ADPU-da Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri” Beynəlxalq elmi konfransı keçirilib

ADPU-da Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri” Beynəlxalq elmi konfransı keçirilib

İyunun 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, türkoloq, ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, latın qrafikalı müasir Azərbaycan əlifbasının müəllifi, Onomastika Elmi Məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri” Beynəlxalq elmi konfransı keçirilib. Beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əkili və gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda həlak olmuş şəhid soydaşlarımızın məzarları və “Əbədi məşəl” kompleksi ziyarət edilib.

Qeyd edək ki, beynəlxalq elmi konfransın yüksək səviyyədə keçirilməsi üçün sədri ADPU-nun rektoru, profesor Cəfər Cəfərov olan və tərkibinə universitetin, respublikamızın, eləcə də müxtəlif xarici ölkələrin tanınmış və nüfuzlu alim-mütəxəssislərinin, ziyalılarının daxil edildiyi Təşkilat Komitəsi yaradılıb. Konfransda Türkiyədən, Rusiyadan və digər xarici ölkələrdən alimlər, universitet rektorları, Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas iştirak ediblər. Konfransdan öncə Afad Qurbanovun elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib, həmçinin uzun illər çalışdığı Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında alimin xatirə lövhəsinin açılışı olub. Sonra ADPU-nun Böyük zalında konfransın plenar iclası keçirilib.

Konfransın plenar iclasını giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluq və şərəf duyduğunu bildirib. Rektor qeyd edib ki, böyük alim A.Qurbanovun 90 illik yubileyi münasibətilə ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Görkəmli alim A.Qurbanovun həyatının böyük bir hissəsi ADPU ilə bağlı olub. ADPU-nun rektoru işlədiyi müddətdə universitetin tamamilə yenidən qurulması, maddi-texniki bazanın gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni kafedraların, regionda ilk hərbi fakültənin yaradılması, çoxmərtəbəli tədris binasının tikintisi, habelə sədri olduğu filologiya və pedaqogika üzrə o zaman respublikada yeganə olan müdafiə şuralarının işinin keyfiyyətinin artırılması A.Qurbanovun adı ilə bağlıdır. Milli Məclisin deputatı, Azərbaycan Əlifba Komissiyasının sədri, latın qrafikalı müasir Azərbaycan əlifbasının müəllifi A.Qurbanovun ölkəmizdə əlifba islahatının aparılmasında misilsiz xidmətləri olmuşdur. Professor A.Qurbanovun çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitləri dünya və milli dilçilik xəzinəsinin ən kamil, dəyərli incilərindəndir. Məşhur alimin müxtəlif ideyalarla zəngin elmi irsi Azərbaycan dilçilərinin yaradıcılığının inkişafına güclü təsir göstərməkdədir. Bu gün keçirdiyimiz beynəlxalq elmi konfransda səslənən fikirlər, çıxarılan nəticələr dilçilik elmimizin inkişafına müsbət təsir edəcək.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva konfrans iştirakçılarını Təhsil Nazirliyinin rəhbərliyi adından salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Nazir müavini bildirib ki, çoxşaxəli və çoxcəhətli elmi fəaliyyəti ilə dilçilik elmimizə layiqli töhfələr verən, özünəməxsus yaradıcılıq dəst-xəttinə malik olan A.Qurbanov elmi məktəb yaratmışdır. Şərəfli-müəllim alim ömrü yaşamış A. Qurbanov bacarıqlı və təcrübəli elm və təhsil təşkilatçısı olmuşdur. Vətənpərvər ziyalı A. Qurbanov ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. A.Qurbanov kimi ziyalılar xalqımızın mənəvi sərvətidir. Belə ziyalıların zəngin elmi irsini öyrənmək hər birimizin müqəddəs mənəvi və vətəndaşlıq borcumuzdur.

Türk Dil Qurumunun sabiq sədri, Hacətəppə Universitetinin Sözlükçülük Mərkəzinin sədri, professor Şükrü Halük Akalın çıxışında bildirib ki, professor A.Qurbanov bütün Türk dünyasında, o cümlədən Türkiyədə yaxşı tanınan nüfuzlu bir alim olmuşdur. Böyük alimlə bağlı xatirələrini bölüşən professor Şükrü Halük Akalın vurğulayıb ki, A.Qurbanov gözəl ailə başçısı, qayğıkeş ata olub. 5 övladını faydalı insan, həqiqi vətəndaş, yüksək səviyyəli elmi mütəxəssislər kimi yetişdirib. O, konfransın keçirilməsinə görə Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinə təşəkkür edib.

Plenar iclasda A.Qurbanovla bağlı sənədli film nümayiş etdirilib.

AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor Marika Jikia, Serbiya Elmlər və İncəsənət Akademiyasının Serb Dili İnstitutunun İdarə Heyətinin üzvü, professor Marija Dindic və başqaları çıxış edərək A.Qurbanovun yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğunu xüsusi vurğulayaraq türkologiya elminin inkişafına dəyərli töhfələr verdiyini bildiriblər. Qeyd edilib ki, professor A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər ölkələrdə yayılıb. Məşhur dilçi-alim son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya dair keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

İclasda A.Qurbanovun fəaliyyətini əks etdirən www.afadgurbanov.az internet səhifəsinin və ingilis, rus, türk dillərində çap edilmiş seçilmiş əsərlərinin təqdimatı da keçirilib.

Bakı Slavyan Universitetinin dekanı, professor Fidan Qurbanova A.Qurbanovun nəşr edilmiş elmi əsərləri barədə məlumat verib.

Professor Yaqub Qurbanov ailə üzvləri adından çıxış edərək tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinə təşəkkür edib.

Sonra konfrans öz işini 4 elmi bölmədə- Ümumi dilçilik, Türkoloji dilçilik, Onomalogiya, Praktik dilçilik / Azərbaycan ədəbi dili (Müasir Azərbaycan Əlifbası) bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 140-dan çox məruzə dinlənilərək müzakirə edilib.

Konfransın bağlanış iclasında sertifikatlar təqdim edilib. Qeyd etmək lazımdır ki, beynəlxalq konfrans elm və təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib, elektron və çap mediasında, sosial şəbəkələrdə, televiziya kanallarında geniş işıqlandırılıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA