ABŞ XİN-dən Aralıq dənizi ilə bağlı açıqlama: “Türkiyənin neft-qaz axtarışı bizi narahat edir”

ABŞ XİN-dən Aralıq dənizi ilə bağlı açıqlama: “Türkiyənin neft-qaz axtarışı bizi narahat edir”

Hurriyyet.org xəbər verir ki, ABŞ XİN Türkiyənin Aralıq dənizinin şərqindəki qazma fəaliyyətindən və “Yavuz” qazma-kəşfiyyat gəmisinin Karpas sahillərinə çatmasından “narahat olduğunu” bildirib.

Nazirliyin mətbuat katibi Morqan Ortaqus Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətləri ilə bağlı yazılı açıqlama verib.

Ortaqusun açıqlamasında deyilir: “ABŞ Türkiyənin Kipr sahillərində qazma fəaliyyəti ilə məşğul olmaq üçün davam edən cəhdlərindən və son olaraq Yavuz qazma gəmisinin Karpas yarımadası sahillərinə göndərilməsindən dərin narahatlıq hiss eləməkdədir”.

Yavuz gəmisinin bölgəyə göndərilməsini “provokativ addım” adlandıran Ortaqus bildirib: “Türkiyənin səlahiyyətli şəxslərini bu əməliyyatları dayandırmağa çağırır, bütün tərəfləri də sakit davranmağa və bölgədə gərginliyi artıracaq addımlardan qaçmağa dəvət edirik”.

Şərqi Aralıq dənizindəki enerji mənbələri ilə bağlı proseslərin iki icma və qonşu ölkələr arasındakı dialoqla razılaşdırılmış şəkildə getməsinin lazım olduğunu bildirən XİN mətbuat katibi yazıb: “Adanın neft və təbii qaz mənbələrinin digər mənbələri kimi iki icma arasında ədalətli bir şəkildə paylaşdırılmasının lazım olduğuna inanırıq”.

Türkiyənin Şərqi Aralıq dənizinə yolladığı ikinci qazma gəmisi Yavuz Karpasın Zəfər burnunun cənubuna dünən çatmışdı.

Hurriyyet.org