ADPU-da 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilimiz varlığımızdır” adlı tədbir keçirilib

ADPU-da 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilimiz varlığımızdır” adlı tədbir keçirilib

Fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının Filologiya fakültəsinin Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilimiz varlığımızdır” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tədris Departamentinin direktor müavini, dosent Ənvər İmanov, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsini sədri, dosent Vurğun Məmmədov, Filologiya fakültəsinin professor-müəllim heyəti, kafedra müdirləri, fakültə dekanları, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçiləri, tanınmış və nüfuzlu alim-mütəxəssislər, tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova açaraq qonaqları, professor-müəllim heyətini, tələbələri salamlayıb və 21 Fevral-Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ədəbi dil normalarının qorunması uğrunda mübarizədən danışıb. Bildirib ki, Beynəlxalq Ana Dili Günü bütün dünyada iyirminci dəfədir qeyd olunur. Belə ki, 1999-cu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatı (BMT) Banqladeş səfirinin təşəbbüsü ilə fevral ayınının 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Lakin bu günün elan olunması 1999-cu ilə təsadüf etsə də, yaranma səbəbinin baş verdiyi hadisələr daha əvvəlki dövrə gedib çıxır. Belə ki, 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz əlaməti olaraq keçirilmiş aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər tələbə şəhid olub. Bununla əlaqədar olaraq, Banqladeş nümayəndələri həmin şəhidlərin xatirəsinə hörmət əlaməti kimi fevralın 21-nin Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. Nəticədə UNESCO-nun Baş Konfransında 21 Fevral – Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Bütün dünya dövlətlərində olduğu kimi, respublikamızda da bu gün qeyd olunur. Sevindirici haldır ki, dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ etmək kimi məsələlər ölkəmizdə təkcə bu gün aktuallaşdırılmır, müntəzəm olaraq həyata keçirilir. Xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev ardıcıl və məqsədyönlü dil siyasəti aparıb, Azərbaycan dilinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib. Azərbaycan dövləti ana dilimizin qorunması, inkişaf etdirilməsi, öyrənilməsi sahəsində mühüm addımlar atır. Ötən müddət ərzində ölkə rəhbərliyi tərəfindən Azərbaycan dili ilə bağlı qəbul olunmuş Dövlət Proqramı, fərman və sərəncamlar bunun ən gözəl nümunələri sayıla bilər. Müasir dövrdə ardıcıl şəkildə Azərbaycan dili ilə bağlı mühüm işlər görülür, konfranslar keçirilir, tədqiqatlar aparılır. Professor M.Hüseynova qeyd edib ki, dilimizi qorumaqla zəngin tariximizi, milli mənliyimizi, kimliyimizi, mənəviyyatımızı qorumuş oluruq.

YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının Filologiya fakültəsinin Gənclər Birliyinin adından çıxış edən Azərbayacan dili və onun tədrisi metodikası kafedrasının müəllimi İlkin Əsgərov Azərbaycan dilinin saflığı və onun qorunması məsələsindən danışıb, dövlətin uğurlu dil siyasəti apardığını vurğulayıb. İ.Əsgərov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanının dilimiz üçün əhəmiyyətindən danışıb.

Sonra Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli Azərbaycan dilinin incəliklərindən, onun zəngin ifadə çalarlarından, potensial imkanlarından söz açıb. Mövzu ilə əlaqədar slaydlar nümayiş olunub.

Çıxışlardan sonra tədbir tələbə-gənclərin hazırladıqları musiqi nömrələri, rəqslər, səsləndirdikləri şeirlərlə davam edib. Bədii-musiqili hissə tədbir iştirakçılarında yüksək əhvali-ruhiyyə yaradıb.

Sonda xatirə şəkli çəkdirilib.

Hurriyyet.org