ADP Xocalı soyqırımı ilə bağlı dünya birliyinə SƏSLƏNDİ

ADP Xocalı soyqırımı ilə bağlı dünya birliyinə SƏSLƏNDİ

Partiya beynəlxalq aləmi yüzlərlə soydaşımızın qətlə yetirilməsi, yüzlərlə vətəndaşlarımızın itkin düşməsi, girov götürülməsi ilə sonuclanan bu qanlı hadisəyə obyektiv qiymət verməyə çağırıb

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, toplantıda beynəlxalq aləmdə və ölkədə baş verən bir sıra ictimai-siyasi hadisələr əsas müzakirə obyekti olub.

Toplantı iştirakçıları ilk növbədə təcavüzkar Ermənistan tərəfindən törədilən və 20-ci əsrin ən dəhşətli qanlı hadisəsi kimi tarixə düşən Xocalı soyqırımına münasibət bildirib. Beynəlxalq hərbi cinayət xarakteri alan Xocalı hadisəsinin bir xalqın timsalında bütün bəşər övladına qarşı törədilən qanlı cinayət olduğuna diqqət çəkən partiya yetkililəri qondarma “erməni genosidi”ni bayraq edən böyük dövlətlərin bu məsələyə hələ də laqeyd qalmasını onların dünyada baş verən bu cür hadisələrə ikili standartdan yanaşması faktı kimi dəyərləndirib. ADP beynəlxalq aləmi yüzlərlə soydaşımızın qətlə yetirilməsi, yüzlərlə vətəndaşlarımızın itkin düşməsi, girov götürülməsi ilə sonuclanan bu qanlı hadisəyə obyektiv qiymət verməyə səsləyib. İdarə Heyəti həmçinin iqtidarı Xocalı soyqırımını törədən cinayətkar Ermənistana qarşı beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində ardıcıl iş aparmağa, bu hərbi cinayətin baiskarlarını böyük kürsülərdən ifşa etməyə, Xocalı genosidinə həsr olunmuş elmi araşdırmalarla, arxiv materialları, filimlər, foto albomlar və digər canlı verilişlərlə dünyanın diqqətini cəlb etməyə çağırıb.

ADP son vaxtlar xalqların sülh sazişinə hazırlanması adı altında rəsmi və qeyri-rəsmi görüşlər təşkil edilməsi, xalqımızı təslimçi sülhə hazırlamaq cəhdlərini qətiyyətlə pisləyib, bu cür təslimçi cəhdlərin müstəqilliyimizə, ərazi bütövlüyümüzə, konstitusiyamıza, dini dəyərlərimizə zidd olduğunu diqqətə çatdırıb və hakimiyyəti təcavüzkar Ermənistanla öz aqressiv niyyətlərindən əl çəkmədikcə, işğal etdiyi tarixi ərazilərimizdən geri durmadıqca heç bir sülh sazişini qəbul etməməyə, əksinə xalqımızı öz torpaqlarını hərbi yolla azad etməyə, ədalətli müharibəyə hazırlığı üçün səfərbərlik elan etməyə çağırıb. Xocalı soyqırımının yaraları sağalmadığı, torpaqlarımızın işğaldan azad olunmadığı on minlərlə insanımızın qanının yerdə qaldığı bir halda Ermənistanla təslimçi sülhə getməyi iqtidarı dinc yolla Qarabağı Ermənistana təslim etməsi kimi qiymətləndirən partiya yetkililəri xalqımızı ayıq sayıq olmağa və bu cür avantürüst planlara qarşı dirəniş göstərməyə çağırıb.

İdarə Heyəti AXCP fəalı Rövşən Quliyevin həbsə alınmasını, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli haqda 5 il 6 ay müddətinə məhkəmə tərəfindən şərti cəza verilməsini, məhkəmə tərəfindən vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsini qətiyyətlə pisləyib baş verənləri siyasi motivli, qərəzli olduğunu, ölkədə insan hüquq və azadlıqlarına qarşı basqının şiddətli xarakter alması kimi dəyərləndirib və hakimiyyəti siyasi motivli təqiblərə və həbslərə son qoymağa çağırıb.

İdarə Heyəti Rusiyada telejurnalist kimi fəaliyyət göstərən və təmsil olunduğu verilişlərdə, ölkəmizə, qardaş Türkiyəyə qarşı yönələn haqsız çıxış edənləri tuttarlı arqumentlərlə susduran, son günlər Moskvada yaşayan soydaşlarımızla çeçenlər arasında yaranmış insidentin qarşısını almağı bacaran Fuad Abbasova qarşı ermənilər tərəfindən başladılan kampaniya, onun ölümlə hədələnməsi məsələsinə münasibət bildirib, ölkədə və ölkə sərhədlərindən kənarda yaşayan soydaşlarımızı onun müdafiəsinə qalxmağa səsləyib. Həmçinin Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının başında duran şəxslərin yarıtmaz fəaliyyətlərinə, ermənipərəst mövqe sərgiləmələrinə diqqət çəkən partiya rəsmiləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin öz işini günün tələbləri səviyyəsində qurmağa, xaricdə yaşayan soydaşlarımızın fəaliyyətini mükəmməl şəkildə tənzimləyən yeni metodlara əl atmağa, təşkilati, təbliğatı işi gücləndirməyə çağırıb.

İdarə Heyəti ATƏT-in Azərbaycanda mətbuatın sərbəst fəaliyyətinə şərait yaradılması çağrışına münasibət bildirib. Partiya yetkililəri ölkədə mətbuatın fəaliyyətinə məhdudiyyətlər qoyulmasını, telekanalları müxalifətin üzünə bağlanmasını nəticə etibarı ilə ölkədən kənar fəaliyyət göstərən, söyüş kampaniyası ilə köklənən, milli birliyimizə, dövlətin təhlükəsizliyinə xələl gətirən mətbu orqanların yaranmasına səbəb olmasını diqqətə çatdırıb və hakimiyyəti ölkədə sərbəst fikrin ifadəsi, mətbuatın azad fəlaiyyət göstərməsi, televiziyalarda alternativ fikrə meydan verilməsi üçün səmərəli addımlar atmağa çağırıb.

KƏNAN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA