ADPU-da Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının 20 illik yubileyi qeyd olunub

ADPU-da Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının 20 illik yubileyi qeyd olunub

Aprelin 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının 20 illik yubileyinə həsr olunmuş XI elmi-praktik konfrans keçirilib. ADPU-nun rəhbərliyinin, fakültə dekanlarının, kafedra müdirlərinin, şöbə müdirlərinin, müəllim və tələbələrin, görkəmli alimlərin və təhsil işçilərinin iştirak etdikləri tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Bakı Avropa Liseyinin fəaliyyətini yüksək qiymətləndirib. Rektor bildirib ki, lisey Azərbaycan təhsil sisteminin keyfiyyətcə yeni mərhələyə keçməsinə xidmət edir.

Bakı Avropa Liseyinin direktoru, təhsil üzrə beynəlxalq ekspert, psixologiya elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Veysova rəhbərlik etdiyi liseyin yaranma tarixindən danışıb. Qeyd edib ki, 1991-ci ildə yaradılmış liseyin istedadlı uşaqların üzə çıxarılmasında, onların elmə cəlb olunmasında, müxtəlif layihələrin həyata keçirilməsində xidmətləri var. 8 siniflə fəaliyyətə başlayan liseydə hazırda 1380 nəfər şagird təhsil alır. Bu təhsil müəssisəsində çoxlu sayda innovativ ideyalar tətbiq olunub. Liseydə 25 ildir ki, innovativ təlim sistemi olan fənlərarası təlim proqramı həyata keçirilir. Bu proqramın əsasında 2000-ci ildə Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyası yaradılıb. Kiçik Elmlər Akademiyasının məqsədi şagirdlərdə elmə maraq oyatmaq, elmi-tədqiqat bacarıqları, elmdə öz bacarıqlarını yoxlamaq və özünəinam keyfiyyətlərini aşılamaqdır. Kiçik Elmlər Akademiyasında 20 il ərzində 400-dən çox elmi iş hazırlanıb və təqdim olunub. Kiçik Elmlər Akademiyası fəaliyyət göstərdiyi 20 il ərzində 500 nəfərin iştirak etdiyi 10 konfrans keçirib. Akademiyanın tədqiqatları müxtəlif elm sahələrini - fizika, kimya, biologiya, riyaziyyat, informasiya texnologiyaları, tibb, ekologiya, tarix, coğrafiya, iqtisadiyyat, politologiya, filologiya, dilçilik, psixologiya, sosiologiya, kulturologiya, incəsənət və memarlıq sahələrini əhatə edir. Kiçik Elmlər Akademiyasının məzunları dünyanın nüfuzlu ali məktəblərində təhsil alıb, onlardan bir neçəsi dünyanın məşhur universitet və laboratoriyalarında uğurla fəaliyyət göstərirlər.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov konfransın əhəmiyyətini vurğulayıb. Kiçik Elmlər Akademiyasının yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirən F.Qurbanov bildirib ki, hər bir ölkənin inkişafında elm və təhsil mühüm rol oynayır. Bunun üçün də əsas amillərdən biri istedadlı uşaqları aşkar etmək, onların inkişafını təmin etməkdir. Bu baxımdan Kiçik Elmlər Akademiyası və 10 il sonra Təhsil Nazirliyinin dəstəyi ilə digər məktəblərdə yaradılmış belə akademiyalar ölkəmizdə həm təhsilin, həm də elmin inkişafına böyük töhfə verir.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, Bakı Avropa Liseyinin təhsil modeli yeni və daha səmərəli təhsil yanaşmalarının tətbiqinə və müasir tələbləri özündə əks etdirən metod və texnologiyalara əsaslanır. Liseydə tətbiq olunan ən mühüm innovasiyalar uşaqlara daim dəyişən, inkişaf edən dünyada uğur qazanmağa imkan yaradır.

Bakı Dövlət Universitetinin Gender və psixologiya kafedrasının müdiri, “İnkişaf” Respublika Elmi-Praktik Mərkəzin (REPM) direktoru, professor Rəna İbrahimbəyova Bakı Avropa Liseyində tətbiq olunan təlim metodlarının üstünlüklərindən danışıb.

Bakı Avropa Liseyinin elmin inkişafında uğurlar əldə etdiyini deyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rəhbərlik etdiyi qurumun adından liseyə fəxri fərman təqdim edib.

Konfransda videoçarx vasitəsilə Kiçik Elmlər Akademiyasının məzunlarının çıxışları dinlənilib.

Kiçik Elmlər Akademiyasının rəhbəri, psixoloq və FAT müəllimi Viktoriya Nəzərova çıxış edərək konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə Zərifə Əhmədzadənin və Taleh Əliyevin müəllifi olduqları “Neftin çıxarılma əmsalını artıran reagentin sintezi və sınağı”, Ləman Əliyevanın “Pilotsuz uçuş aparatları üçün paraşüt” elmi işlərinin təqdimatı olub.

Sonra konfrans öz işini 5 bölmədə-Təbiət elmləri, Ekologiya və tibb, Psixologiya-Pedaqogika, Sosiologiya, İqtisadiyyat, Politologiya bölmələrində davam etdirib.

Hurriyyet.org


Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA