlamentinin bu addımı tarixi siyasiləşdirmək məqsədi güdür və heç bir hüquqi qüvvəyə malik deyil. Aydındır ki, bu addım Türkiyəyə qarşı atılıb və "erməni soyqırımı" iddiası sadəcə bir təhdid, təzyiq vasitəsidir".

"Türkiyə parlamenti də İtaliyanın Liviyada soyqırım törətməsinə dair məsələni müzakirə edə bilər və etməlidir"

"İtaliya özü də Afrikada müstəmləkələri olan dövlət olub" deyən politoloq hesab edir ki, bu səbəbdən də onun belə bir məsələni müzakirə etməyə mənəvi haqqı yoxdur: "Eynilə, Türkiyə parlamenti də İtaliyanın Liviyada soyqırım törətməsinə dair məsələni müzakirə edə bilər və etməlidir. İtaliya daim türklərə niftət edən, Osmanlı ilə rəqabət aparan dövlət olub. Ermənilər iddia edirlər ki, guya onlar qədim dövrdən Romanın müttəfiqi olublar. Əslində isə romalıların əlaltısı olublar. Venesiya və Genuya Osmanlı ilə rəqabət aparıb, xüsusilə də dəniz ticarəti uğrunda onların amansız savaşları olub. Osmanlı xilafətin mərkəzi olubsa, islamın bayrağını Avropanın içərilərinə daşıyıbsa, Papalığın mərkəzi İtaliya, Vatikan olub. Bu gün də katolikliyin mərkəzi İtaliyadadır və islamçı AKP hökuməti onları qorxudur. Türkiyənin Avropa Birliyinə üzv olmasına qarşı çıxan ölkələrdən biri də İtaliyadır. Çünki Türkiyə yüngül sənayedə İtaliyanın ən böyük rəqibidir. Bütün bunlar uydurma erməni soyqırımı məsələsini bəhanə edib Türkiyəyə təzyiq göstərməyə səbəb olur".

"Ermənilər hər zaman xristian dünyasının əlində türklərə qarşı alət olub və bu gün də belədir"

100 il əvvəl Osmanlını bölməyə çalışan ölkələrin sırasında İtaliyanın da olduğunu qeyd edən Nəzakət Məmmədova bildirdi ki, ermənilər hər zaman xristian dünyasının əlində türklərə qarşı alət olub və bu gün də belədir: "İtaliya da ABŞ, Fransa, İngiltərə ilə birgə məkrli Sayks-Piko, Sevr sazişlərinə qoşulmuşdu və bu gün də o planlar qüvvədə qalır. Fikir verin ki, ABŞ, Fransa, İtaliya saxta soyqırım məsələsində canfəşanlıq edirlər. Hansı ki, 100 il əvvəl də erməni məsələsindən Osmanlıya qarşı təzyiq vasitəsi kimi istifadə edirdilər. Ermənilər 100 il əvvəl, ondan öncə də xristian dünyasının əlində türklərə qarşı alət idi, bu gün də belədir. Odur ki, bu qərarda təəccüblənməli heç nə yoxdur. Bu, gözlənilən idi".

"Amerika Konqresinin yaxın gələcəkdə belə bir qərar qəbul edəcəyi inandırıcı deyil"

Qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar layihəsinin ABŞ Konqresinə də təqdim olunması məsələsinə gəlincə, politoloqun sözlərinə görə, belə bir qərar Vaşinqtonun Ankara ilə münasibətlərinin tamamilə qırılmasına, böyük gərginliyə səbəb ola bilər: "Artıq ABŞ-ın bir çox ştatları bu barədə qərarlar qəbul edib. Lakin Amerika Konqresinin yaxın gələcəkdə belə bir qərar qəbul edəcəyi inandırıcı deyil. ABŞ Konqresində yəhudi, türk lobbiçiləri də var və onların belə bir qərara imkan verəcəkləri çətindir. Belə bir qərar Vaşinqtonun Ankara ilə münasibətlərinin tamamilə qırılmasına, böyük gərginliyə səbəb ola bilər. Eyni zamanda, bu, Türkiyədə ABŞ-ın imicini heçə endirər ki, ABŞ-ın buna getməsi mümkün deyil. Ümumiyyətlə, parlamentlərin qəbul etdikləri qərarlar hüquqi öhdəlik yaratmır. Məsələn, Almaniya bundestaqı saxta "erməni soyqırımı"nı tanıyan qərar qəbul etmişdi. Lakin Merkel o zaman bildirmişdi ki, bunun heç bir hüquqi qüvvəsi yoxdur, çünki hökumət bu qərarı dəstəkləmir".

