ADPU-da 2018-2019-cu tədris ilinin başlanması münasibətilə tədbir keçirildi - FOTO

ADPU-da 2018-2019-cu tədris ilinin başlanması münasibətilə tədbir keçirildi - FOTO

Sentyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq universitetə qəbul olunmuş I tədris ili tələbələrini və onların valideynlərini təbrik edib, gənclərə həyatda və təhsildə uğurlar arzulayıb.

Rektor Cəfər Cəfərov çıxışında bildirib ki, müəllimlik müqəddəs, şərəfli və məsuliyyətli peşədir. Cəmiyyətin, ölkənin inkişafında müəllimin rolu əvəzsizdir. “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir!” söyləyən ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirərək demişdir: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev elm və təhsilə böyük diqqət və qayğı göstərir. Azərbaycanda təhsil sahəsinin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilmişdir. Ölkə rəhbərliyi müəllim hazırlığına xüsusi diqqət yetirir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva elm və təhsilin inkişafında sanballı xidmətlər göstərir. Milli mədəni irsimizin böyük qayğıkeşi olan Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini məhz təhsilə diqqət və qayğı təşkil edir.

Rektor çıxışında vurğulayıb ki, yeni tədris ili respublikamızın böyük və tanınmış ali təhsil müəssisələrindən biri olan ADPU-nun kollektivi üçün yüksək göstəricilərlə başlayıb. Bu il ADPU-ya filiallar, SABAH qrupları və kolleclə birlikdə 4104 nəfər tələbə qəbul olunub. Xüsusi qeyd etmək lazımdır ki, son illər yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ölkəmizdə müəllim hazırlığının əsas mərkəzi hesab edilən ADPU-nu seçənlərin sayı artıb. Belə ki, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunmuş tələbələrdən cəmi 20 nəfəri 500-dən çox bal topladığı halda, 2017-2018-ci tədris ilində 273 nəfər, bu il isə 527 nəfər 500-dən çox bal toplayıb. Builki tədris ilində filiallarla birlikdə 15 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.

ADPU-nun 5 filialı üzrə 35 nəfər 500-dən çox, 4 nəfər isə 600-dən çox bal toplayıb. Bütövlükdə bu il ADPU-ya filiallarla birlikdə 500-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 566 nəfərə çatıb. Əvvəliki illərlə müqayisədə bu rəqəmlər çox yüksək göstəricilərdir. ADPU özünün inkişaf dövrünü yaşayır. Biz təhsilin keyfiyyətinin yüksəldilməsi və ölkəmiz üçün müasir tələblərə cavab verən pedaqoji kadrların hazırlanması üçün daha əzmlə çalışmalıyıq. Qoy yeni tədris ili yeni uğurlar, yeni sevinclər gətirsin!

Tədbirdə Kimya və biologiya fakültəsinin “Kimya və biologiya müəllimliyi” ixtisasına 648 balla qəbul olunmuş Afət Sadıqova çıxış edərək yaxşı təhsil alacaqlarını və yüksək səviyyəli mütəxəssislər kimi yetişəcəklərini bildirib.

Tədbirdə universitetə yüksək balla qəbul olunmuş gənclərə tələbə biletləri təqdim edilib.

Hurriyyet.org