ADPU-da “Antropoloji dəlillər ermənilərə yox deyir” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Antropoloji dəlillər ermənilərə yox deyir” mövzusunda elmi seminar keçirilib

Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı və universitetin tələbəsi Taleh Mirzəyevin layihə rəhbəri olduğu “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqqında fikirləri və beynəlxalq erməni terrorizmi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində ilk elmi seminar keçirilib. Seminarda ekspert qismində dəvət edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, paleoantropoloq, Azərbaycanda müasir dövrdə ilk dəfə bioloji antropologiya sahəsində tədqiqatlar aparan Vüsal Həsənov “Antropoloji dəlillər ermənilərə yox deyir” mövzusunda çıxış edib. Tədbirdə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru,professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, prorektor köməkçisi Sahil Qələndərov və elektron seçim prosesindən keçərək iştirak hüququ qazanan 100 nəfər tələbə iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev qonağı və iştirakçı tələbələri universitetin rəhbərliyi adından salamlayıb. Professor F.Rzayev mövzunun aktuallığı, gələcəyin qurucuları olan tələbələrin bu sahədə ciddi elmi dəlillər, yanaşmalar və davranış kodeksinə yiyələnmələrinin əhəmiyyətini xüsusi vurğulayıb və tələbələri bu müzakirələrdə fəal olmağa səsləyib.

Ekspert Vüsal Həsənov dünyadakı əsas makroirqlər, irqlərin antropoloji tipləri, tiplərin əsas fizioloji əlamətləri, müqayisəli təhlilləri ilə bağlı geniş məlumat verib, vaxtilə professor Rəbiə Qasımovanın bu barədə əldə etdiyi elmi nəticələr haqqında danışaraq əyani nümunələr və elmi dəlillərlə Qafqaz ərazisində antik dövrün bütün mərhələlərində tapılan insan qalıqlarının kaspi antropoloji tipində, digər dövrlərdə isə bu nisbətin alpin, pont və s. kimi Qafqaz və turanit tiplərində təmsil olunduğunu qeyd edib. Bu fakt isə birbaşa olaraq ermənilərin antik dövrdən bəri Qafqazın aborigen sakinləri olmaları iddialarını rədd edən ciddi elmi dəlildir. Çünki ermənilər sadalanan tiplərin heç birində təmsil olunmur. Ermənilər dinarik antropoloji tipinə aiddirlər.

Sonra seminar interaktiv şəkildə davam edib, tələbələr mövzu ilə bağlı öz fikir və suallarını səsləndiriblər.

Qeyd edək ki, layihənin icrasında məqsəd gənclərin tarixi faktlar, ölkəmizin tarixi və erməni problemi ilə bağlı məlumatlılıq səviyyəsinin əməli və elmi şəkildə artılması, Vətən tarixini dərindən mənimsəmək, Vətənə sevgi ruhunu yüksəltmək və beynəlxalq informasiya mübarizəsində gənclərimizin elmi, milli-ideoloji hazırlıq səviyyəsinin yüksəlməsi, əməli işlər görülməsinin təmininə töhfə verilməsidir. Layihənin əsas iştirakçıları tələbələr, xüsusən, tədqiqatçılıq və xarici ölkələrdə elmi, siyasi tədbirlərdəki mövzu ilə əlaqəli debatlara qatılan gənclərdir. Layihə 5 bir-birinə bağlı seminar halında həyata keçiriləcək və iştirakçılar hər bir seminarda iştirak edəcəklər.

Silsilə seminarların sonunda xüsusi hazırlanmış video, elektron və buklet materialları nümayiş olunacaq və iştirakçılara paylanacaq. Layihənin yekununda iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

Hurriyyet.org