"Konqresdə qondarma "erməni soyqırımı"nın tanınması ABŞ-Türkiyə münasibətlərinin sonu deməkdir"

Картинки по запросу Məhəmməd Əsədullazadə

Qondarma "erməni genosidi"nin Qərb tərəfindən Türkiyəyə qarşı təzyiq aləti olduğunu vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, bunun arxasında ABŞ-dakı erməni lobbisi dayanır: "Qərb dövlətləri, ABŞ da aydın bilir ki, belə bir soyqırım həyata keçirilməyib. Erməni diasporu hər il aprel ayı yaxınlaşdıqca bu iddianı qabardır və Türkiyəyə qarşı olan dövlətlərdə qondarma soyqırımın qərarının tanınmasına cəhd edirlər. İtaliya da qondarma erməni iddialarının qəbulu birbaşa İtaliyanın özü üçün utanvericidir. Əgər tarixə belə qiymət verirsə, o zaman İtaliya Liviyada həyata keçirdiyi soyqırıma da qiymət verməlidir. İtaliyanın bu qərarı qəbuledilməzdir və avantüradır. Hesab edirəm ki, bunun arxasında ABŞ-dakı erməni lobbisi dayanır". Politoloqun fikrincə, ABŞ-ın ştatlarında bu qondarma iddiaların soyqırım kimi tanınması Vaşinqton-Ankara münasibətlərinə kölgə salır: "Son illər ABŞ-ın Türkiyəyə qarşı bu kimi təzyiqləri artıb. Qeyd edim ki, Konqresdə qondarma "erməni soyqırımı"nın tanınması ABŞ Türkiyə münasibətlərinin sonu deməkdir. Türkiyə bundan sonra qəti şəkildə ABŞ-dan üz çevirə, beynəlxalq münasibətlərdə yeni durum yarana bilər. Türkiyə ABŞ üçün sıradan bir ölkə deyil ki, Trampın beynəlxalq hüquqa zidd qərarlarını görməzdən gəlsin. Bu qərar ABŞ-ın Yaxın Şərq siyasətinə ciddi zərbə vura, həmçinin, Türkiyə-Rusiya siyasi müttəfiqliyinə gətirə bilər".

Vaşinqton-Ankara münasibətlərinin gərginləşməsi, Qərbin Türkiyəyə yönəlik təzyiqlərinin artması Kremlin maraqlarına uyğundur

Картинки по запросу Rusif Məmmədsoy

İtaliya parlamentinin qondarma "erməni soyqırımı"nı tanımasını Türkiyənin regionda təklənməsinin bir növ sübutu kimi xarakterizə edən siyasi şərhçi Rusif Məmmədsoy "Hürriyyət"ə açıqlamasında bildirdi ki, bütün bunlar, yəni Vaşinqton-Ankara münasibətlərinin gərginləşməsi, Qərbin Türkiyəyə yönəlik təzyiqlərinin artması Kremlin maraqlarına uyğundur: "ABŞ son zamanlar Avropada aktivliyini artırıb. Bunun da bir neçə səbəbi var. Yəni aparıcı Qərbi Avropa ölkələri ABŞ ilə hesablaşmaq istəmir. Məsələn, Almaniya və Fransanı buna aid edə bilərik. Bu mənada ABŞ-ın digər böyük dövlətlərə təsir etmək imkanları var. İtaliya parlamentinin bu qərarının arxasında ABŞ-ın olduğunu düşünürəm. Ümumiyyətlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri ya ABŞ, ya da Rusiya arasındakı seçim kimi xarakterizə edilməlidir. Belə ki, son bələdiyyə seçkilərindən sonra Ərdoğanın əsas diqqətini iqtisadi vəziyyəti stabilləşdirməyə yönələcəyini düşünürdük. Bunun üçün isə ABŞ ilə münasibətlər düzəldilməli idi. Lakin son Moskva səfərindən sonra gördük ki, Ərdoğan fərqli cür düşünür. Hətta iki ölkə arasında ikinci "S-400" alınması ilə bağlı razılıqlar da gözlənilir. Bu mənada onsuz da Türkiyənin NATO-dakı gələcək fəaliyyəti sual altında idi. Bundan sonra bu məsələ də ön plana çıxa bilər. Təbii ki, bütün bunlar Kremlin maraqlarına uyğundur. Çünki bu məsələdə qazanan tərəf yalnız Rusiyadır".

Siyasi şərhçi hesab edir ki, Türkiyənin bu cür qəti addımları təzyiqləri daha da artıracaq: "Lakin bu ABŞ üçün də təsirsiz ötüşməyəcək. Belə ki, Türkiyə NATO əvəzinə Rusiyaya meyl edirsə, bu hərbi quruma olan inam da olduqca aşağı düşəcək. Belə deyək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi bir quruma çevrilə biləcəyini də düşünmək olar. Bir bənzətmə də edim. Məsələn, KTMT-də iki üzv ölkə Belarus və Ermənistan təmsil olunur. Lakin Belarus bizə silah satır və bizi müttəfiqi hesab edir. Burada da vəziyyət eynidir. Türkiyə uzun illərdir keçmiş SSRİ əleyhinə yaradılmış hərbi təşkilatda təmsil olunur. Lakin SSRİ-nin varisi olan Rusiyadan silah alır. Bu mənada bu cür halların tez-tez şahidi ola bilərik".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA