ADPU-da “Əbdül Əlizadə: ənənəvi təhsildən təfəkkür məktəbinə” Respublika elmi-praktik konfransı keçirilib

ADPU-da “Əbdül Əlizadə: ənənəvi təhsildən təfəkkür məktəbinə” Respublika elmi-praktik konfransı keçirilib

Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli alim və müəllim, professor Əbdül Əlizadənin 85 illik yubileyinə həsr olunmuş “Əbdül Əlizadə: ənənəvi təhsildən təfəkkür məktəbinə” Respublika elmi-praktik konfransı keçirilib. Konfransda millət vəkili, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Kamilə Əliyeva, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə və ali təhsil müəssisələrinin alim-mütəxəssisləri iştirak ediblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.org-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, biz bu gün böyük psixoloq-alim, görkəmli ziyalı, sadə, səmimi, xeyirxah insan, professor Əbdül Əlizadənin işığına toplaşmışıq. Əbdül Əlizadə Azərbaycan psixologiya elminin inkişafında mühüm xidmətlər göstərib. Rektor görkəmli alimin həyat və fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Əbdül Əli oğlu Əlizadə 1932-ci il avqust ayının 16-da Bakı şəhərində anadan olub. 1950-1955-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ali təhsil alıb. 1957-ci ildə "Azərbaycan məktəbi" jurnalında işləməyə başlayıb. Ə.Əlizadə görkəmli Azərbaycan filosofu və psixoloqu, professor Ə.Zəkuyevin rəhbərliyi ilə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri"ni öyrənib. Onu aktual bir məsələ-təxəyyüldə informasiyaların işlənməsi prosesi maraqlandırırdı. 60-cı illərdə informasiyaların işlənmə prosesi XX və XXI əsrlər psixologiyasında önəmli yer tutan koqnitiv psixologiyanın əsas problemlərindən biri idi. Gənc alim də təxəyyülün xüsusiyyətlərini məhz bu kontekstdə araşdırırdı. 1975-ci ildə Ə.Əlizadə "Cinsi demorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Ə.Əlizadənin doktorluq dissertasiyası Azərbaycan psixologiyasında mühüm hadisə idi. Bu tədqiqatla Azərbaycan psixologiyasında yeni elmi istiqamət - cinsi fərqlər psixologiyası istiqaməti yarandı və uğurla inkişaf etməyə başladı.

1964-cü ildə dövrün psixoloji fikrini sistemli əks etdirən sanballı "Psixologiya" dərsliyi nəşr olundu. Onun 6 müəllifindən 3-ü respublikanın qocaman psixoloqları - Ə.Zəkuzadə, F.İbrahimbəyov və M.Məhərrəmov, 3-ü isə istedadlı gənc psixoloqlar -Ş.Ağayev, Ə.Bayramov və Ə.Əlizadə idi. 1968-ci ildə Ə.Əlizadənin professor Y.Kərimovla birlikdə yazdığı "İlk addımlar" (məktəbəqədər uşaq müəssisələri üçün), 1986-cı ildə Ə.Bayramovla birlikdə yazdığı "Sosial psixologiyanın aktual məsələləri", 1989-cu ildə isə professor Ə.Bayramovla birlikdə yazdığı fundamental "Psixologiya" dərsliyi nəşr olundu. Ə.Əlizadə IX və X siniflər üçün "İnsan və cəmiyyət" dərsliyinin də həmmüəllifidir. Bu dərslik Azərbaycan və rus dillərində iki dəfə nəşr olunub.

80-ci illərin ikinci yarısında Azərbaycan məktəblərində maraqlı bir fənn - "Ailə həyatının etikası və psixologiyası" fənni tədris olunmağa başlandı. Yeni fənnin komissiyası yaradılmalı idi. Professor Ə.Əlizadə professor A.Almazovla birlikdə bu önəmli elmi-psixoloji vəzifəni uğurla həll etdilər. Professor Ə.Əlizadə "Elmi xəbərlər"in (psixologiya və pedaqogika seriyası) baş redaktoru, "Azərbaycan məktəbi" jurnalının redaksiya heyətinin üzvi kimi də səmərəli fəaliyyət göstərib. Azərbaycanın ilk psixoloq alimlərindən olan Ə.Əlizadə uzun müddət ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri vəzifəsində işləyib. Çoxlu sayda yüksək səviyyəli elmi əsərin, məqalənin, dərslik və dərs vəsaitlərinin müəllifidir. Ənənəvi təhsildən təfəkkür məktəbinə keçidin psixoloji aspektlərini araşdıran alim bu sahədə dəyərli əsərlər yaradıb. Elmi-pedaqoji kadrların hazırlanması sahəsində əvəzsiz xidmətlər göstərib. Ə.Əlizadə müxtəlif mötəbər beynəlxalq elmi konfrans, simpozium, konqres və digər elmi tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib. Onun elmi-pedaqoji fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar elm xadimi” fəxri adına və “Şöhrət” ordeninə, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Təhsilin nəzəriyyə və praktikası ilə məşğul olan görkəmli pedaqoq, psixoloq-alim, professor Ə.Əlizadə 22 fevral 2015-ci ildə vəfat edib. Ə.Əlizadənin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Konfransın plenar iclasında professor Bəxtiyar Əliyev, ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov çıxış edərək professor Ə.Əlizadəni çoxşaxəli elmi yaradıcılığa malik alim, xalqına, dövlətinə, Vətəninə sədaqətlə xidmət edən vətəndaş, həssas, qayğıkeş insan kimi səciyyələndirərək onunla bağlı xatirələrini bölüşüblər.

Professor Ə.Əlizadənin oğlu, professor H.Əlizadə çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

Konfransda Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev “Professor Əbdül Əlizadə- Ləyaqətli insan, istedadlı alim” mövzusunda məruzə ilə çıxış edib, görkəmli alimlə bağlı videoçarx nümayiş etdirilib.

Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransın 3 bölmədə keçirilən iclaslarında ümumilikdə 110 məruzə dinlənilərək müzakirə edilib.

  • Hamısı
  • Loading...