ADPU-da “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçiriləcək

ADPU-da “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçiriləcək

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) elmi-intellektual mühitin daha da inkişaf etdirilməsinə, pedaqoji təhsil sahəsində innovativ təşəbbüs, ideya və proqramların həyata keçirilməsinə, bu sahədə dünya miqyasında tanınan alim-mütəxəssislərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verilir. Bu baxımdan, “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Humanist Pedaqogika Beynəlxalq Mərkəzinin, ADPU-nun və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə universitetdə 23-25 mart 2018-ci il tarixlərində keçiriləcək “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxuları xüsusi qeyd edə bilərik. ADPU-nun rektoru, professor Cəfər Cəfərov mart ayının 12-də “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxuların təşkili barədə 3/37 nömrəli əmr imzalayıb. Həmin əmrə əsasən tədbirin yüksək səviyyədə keçirilməsi məqsədi ilə 22 nəfərdən ibarət Lokal Təşkilat Komitəsi yaradılıb. Oxuların müəllifi müasir pedaqogikanın əfsanəsi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki, Rusiya Federasiyası Hökumətinin təhsil sahəsində iki dəfə mükafatçısı, psixologiya elmləri doktoru, professor, yazıçı Şalva Aleksandroviç Amonaşvilidir. Qeyd edək ki, 3 gün davam edəcək oxularda respublikamızın və xarici ölkələrin humanist pedaqogika sahəsində çalışan tanınmış və nüfuzlu alim-mütəxəssisləri iştirak edəcəklər.

Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular çərçivəsində ustad dərsləri keçiriləcək, laboratoriya işləri təşkil ediləcək. Ustad dərslərində və laboratoriya işlərində ailənin genetik kodu, ailə institutun cəmiyyətdəki rolu, ailənin uşağın tərbiyəsində və inkişafında rolu, uşaqlarda ailə dəyərlərinin tərbiyə edilməsi, uşaqların tərbiyəsində mühitin əhəmiyyəti, qadınların ailədəki roluna baxış, ailə dialoqunda qarşılıqlı anlaşmanın rolu, ailədə yüksək mədəniyyət hissinin tərbiyəsi, müasir ailə və zamanın çağırışları, valideynliyin dərk edilməsi, valideynlərin təhsili, valideyn əməyinin qiymətləndirilməsi, ailənin mənəvi əsasları, ailə müdrikliyinin inkişafı, ailənin xalqların bütövləşməsində rolu və əhəmiyyəti, eləcə də Azərbaycan ailəsinin ənənələri ilə bağlı maraqlı təqdimatlar ediləcək, müzakirələr aparılacaq.

Beynəlxalq oxular martın 25-də yekunlaşacaq. Tədbirin sonunda mükafatlandırma mərasimi keçiriləcək, Humanist Pedaqogika üzrə XVIII Beynəlxalq Oxuların mövzuları qəbul ediləcək, yeri və vaxtı müəyyənləşdiriləcək, Humanist Pedaqogikanın Himni səsləndiriləcək. Tədbir çərçivəsində iştirakçıların Azərbaycanın tarixi və mədəni yerləri ilə tanışlığı təşkil ediləcək.

Hurriyyet.org

Loading...

QALEREYA