ADP-dən AB prezidentinin ölkəmizə səfəri haqda AÇIQLAMA

ADP-dən AB prezidentinin ölkəmizə səfəri haqda AÇIQLAMA

Partiya hakimiyyəti Avropaya inteqrasiya sahəsində ciddi addımlar atmağa səsləyib

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları son vaxtlar ABŞ-Türkiyə, ABŞ-İran, ABŞ-Rusiya arasında siyasi, iqtisadi gərginliklərin yaranmasından, siyasi coğrafiyamızı təhdid edən qarşıdurmaların artmasından ciddi narahat olduğunu bildirib. ABŞ konqresinin Türkiyəyə Rusiyadan aldığı S-400 havadan müdafiə sistemlərinə görə sanksiyalar tətbiq etməsi haqda təhdidedici bəyanatlar yaymasına diqqət çəkən partiya yetkililəri adı çəkilən ölkənin bu addımlarını qətiyyətlə pisləyib, göstərilən təzyiqlərin müstəqil dövlət olan Türkiyənin daxili işlərinə qarışmaq kimi dəyərləndirib və hakimiyyəti haqlı mübarizəsində qardaş Türkiyənin yanında olmağa çağırıb.

İdarə Heyəti Avropa Birliyinin prezidentinin Azərbaycana səfərinin nəticələri barədə müzakirə aparıb və səfər zamanı onun strateji əməkdaşlıq, insan haqları, demokratiya, iqtisadi, siyasi əlaqlərin dərinləşməsi istiqamətində gündəmə gətirdiyi məsələləri təqdir edib. Eyni zamanda siyasi islahatları həyata keçirmədən heç bir sosial-iqtisadi dəyişikliklərin effektli nəticə verə bilməməsinə diqqət çəkən partiya yetkililəri Avropa Birliyi ilə insan hüquq və azadlıqlarını, siyasi dəyişilmələri əhatə edən, ölkəmizdə demokratiyanın gəlişməsinə təminat verən bağlılıqların önə çəkilməsinin vacibliyini bildirib və hakimiyyəti Avropa evinə inteqrasiya sahəsində ciddi addımlar atmağa səsləyib.

İdarə Heyəti həbsxanalarda Gəncə hadisələri ilə bağlı həbs edilən şəxslərlə qeyri-insani rəftar edilməsi, onlara işgəncələr verilməsi faktlarının ortaya çıxmasından, bir nəfər məhbusun baxımsızlıq ucbatından həbsdə ikən vəfat etməsindən ciddi narahat olduğunu bildirib və Respublika Prokurorluğunu bu işin araşdırılması, günahkar şəxslərin cəzalandırılması üçün konkret addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar bir sıra vəkillərin fəaliyyətinə məhdudiyyət qoyulması, onların vətəndaşların hüququnu müdafiə etmək cəhdinin qarşısınınn alınması faktından narahat olduğunu bildirib və bu cür neqativ halların qarşısının alınması üçün müstəqil vəkillər kollegiyasının yaradılmasını məqsədə müvafiq hesab edib.

KƏNAN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA